“Ermənistan Azərbaycana qarşı bu təxribatı Qərbin sifarişi ilə təşkil edib”
Rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına Azərbaycan və Ermənistan arasında növbəti eskalasiya haqqında fikrilərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bildiyiniz kimi, Azərbaycanla Ermənistan sərhədində növbəti eskalasiya baş verdi. Bundan sonra Moskva bəyan etdi ki, tərəflər sülh müqaviləsi əsasında Bakı və İrəvan nümayəndələrinin Rusiya ərazisində birbaşa görüşünə razılaşıblar. Razılaşmanın səbəbi nə idi?
- Təhlükə Qafqazın havasındadır və İrəvan anlayır ki, manevr etmək cəhdi boşa çıxa bilər. Görünən odur ki, Ermənistan qəsdən yeni eskalasiyaya səbəb olub. Axı bu baş verəndə respublikanın müdafiə naziri Brüsseldə idi. Və o, tez İrəvana qayıtmağa məcbur oldu. Təsadüf? Yox. Bu, İrəvanın əvvəlcədən planlaşdırdığı fəaliyyətin sübutudur. Brüsseldə, NATO yuvasında olmaq, şikayət etmək, bəyan etmək imkanı, görürsən, biz sizsiz edə bilmərik. Kömək edin.
Baxın, Rusiya Xarici İşlər Nazirliyi eyni vaxtda Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı İrəvandan izahat gözlədiklərini açıqladı, eyni zamanda Moskvaya Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlara dəvət etdilər. İrəvanın qeyd etdiyi sorğuların heç birinə cavab verməməsi Ermənistan və Rusiyanın iqtisadi layihələrini daha da şübhə altına almaq deməkdir. Aydındır ki, bu, Rusiyadan daha çox Ermənistana lazımdır.
Elə bu günlərdə Rospotrebnadzor Rusiya ərazisinə Ermənistanın süd məhsullarının tədarükünü dayandırmaq qərarına gəlib. Sadəcə olaraq Rusiya ilə münasibətləri götürüb kəsmək Ermənistan üçün sərfəli deyil. Bu, ciddi ictimai-siyasi zərbə olacaq. Ona görə də, İrəvan Rusiya ilə münasibətlərdə nəyəsə qismən razılıq vermək qərarına gəlir. Müttəfiqlik münasibətlərində oyun oynamağa cəhd edir.
- Ermənistan mətbuatında mənbələrə istinadən xəbər yayıldı ki, ABŞ dövlət katibi və Avropa Şurasının rəhbəri Çarlz Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş olacaq. Bu təklif iki ay əvvəl edilib. Sonra eskalasiya və Moskvanın vasitəçiliyi oldu... Bunlar əlaqəli amillərdir, ya yox?
- Paşinyan hesab edir ki, prosesdə Avropanın, ABŞ-ın regionda olması onun xeyrinədir, çünki Fransada, ümumilikdə Avropada və ABŞ-da strukturların təmsilçiləri üzərində hərəkət edən güclü erməni lobbisi var.
Ermənistanın bu işdə hərəkətləri belə izah olunur: ən azı nümayişkaranə şəkildə Bakı və Moskva ilə görüşlərə getmək lazımdır. Yeni danışıqların nə dərəcədə məhsuldar olacağı sual altındadır. İrəvan üçün Ermənistan-Azərbaycan nizamlanması baxımından məsələ o cür dayanmır. Baxın, İrəvan çoxdandır ki, “biz heç bir danışıqlara getmirik, bütün görüşlərdən imtina edirik, istənilən görüş yalnız bizim şərtlərimizlə olmalıdır” mövqeyini nümayiş etdirir. İndi də görüşün özündən əvvəl əvvəlcədən tələblər irəli sürülür: biz buna imza atmayacağıq, bununla razılaşmayacağıq. Yəni əvvəlcədən elan olunur ki, konstruktivlik əvvəlcədən şübhə altına alına bilər. Görüş yəqin ki, baş tutacaq. Amma 100% əminliklə demək mümkün deyil. Və daha sonra onun məhsuldarlığını İrəvan nümayəndələrinin bu görüşə hansı əhval-ruhiyyə ilə gələcəyi müəyyənləşdirəcək.
Eyni zamanda, son vaxtlar Ermənistan-Azərbaycan nizamlanmasında vəziyyətin müəyyən dərəcədə dəyişdiyini söyləmək olmaz. Yeni heç nə müşahidə olunmur. Vəziyyət əsasən eynidir. Baş nazir Nikol Paşinyanın təmsil olunduğu Ermənistanın hazırkı rəhbərliyi bəzi sənədləri imzalayaraq Azərbaycanla münasibətlərin normallaşması prosesini maksimum dərəcədə uzatmağa çalışır.
Ermənistanın baş naziri iki səbəbə görə sülh müqaviləsinin imzalanmasını gecikdirir: Paşinyan səmimi şəkildə inanır ki, (və o, haqlı da ola bilər) bu sənədi imzalayan kimi, sərhədin demarkasiya parametrlərini müəyyənləşdirən kimi ona ehtiyac qalmayacaq: mavr işini gördü, mavr gedə bilər. Nəticə: Ermənistan dövlətinin başçısı 44 günlük müharibəni uduzdu, ondan sonra hər cür sənədlərə imza atdı. O, artıq siyasətdə lazım deyil. O, bütün bunlara imza atan kimi Ermənistan rəhbərliyindən uzaqlaşdırılacağından hıqiqətən qorxur. Onun üçün bu, təkcə siyasi deyil, həm də sistem baxımından qorxuludur: Ermənistanda çoxlu sayda korrupsiya halları ola bilər. Bəs bütün bunlardan sonra Paşinyan nə etməlidir? Ya daha irəli getməlidir, ya da himayəçilik ümidi ilə xaricə getməlidir,hansı ki, onu oradan ekstradisiya etməyəcəklər. Yaxud İrəvanda özü üçün ən pis ssenarini gözləməlidir. Ölkəni tərk etmək ona heç nəyə zəmanət vermir. Bildiyimiz kimi, avropalı, amerikalı havadarlar əvvəlki “peyklərini” artıq onlara ehtiyac duymadıqları təqdirdə təhvil verirlər. Paşinyan üçün vəziyyət ağırdır. Və inandığı kimi, sona qədər dirənməlidir.
İrəvan və Qərb Ermənistanı postsovet məkanından ayırmaq, Ermənistandan “Ukrayna 2.0” qurmaq strategiyasını həyata keçirəcək. Belə bir ideyanı həyata keçirmək üçün NATO-nu, Avropa İttifaqını, Aİ-dən rəsmi olaraq “müşahidəçi” adlandırılan mülki geyimli NATO hərbçilərini Zaqafqaziyaya sürükləmək üçün münaqişə lazımdır. Bu missiya NATO strukturudur və onun məqsədi Ermənistanı KTMT-dən çıxmasına hazırlamaqdır. Bunu asanlaşdırmaq üçün digər vasitə kimi Azərbaycan və Ermənistan sərhədində son eskalasiya təşkil edildi. İrəvan bütün bunları bunu bəyan etmək üçün etdi: baxın, atışma oldu, KTMT bizi müdafiə etmədi.
- Ermənistan KİV-i Aİ-nin Ermənistan ərazisində yerləşən missiyasının rəhbərinin eskalasiyanın baş verdiyi zonaya getməkdən imtina etdiyi barədə məlumat yayıb. Aİ qoşunların çıxarılması ilə bağlı ənənəvi çağırışla məhdudlaşıb...
- Aİ siyasətçiləri narahatdırlar ki, onlar öz vətəndaşlarına Ermənistanı niyə dəstəkləməyə davam etdiklərini izah etməli olacaqlar.
Qərbin bu gün heç kimə borcu yoxdur, ancaq öz əhalisinə Cənubi Qafqazda nə üçün hərəkətə keçməyin lazım olduğunu izah etməyə məcburdur. Fransa eskalasiya ilə bağlı yenidən balanssız mövqe nümayiş etdirərək Azərbaycanın Ermənistanı az qala işğal altında saxladığını bəyan edib. Söz yox ki, bu gün Makronun ölkə daxilində həqiqətən çətin vəziyyəti var. Mürəkkəb vəziyyətdədir, onun seçiciləri ilə ünsiyyət qurması və başqa şeylərlə yanaşı, xarici siyasət addımlarını legitimləşdirməsi lazım olduğunu göstərir.
Qeyd edim ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalamasından keçən 2,5 il ərzində Rusiya özünü əsl vasitəçi kimi təmkinlə aparıb, belə mürəkkəb tərəflərə münasibətdə balansı qoruyub. Moskva bu yanaşmaya sadiq qalan tərəfdir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb