MİA

  • 9 205

Dmitri Solonnikov: Qərb-Ermənistan ittifaqının cəhdlərinə baxmayaraq, Qarabağın statusu müzakirə olunmayacaq – MÜSAHİBƏ

image

Rusiyalı ekspert: Qərbin Cənubi Qafqazda son vəzifəsi Rusiyanı regiondan və Ermənistan-Azərbaycan prosesindən sıxışdırıb çıxarmaqdır

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Qərb qüvvələrinin Cənubi Qafqazda yenidən fəallaşması, Fransa xarici işlər nazirinin Azərbaycan və Ermənistandakı bəyanatları və Parisin Ermənistan ərazisində hərbi missiyasının açılması barədə, Amerika dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-da görüşü və Moskva faktoru barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, son günlər biz yenidən Qərb dövlətlərinin Cənubi Qafqazda əməli siyasətinin yaranmasının şahidi oluruq. Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan hakimiyyətinin Parisi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində balanslı davranmağa çağırdığı Bakı səfərindən sonra Ermənistanda Fransanın tamamilə ermənipərəst mövqeyini bir daha nümayiş etdirdi. Dost Ermənistanı dəstəkləyən bəyanatlarla yanaşı, Kolonna bu respublikadakı səfirliyi nəzdində hərbi missiyanın yaradıldığını bəyan edib. O, həmçinin Aİ-nin monitorinq missiyasının qərargahının yerləşdiyi Azərbaycanla həmsərhəd əraziyə də baş çəkib. Bunun fonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Yerevan öz tərəfdaşlarına Aİ-nin Ermənistan ərazisində monitorinq missiyasının sayını artırmağı təklif edib, çünki bu, kifayət deyil.

- Ermənistanda NATO strukturlarının ardıcıl yerləşdirilməsi prosesi gedir. Şübhə yoxdur ki, İrəvan bu yola açıq şəkildə qədəm qoyub və buna davam edəcək. Heç kim Ermənistana belə bir siyasət yürütməyi qadağan edə bilməz, lakin Rusiya ilə müttəfiqlik münasibətlərinə nəzərən bunun düzgün olmadığına eyham vura bilərlər.

Biz getdikcə daha çox görürük ki, Fransa Cənubi Qafqazda kənar müşahidəçi olmaqdan çox uzaqdır, lakin özünün uzunmüddətli mövqeyi ilə prosesin çox spesifik iştirakçısıdır: o, ermənipərəst baxışını həyata keçirəcək və Ermənistanın tərəfini tutacaq. Paris əslində bunu gizlətmir, o, tərəfsiz iştirakçı və münaqişə tərəfləri ilə balansı saxlayan moderator olmayacağını gizlətmir. Necə ki, İrəvan diqqətini Fransaya yönəltdiyini, Fransanın Azərbaycana təzyiqlərinə arxalandığını gizlətmir.

Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində yerləşən ərazisində “mülki” monitorinq missiyasının açıq hərbi missiyaya çevrilməsinin əvvəldən gözlənilən ssenarisi həyata keçirilir. Fransa Azərbaycanla sərhəddə monitorinq missiyasında iştirak etməklə yanaşı, artıq Ermənistanda hərbi dayaq nöqtəsini açıq şəkildə bəyan edir. Qonşusu ilə münaqişədə Ermənistanın tərəfində olan Fransanın, əslində Ermənistanın rəqibi ilə sərhəddə yerləşən hərbi mövcudluğu bizə nəyə lazımdır?! Və o qədər aydındır ki, Aİ-nin “monitorinq” missiyasında NATO-nun hərbi qulluqçuları, zabitləri var. Baxmayaraq ki, ictimai məkanda Fransa XİN eyni rəhbəri israrla missiyanın yalnız mülki xarakter daşıdığını təkrarlamağa çalışır. Əslində “mülki monitorinq missiyasının” üzvləri, Şimali Atlantika Alyansı ölkələrinin hərbi qulluqçuları bəyanatlara imza ataraq “mülki” oldular. Ermənistan da gördüyümüz kimi NATO manevrlərində iştirak edir. NATO zabitləri, generalları mütəmadi olaraq Ermənistan Respublikasına səfər edirlər. Bütün bunlar açıq bir sirrdir. Gözlənilməz heç nə baş vermir.

- Yeri gəlmişkən, bu gün Ermənistanın BMT-nin Rusiyanı “təcavüzkar” kimi tanıyan qətnaməsinə səs verməsi barədə məlumatlar var idi...

- Məhz eyni siyasətin davam etdirilməsi... Rusiyaya qarşı xüsusi təxribat siyasəti.

- Elə bir ssenari ola bilər ki, birtəhər Avropa missiyası Qarabağda yerləşə bilsin, Rusiya sülhməramlıları çıxarılsın? Çünki belə bir tapşırığın olması hissi var...

- Bu, qeyri-realdır. Avropalılar bununla razılaşmayacaqlar. Onlar öz hərbi qulluqçularının həyatı üçün təhlükə yaratmayacaqlar. Azərbaycanla Ermənistan arasında bu yaxınlarda baş vermiş sərhəd insidentində Avropa monitorinq missiyasının rəhbərinin öz adamlarını eskalasiya zonasına göndərməkdən necə imtina etdiyini xatırlayırıq. Onlar əsl döyüş nöqtəsində görünmək istəmirlər. Ermənistandakı missiya, əslində, döyüşmək üçün deyil, İrəvanın “əlləri” ilə şabalıdları oddan çıxarmaq üçün yerləşdirilib. İrəvanda oturub oradan mətbuat konfransları vermək?- bəli. Erməni hərbçiləri hazırlamaq üçün- bəli. Qəfil eskalasiya başa çatdıqdan sonra Fransanın xarici işlər naziri Aİ-nin monitorinq missiyasının qərargahına gələrək bu missiyanın Ermənistanla Azərbaycan arasında sülh üçün nə qədər iş gördüyü barədə bəyanatlar verməlidir -əvvəlcədən yazılmış ssenari üzrə - bəli. Bəs avropalılar Ermənistan üçün həyatlarını riskə atacaqlarmı? Heç vaxt. Heç kim qaynar nöqtəyə getməyəcək. Qərbin Cənubi Qafqazda son vəzifəsi hələ də eynidir: Rusiyanı regiondan və Ermənistan-Azərbaycan prosesindən sıxışdırıb çıxarmaq. Bunun üçün Ermənistan Amerika, NATO strukturlarına daxil edilir.

- Maraqlıdır ki, bu gün Vaşinqtonda ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir. Amerika diplomatiyasının rəhbəri görüşdən əvvəl Azərbaycan prezidentinə zəng edib və Dövlət Departamentinin məlumatına görə, Azərbaycan Laçın yolu ilə nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etməli olduğunu, keçid məntəqəsinin quraşdırılmasının sülh prosesinə xələl gətirdiyini yenidən deməyə başlayıb. Bildiyimiz kimi, Azərbaycan tərəfindən Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan dərhal sonra Dövlət Departamenti və Fransa tərəfi oxşar bəyanatlarla çıxış edib. Blinkenin görüşdən əvvəl verdiyi açıqlamalar çox qəribədir?

- ABŞ-ın, Avropa İttifaqının Cənubi Qafqazda vəzifəsi öz xəttini buradan keçirmək, ABŞ-ın başçılıq etdiyi Qərbin dünyada yeganə hegemon olduğunu göstərməkdir. Vaşinqton öz peyklərinə müəyyən bir şəkildə nə etmək lazım olduğunu söylədi, buna görə də hamı bunu etməlidir.

- Vaşinqtondakı görüşdən nə gözləmək olar? Blinken artıq bildirib ki, müzakirələr bir həftə çəkəcək - ciddi cəhddir...

- Aydındır ki, Rusiya Ukraynada xüsusi əməliyyatla məşğul olduğu bir vaxtda ABŞ öz vasitəçiliyi ilə Qafqazda nəticə əldə etmək istəyir. Buna görə də bir həftə kimi uzun müddət qoyublar. Amma nəticənin əldə olunacağına şübhə edirəm. Bir daha təsdiqlənəcək ki, sülh müqaviləsi imzalanmalı, Alma-Ata bəyannaməsinə uyğun olaraq Azərbaycan və Ermənistanın suverenliyinin, sərhədlərinin tanınması ilə imzalanmalıdır. Amma Qarabağın statusu bir daha müəyyən olunmayacaq.

Əliyev Vaşinqtonun bütün bu birtərəfli ermənipərəst hücumlarına baxmayaraq, yenə də Amerika torpaqlarında görüşə razıdır, çünki Bakı danışıqlar üçün bütün imkanlardan istifadə edir. Bu, öz mövqelərini bir daha nümayiş etdirmək üçün bir fürsətdir. Amma çətinlik ondadır ki, İrəvan da Qərbin dəstəyinin artması şəraitində öz mövqeyində dayanacaq.

Danışıqlar zamanı erməni tərəfi Qarabağın qondarma statusu məsələsini, Qarabağa dair müəyyən təminatların verilməsini təşviq etməkdə davam edəcək: İrəvanın Qarabağdakı siyasi və iqtisadi vəziyyətə nəqliyyat əlaqəsi vasitəsilə təsir etmək imkanı istəyir. Bunu o, müqaviləyə daxil etmək üçün səylərini davam etdirəcək.

Əliyev isə dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycanın ərazisidir, orada Azərbaycanın bütün qanunları qüvvədədir, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabərdir. Bunun tərkib hissəsi kimi erməni icması Azərbaycan Respublikasının bütün digər vətəndaşları ilə bərabər hüquqlar əldə edəcək. Və həqiqətən başqa heç nə olmayacaq.

Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoymasına baxanda, Azərbaycan hələ də güclü mövqelərdən çıxış etməyi, öz mövqeyinə nail olmağı bacarır. Bundan başqa, Ermənistan mahiyyətcə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı.

Qərb-Ermənistan ittifaqı var gücü ilə təkərə çomaq soxmağa çalışır. İrəvanın vəziyyəti öz xeyrinə oynamaq üçün aqressiv cəhdləri davam edəcək.

Yoxlama məntəqəsinin quraşdırılması vəziyyətin məntiqi nəticəsidir. Rusiya başa düşür ki, irəli getmək lazımdır, Bakı ilə İrəvan arasında sülhün imzalanması sürətləndrilməlidir. Azərbaycanın Qarabağ üzərində suverenliyinin Ermənistan tərəfindən hüquqi cəhətdən tanınması üçün Moskva bu prosesi dəstəkləyir.

- Biz görürük ki, Moskva İrəvanın ona qarşı müntəzəm hücumlarına cavab olaraq Ermənistan hakimiyyətini tənqid etməkdə davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi ötən həftə Laçın yolunda vəziyyətin belə dəyişməsində Moskvanın günahkar olduğunu bildirib. Rusiya XİN isə cavab verdi ki, İrəvan da qarşılıqlı məqbul sülh yolu ilə həll yollarını axtarsa, yaxşı olardı...

- Moskva İrəvanın hər etdiyini görür, Ermənistan Rusiyaya xəyanət edib, anti-Rusiya blokuna qoşulur.

- Bir neçə həftə əvvəl Rusiya XİN Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtdığını, iki ölkənin xarici işlər nazirlərinin görüşünün Rusiya ərazisində keçiriləcəyini bildirdi. Eyni zamanda, Vaşinqtonda görüş - bunların hamısı bir-birinə necə uyğun gəlir?

- Rusiya hazırda Ukraynada xüsusi hərbi əməliyyat səbəbilə, başqa məsələləri tam həll edə bilmir. Bundan Qərb istifadə edir, Rusiyanın aparıcı vasitəçiliyinin “arasını kəsməyə” çalışır, manevr və manipulyasiya etməyə çalışır. Erməni tərəfi Moskvadan Azərbaycana təzyiq etməyəcəklərini anlayaraq Rusiya ərazisində görüşmək üçün o qədər də canfəşanlıq göstərmir. Ona görə də o, Rusiya ilə təmas ehtimalından uzaqlaşaraq, Fransa, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının iştirakı ilə danışıqların təşkili üçün əlindən gələni edəcək. Bu davam edir və davam edəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər