MİA

  • 7 687

Bir axşam taksidən düşüb… - KÜNCDƏN BAXIŞ

image

Taksilərlə bağlı ötən yazımda (https://sesqazeti.az/news/articles/1061160.html) qeyd etdiyim məqamlar və bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün irəli sürdüyüm təkliflər bəzi oxucular tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Oxularımız da bu məsələ ilə bağlı öz fikirlərini bildirib və bəzi təkliflər irəli sürüblər. Bu səbəbdən mövzunu davam etdirmək qərarına gəldik. Növbəti yazımda taksi fəaliyyətinin tənzimlənməsi üsulları və bu sahədə bəzi xarici ölkələrin təcrübəsindən danışacağıq.

II YAZI

Taksi sahəsində yaranmış vəziyyət hamıya məlumdur, burada həm müsbət, həm mənfi məqamlar var. Müsbət məqamlar taksilərin həm operativ, həm, xeyli ucuz qiymətə xidmət, həm də maşınların komfortu ilə bağlıdır. Mənfi məqamlar isə sürücülərin istismarı, psixi problemi olan və lazımi sürücülük təcrübəsi olmayanların işə qəbul olunması, amansız rəqabət şəraitində yollarda qəzaların tez-tez baş verməsi ilə bağlıdır.

Deməli, bu sahədə rəqabətin olmasının müsbət məqamları çoxdur, lakin mənfi məqamların da aradan qaldırılmasında tənzimləmələrin həyata keçirilməsi vacibdir. Ona görə də tənzimləyici orqan şirkətlər qarşısında müvafiq tələblər və standartlar qoymalı, onların təmin olunmasına nəzarət etməlidir. Bunlar, sürücülərin peşəkarlığı və sağlamlığı, normal əmək hüquqlarının və qanuni iş saatlarının təmin olunması, avtomobillərin texniki vəziyyətinin normal olması kimi tələblər ola bilər. Əgər bunlar təmin edilsə, bu sahədə daha sağlam və qanuni rıəqabət getmilş olar, həm sürücülərin, həm də sərnilşinlərin maraqları təmin olunar.

İndiki vəziyyətdən isə burada daha çox qazanan tərəf aqreqator şirkətlərdir. Sərnişinlər üçün bu vəziyyət qiymət cəhətdən daha sərfəli olsa da, təhlükəsizlikləri cəhətdən problem var. Sürücülər isə, planı çıxarmaq və özləri üçün də bir qədər pul qazanmaq üçün həm fasiləsiz işləməyə, həm də maşını təhlükəli vəziyyətdə, yəni daha sürətlə sürməyə məcburdurlar. Düzdür, bəzi sürücülər bu yolla daha çox gəlir əldə edə bilir, lakin bu onların sağlamlığı və sərnişinlərin həyatına təhlükə bahasına əldə olunur.

Taksi fəaliyyəti müxtəlif ölkələrdə fərqli tənzimlənir. Lakin əksərində ümumi tələblər eynidir. Taksi sürücüləri müvafiq lisenziya alır, tibbi müayinədən keçir, avtomobili normal standartlara cavab verir. Şirkətlər də sürücülərin əmək və istirahət hüquqlarını təmin edir, onların normal gəlir əldə etmək imkanlarını yaradır. Beləliklə, hər bir tərəf üçün sərfəli olur.

Avropa ölkələrinin çoxunda, həmçinin qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə, Qazaxstanda... taksi sektorunda rəqabət mühiti güclüdür. Lakin ümumi qaydalar və tələblər var ki, şirkətlər haqsız rəqabətə girə bilmir, sürücülər istismar olunmur, sərnişinlərin rəyi və şikayəti mütləq nəzərə alınır. Əksər ölkələrdə taksi maşınları eyni rəngdə olur ki, bu da onların seçilməsini təmin edir. Sürücülərdən ən azı 3 illik sürücülük təcrübəsi tələb olunur. Maşınlar həm bayırı, həm də salonu çəkən kameralarla təchiz olunur.

Azərbaycanda da bunun kimi vahid standartların hazırlanmasına və tətbiqinə ehtiyac var. İlk növbədə, taksi sürücülərinin işə qəbulu ilə bağlı normalar təmin olunmalıdır, daha sonra avtomobillərin texniki vəziyyəti qənaətbəxş olmalıdır, maşınlar kameralarla və aydın görünən fərqlənmə nişanları ilə təmin olunmalıdır. Ən əsası, sürücülərin gün ərində 8-9 saatdan, həftədə 6 gündən artıq işləməsinə imkan verilməməlidir. Müştəriləri təhqir edən və onlara problem yaradan sürücülər cəzalanmalıdır. Müştəriyə dəyən zərərə görə şirkət kompensasiya ödəməlidir.

Əgər bu kimi məqamların daxil olduğu vahid standartlar yaradılsa, bu sahədə vəziyyət daha da yaxşılaşar. Hazırkı rəqabətli mühiti və qiymətləri saxlamaq lazımdır, sadəcə işin keyfiyyətini artırmağa, sürücülərin əmək hüquqlarının təmin olunmasına, sərnişinlərin təhükəsizliyinin qorunmasına ehtiyac var. Əgər bunlar təmin olunsa, taksi sahəsində hər tərəfin razı qaldığı ideal vəziyyət yaranar.

Hazırda Bakıda 30 min yaxın taksi maşını fəaliyyət göstərir. Bu gün taksi daşıyıcılarının 90%-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir.

Hazırda taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edir ki, bu, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, lakin qiymətlərin artmasına səbəb olmayacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər