Köşə

  • 6 153

Odey, taksi… - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin həm sürücüləri, həm də sərnişinləri narahat etməsi barədə mediada və sosial şəbəkələrdə narazılıq hallarına çox rast gəlinir. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən, vətəndaşlar taksilərin paytaxt küçələrində yaratdığı uzun tıxaclardan, yaranmış xaosdan şikayətlənir. Vəziyyətdən çıxış yolu kimi müxtəlif təkliflər səslənsə də, hələ ki, tendensiya dəyişməz olaraq qalır.

Taksi sahəsində son illərdə çox dəyişiklik olub. İlk növbədə taksi maşınları daha qənaətcil və komfortlu olub, onların çoxu hibrid maşınlardır və yanacaq xərci azdır ki, bu da öz növbəsində qiymətlərin aşağı düşməsinə imkan yaradıb. Bundan başqa, bu sahədə rəqabət güclü olduğundan və bazarda onlarla şirkət fəaliyyət göstərdiyindən müştərilər üçün həm çox sərfəli qiymətlər və keyfiyyətli xidmət formalaşıb.

Mobil tətbiqlərin vasitəsilə taksi sifariş etmək mümkün olduğundan müştərilərə cəmi 1-2 dəqiqə ərzində taksi maşını tapmaq asan olur. Qiymətlər o dərəcədə ucuzlaşıb ki, hətta 3-4 nəfərin yaxın bir yerə avtobusla getməsindən taksi ilə getmələri daha sərfəli olur. Bəzən qısa məsafələrdə 50 qəpik-1 manat arası qiymətlər olur ki, bu da müştərilər üçün həddən artıq sərfəlidir.

Lakin bu proses özü ilə problemlər də gətirib. Bu da taksi sürücülərinin günü əksər hissəsini işləməsi, yəni istismara məruz qalması və bir çox qeyri-peşəkar və qeyri-mədəni sürücülər tərəfindən sərnişinlərə qarşı qeyri-etik davranış, yolda qəza şəraitinin yaradılması və s kimi məsələlərlə bağlıdır. Bu sahədə işə düzəlmək asan olduğundasn və fiziki işlərə nisbətən xeyli asan və xeyli çox pul qazanmaq mümkün olduğundan, normal sürücülük təcrübəsi olmayan, normal psixologiyaya malik olmayan şəxslər də burada özlərinə yer tutub ki, bu da sərnişinlər arasında narazılıq yaradıb.

Bir çox iş tapa bilməyən şəxslər kreditlə bir maşın alır, ya da şirkətlərdən gündəlik icarəyə götürür və başlayır işləməyə. Halbuki, onların bir çoxunun psixoloji, fiziki sağlamlığı qaydasında deyil, sürücülük təcrübəsi demək olar ki yoxdur. Əmək bazırındakı mövcud vəziyyət şirkətlərin sürücülərin istismara məruz qoymasını stimullaşdırır.Sürücülərin qarşısına ağır plan qoyulur, və ya çox aşağı faiz verilir ki, sürücü də bu xərcləri çıxarmaq üçün sutkada 15 saat işləməyə məcbur olur. Psixi və fiziki gərginli nəticəsində onlar stressli olur, sərnişinlərlə kobud davranır və qəzalara səbəb olurlar.

Düzdür, bu sahədə gəlir elə də az deyil. Sürücü ən pis halda gündəlik 50 manat qazanır. Bəziləri isə 100 manatdan artıq qazanc əldə edir. Lakin bu çox ağır fiziki və psixoloji gərginlik sayəsində mümkün olur. Belə sürücüdən sərnişin nə tələb edə bilər?

Şirkət maşınları istisna olmaqla, şəxsi maşınların təmir, yanacaq və sair xərcləri də sürücülərin boynuna olur. Bu halda onun avtomobili fasiləsiz istismar səbəbindən 2-3 ilə köhnəlir, amortizasiya xərcləri artır və dəyərini xeyli itirir. Son nəticədə əldə edilən gəlirin böyük hissəsi sonrakı dövrdə itirilmiş olur.

Əlbəttə, taksi seqmentində yaranmış rəqabətli mühit yaxşıdır, bunun qarşısını almaq düzgün olmazdı. Lakin hökumətin burada bəzi tənzimləyici funksiyaları vacibdir. Məsələn, şirkətlər üçün tələblər müəyyənləşdirilməlidir- həm maşınlar, həm də sürücülərlə bağlı. Maşınlar normal texniki tələblərə cavab verməlidir. Sürücülər isə azı 5 il sürücülük təcrübəsi olmalı, psixi cəhətdən sağlam olmalı, vaxtilə ağır cinayət törətmiş olmamalıdır. Digər tələblər isə, sürücülərin 8 saatdan artıq işlədilməsinə qadağa qoyulmalı, onların ən azı həftədə 1 gün istirahət imkanı təmin edilməlidir.

Bu kimi təzmimləmələr xidmətin keyfiyyətini daha da artırar, sürücülərin istismarının qarşısı alınar, sərnişinlərin isə şikayətləri aradan qalxar. Hər bir halda indiki rəqabət mühiti saxlanmalı, sürücü və sərnişinlərin hüquqları təmin olunmalıdır.

Digər xəbərlər