PDF Oxu

MİA

  • 1 442

Dünyanın xilası üçün yeni sistemə keçid vaxtı çatdı: Real alternativ nədir? – ELMİ ARAŞDIRMA - (II HİSSƏ)

image

Elçin Bayramlı

əvvəli burada

https://sesqazeti.az/news/mia/1249452.html

Yeganə alternativ- fundamental həll yolu- problemi bütöv şəkildə qavramaq və nəticələrlə uğraşmaq əvəzinə, səbəbləri aradan qaldırmaq üçün sistemin köklü dəyişməsidir. Kapitalizm isə fundamental dəyişikliyə gedə bilməz, onun artıq təklif edəcəyi heç nə qalmayıb və ona görə də qlobal böhranı lokal tədbirlərlə həll edə bilməz. Çünki hər bir sosial-iqtisadi sistemin özünü saxlamaq üçün inkişaf mexanizmləri olmalıdır. Kapitalist sistemində bu, “yenidən istehsalın genişlənməsidir”.

Kapitalizm yaşamaq üçün daim genişlənməlidir. Bunun üçün hər il azı 3% artım tələbini təmin edəcək kapital axını yaratmalıdır. Çünki ən nüfuzlu sistem iqtisadçıları kapitalın yığılmasının fasiləsizliyinin kəsilməsinin kapitalın dəyər itirməsinə səbəb ola biləcəyi, bunun da böhrana gətirəcəyini etiraf edirlər. Bir sözlə kapitalizmin istismar, talama və kapitaltoplama çılğınlığı o qədər irəli gedib və o həddə çatıb ki, artıq nə geriyə yol var, nə də irəli.

Beləliklə, ekoloji böhran məhz bu məqamda meydana çıxır ki, daim artan istehsal həcmi, artım olmadan sistemi saxlamaq mümkün olmadığına görə resurslara təzyiqi maksimuma çatdırıb və mövcud təbiətin kritik hədlərini artıq keçib.

Qlobal miqyasda baş verən kapitalist istehsalı sayəsində bu sistem dünyanı sudan, havadan, torpaqdan, təbiətdən məhrum etməyə başlamışdır. Sənayeləşmə ilə ayrılan həddindən artıq karbon qazının və digər zərrəli maddələrin təsiri nəticəsində son 100 ildə atmosferdə ozon təbəqəsi nazikləşmiş, Antarktida və Arktika bölgəsində havanın orta temperaturu 5 dərəcə yüksəlmişdir. Əsrin sonunadək dünyada havanın orta temperaturunun 1,5-5 dərəcə artacağı təxmin edilir. Qlobal istiləşmə nəticəsində artıq iri buzlaqlar sürətlə əriməyə başlayıb, güclü yağışlar, daşqınlar, böyük tayfunlar, böyük miqdarda eroziya, sahilyanı əraziləri su basması kimi təbii fəlakətlər artıb.

Qlobal istiləşmə bütün dünyada bitki və heyvan növlərinə də mənfi təsir göstərmiş və gələcək qlobal qida böhranlarına yol açmağa başlamışdır. Son 100 ildə dünya meşələrinin 50 faizi məhv edilmiş, biomüxtəliflik 40 faiz azalmış, torpaqlar, su mənbələri və hava hədsiz çirklənməyə məruz qoyulmuşdur. Yeraltı resurslar ağlagəlməz vəhşiliklə çıxarılaracaq istismar edilmişdir və bir çoxu tükənmək üzrədir. Ekoloji problemlər təkcə təbiəti məhv etmir, insanları da bəlaya düçar edir- bəzi xəstəliklərin, xüsusilə qidalanma və tənəffüs pozğunluqlarının, xərçəngin, ağciyər və sümük xəstəliklərinin və s. yayılmasında böyük artımlar var.

Təbiətə dəymiş ziyanı geri qaytarmaq çox vaxt mümkün olmur. Görünən odur ki, gələcək nəsillər geridə qoyduğumuz çirklənmənin öhdəsindən gəlmək və pozduğumuz təbii tarazlığı bərpa etmək üçün hətta təmiz su, hava və qida kimi əsas ehtiyaclar üçün də çox əmək sərf edəcəklər.

Məhz buna görə də BMT və digər beynəlxalq institutlar “davamlı inkişaf” konsepsiyasını- resursların optimal istifadəsini gələcək nəsillərin həyatı üçün yeganə təminat kimi təqdim edir. Yəni, biz bu gün bütün resursları vəhşicəsinə xərcləsək, gələcək nəsilləri “quru yurdda” qoyacağıq.

1972-ci il Stokholm Konfransı, 1992-ci il Rio Sammiti, 1997-ci il Rio+5 Sammiti və 2002-ci il Yohannesburq Zirvəsi və sair beynəlxalq konfransların nəticəsi olaraq Dünya Ətraf Mühit və İnkişaf Komissiyasının hazırladığı “Davamlı inkişaf” hesabatında aşağıdakı kimi müəyyən edilmişdir: Biz gələcək nəsillərin ehtiyaclarını ödəmək qabiliyyətini ortadan qaldırmadan yaşamalıyıq.

Konsepsiyanın bu cür müəyyənləşdirilməsi inkişaf prosesində mövcud tendensiyaların uzun müddət davam edə bilməyəcəyini göstərir və eyni zamanda gələcək nəsillərin ehtiyacları ilə indiki nəsillərin tələbatları arasında tarazlığın yaradılmasının zəruriliyini vurğulayır. Bu yanaşma ilə təbii sərvətlərdən səmərəli istifadə etməklə, tullantıların azaldılması və ehtiyatların təkrar istifadəsi ilə gələcək nəsillərin ehtiyacları ödəniləcək və ətraf mühitin davamlı mühafizəsi təmin ediləcək.

Başqa sözlə, davamlı inkişaf strategiyasının ətraf mühit və inkişaf siyasətlərinə uyğun olması üçün o, istehsalın optimallaşdırılmasını, onun keyfiyyətini yüksəltməli, əhalinin əsas ehtiyaclarını dayanıqlı formada ödəməli, texnologiyanı yönləndirməklə riskləri idarə etməli, ətraf mühit və iqtisadiyyatı birləşdirərək inkişafı daha iştirakçı hala gətirməli, beynəlxalq əmək bölgüsünün istiqamətini dəyişdirməlidir.

Buna görə də davamlı inkişaf təkcə ətraf mühitin mühafizəsini prioritetləşdirən inkişaf yanaşmasına aid deyil, həm də inkişafın iqtisadi, sosial və ekoloji baxımdan davamlı olması üçün inkişafla bağlı bütün iqtisadi, maliyyə, ticarət və sənaye siyasətlərinin uyğunlaşdırıldığı bir proses olmalıdır.

Bir anlığa təsəvvür edək ki, bu andan etibarən BMT çərçivəsində dünya miqyasında konsensus əldə edilir və qlobal istehsal prosesinin, ümumiyyətlə hər şeyin əsas həyati prioritetlərə- “davamlı inkişaf” konsepsiyasına uyğun olaraq yenidən qurulması qərara alınır.

Biz artıq bilirik ki, kapitalizm sıfır artımla özünü saxlaya bilməz. Belə bir vəziyyətdə dünyanın gələcək taleyini ona etibar etmək yalnız dəhşətli həddə çatan indiki çürüklüyün qlobal məhvədək davam edəcəyi mənasına gələrdi ki, bu da özlüyündə dəhşətli fəlakətə yol verməkdir.

Brundtland Hesabatına görə, az inkişaf etmiş ölkələrin davamlı inkişaf yolu ilə tərəqqisi mümkün deyil. Dünya torpaqlarının böyük hissəsini təşkil edən ölkələrin inkişaf etməmiş ölkələr olması təbiətin qorunması və ekosistemin yaxşılaşdırılması məsələsini qeyri-müəyyən edir. Hesabata görə, inkişaf etməmiş ölkələrin həm təbiəti qoruması, həm də davamlı inkişaf etməsi mümkün deyil. İqtisadiyyatın davamlılığı ümumi kapitalın və əsas kapitalın ən azı eyni miqdarda saxlanmasından asılıdır. Ona görə də davamlılıq təhlili apararkən ümumi kapitalın hansı elementlərdən ibarət olduğunu bilməliyik.

Ümumi kapital 2 əsas istehsal amilindən ibarətdir: insan əməyi və təbii kapital. Əhəmiyyətli məqam ondan ibarətdir ki, torpaq və su ehtiyatlarının, flora və faunanın, yeraltı təbii sərvətlərin vəhşicəsinə istehlakına və tullantıların istehsalına əsaslanan iqtisadi sistemin təmin etdiyi artım davamlı ola bilməz.

Çünki belə artım təbii resursları tədricən tükəndirəcək və bütün canlılar, o cümlədən insanlar üçün yaşayış imkanı qoymayacaq. Davamlılığı təmin etmək üçün məcmu kapital azalmamalıdır. Lakin davamlılıq inkişafın kəmiyyət ölçüsünə deyil, keyfiyyət ölçüsünə diqqət yetirilməli olduğunu ortaya qoyur. Problem kapitalın genişlənən istehsalı ilə təbiətin özünü yeniləmə prosesləri arasında kəskinləşən ziddiyyətdir. Bu mənada davamlı inkişafın və təbiətin birlikdə mövcud olması mümkün deyil. Çünki bazara əsaslanan hər cür inkişafın təbiətə güclü təzyiqi olacaq və inkişaf adı ilə edilən hər şey gec-tez təbiətdən nəyinsə itirilməsinə səbəb olacaq.

Bütün tarixi boyu humanist heç nə istehsal edə bilməyən, buna baxmayaraq “alternativsiz” kimi göstərilən kapitalizmin təklif edəcəyi həllin hələ də davam edən “azad bazar” sistemi çərçivəsində tapılacağını iddia etmək çox ağırdır. Çünki bəşəriyyəti təbiəti məhv edəcək dərəcədə fəaliyyətə məcbur edən və təkcə bu gün davam edən həyatı yox, həm də gələcək üçün “potensial həyat tərzini” məhv edən kapitalist istehsal üsulu ilə qarşı-qarşıya qalmalıyıq.

Əgər biz barbarlığı və ya yox olmağı seçməsək, onda yalnız 2-ci ehtimala, yəni, yəni ekoloji böhranı xilasımıza çevirmək üçün kapitalizmi kökündən dəf edərək onun yeni sistemlə əvəzlənməsinə nail ola bilərik. Bu “yeni” sistemin nə olduğundan başlasaq; Karl Marks “Kapital”in 3-cü cildində bunu insanın istehsal və istehlakdan uzaqlaşdırılmadığı istehsal yolu ilə “insan və təbiət arasındakı metabolik əlaqəni rasional tənzimləmək” yolu ilə təbiətlə cəmiyyət arasında və cəmiyyət daxilindəki sinfi ziddiyyətlərin tarixi həlli kimi təsvir edir.

Bir sözlə, “yeni”sistem bütövlükdə kapitalizmdə mövcud olan hadisələrin heç birinin (ideoloji, mədəni, sosial və iqtisadi və s.) mövcud olmadığı yeni həyat tərzi, siyasət və sivilizasiya axtarışı olmalıdır. Böhranın həlli üçün bu “yeni” və köhnə yol XX əsrin əvvəllərində obyektiv olaraq bütün bəşəriyyət üçün ümid işığı yaradan, bərabərlikçi, təbiətə və bəşəriyyətə həssas, “kapitalizmi rədd edən” sosialist sisteminin inkişafı ola bilər.

Nüfuzlu iqtisadçı alim, dr. Metin Altıok bu sistemin əsas prinsiplərini belə qruplaşdırır:

1. Bazar əleyhinə planlaşdırmanın həyata keçirilməsi; Planlaşdırma SSRİ və Şərqi Avropada olduğu kimi bir mərkəzdə “mütəxəssislərin” texniki səyi kimi deyil, sosial münasibətlər və ünsiyyət əsasında qurulmalıdır və insanların yalnız əmtəə vasitəsilə dolayı əlaqələr qura bildiyi bazardan fərqli olaraq, insanların əmtəələrin vasitəçiliyi olmadan birbaşa əlaqələr qurduğu bir sistem kimi başa düşülməlidir.

2. Kapitalist texnologiyasına qarşı sosialist planlaşdırma münasibətləri ilə formalaşacaq yeni texnologiya; texnologiya bazar və mənfəət üçün deyil, bəşəriyyətin rifahı və bəşəriyyətin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün istehsal edilməlidir,

3. Təbiətin onlara “təqdim olunan” bir anbar olduğunu düşünən liberal fərddən fərqli olaraq, yalnız təbiətin bir hissəsi kimi mövcud ola biləcəklərini dərk edən konkret fərdlər,

4. Davamlı artım edən iqtisadiyyat əvəzinə sıfır artımı olan optimal iqtisadiyyat (yəni, zəruri tələbata uyğun istehsal həcmi)

5. Patoloji səviyyədə istehlaka qarşı, “istehlak” anlayışına və “istehlak etməmək hüququ”na yad cəmiyyət; “İstehlak” anlayışı müəyyən insan-obyekt münasibətini, insanın öz bədənindən kənarda mövcud olan hər şeyin “onun üçün” olduğunu düşündüyü və buna görə də “onun üçün” olan, lakin bədənindən ayrı olan şeyləri öz bədəninə daxil etmək istəyi ilə dolduğu münasibəti ifadə edir. Bundan başqa, insan-obyekt əlaqəsi insanın obyektlərin “onun üçün” olduğunu deyil, yalnız “olması vacib olduğu” üçün mövcud olduğunu düşündüyü münasibət ola bilər.

6. Böyük əhalinin cəmləşdiyi şəhər yaşayış məntəqələrindən fərqli olaraq, yer üzünə səpələnmiş kiçik yaşayış məntəqələri. Şəhərlər yer səthinin müəyyən nöqtələrində böyük konsentrasiyalar yaratdığından, onlar həm də ekoloji tarazlığı pozan elementlərdir,

7. Bugünkü şəhər həyat tərzi və şəhər mədəniyyətindən fərqli olaraq fərdi psixologiyanı sosial psixologiya ilə əvəz edən yeni həyat tərzi və yeni mədəni şüur; Çünki insanlar arasında istehsal münasibətləri həm də cəmiyyətdə hakim düşüncə strukturunun müəyyənediciləridir. Bu mənada cəmiyyətin üst strukturunu təşkil edən sistemlər iqtisadi infrastrukturun təsiri altındadır. Əsas istehsal üsulu dəyişdikcə, onun müəyyən etdiyi üst quruluş institutları da dəyişir. Və hər bir istehsal üsulu öz ehtiyaclarını ödəmək üçün üst quruluş institutları yaradır,

8. Bəşəriyyətin şüurunda öz yerini tutan döyüşkənliyin, iyerarxik quruluşun məhvi; Bəşər tarixi boyu şüurda nəyinsə formalaşması özbaşına meydana gəlməmişdir. Məsələn, bəşəriyyətin birgə istehsala keçidi həddindən artıq izafi dəyər və talan yaratmaq üçün zəmin yaratdı və kapitalistlər kapitalının toplanması prosesinin genişlənməsində sistemə daxil olan “dağıdıcı rəqabəti”, daxili hakimiyyət ehtirası və zorakılığı üzə çıxarmaq fürsətindən istifadə etdi.

Göründüyü kimi, dünya iqtisadi sistemi iflasa uğramışdır və maliyyə böhranları, davamlı inflyasiya, sərvətlərin tükənməsi, istehlakdan artıq istehsal böhranları, ekoloji problemlərin kəskinləşməsi dünyanı xilas yolu düşünməyə vadar edib. Kapitalizm sisteminin doğurduğu faciələrin qarşısını almaq və dünyanı labüd məhvdən xilas etmək üçün bu sistemə tam alternativ olan daha insani və daha təbiətə dost bir sistem yaradılmalı və tətbiq edilməlidir. Əks halda heç bir xilas yolu qalmayacaq.

İsitfadə olunan elmi mənbələr;

- Paul Burkett, “Marxism and Ecological Economics: Red and Green” (2011)

- Karl Marks, “Capital” cild. I, III (1978)

- Duhm Dieter, “Fear in Capitalism”, (1987)

- Сергей Гуриев “Мифы экономики: Заблуждения и стереотипы, которые распространяют СМИ и политики”, (2009)

- J. Bellamy Foster, “Marksist Ecology”, (2012)

- Владимир Ленин, “Империализм, как высшая стадия капитализма”, (2021)

- Metin Altıok, “Ecological crisis, sustainability of capitalist accumulation, future and utopia”, (2014)

- Robert Haveman, “Tomorrow, Industrial Society at the Crossroads”, (1990),

- Joel Kovel, “The Nature of Capitalism”, (2011)

- Michael P. Todaro, “Economic Development”, Logman, New-York, (1994).

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər