Texnologiyanın inkişafı bizə texnologiya əjdahasını – interneti bəxş elədi. Onun həyatımıza daxil olması ilə olduqca çox üstünlüklər qazandıq, əsrimiz sürət əsri oldu, məsafələri kiçiltdik, əlaqələrimizi genişlətdik. Onun sayəsində işlər sürətləndi, bir günlük işi bir dəqiqəlik etdi.
Amma onun bizə verdiyi zərərlər də az deyil. Bu zərərlər sırasında uşaqların porno saytlara, aqressiv oyunlara aludəsi də var, təhqirə, hədəyə məruz qalmaq da, söyüş söyüb qarşıdakı insanı alçaltmaq da. Şərəf və ləyaqətin təhqiri internetdə tez-tez rastlaşdığımız vəziyyətlərdən biridir. Maraqlıdır, internetdə, sosial şəbəkələrdə başqasını təhqir edən, söyüş söyən insanları qanunla hansı cəza gözləyir?
İnternetdə kimisə təhqir etməzdən əvvəl düşünün
Azərbaycan qanunlarında olan bolşuqlardan biri də məhz bu sahədədir. İnternetdə şəxsiyyəti təhqir edən, şərəf və layaqəti təhqir edən yazıların fakt kimi məhkəmədə istifadə edilə bilər. Amma bunun mümkün olması üçün vətəndaş jurnalistikası haqqında qanun, eləcə də internetdə şərəf və layəqətin alçaldılması haqqında qanunvericilik olmalıdır.
Cinayət qanunvericiliyində konkret olaraq təhqir və böhtan barədə ayrıca maddələr nəzərdə tutulub. Bu qanuna görə şəxsin barəsində rüsvayedici, şəxsiyyətini alçaldan, imicinə zərər vuran, sosial statusunu zərbə altına qoyan yalan məlumatların yazılması da nəzərdə tutulur. Rüsvayedici məlumatlar kütləvi çıxışlarda, mətbuatda və kütləvi nümayiş etdirilən hər hansı bir əsərdə ola bilər. Təhqir etmək şəxsi alçaldıcı sözlərə məruz qoymaq, böhtan etmək isə şəxsin barəsində həqiqətə uyğun olmayan hər hansı məlumatların yayılması deməkdir. Əgər söhbət konkret olaraq böhtandan gedirsə bu, Cinayət Məcəlləsinin 147-ci, 148-ci (böhtan atma, şərəf və ləyaqətin təhqiri) maddələri ilə məsuliyyət daşımaq anlamına gəlir.
Başqasının şərəf və layəqətini alçaltmaq sizə baha başa gələr
Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur. Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər. Yazılı, şifahi və ya bədən hərəkətləri ilə. Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər.
Ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə, məsələn ərizə, şikayət və yaxud təklifdə və s. əks oluna bilər. Şərəf və ləyaqəti alçaltmaq birinin üzünə tüpürməklə, şillə vurmaqla, mimika və jestlərlə başqa şəxsi yamsılamaqla və s. hərəkətlərlə də edilir. Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühüm olan odur ki, şərəf və ləyaqəti kütləvi çıxışda, kütləvi nümayiş etdirmə və kütləvi informasiya vasitəsilə, internet və sosial şəbəkə vasitəsi ilə alçaldılmış olsun.
Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.
Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Qanun bu zaman ölçü götürür.
Bura Facebook, İnstagram, TikToK, Youtube platformasını da əlavə edə bilərik. Təhqirə görə 16 yaşına çatmış fiziki şəxs və daha böyük şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən isə təhqirə görə aşağıdakı cəza nəzərdə tululur: 1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə. Lakin bir çox hallarda bundan məlumatsız olan insanlar məhkəməyə müraciət etmir və qarşı tərəf cəzasız qalır.
İnternetdə xüsusi təyinatlı gərəklidirmi?
İnternetdə şərəf və layəqəti alçaldan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir çox ölkənin sərhədləri çərçivəsində internet-xüsusi təyinatlı yaradılıb. İnternetdə xəbər və məqalələri müzakirə edərkən istifadəçilər respublikanın tanımış şəxsləri barəsində xoşagəlməz ifadələr işlədir, çox vaxt onları təhqir də edirlər. Təhqir edənlərin əksəriyyəti öz kompüterindən yox, hər hansı internet-klubda, saxta ad altında iş görür.
Razılaşarsınız ki, bizim ölkədə də gizli qüvvələrə işləyərək müəyyən edilmiş şəxsin ünvanına təhqir, söyüş yağdıran “qəhrəmanlar” da az deyil. Daha çox “Facebook”da məşhur olan bu insanlar saxta profil açır, qeyri-müəyyən profil rəsmi qoyur, “haqqında” bölməsinə dəqiq heç bir şey yazmır. İsveçdə oturub hazırda Mərakeşdə olduğu barədə statuslar yazır. Tapşırıq alanda isə ona nişan verilmiş şəxsin haqqında yalan-böhtan yazır, şantaj edir. Məhz belə anda xüsusi təyinat internetə ehtiyac duyulur.
Ümumiyyətlə, ekspertlər hesab edir ki, bu cür internetə hər bir cəmiyyətdə ehtiyac duyulur. İKT mütəxəssisi Sübhan Sultanovun sözlərinə görə xüsusi təyinatlı internet xidməti vasitəsi ilə saxta profillər altında söyüş söyənləri, təhqir edənləri bir neçə saniyədə təyin etmək olur: “Bununla internetdə təhqir və söyüşləri azaltmaq, şəxsin alçaldılması hallarının yığışdırılmasına nail olmaq olar. Dövlət başçısının, nazirlərin, millət vəkillərinin işini tənqid etmək normaldır, çünki bu hər sivil ölkədə var. Təəssüf edirəm ki, insanlar təhqirlə tənqidi ayırd edə bilmirlər. İctimai şəxsin fəaliyyəti bir kənarda qalır, ailəsinə dil uzadırlar. Bizim ölkədə də bir çox ölkədə tətbiq edilən internet-xüsusi təyinatlı xidmətini tətbiq etmək olar, zənn edirəm ki buna imkanımız var. İnsanlar tənqid yox, təhqir edir, söyüşlərlə şərh yazır, şərəf və ləyaqəti alçaldır, onlar bu əməllərinin bir cəzası olduğunu bilməlidirlər.
Məlumat üçün bir daha qeyd edək ki, internet-xüsusi təyinatlı sistemi əsasən internetdə saxta profil, ad ilə söyüş söyən, təhqir yazan insanları aşkarlamaq və cinayət məsuliyyətinə cəlb etmək üçün nəzərdə tutulub. Daha aydın dillə ifadə etsək, daha “saxta profil” adı ilə məsuliyyətdən yaxa qurtamaq mümkün olmayacaq. Çünki, şəbəkəni idarə edən adminlərdə, şəbəkə liderində və ya sahibində, ölkənin baş aidiyyatı qurumunda istifadəçilərin bütün İP-ləri və barələrində dəqiq məlumat olur. Problem sadəcə cinayətkarın ələ keçirilməsində vardı, əgər yeni sistem tətbiq edildikdə facebook-da söyüş söyən cəmi bir neçə saniyəyə təyin edilir, bir neçə dəqiqə ərzində olduğu ölkənin rəsmi orqanlarına xəbər ötürülür və dərhal yaxalanır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.