Jurnalistlərin neçə faizi etik davranış qaydalarını, hüquq və öhdəliklərini, vəzifə borclarını bilir?
22 İyul – Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin etik davranış kodeksi, iş prinsipi, təməl qaydalar bir daha yada düşür. “Hansımız nə qədər keyfiyyətli yazırıq”, “hansımız nə qədər prinsiplərə əməl edirik”, “hansımız peşəkarlıqdan uzaqlaşmışıq”, “hansımız etik davranış qaydalarını pozuruq” kimi suallar gündəmə gəlir.
2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul edilən “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” ATƏT və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilib. 2018 -ci ildə Avropa Şurasının və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ona yeni prinsiplər əlavə edilib. Bütün dəyişikliklər 2022-ci il sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII Qurultayında bütün yenilik və dəyişikliklər təsdiq olunaraq qüvvəyə minib.
Sənədə görə 5 əsas prinsip əsas tutulub. 1 - Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 2- İnformasiya qaynaqlarına sayğılı yanaşma, 3- Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, 4-Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi, 5- Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması. 5 təməl prinsip ayrı-ayrılıqda izah edilərək Azərbaycan jurnalistlərinin etik davranış qaydaları, hüquq və öhdəlikləri, vəzifə borcları vurğulanıb.
Mətbuat sahəsində etik prinsiplərə dair ilk sənəd kimi tanınan “Jurnalistikanın Əsasları” – “Cannons of Journalism” nəşri isə 1922-cü ildə Amerikada çapdan çıxıb. Nəşrin müəllifi Amerika Xəbər Redaktorları Cəmiyyəti idi. Peşəkar Jurnalistlər Assosiasiyası təsis edildikdə - 1926-cı ildə bu nəşrin əsasında yeni prinsiplər tətbiq edilir. Bu sənəd bütün dünya jurnlaistləri üçün təməl peşə prinsipləri kimi qəbul edilir.
Sənədə görə, jurnalist özü üçün nəticələrindən asılı olmayaraq, faktlara və həqiqətlərə hörmət etməli və onlara əməl etməlidir. Bu ictimaiyyətin həqiqəti öyrənmək hüququnun təməlini təşkil edir. Jurnalistlər nəyin bahasına olursa-olsun, məlumat və xəbər almaq, şərh vermək və tənqid etmək hququna malikdir və bu azadlıqlarını da müdafiə etməlidir.
Jurnalist bəşəriyyətin ümumbəşəri dəyərlərini, xüsusilə sülhü, demokratiyanı və insan haqlarını müdafiə etməlidir. O, bütün millətlərin, bütün xalqların və bütün fərdlərin hüquq və ləyaqətini irqi, etnik mənsubiyyəti, cinsi, dili, milliyyəti, dini, sinfi və fəlsəfi inancına görə ayrı-seçkilik etmədən tanımalıdır. İnsanlar, ümmətlər və millətlər arasında kin və düşmənçilik yaymaqdan çəkinməlidir. Bir millətin, cəmiyyətin və fərdlərin mədəni dəyərlərini və inanclarıni təhqir edə bilməz. Jurnalist zorakılığa haqq qazandıran, təşviq edən və ya təhrik edən hər hansı məlumatı yazmamağa, paylaşmamağa və dərc etməməyə diqqət yetirməlidir.
Peşəkar jurnalist, mənbəsi məlum olmayan məlumatları və xəbərləri dərc etmir. Hətta mənbə aydın olmayanda, məlumatı dərc etmək qərarına gəldiyi hallarda ictimaiyyətə mənbənin olmadığı, təsdiqlənmədiyi barədə lazımi xəbərdarlıqları etməlidir. Jurnalistlər, xüsusilə istinad mədəniyyətini inkişaf etdirməli, bir başqa media orqanının və ya həmkarının məlumatlarından istifadə edərkən ilk mənbənin göstərilməsinə diqqət yetirməlidir.
Jurnalist məlumatları məhv edə və ya görməməzliyə vura bilməz, mətnləri və sənədləri dəyişdirə və ya saxtalaşdıra bilməz. Yalan, aldadıcı və saxtalaşdırılmış nəşr materiallarından istifadə etməkdən, ictimaiyyəti səhv yönləndirməkdən çəkinməlidir. Həmçinin, jurnalistlər məlumat, xəbər, fotoşəkil, görüntü, səs və sənədlər əldə etmək üçün çaşdırıcı, aldadıcı üsullardan istifadə edə bilməzlər. Jurnalist heç bir məqsədlə icazəsiz şəxsi həyatın toxunulmazlığı prinsipini poza bilməz.
Jurnalist dərc edilmiş hər hansı səhvi tez bir zamanda düzəltməyə borcludur və qarşı tərəfin cavab hüququna hörmət etməlidirlər. Jurnalist peşə sirri prinsipinə uyğun olaraq, icazə vermədiyi halda, ona etibarlı şəkildə verilmiş məlumatların və sənədlərin mənbələrini açıqlamaya bilər. Jurnalist plagiat, böhtan, təhqir, təxribat, manipulyasiya, şayiə, dedi-qodu və əsassız ittihamlardan ibarət məqalalələr yazmamalı, sujetlər hazırlamamalıdır.
Jurnalist məlumatın və ya xəbərin dərci və ya dərc edilməməsi müqabilində heç bir maddi və ya mənəvi təmənna güdə bilməz. Jurnalist dövlət başçısından tutmuş deputata, iş adamından tutmuş sadə vətəndaşa kimi xəbər mənbəyi sayılan bütün insanlar və qurumlarla ünsiyyətini peşə prinsiplərinə riayət etməklə aparmalıdır.
Jurnalist, jurnalistika peşəsini reklam və ya təbliğatla qarışdıra bilməz, heç bir təklif və ya reklamdan maddi qazanc əldə edə bilməz. Mövzusundan asılı olmayaraq, jurnalist əldə etdiyi məlumatı dərc üçün geniş ictimaiyyətə təqdim etmədən öz xeyrinə istifadə edə bilməz, əlindəki informasiyadan istifadə edərək şantaj, hədələmə yollarına baş vura bilməz. O, qanun və qaydalarla ona verilən hüquqlardan başqa, öz peşəsindən heç bir şəkildə imtiyazlar əldə etmək üçün istifadə edə bilməz.
Eyni zamanda, qanunlar jurnalistin hansı məqsədlə olursa olsun, öz peşəsindən istifadə etməklə əsassız varlanmaq, imtiyaz əldə etmək və ya üstünlük qazanmaq üçün hədə, şantaj kimi üsullara əl atmağına imkan vermir. Jurnalist təzyiqə məruz qala bilər, lakin işlədiyi media orqanının rəhbərlərindən başqa heç kimdən işi ilə bağlı göstəriş ala bilməz.
Jurnalist olmağı qarşısına məqsəd qoyan hər kəs, öz ölkəsinin qanunlarına hörmətlə yanaşaraq, peşə prinsiplərinə ən yüksək səviyyədə riayət etməlidir. Jurnalist hər şeydən əvvəl xalqın məlumat almaq hüququna hörmət etməli, dövlətin sirlərini faş etməməklə yanaşı bunu təmin etməldir. Xüsusilə müharib şəraitində bu vəzifə daha böyük məsuliyyət deməkdir. Biz 44 günlük müharibə dövründə çox az həmkarımızın bu prinsipə əməl etdiyinin şahidi olduq. Həm bəzi jurnalistlər, həm də vətəndaş jurnalistikası ilə məşğul olan şəxslər müharibə ərəfəsində ordu və gedişat ilə bağlı ictimailəşdirilməməsi vacib olan məlumatları paylaşdılar.
Dürüstlük, həqiqətə sədaqət, obyektivlik, qərəzsizlik və s. kimi jurnalistikanın əsas prinsipləri təmin edilməklə yanaşı, alçaldılma, qınama, şəxsi həyatın toxunulmazlığının pozulması kimi pozuntulara da yol verilməməlidir. Zorakılığa, ədəbsizliyə təhrik kimi ümumi əxlaqi məsələlərdə həssaslıq göstərilməsi şərtdir. Jurnalist cəmiyyətin müşahidəçisidir, insanların səsidir, problemlərin carçısıdır. Peşəsinə, etik dəyərlərə, əxlaqi prinsiplərə xəyanət etməyən bütün həmkarlarımı Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, həmişə vicdanlı olmağı təmənna edirəm.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb