PDF Oxu

MİA

  • 9 541

Qarabağ ipəyi yenə dünyaya səs salacaq

image

Azərbaycan ərazisində ipəkçilik 5-7-ci əsrlərdə yaranıb. Sənaye mərkəzlərindən biri də Azərbaycanın dilbər guşəsi, ipək məhsulları ilə məşhur olan Qarabağdır. Qarabağ qədim zamanlardan öz əl işi ipək məmulatları, xüsusən də, son dərəcə incə ipək xalçaları və gözəl orijinal naxışlı cecimləri ilə məşhur olub. Bu baxımdan, Ləmbəran kəndi xüsusi şöhrət qazanıb. Qarabağın ermənilər tərəfindən işğalından sonra bu təsərrüfatlar məhv edilib, nadir incəsənət nümunələri olan ipək xalçalar, kəlağayılar, cecimlər və başqa nümunələr yağmalanıb.

Azərbaycan ipəyi XII əsrdən etibarən Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunub. XI əsrin 70-ci illərində Şamaxıya səfər etmiş italyan səyyahı Ambrozio Kontarini xatirələrində yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə ipək aparılırdı.

Qarabağ tarixən ipəyi ilə məşhur olduğu üçün ticarət karvanlarının, tacirlərin ən çox yol saldığı bölgə olub. 1875-ci ildə Cəbrayılda ipəktoxuma fabriki açıldı. Burada istehsal olunan ipək daha baha qiymətə Avropa ölkələrinə ixrac edilirdi. Həmin ildə Şuşa rayonunda bu tipli daha 2 zavod açılıb.

XVII əsrin 30-cu illərində ölkəmizdə hər il 26-27 min pud xammal toplanırdı. Hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu. 1894-cü ildə Şuşa qəzasında yerləşən və onların sayı 16-ya çatan fabriklər ipək-toxuculuq fabrikində əsas rol oynayırdı. Avropa ölkələrinə ipək ixrac etməklə yanaşı, Qarabağ bölgəsində ondan bahalı xalçalar hazırlanırdı. 1915-ci ilə qədər Cəbrayıl rayonunda ipəktoxuma zavodlarının sayı 3-ə, Şuşa rayonunda 22-yə çatmışdı. Azərbaycanın SSRİ-yə daxil olduğu dövrdə Qarabağda 25 ipəktoxuma zavodu fəaliyyət göstərirdi.

1925-ci ildə Qarabağ bazarı Azərbaycanda barama və digər ipəkçilik məhsullarının əsas bazarlarından biri hesab olunurdu. Onu da qeyd etmək lazımdır ki, həmin dövrlərdə ipəkçilik təsərrüfatının dirçəldilməsi və təkmilləşdirilməsinə mühüm təkan xüsusi ipəkçilik kooperativləri tərəfindən verilib.

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş isə keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Həmin vaxt ölkəmizə rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul edildi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirdi və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artdı. Respublikamız barama istehsalına görə keçmiş Sovet birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə şəriksiz birinci yeri tuturdu.

90-cı illərin məlum hadisələrindən sonra Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması, Ordubad Baramaaçma Fabrikinin bağlanması və Şəki İpək Kombinatının fəaliyyətində çətinliklər yaranması sonrakı dövrlərdə ölkə ərazisində barama istehsalının kəskin azalmasına səbəb olub.

Ümumiyyətlə, Azərbaycanda ipəkçilik kənd təsərrüfatının prioritet sahələrindən biri hesab olunur və buna görə də dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da bir neçə gün əvvəl Bərdə və Ağcabədi rayonlarındakı təsərrüfatlarda barama qurutma müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Bu il Bərdə və daha 6 rayonda pilot layihə kimi yaş barama tədarükünə özəl sektor cəlb olunub. Yaxın vaxtlarda müəssisədə xammalın ilkin emalı prosesinə başlanacaqdır. Pilot layihənin nəticələri müzakirə edildikdən sonra növbəti mövsümlərdə bu təcrübənin digər sahələrdə də tətbiqi nəzərdə tutulur.

Həmçinin nazir Ağcabədi rayonuna səfər edib, Qarabağ Atçılıq Kompleksində, Ağcabədi toxumçuluq zavodunda, o cümlədən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində olub, burada kollektivlə görüşüb, yaş barama tədarükü, taxıl biçininin gedişi, yazlıq səpin, heyvandarlıq müəssisələrinin fəaliyyəti, taxılçılıq işlərinin gedişi barədə fikir mübadiləsi aparılıb.

Qarabağ işğaldan azad olduqdan sonra ipəyin tarixi vətəninində yenidən baramaçılığı inkişaf etdirmək, ipək istehsalını gücləndirmək barədə məqsədyönlü işlər həyata keçirilir. Dövlət bu sahənin inkişafı üçün fermerlərə subsidiyalar və xüsusi güzəştlər də edir.

2022-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan, Əfqanıstan, İran, Türkiyə, Tacikistan, Türkmənistan və Özbəkistanda ipək istehsalı bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

“Azərbaycan folkloru nümunələrinin hüquqi müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə ipəkçilik xalq sənəti nümunəsidir və dövlət tərəfindən qorunur. Həmçinin, Azərbaycan Prezidenti 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nı imzalayıb. Proqramda ipəkçiliyin inkişafı üçün vəsaitin ayrılması nəzərdə tutulur, bunun əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə dövlət büdcəsinin tərtibi zamanı tədbirlərin həyata keçirilməsinə yönəldilmiş ayrılmış vəsaiti nəzərdə tutmaq tapşırılıb. İmzalanmış Proqrama əsasən, tədbirlərin icrasına nəzarət İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib ki, onlar da, öz növbəsində, ildə bir dəfə prezidentə hesabat təqdim etməyi öhdələrinə götürüblər.

Eyni zamanda, ipəkqurdunun inkişafı proqramı çərçivəsində dövlətimiz Çindən ipək qurdu alıb inkubatorda becərdikdən sonra onları pulsuz olaraq fermerlərə verir və bununla da məhsuldarlığı stimullaşdırır. Müvafiq Dövlət Proqramına əsasən respublikamızda 2025-ci ilə qədər yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulub.

Ümidvarıq ki, vaxtilə Qarabağ və Şərqi Zəngəzur üçün xarakterik olan ipəkçiliyi Qarabağda yenidən bərpa etmək üçün lazımı təbirlər görüləcək, Qarabağın xalis ipəyindən hazırlanmış xalçası, kilimi, cecimi, kəlağayısı bütün dünyaya təqdim ediləcək. Müstəqil Azərbaycanın tarixi ərazisi olan Qarabağ brendi kimi...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər