Günün tarixi və üzərindən əsrlər keçməsinə baxmayaraq hələ də xatırlanması barədə yazmayacam. Hər kəsin inancı özünə qiymətlidir, kimsə kimsənin müqəddəs bildiyinə dil uzatmamalı, yanlışını-doğrusunu müzakirə etməməlidir. Amma inancını küçələrdə nümayiş kimi yaşamaq, başqalarına mane olmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq müzakirə edilməlidir. Aşura günü küçələrdə, ictimai yerlərdə baş-gözünə döyən əzadar uşaqlar, qanını tökən gənclər, başına palçıq yaxan insanları çox görürük.
Tarixi unutmamaq, əslində yaxşı xüsusiyyətdir. İnsanlıq hansı çətinliklərdən, necə məşəqqətlərdən keçib, uşaqlar da bilməlidir. Lakin Xocalıda baş verənləri övladından gizlədən, onu öz yaxın tarixi barədə məlumatlandırmayan valideynlər əsrlər öncə baş vermiş hadisə barədə övladına müfəssəl məlumat verirsə, onu özü ilə məscidə aparıb əzadarlıq etməsi üçün şərait yaradırsa, burada bir yanlışlıq var, bir səmimiyyətsizlik var.
Orucluq, Məhərrəm ayı insanların bir-birinə empatiya duyması üçün olduqca gözəl prosesdir. Allah yolunda şəhid olanı xatırlamaq, müqəddəslərin yolunda ehsan verib ac insanları doyurmaq ən birinci insanın ruhunu dincəldər. Toxun acdan xəbərinin olduğu, evlinin evsiz barədə düşündüyü, varlının yoxsula əl tutduğu ay necə pis ola bilər ki?
Bu dövrdə özünə zərər verib qan axıtmaq, baş-gözünü yaralamaq, körpələrin bədəninə zərər verib qanını tökmək İslamlaşdırılmış, lakin İslamla yaxından uzaqdan əlaqəsi olmayan adətlərdən hesab edilir. Aşura günü ərəfəsində kürəyi xüsusi formada kəsilmiş köynəklər geyinən, qoluna, alnına qara bağlayan, başına palçıq və ya kül çəkən, zəncirlə çılpaq kürəyinə döyən, sinəsini yumruqlayan, başına qəmə, xəncər, bıçaq ilə xətər yetirib qan axıdan kütləmi təmsil edir İslamı?
Uşaqları bu cahilliyə sürükləmək heç bir cəmiyyətə xeyir gətirməyib. Təhsil yerinə xurafat yüklənən yaddaşları, tərtəmiz zəkaları, dümağ beyinləri heyifdir. Məscid həyətində başına, sinəsinə döyüb ağı söyləyən yeniyetmələrin və uşaqların görüntülərini izlədikdə ziyalı insanın keçirdiyi hiss heyifslənməkdir. Üst-başına palçıq çəkib var gücü ilə başına-gözünə döyən gəncləri, yeniyetmələri sosial şəbəkələrdə yayılan görüntülərdə ürəkağrısı ilə izləyir əksəriyyət. O uşaqlara dinin gözəlliyini, məşhur din xadimlərinin əməllərini və xidmətlərini, Peyğəmbər və imamların din uğrunda mübarizələrini, ruhi dünya, ruhi biliklər haqqında məlumat vermək yerinə cahilliyə sürükləmək kimə, nə qazandıracaq?
Başını, alnını xəncərlə kəsib qan axıdan insanlar səhvən həyati bir damarı kəsə bilər, kürəyinə zəncir döyən, başına qapaz endirən insanların hamısının sağlamlıq vəziyyəti yerində olmaya bilər. Aşurada bashabasda, ayaqaltında qalıb əzilən də az olmur hər il. Özləri bir yana, körpələrin alnını, başını kəsib qan axıdan qisim var. O körpələri ora aparan, incidilməsinə, zorakılığa məruz qalmasına göz yuman qadınlar, analar var. Övladının dərsini oxumamasından narahat olmayan, amma əzadarlıq etməməsindən narahat olan valideynlər var. Üstəlik bu mərasimlər zamanı uşaqların zərər görəcəyini, ayaq altda qala biləcəyini istisna etməyərək.
Bu günlərdə Daxili İşlər Nazirliyi vətəndaşlara belə bir müraciət də ünvanladı: Əziz həmvətənlər!
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür. Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur.
Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar. Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik”.
Hər il bu ərəfələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir. Aksiya bu il də təşkil edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və digər ictimaiyyət nümayəndələri qatılacaqlar.
Aşura mərasimlərinin İslam dininin mahiyyətinə və xalqımızın yüksək mədəniyyətinə uyğun şəkildə keçirilməsini, insanlar arasında həmrəyliyin aşılanmasını, yardımlaşmanın önəmini təşviq etmək məqsədilə keçiriləcək aksiyada tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
İnsan nümayişi sevən canlıdır. Hər hissini açıq-aşkar, göstərə-göstərə yaşamağı sevir. Sevinir, qışqırır. Qəmlənir, ağlayır. Qorxur, bağırır. Hamısını nümayiş etdirir. Kədər nümayiş predmeti olmamalıdır, sakitcə yaşanmalıdır. Matəmlər göstəriş, nümayiş deyil, olmamalıdır. Matəm ölənin ruhuna hörmətdir, bunu teatra çevirmək, cılızlaşdırmaq olmaz. Matəm, müqəddəs bildiklərin üçün tutulursa bu, ən ali formada yerinə yetirilməlidir. Başını yarıb, qanını tökmək, zəncir vurub palçığa batmaq yerinə ölüm döşəyində xilas olunmağı gözləyən minlərlə insana qan verib həyat qurtarmaq daha böyük ehtirama layiq davranış deyilmi? Can verənlər uğrunda can qurtarmaq qədər ali davranış varmı?
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb