PDF Oxu

MİA

  • 5 663

Dmitri Solonnikov: İrəvan Laçın dəhlizini açıq, Zəngəzur dəhlizini bağlı saxlamağa çalışır - MÜSAHİBƏ

image

Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Caliber” analitik mərkəzinə müsahibəsində Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Mən Türkiyə və Rusiya prezidentlərinin bu ay gözlənilən görüşünün bir sıra məsələləri ilə bağlı fikirlərinizi eşitmək istərdim. Xüsusilə, sizcə, bu layihənin həyata keçirilməsi həm Moskvanın, həm də Ankaranın maraqlarına uyğundursa Zəngəzur dəhlizi ilə bağlı ciddi irəliləyiş, daha doğrusu onun açılışını gözləməyə dəyərmi?

- Təbii ki, Zəngəzur dəhlizinin açılması həm Rusiyanın, həm də Türkiyənin maraqlarına uyğundur və biz Şimal-Cənub marşrutundan danışanda daim prezident Vladimir Putinin çıxışlarını xatırlayırıq, burada söhbət təkcə Baltikyanıdan Azərbaycan və İran vasitəsilə Fars körfəzinə və oradan Hind okeanına çıxışdan getmir, həm də onun ikinci hissəsi haqqında - Azərbaycan vasitəsilə həyata keçirilməsini arzuladığım marşrutlar haqqında danışılır. Bu, ilk növbədə, Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyəyə və Aralıq dənizi limanlarına gedən Zəngəzur dəhlizidir. Bu, son dərəcə mühüm layihədir və 2020-ci ildə Putin, Əliyev və Paşinyan tərəfindən Üçtərəfli Bəyanat imzalananda, xüsusilə onun tezliklə açılacağı müzakirə olunub.

Ancaq 3 ilə yaxın vaxt keçib, dəhliz yoxdur və demək olmaz ki, biz bu layihənin icrasına daha da yaxınlaşmışıq. Daha doğrusu, biz ondan uzaqlaşmışıq. Hazırda Laçın yolu ərazisində vəziyyətin gərginləşməsi onu deməyə əsas verir ki, Ermənistan Zəngəzur sistemini ikinci və ya üçüncü mərhələyə buraxaraq Azərbaycana beynəlxalq təzyiq ssenarisini həyata keçirməyə çalışır. Bir neçə ay əvvəl Moskvada keçirilən danışıqlarda logistika marşrutlarının açılması mövzusu qaldırılmışdı, lakin son həftələrin hadisələri göstərir ki, İrəvan sərt təxribatlar siyasətini buraxmır, Rusiya sülhməramlılarını ora cəlb etməyə çalışır. Bakıya beynəlxalq təzyiq yaratmaq, Laçın yolunun açılmasını təşkil etmək və Zəngəzur dəhlizi mövzusunu sonraya saxlamaq, əslində bu dəhlizə heç kimi heç vaxt buraxmamaq. Ona görə də Putin və Ərdoğan, təbii ki, bu problemi də müzakirə edə bilərlər, lakin onların Ermənistanın baş nazirinə real təzyiqləri olmadığından, yaxın gələcəkdə layihə praktiki olaraq həyata keçirilə bilməz.

- Sizin hesablamalarınıza görə, Rusiya Federasiyası taxıl müqaviləsinə qayıda bilərmi və əgər belədirsə, hansı şərtlərlə bu layihədə iştirakını bərpa edə bilər?

- Rusiyanın birmənalı mövqeyi ondan ibarətdir ki, o, bir il əvvəl ona aid olan bütün şərtlər yerinə yetirilən kimi taxıl müqaviləsinə qayıtmağa hazırdır. Swift-in Rusiya banklarının, ilk növbədə Rusiya Kənd Təsərrüfatı Bankının işinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, gübrə, taxıl, ərzaq daşıyan Rusiya gəmilərinin sığortasının bərpasını nəzərdə tuturam. Və təbii ki, ərzaq daşıyan rus gəmilərinin dünya üzrə sərbəst hərəkəti, bir sıra limanlarda Rusiya gübrələrinə qoyulan həbsin götürülməsi. Bütün bunlardan sonra, bəli, Rusiya taxıl müqaviləsinə qayıdacaq. Təəssüf ki, Ərdoğan, Quterreş və digər iştirakçılar bu şərtləri təmin etdirə və bu məsələni həll edə bilmir. Ona görə də çox güman ki, Rusiya Federasiyasının bu razılaşmaya qayıtması olmayacaq.

- Hələ də Türkiyənin vasitəçiliyi ilə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların bərpası şansı varmı?

- İndiki vəziyyətdə Ukrayna ilə danışıqların bərpası yəqin ki, mümkün deyil- nə Türkiyənin vasitəçiliyi ilə, nə də Braziliya, Çin və ya Afrika dövlətlərinin vasitəçiliyi ilə. Moskva birmənalı şəkildə başa düşür ki, Ukraynanın arxasında duran qüvvələr onun Rusiyanı hərbi yolla məğlub etməyə qadir olduğuna inanır və buna görə də Rusiya Federasiyasının kapitulyasiyasına ümid edərək heç bir danışıqlar aparmaq istəmir. Qərb ictimaiyyəti böyük qarşıdurmada Rusiyanın qalib gələcəyini, Ukraynanın isə uduzacağını anlayaraq bilərəkdən bu münaqişəni qızışdırdı. Və Qərbdə heç kimin Ukraynaya yazığı gəlmədiyinə və orda onu istehlak materialı hesab etdiyinə görə, müvafiq olaraq, nəyisə razı salmağın mənası yoxdur. Birləşmiş Ştatlar bu münaqişədə daha da varlanır və Ukraynanın itirilməsi beynəlxalq siyasət üçün hansısa sistem əhəmiyyətli faktor deyil. Deməli, hər şey davam edəcək- Qərb Rusiyanı məğlub edəcəyində israr edəcək və hələlik bu istiqamətdə heç bir irəliləyiş görünmür.

- Ərdoğan-Putin görüşündə Suriya mövzusunun müzakirəsinə ehtimal verirsinizmi?

- Suriya mövzusu da gündəm ola bilər, baxmayaraq ki, indi nə Rusiya Federasiyası, nə də Türkiyə üçün hazırkı reallığın ilk səhifələrində açıq-aydın yoxdur. Ona görə də danışıqlarda bu mövzunun aktual olacağını düşünmürəm.

- Sizcə, Türkiyə-Rusiya münasibətlərində hər şey yolunda gedirmi və onların gələcəyini necə görürsünüz?

- Bu, strateji əlaqələrdir. Və burada iki məqam var. Birincisi, Türkiyə və Rusiya uzunmüddətli perspektivdə çoxqütblü dünyanın yaradılmasının, hər iki ölkənin öz maraqları zonasında öz siyasətini və qonşu dövlətlərlə münasibətlərini müəyyən edən tam müstəqil dünya aktyorları olmasının tərəfdarıdırlar, nəinki yaınız bir sıra dövlətlər üçün əlverişli olan Vaşinqtonda tərtib edilmiş ssenarinin. Strateji baxımdan Rusiya və Türkiyə yaxınlaşır, ona görə də bizim tərəfdaşlıq münasibətlərimiz olacaq.

Hazırkı texniki məqama gəlincə, nəzərə almaq lazımdır ki, Türkiyədə iqtisadi böhran kifayət qədər güclüdür və Ankara ABŞ-ın köməyi ilə bunun öhdəsindən gələcəyini gözləyir. Anladığımız kimi, Bayden artıq BVF vasitəsilə milyardlarla dollar vəd verib. Bu baxımdan Türkiyə bu öhdəliklərlə bağlı olacaq. İsveçin NATO-ya daxil olması, taxıl sövdələşməsi məsələsi və Ankara ilə Vaşinqton və onun müttəfiqləri arasında razılaşmaların əldə olunduğu bir sıra digər məqamlar da daxil olmaqla, mürəkkəb razılaşmalar sistemi mövcuddur. Türkiyə, bir qayda olaraq, ABŞ-ın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməyənə qədər verdiyi vədləri yerinə yetirmir. Yəni Türkiyə ABŞ-la münasibətlərini bu cür qurur, Rusiya da o biri dünya ilə belə davranmalıdır.

Ona görə də Rusiya ilə Türkiyənin strateji baxımdan çoxlu ortaq cəhətlərin olduğunu nəzərə alaraq, biz bir sıra uzunmüddətli layihələr üzərində birgə hərəkət edəcəyik. Amma hazırda Türkiyənin ağır iqtisadi vəziyyəti Ərdoğanı daha çox ABŞ siyasətinə diqqət yetirməyə vadar edir və bu, artıq obyektiv reallıqdır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər