Şübhəsiz ki, köhnə tikililərin həyətində, çoxlu qonşuların əhatəsində yaşayan bir çox insanlar son dərəcə aktiv, səs-küylü, manipulyasiya edən, pulun olmamasından, xəstəlikdən və digər bədbəxtliklərdən həmişə şikayət edən qonşuya rast gəlir. Deməli, indi Ermənistan başqalarının hesabına günəş altında yer almağa çalışan belə hiyləgər və hay-həşirçi bir xanıma bənzəyir. İrəvan bütün öhdəliklərini- Zəngəzur dəhlizinin açılmasını, sərhədin demarkasiyasını, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını, ən əsası isə sülh müqaviləsini imzalamalı olduğunu unudaraq, çalışır ki, ucadan qışqıraraq, beynəlxalq diqqəti başqa səpkili uydurma problemlərə yönəltsin. Və burada tamamilə cəfəngiyyatdan istifadə olunur - Qarabağdakı "aclıq" və "erməni əhalisinin soyqırımı"ndan tutmuş Azərbaycan tərəfindən saxlanılan erməni hərbi cinayətkarların acı taleyinə qədər.
İrəvanın oyunlarının bu yeni mərhələsinə nə səbəb oldu? O, hara gedir və nəyə ümid edir? Xarici ekspertlər “Caliber” analitik mərkəzinə şərhlərində bu məqamları aydınlaşdırıblar.
“Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini, politoloq Andrey Petrovun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu gün Ermənistanın ənənəvi xarici siyasətinin şahididir: sülhə münasibətinizdən danışmaq, amma heç nə etməmək və öz mövqeyi və hərəkətsizliyi üçün maksimum səbəb, bəhanə axtarmaq.

Politoloqun qeyd etdiyi kimi, bu oyun iki ssenari üzrə aparılır: əgər heç nə baş verməsə, Ermənistan fəal şəkildə sülh əhval-ruhiyyəsi ilə bağlı bəyanatlar dərc edir, çünki bu halda ondan heç nə tələb olunmur.
“Azərbaycan meydanda aktiv addımlar atanda Ermənistan Bakını tənqid etməyə keçir, çünki onun məqsədi, sonda- bunu birbaşa deməyin vaxtıdır,- artıq əldə edilmiş irəliləyişləri dondurmaq, onun indulgensiyalarını dəyişməz qoymaqdır. Əslində, Ermənistan siyasətində Koçaryan və Sarkisyanın, eləcə də İkinci Qarabağ müharibəsindən əvvəl Paşinyanın dövründə olanlarla müqayisədə yeni heç nə yaranmayıb. İrəvanda əvvəlki kimi onlar müəyyən sərhəddə “nə müharibə, nə sülh” vəziyyətində saxlamaq istəyirlər ki, Ermənistanın “natamam” məğlubiyyəti vəziyyəti mümkün qədər uzun müddət və daha yaxşı olar ki, əbədi olaraq qalsın”,- A.Petrov hesab edir.
Ona görə də o hesab edir ki, indi, Azərbaycan erməni hərbi cinayətkarlarını müəyyən edib saxlamağa başlayanda, Azərbaycan Bərdədən Ağdama, oradan da Xankəndinə qədər məntiqi əsaslandırılmış yol çəkərkən, Ermənistan buna nəyisə dayandırmaq, nəyisə dəyişmək tələbləri ilə cavab verir, çünki hazırda mövcud olan aralıq status-kvodakı faydalarını itirməkdən qorxur.
"Bundan sonra nə olacaq? 44 günlük müharibədən sonra təxminən 3 ilə yaxın dövrün təhlilinə əsaslanaraq, demək olar ki, aydın şəkildə deyə bilərik: Ermənistan boş bəyanatlar verməkdə davam edəcək və heç nə etməyəcək. Təxribatlar istisna olmaqla, baxmayaraq ki, onların artıq təxribat törətməyə daha az imkanları var. Azərbaycan isə Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək, təhlükəsizliyini təmin etmək üçün öz sülh proqramını ardıcıl şəkildə həyata keçirəcək. Yəni, bundan sonra görəcəyimiz hər şey sırf Azərbaycanın öz proqramını həyata keçirdiyi rejimdə olacaq və Ermənistan bununla bağlı heç nə edə bilməz, ancaq şifahi, sosial şəbəkələrdə və rəsmi bəyanatlarda hiddətlənə bilər”,- rusiyalı politoloq deyir.
Onun fikrincə, gec-tez bütün bunlar ona gəlib çatacaq ki, Azərbaycan Zəngəzur dəhlizinin öz hissəsini tamamlayacaq, Ermənistan isə öz növbəsində bir dənə də olsun dəmir yolu çəkməyəcək.
“Amma mən ümid etmək istərdim ki, Azərbaycan istər təkbaşına, istərsə də Zəngəzur dəhlizində maraqlı olan Türkiyə və Rusiyanın köməyi ilə Zəngəzurun ermənilərə məxsus hissəsini birtəhər yarıb keçəcək və bu yol tamamlanacaq.
Əgər erməni separatçılarının silahlı birləşmələrinin Qarabağdan çıxarılmasından danışsaq, o zaman, görünür, bu, onların tərksilahı kimi görünsə də, eyni zamanda, hərbi cinayətlərdə təqsirli olan insanlar saxlanılıb həbs olunacaqlar. Qalan hər kəsə, İlham Əliyevin dediyi kimi, seçim hüququ veriləcək: ya Azərbaycan vətəndaşı kimi qal, ya da Ermənistana get. Amma burada bir daha təkrar edirəm ki, Qarabağı elə hamı tərk edə bilməyəcək- hərbi cinayətlərdə iştirak edənlər artıq Azərbaycanı tərk edə bilməyəcəklər. Necə ki, məsələn, Vaqif Xaçaturyanla belə oldu”, - deyə A.Petrov bildirib.
Ukraynalı politoloq, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos da onunla razılaşır. Onun sözlərinə görə, Ermənistanın strategiyası 2020-ci ildən bəri çox dəyişməyib. Paşinyanın əsas vəzifəsi müharibə və sülh həddində balanslaşdırılaraq danışıqları mümkün qədər uzatmaq və eyni zamanda, Qərb üçün “aclıq”, “blokada” “soyqırım” və s. kimi həssas mövzulara müraciət etməkdir.

“Ermənilərin qarşısında hələ də mühüm vəzifə durur- bu və ya digər formada separatçıların qanunsuz birləşməsini qorumaq və bu birləşmənin idarə olunmasının xarici qüvvələr tərəfindən həyata keçirilməsini təmin etmək. Əslində, Paşinyanın qərarlarının bu səviyyəsi ona erməni cəmiyyəti daxilində kompromislər tapmağa imkan verir.
İrəvan nəyə güvənir? Bu, onlara yeni seçimlər tapmağa imkan verəcək. Məsələn, yeni müttəfiqlər tapmağa kömək edəcək. Avropada bu problemə diqqət çəkmək üçün lazımi qədər qüvvələr var. Xüsusən də, ABŞ-da növbəti seçkilər ərəfəsində, hansısa məqamda erməni diasporu oynaya və Amerika siyasətçilərinin qərarlarına təsir edə bilər. Bundan əlavə, indi, Rusiyanın Cənubi Qafqazda mövqeyi ciddi şəkildə zəiflədiyi və Rusiya Ermənistana 2025-ci ildən sonra status-kvonun saxlanmasına zəmanət verə bilmədiyi bir vaxtda İrəvanın hədəflərinə bu və ya digər strategiya daxildir- Qarabağın Azərbaycanın tərkibində qəti şəkildə təsbit edilməsinin qarşısını almaq, onun tam şəkildə sözün hər mənasında Bakının nəzarəti altında keçidinə mane olmaq.
O ki qaldı yeni müharibə haqqında söhbətlərə, mənə elə gəlir ki, erməni tərəfinin istənilən halda belə müharibə üçün kifayət qədər resursu olmayacaq. Eyni zamanda, görünür, Ermənistan tərəfi Azərbaycanın indi Rusiya qoşunlarının Qarabağda olması şəraitində orada aktiv döyüşlərə başlamayacağına ümid bəsləyir. Rusiya isə öz tərəfindən 2025-ci ildən sonra qoşunlarının orada qalmasında maraqlıdır. Bu, o deməkdir ki, elə bir vəziyyət yaranır ki, Moskvanın iştirakı olmadan nə Ermənistan, nə də Azərbaycan münasibətlərini tənzimləyə bilməyəcək. Və bu baxımdan Bakı üçün yalnız diplomatik səylər qalır ki, bu da Rusiyanı öhdəliklərin bir hissəsini yerinə yetirməyə- qoşunlarını Qarabağdan çıxarmağa məcbur edəcək. Və burada, mənə elə gəlir ki, çox şey Ukrayna cəbhəsində baş verənlərdən asılıdır: Rusiya zəifləsə, artıq başqa yerlərdəki gərginlik nöqtələrində iş aparmaq üçün lazımi resursları olmayacaq.
Sülh sazişinin bağlanması imkanlarına və perspektivlərinə gəlincə, mənə elə gəlir ki, erməni tərəfi bu vəziyyətə çatmalıdır. Ermənistanda saxtakarlıq, panik əhval-ruhiyyənin yayılması və bunun qəsdən qarşıdurma dərəcəsini yüksəltməsi də eynilə diqqəti özünə və problemlərinə yönəltmək, həm də əhalini Azərbaycanla qorxutmaq strategiyasıdır. İrəvanda və digər mərkəzlərdə məskunlaşan bu şouların təşkilatçılarının sadəcə olaraq başqa manipulyasiya vasitələri yoxdur”,- deyə İ.Semivolos yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb