PDF Oxu

MİA

  • 19 510

Təhsil eksperti: “Bu ixtisasları seçsəniz…” -MƏSLƏHƏT

image

Diplom xətrinə perspektivsiz ixtisas oxumaq, yoxsa lazımlı peşəyə yiyələnmək?

Düşünün, son 100 ildə baş verən texnoloji inkişaf, bütövlükdə bütün tarixi hadisələrdən daha sürətli baş verib. Texnologiya inanılmaz sürətlə irəliləyir, eyni zamanda, bir çox peşənin irəliləməsinin qarşısını alır. Üstəlik, bu üstələməyə təkcə texnologiya deyil, eyni zamanda, elmi, sosial, mədəni, ekoloji və iqtisadi inkişaflar da çox təsir edir. Ona görə peşə seçərkən, ixtisas axtarışında olarkən bu xırdalıqları unutmamaq, dövr ilə ayaqlaşan ixtisas seçmək lazımdır.

Tanınmış təhsil eksperti Ramin Nurəliyev bu barədə abituriyentlərə qızıl məsləhətlər toplusu hazırlayıb. Yaxın günlərdə abituriyentlərin ixtisas seçimi prosesinə start veriləcək, ona görə ekspertin məsləhətlərini oxumalarında və əməl etmələrində fayda var.

Ekspert deyir: “Abituriyentlər üçün günümüzün tələbatlı ixtisasları ilə, əmək bazarında iş imkanları məhdud olan ixtisaslar var. İlk növbədə qeyd edim ki, bütün ixtisaslar lazımlıdır və hər bir ixtisasın mütəxəssisi, ixtisasını mükəmməl bilən həyatda öz mövqeyini lazımi şəkildə tutur. Mən ixtisas qrupları üzrə əmək bazarında çox tələbatlı olan ixtisaslar və iş imkanları məhdud olan ixtisaslar barədə danışacam. Əslində, bu ixtisaslar tələbata görə illərdir qəbul imtahanlarında keçid ballarına görə formalaşaraq özünü büruzə verib. Məlumdur ki, yüksək ballı ixtisaslar tələbatlı, zəif ballı ixtisaslar da az tələbatı olan ixtisaslardır.”

Ramin Nurəliyev ixtisasları hər ixtisas qrupu üzrə ayrılıqda şərh edib.

1-ci ixtisas qrupu üzrə:

“Birinci qrup üzrə tələbatlı ixtisaslar kompüter meyilli ixtisaslar ki, buraya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və Rİ altqrupuna aid digər ixtisaslar daxildir. Bununla yanaşı qida mühəndisliyi, nəqliyyatda logistika ixtisası da son zamanlar tərcih edilən ixtisaslardan hesab olunur.

Bu qrupda zəif tələbatlı ixtisaslar xüsusilə də RK altqrupundadir. Buraya daha çox geologiya və geofizika, geomatika və geodeziya, materiallar mühəndisliyi, maşın mühəndisliyi, mühəndis fizikası kimi ixtisaslardır ki, bu ixtisaslar əmək bazarında tələbatlı görünmür və ya az tələbatlıdır. Bununla yanaşı, aqrar ixtisaslar və el arasında deyilən 150 ballıq ixtisaslar da az tələbatlı ixtisaslar sırasına daxildir və yüksək bal toplayan abituriyentlərin seçimi olmur. Elə ixtisaslar da vardır ki, bu ixtisasların adları cazibəli göründüyü üçün abituriyentlər seçim edir, lakin təhsil aldığı müddətdə peşman olurlar.

Bu ixtisaslara cihaz mühəndisliyi, mexatronika və robototexnika kimi ixtisasları aid etmək olar. Etiraf etmək lazımdır ki, mexatronika və robototexnika ixtisası müasir dövrün ixtisasidir, bunun üçün universitetlərdə kifayət qədər bu sahənin peşəkarı olan müəllimlər və lazımlı lobirotoriyalar tələb olunur. Əfsuslar olsun ki, bizim bir çox universitetlərdə bu imkanlar yetərincə deyil. Məhz buna görə də bu ixtisası seçim edən tələbələr sonradan bu ixtisas üzrə kifayət qədər biliyin mənimsənilmədiyini ifadə edirlər.

İctimaiyyətin çox da məlumatlı olmadığı, bitirdikdən sonra bacarıqlı tələbələrə iş imkanları verən 1-ci qrupda hərbi-sənaye ixtisasları da var ki, bunun da gələcəkdə çox inkişaf edəcəyinin qənaətindəyəm. Artıq Azərbaycan hərbi-sənaye istiqamətində sürətlə inkişaf edir. Öz silah və müdafiə xarakterli müasir hərbi texnikaların istehsalını həyata keçirir. Bu istiqamətdə fəaliyyətin genişlənməsi bu sektora olan marağın böyüməsinə səbəb olacaq.

2-ci ixtisas qrupu üzrə:

Bu qrupda əsas tələbatlı ixtisaslar maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, marketinq kimi iqtisad yönümlü ixtisaslardır. Az tələbatlı və iş imkanları zəif ola ixtisaslar sırasında sosiologiya, hidrometeorologiyanı aid etmək olar. Turizm ixtisasları əvvəllər az tələbatlı olsa da son dövrdə bu ixtisasa maraq artmaqdadır. Qarabağ iqtisadi zonasının azad olunması ilə yanaşı qərb rayonlarımızda sürətlə quruculuq işlərinin görülməsi və gələcəkdə bu bölgənin turizm sektoruna verəcəyi töhfə danılmazdır.

3-cu ixtisas qrupu üzrə:

“Hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, tərcümə və pedoqoji ixtisaslar daha çox tələbatlı ixtisaslar hesab olunur. Bununla yanaşı, jurnalistika ixtisası üzrə tədris ingilis dilinə daha çox üstünlük verilir.

Az tələbatlı ixtisaslar kimi fəlsəfə, politologiya və incəsənət ixtisaslarını nümunə vermək olar. Filologiya ixtisasına da getdikcə marağın azalması müşahidə oluna bilər. Burada Elm və Təhsil Nazirliyinin bu ixtisası MİQ imtahanında seçimə buraxmaması əsas səbəb kimi görünür.”

4-cü ixtisas qrupu üzrə:

“Bu qrupda tibb ixtisasları və psixologiya daha çox tərcih edilən ixtisaslardır. Bununla yanaşı, son zamanlar biologiya ixtisasına da maraq artmaqdadır, buna səbəb kimi xaricdə bu ixtisas üzrə genetika, mikrobiologiya, biotexnologiya, baktreilogiya kimi sahələr üzrə magistr imkanlarını göstərmək mümkündür. Bu qrupda Su bioehtiyatları və akvakultura, baytarlıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik kimi ixtisaslar əmək bazarında dövrün tələblərinə kifayət qədər cavab vermədiyi hesab olunur.

Bununla yanaşı, bütün qruplar üzrə müəllimlik və pedoqoji ixtisaslar da çox müraciət olunan ixtisaslar içərisində qeyd etmək istərdim. Xüsusilə də, orta səviyyədə bal toplayan abituriyentlər ilə yanaşı yüksək bal toplayan bir neçə abituriyentlərin də müəllimlik ixtisaslarını seçim etdiyi müşahidə olunur.”

İxtisas seçərkən valideynlərin müdaxiləsi məsələsinə də diqqət çəkmək istərdik. Xüsusilə, dövrümüzdə valideynlər uşaqlarının gəlirli peşəyə yiyələnməsinin tərəfdarıdır. Abituriyentin istəyi, marağı olan sahə bu məsələdə arxa plana atılır. Nəticədə, ölkəmiz diplomlu, amma peşəsini sevməyən, o sahədə işləməyən gənclərlə dolub-daşır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər