PDF Oxu

MİA

  • 6 896

Yevgeni Mixaylov: Rusiya BMT-də anti-Azərbaycan qətnaməyə imkan verməyəcək - MÜSAHİBƏ

image

Rusiyalı ekspert: Azərbaycan tərəfinin Qarabağdakı hərəkətləri tamamilə qanuni və haqlıdır

Avqustun 11-də Ermənistan BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi” ilə əlaqədar fövqəladə iclasın çağırılması tələbi ilə müraciət edib. Müraciətdə Ermənistanla Qarabağın Bakının nəzarətində olmayan hissəsini birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən nəqliyyat üçün bağlandığı iddia edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi sərt reaksiya verib: Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya manipulyasiyası kampaniyasının alətinə çevirməyə çalışır. Azərbaycan XİN-dən bildiriblər ki, intensiv məsləhətləşmələr və peyk diplomatiyasının səylərindən sonra müxtəlif marşrutlar üzrə humanitar yüklərin Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın xüsusi nümayəndəsi və XİN nümayəndələri ilə yerli erməni əhalisi arasında görüşün təşkili barədə razılıq əldə olunub, lakin Ermənistan Qarabağdakı qanunsuz rejim vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər irəli sürərək son anda hər iki razılaşmadan imtina edib.

Xatırladaq ki, aprel ayında Ermənistan tərəfinin silsilə təxribatlarından sonra Azərbaycan Ermənistanı və Qarabağın Bakının nəzarətində olmayan hissəsini birləşdirən Laçın yolunda sərhəd-keçid məntəqəsi quraşdırıb. İyulda Ermənistan tərəfinin bu yolda qaçaqmalçılığı dəfələrlə qeydə aldıqdan sonra Azərbaycan Ermənistana müalicə üçün Qarabağın erməni əhalisinin nümayəndələrini daşıyan erməni nömrəli avtomobillərin, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin keçidini dayandırıb. Lakin Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi ilə danışıqlardan sonra Bakı tibbi yardıma ehtiyacı olanların daşınmasının bərpasına icazə verib, həmçinin erməni tərəfinə humanitar yüklərin Xankəndinə çatdırılması üçün Ağdamdan keçən yoldan istifadə etməyi təklif edib. Ermənistan hakimiyyəti bu təklifdən imtina edib və Bakı ilə razılaşmadan Laçın keçid məntəqəsinə humanitar yardımla dolu bir neçə yük maşını göndərib və onlar hələ də orada dayanır.

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov Ermənistanın beynəlxalq müstəvidə Bakını "cəzalandırmaq" cəhdlərinin nə üçün nəticəsiz qalacağını “Moskva-Baku” portalına izah edib.

- Düşünmürəm ki, BMT Təhlükəsizlik Şurası belə bir iclas keçirməyə razı ola, hətta olsa belə, bu, hansısa nəticə verməyəcək. Çox güman ki, bunun nəticəsində Ermənistan və Azərbaycana sadəcə olaraq müxtəlif platformalarda sənədləşdirilmiş münasibətlərin normallaşdırılmasına dair razılaşmaların yerinə yetirilməsi, regionda vəziyyətin gərginləşməməsinə töhfə verilməsi üçün tövsiyələr veriləcək. Yəni, mətn sadələşdiriləcək və bəyanatda antiazərbaycan tezislərinin qeyd olunacağı ehtimalı azdır, çünki Rusiya sadəcə olaraq buna imkan verməyəcək və sənədə veto qoyacaq.

Təbii ki, belə bir görüş baş tutsa, o zaman Fransa ənənəvi olaraq “saçını yolacaq”. Əsas antiazərbaycan təxribatlarını ondan gözləməliyik. Bildiyiniz kimi, Paris son vaxtlar beynəlxalq aktyor kimi külli miqdarda imic itkiləri ilə üzləşib və dünyanın müxtəlif yerlərində siyasi proseslərə təsirini saxladığını göstərməyə çalışır. Ona görə də Fransa Təhlükəsizlik Şurasında ənənəvi olaraq Azərbaycana qarşı çıxacaq.

Birləşmiş Ştatlar Azərbaycanın Laçın yolunun bağlanmasını mütəmadi olaraq təkrarlasa da, görüşdə o qədər də güclü təzyiqə getməyəcək. Daha çevik olacaqlar, hiyləgər taktikaları var. Onların vəzifəsi əsas olaraq qalır- Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün “vasitəçilik yorğanı”nı yırtmaq, Rusiyanı kənara çəkmək, tərəfdaşlar qarşısında onu ləkələmək. Ermənistan isə təbii ki, Qərb üçün Zaqafqaziyadakı problemlərini həll etmək üçün yaxşı vasitədir.

Fransa da yorğanı öz üzərinə çəkməyə çalışır, amma bunu yöndəmsiz, açıq-aşkar edir, belə taktikalarla, hətta bəzi maraqlarını güdəndə belə, uzağa getmək olmaz.

Ona görə də BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanı növbəti uğursuzluq gözləyir. Azərbaycana heç kim heç bir sanksiya tətbiq etməyəcək, bu, sadəcə olaraq, real deyil. Bakı həddən artıq israrlı oyunçudur, üstəlik, enerji təhlükəsizliyinin təmin edilməsində ciddi mənbələrdən biri kimi Qərbin ona ehtiyacı var.

Laçın yolu ətrafında yaranan gərginliyi Ermənistan tərəfinin özü törədib. Ermənistan “dinc” yük əvəzinə separatçılara Laçın yolu ilə silah verirdi və Azərbaycan tərəfindən onun üzərində nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra onu dolayı yollarla təmin etməkdə davam edir. Bundan əlavə, qaçaqmalçılıq həyata keçirir.

Gördüyümüz kimi, yol boyu keçmiş erməni silahlıları da keçir. Deməli, Azərbaycan tərəfinin hərəkətləri tamamilə qanuni və haqlıdır. Azərbaycan özünü məsuliyyətli və şəffaf aparır. Bakı erməni tərəfinə humanitar yardımın daşınması üçün Ağdamdan keçən yoldan Xankəndinə getməyi təklif edib. Amma İrəvan vəziyyəti yenidən qızışdırmaq qərarına gəldi və Bakı ilə razılaşdırılmadan Laçın yoluna humanitar yardım daşıyan yük maşınlarının gəlməsi ilə yeni qalmaqal yaratdı.

Ermənistan bir növ “soyqırım” təhlükəli ilə bütün dünyanı qorxudur və Azərbaycanı işğalçı kimi təqdim etmək üçün bu mövzunu dolaşdırır. İrəvan hər vasitə ilə Bakı ilə yekun sülhün əldə olunmasını ləngitməyə çalışır, vəziyyəti qismən də olsa özü üçün müharibədən əvvəlki vəziyyətə qaytarmağa, nəyisə qoparmağa, necə deyərlər, artıq yola düşmüş qatarın sonuncu vaqonuna tullanmağa çalışır.

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi İrəvana yaramır. Çünki Rusiya Zaqafqaziyada sülhün bərqərar olmasına çalışır. Ermənistan hakimiyyəti mütəmadi olaraq sülhməramlıların hərəkətlərini tənqid edir. İrəvan bu zonada Qərb sülhməramlılarının yerləşdirilməsinə nail olmağa çalışır. Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasında olduğu kimi, amma genişləndirilmiş mandatla.

Bununla bağlı Laçın yolu ətrafında vəziyyətin daim gərginləşməsi müşahidə olunur. Əbəs yerə deyil ki, Ermənistan tərəfi mütəmadi olaraq Qarabağa və Laçın yoluna BMT-nin “fakt-araşdırıcı” missiyasını göndərməyə çağırır. BMT isə beynəlxalq təşkilat kimi özünü çoxdan gözdən salıb. Bu günə qədər özünü gözdən salmaqda davam edir. Bunu Qarabağ münaqişəsi göstərdi, o zaman ki, BMT Təhlükəsizlik Şurasının 30 il ərzində qəbul etdiyi qətnamələr yerinə yetirilmirdi və Azərbaycan özü onları həyata keçirməli oldu. Və bu gün bir çox dövlətlər, o cümlədən Rusiya, Azərbaycan, Türkiyə BMT-də islahatların aparılmasının zəruriliyindən və strukturun müasir reallıqlara cavab verməməsindən danışırlar.

BMT uzun müddətdir ki, Qərb dövlətləri tərəfindən manipulyasiya vasitəsi olub. Amerika BMT-ni sıxışdırır. Bu, amerikalıların əlində təzyiq rıçaqıdır.

Kənardan belə görünür ki, hər şey sadə və şəffafdır- beynəlxalq hüquqa görə Qarabağ Azərbaycandır və həmişə Azərbaycanın olub, amma siyasət böyük oyundur, böyük mübarizədir. Bu gün isə bu, Rusiya ilə Qərbin qarşıdurması üçün platformadır. Və beynəlxalq hüquqa riayət etməkdə maraqlı olmayan, Azərbaycanın ərazi bütövlüyü ilə maraqlanmayan, ədalətlə maraqlanmayan qüvvələr var. Bəli, ədalət Azərbaycanın tərəfindədir. Ancaq hər şey o qədər də sadə deyil. Ermənistan hakimiyyəti müxtəlif platformalarda Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını dəfələrlə bəyan edib. Amma bu sadəcə sözlərdir və əməllər də onların ardınca getməlidir- Bakı ilə sənədin imzalanması, bu tanınmasını təsbit etmək. Amma Azərbaycan Respublikasının milli maraqları bəzi beynəlxalq oyunçulara uyğun gəlmir.

Bu gün dünya dəyişir. Və geosiyasi dəyişikliklərlə mən əminəm ki, bütün aparıcı beynəlxalq strukturlarda islahatlar aparılacaq. Ədalət və beynəlxalq hüquq nöqteyi-nəzərindən beynəlxalq təşkilatlar və məsul dövlətlər də Rusiya kimi mütəmadi olaraq Ermənistan və Azərbaycanı münasibətlərin normallaşması prosesi çərçivəsində əldə edilmiş razılaşmaları həyata keçirməyə çağırmalıdırlar.

Necə ki, məsələn, Moskva vasitəçi kimi tarazlığı qoruyur. Rusiya dəfələrlə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib. Beynəlxalq strukturlar tərəfindən biz tez-tez Ermənistanın hərəkətlərinə münasibətdə balanssız, qeyri-tənqidi yanaşmanın şahidi oluruq. Amma məhz İrəvan razılaşmaları yerinə yetirmir- o, qeyri-qanuni erməni silahlı birləşmələrini Qarabağdan çıxarmır,- hansı ki, bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında deyilir. Zəngəzur dəhlizini açmaq istəmir. İrəvan sözdə sülhə hazır olduğunu bəyan etsə də, daim eskalasiyaya səbəb olur. Və o, Bakını cəzalandırmaq üçün Qərbdən kömək istəməkdə davam edir. Lakin bu cəhdlər boşa çıxır.

Azərbaycanın hərəkətləri beynəlxalq hüquq baxımından qüsursuzdur, ona görə də heç kim və heç nə Bakını nəzərdə tutduğu kursdan- Qarabağ bölgəsində öz suverenliyinin tam və qeyd-şərtsiz bərpasına doğru geri çəkilməyə məcbur edə bilməz.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər