PDF Oxu

MİA

  • 9 965

İçməli su nə dərəcədə içməlidir? - ARAŞDIRMA

image

İnsan orqanizminin 2/3 hissəsini təşkil edən su artıq molukulyar səviyyədə çirkləndiyindən bioloji strukturun mutasiyaya uğramaq təhlükəsi yaranıb

Ötən əsrin ortalarından başlayaraq sürətlə inkişaf edən texniki proseslər əlçatan su mənbələrini həddən artıq çirklənməyə məruz qoyub. Sənaye tullantıları nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyub. Son vaxtlar bir sıra ölkələrdə kəskin içməli su çatışmazlığının yaranması təhlükənin yaxınlaşdığını xəbər verir. Hazırda dünyada 2 milyarddan çox adam içməyə yararlı olmayan su içir.

Təхminən, 50-60 il bundan əvvəl ətraf mühitin çirklənməsi əsasən, iri sənaye müəssisələri tullantıları hesabına baş verirdisə, günümüzdə ölkələrin əksəriyyətində bu amilə daha biri- iri yaşayış məntəqələrinin məişət çirkabı amili əlavə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir.

Beynəlxalq təşkilatların hesablamalarına görə, suyun antropogen çirklənməsi ilə bağlı xəstəliklər ildə 3,8 milyon uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər və ölüm hadisələri, məhz içməməli su ilə bağlıdır.

Azərbaycanda da bu problem özünü getdikcə daha çox büruzə verir. Çünki ölkəmizin su hövzələri böyük sürətlə çirklənməyə məruz qalır və insanlarımız bu ifrat dərəcədə çirklənmiş, müxtəlif xəstəliklər yaradan suyu içmək məcburiyyətində qalır.

Bu proses ən çox Abşeron yarımadasında özünü büruzə verir. Məlum olduğu kimi Bakı, Sumqayıt və Xırdalan şəhərləri, həmçinin Abşeron rayonunun qəsəbə və kəndləri uzun illərdir ki, şirin su tələbatını əsasən, 5 su kəməri vasitəsi ilə təmin edir. Bunlar Şollar, Samur-Abşeron, Kürdən gələn 1-ci və 2-ci su kəmərləri, həmçinin Bakı-Qəbələ-Oğuz su kəməridir.

Başlıca narahatlıq isə ondan ibarətdir ki, Bakı və Abşeronun, habelə bəzi şəhər və kəndlərin bir hissəsi Gürcüstan və Ermənistanın hədsiz dərəcədə çirkləndirdiyi Kür və Araz suyu ilə təmin olunur.

Kür çayında ekoloji vəziyyət böhranlı şəkildədir. Bu çay Gürcüstanda yüksək çirklənməyə məruz qalır, bundan başqa ölkəmizin də bəzi şəhərlərinin tullantıları bu çaya axıdılır. Ermənistan tərəfindən yüksək çirklənməyə məruz qoyulan Araz çayı ilə daha da çirklənməyə məruz qoyulan Kürün suyu içməyə yaramır. Bu iki çay isə birlikdə Xəzəri çirkləndirir. Kürün Gürcüstanda maksimum çirklənməyə məruz qoyulması təkcə paytaxta və Abşeron üçün deyil, həm də ölkənin xeyli hissəsi üçün təhlükə yaradır. Gürcüstan paytaxtının, həmçinin Rustavi kimi iri sənaye şəhərinin bütün məişət və texniki tullantıları bu çaya axıdılır. Bu azmış kimi, Ermənistan da Araz çayı vasitəsilə Kürü daha dəhşətli maddələrlə çirkləndirir.

Təxminən 15 il qabaq Arazın çirklənməsi ilə bağlı qəzetlərin birinə müsahibəsində suyun mikrobiologiyası üzrə tanınmış mütəхəssis, professor Məmməd Salmanov bildirmişdi ki, hələ Sovet dövründə Ermənistan SSR-in rəhbərliyi Moskvaya müraciət edərək, Metsamor Atom Elektrik Stansiyasının və bir neçə filizsaflaşdırma fabrikinin çirkab sularını toplayıb təmizləmək üçün süni bir su anbarının tikilməsi üçün vəsait istəyib. SSRİ hökuməti bu məqsədlə Ermənistana 1 milyon manat maliyyə ayırıb. Maliyyəni alan ermənilər su anbarı və onun üzərində sutəmizləyici qurğu tikmək əvəzinə, Ermənistan boyunca- düz Sədərəklə sərhəddədək böyük diametrli asbest borularla yeraltı bir kanalizasiya хətti çəkiblər. Neçə illərdir ki, Ermənistan ərazisinin böyük bir hissəsinin bütün məişət və sənaye çirkab suları həmin yeraltı kanalizasiya хəttilə aхıdılaraq, Surenavan kəndinin aşağısında Araz çayına tökülür!

Bu səbəbdən də hazırda Araz çayının suyunda radioaktiv nuklidlərin, müхtəlif kimyəvi birləşmələrin (fenol, benzol, toluol, qatı sulfat turşusu və s.), ağır metalların və neft məhsullarının buraхıla bilən konsentrasiyası Sanitariya Norma və Qaydaları ilə limitləşdirilən maksimal həddən 100 dəfələrlə yüksəkdir!

Maraqlıdır ki, paytaxtda içməli suyun çirkli olması faktı real olaraq ortada olsa da, aidiyyatı dövlət orqanları bunu inkar edir və bu sahədəki vəziyyəti normal hesab edirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərsu rəsmiləri Bakıda içməli suyun tərkibinin mütəmadi olaraq yoxlanıldığı barədə danışaraq deyirlər ki, əhaliyə verilən içməli suyun keyfiyyəti məsələsinə hər ay xüsusi diqqət ayırır və bununla bağlı laboratoriya müayinələri keçirilir.

GEM rəsmilərinin fikrincə, əsas məsələ bakterioloji çirklənmənin olmamasıdır. "Bakterioloji çirklənmə yoxdursa, əlbəttə, bu suyu içmək olar"- deyə GEM bildirir.

Mütəxəsislər isə deyir ki, insanın qəbul etdiyi bütün qidalar həzm sistemi tərəfindən yalnız suda həll olmuş şəkildə həzm oluna bilir. Çirkli qidanın tərkibində olan zərərli qarışıqlar da məhz onların sulu məhlulundan sorulur və insanın qanına keçir. Çirkli suyun hesabına davam edən bu proses insanları ən müхtəlif xəstəliklərə yoluxdurur. Belə ki, qana daхil olan həmin çirkləndiricilər insanın gen strukturlarına dağıdıcı təsir göstərir- genetik informasiyanı pozur, gen kodlarını dağıdır. Bu da insan orqanizmində ən müхtəlif patalogiyaların və mutagen proseslərin başlanmasına gətirib çıхarır.

Qeyd etmək lazımdır ki, hətta mövcud təmizləyici qurğularla belə tullantı suların tam təmizlənməsi mümkün olmur. İçməlu su təchizatına cavabdeh olanlar daim iddia edirlər ki, Kürün, Ceyranbatanın və digər hövzələrin suyu yetərli səviyyədə emala məruz qoyulandan sonra əhaliyə təklif olunur və bu səbəbdən də içməyə yararlıdır. Bu mənbələrdən Abşeron yarımadasına gətirilən suyun içməyə tam yararlı olduğu bütün müvafiq dövlət orqanları tərəfindən rəsmi sənədlərlə təsdiqlənir.

"Azərsu" SC bildirir ki, "Kür çayı və Ceyranbatan gölünün suyu bulanlıq olduğundan sutəmizləmə qurğularında bir neçə mərhələdə yeni tətbiq edilən kimyəvi reagentlərlə emal olunur. Mütəxəssislər isə bildirirlər ki, həmin sutəmizləyici qurğular suyu yalnız meхaniki qarışıqlardan təmizləmək üçün nəzərdə tutulub, bu qurğular Kür suyunun kimyəvi tərkibini təmizləmək qüdrətində deyil.

"Azərsu" bildirir ki, əhaliyə təklif olunan su хlorun köməyi ilə emal edilir və bu zaman suyun tərkibində olan mikroblar ölür: "Хlorun təsiri ilə suda olan bakteriyaların hüceyrə maddələri oksidləşir, müхtəlif virus və zooplanktonlar məhv olur. Suyun хlorla emalından sonra o, içməyə yararlı olur".

Burada meydana bir sual çıxır- bəs Kür və Araz suyunun tərkibində normadan on dəfələrlə artıq olan sənaye tullantıları, radioaktiv nuklidlər, kimyəvi qarışıqlar, ağır metallar necə təmizlənir? Düzdür, son illərdə bəzi yerlərdə su təmizləyici qurğular quraşdırılıb, Sumqayıtda dünya standartlarına cavab verən böyük su təmizləyici zavod tikilib. Lakin bu qurğular Abşeron yarımadasına verilən suyun yalnız üçdə birini təmizləmək gücündədir.

Məhz buna görə, mənzillərə gələn suyun hədsiz bulanıq olması ilə bağlı tez-tez mediada və sosial şəbəkələrdə real videomateriallar təqdim edilir və suyun nə dərəcədə çirkli verilməsi adi gözlə də görünür. Üstəlik, bu su müvafiq cihazlarla yoxlandığı zaman onun pH səviyyəsinin aşağı olduğu, kimyəvi maddələrin və ağır metalların normasının isə yüksək olduğu ortaya çıxır.

Ümumiyyətlə, içməli su təsərrüfatında xeyli problemlər var. Problem təkcə suyun keyfiyyəti ilə bağlı deyil, həm də həcmi ilə bağlıdır. Son aylarda Bakının bir çox ərazilərində suyun qrafiklə verilməsinə keçilib. Eləcə də suvarma suyu ilə bağlı da ciddi çatışmazlıqlar var. Ölkədə su itkilərinin səviyyəsi dünya üzrə ən yüksək rəqəm təşkil edir- su itkiləri ortalama 40 faiz civarındadır.

Ona görə də, yeni yaradılmış Su Ehtiyatları Agentliyi ölkənin su təsərrüfatını vahid mərkəzdən idarə etməklə, sistemli və strateji proqram həyata keçirməlidir. Ölkənin su ehtiyatları yenidən qiymətləndirilməli, şəhərlərin su təminatı üçün uyğun mənbələr tapılmalı, su resurslarından səmərəli və effektiv istifadə etməklə itkiləri minimum endirməlidir. Bundan başqa, əhaliyə verilən içməli suyun təmizliyi ilə bağlı da xüsusi işlər görülməlidir.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər