PDF Oxu

MİA

  • 14 220

Ərzaq təhlükəsi(zliyi): Dünyanı və bizi nə gözləyir? - ARAŞDIRMA

image

16 oktyabr Ümumdünya Qida Günüdür

Müasir dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri də ərzaq çatışmazlığı və aclıqdır. Təxmini hesablamalara görə, dünya əhalisinin 15 faizi, başqa sözlə 250 milyonu uşaq olmaqla 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkir. Dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Problem ərzaq çatışmazlığı ilə əlaqələndirilsə də, bir çox ekspertlər qeyd edirlər ki, problem ədalətsiz bölgüdə və israfçılıqdadır, çünki hazırkı ərzaq istehsalı təxminən 15 milyard insana yetəcək həddədir. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliyə atılan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar. BMT-nin alimlər qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi 50-60 milyard insanı yedirdə bilər.

Ərzaq təhlükəsizliyi dünyanın 1 nömrəli probleminə çevrilib

Müasir dövrdə ərzaq təhlükəsizliyinin və qida təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün çox strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, dünya yeni ərzaq böhranı dövrünə qədəm qoymaqdadır və bir sıra ölkələr bundan ciddi zərər çəkməkdədir, o zaman bu məsələnin nə qədər vacib olduğu göz qarşısına gəlir. Qida təhlükəsizliyi isə əhalinin sağlam və təbii qidalarla təminatını özündə ehtiva edir və bu, ən azı ərzaq təhükəsizliyi qədər vacib sahədir.

Hazırda qlobal ərzaq qıtlığı problemi ən çox aqrar sektorun “unudulduğu” ölkələri hədələməkdədir. Çox sevindirici haldır ki, Azərbaycan bu ölkələr sırasında deyil. Əksinə, ölkəmizdə aqrar sektor ən sürətlə inkişaf edən sahəyə çevrilib. Baxmayaraq ki, hələ də aqrar sahə istənilən inkişaf səviyyəsinə çatmayıb, bununla belə artıq aqrar sektorumuz ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlərə cavab verəcək həddədək inkişaf edib. Lakin ölkəmizin ərzaq istehsalı potensialı hazırkı həcmdən dəfələrlə çoxdur. 2-ci əsrin 2-ci yarısının göstəricilərinə baxmaq bunu görmək üçün kifayət edir.

Hazırda respublikamız həmin istehsal həcmlərindən dəfələrlə aşağı göstəricilərə malik olsa da, ərzaq istehsalı sektorumuz həmin həcmlərə qayıtmaq imkanını saxlayır. Üstəlik, indi daha innovativ texnologiyalar tətbiq etmək mümkündür ki, bu da o vaxtkından daha yüksək məhsuldarlıq əldə etməyə imkan verər.

Azərbaycanın ərzaq istehsalında böyük sıçrayış necə baş verdi?

Məlum olduğu kimi, Azərbaycan coğrafi yerləşməsi və torpaq-iqlim şəraitinə görə kənd təsərrüfatı üçün çox əlverişli bir ölkədir. XX əsrin birinci yarısında aqrar sektorda böyük inkişaf baş verdi. Müharibədən sonra isə, bu sahədə nəhəng proqramlar həyata keçirildi. Nəticədə, əkinçilik və heyvandarlıqda yüksək nailiyyətlər əldə olundu.

70-ci illərdən başlayaraq kənd təsərrüfatı elmi əsaslarla inkişaf etdi, böyük sənaye potensialı yaradıldı və Azərbaycan İttifaq respublikaları arasında öz mühüm yerini tutdu.

Azərbaycan SSR KP MK-nın avqust (1969-cu il) plenumu iqtisadi inkişafı artırmaq üçün təxirəsalınmaz təşkilati tədbirlər işləyib hazırladı və onları həyata keçirməyə başladı. Kənd təsərrüfatının inkişafina 1971-75-ci illərdə dövlət tərəfındən 1.4 milyarda yaxın vəsait ayrıldı.

Təsərrüfatların maddi-texniki bazası genişləndirildi, istehsal vasitələrilə təminat yaxşılaşdırıldı. Aqrar sahədə yaradılan elmi institutlar, savadlı və bacarıqlı kadrlar işə böyük töhfə verirdi.

Nəticədə, məhsulların xam və emal olunmuş şəkildə istehsalı və ixracı artdı. Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 1969-cu ildəki 1 milyard manat əvəzinə 1975-ci ildə 1,57 milyard manat (57% artım) oldu. 1969-cu ildəkinə nisbətən 1975-ci ildə kolxozçuların orta aylıq əməkhaqqı 47 faiz, sovxoz işçilərinin orta aylıq əməkhaqqı 38 faiz artdı.

Dövlətin kənd təsərrüfatına qayğısı və dəstəyi ilbəil artırıldığından ümumi məhsul istehsalı sürətlə artdı. 80-ci illərin əvvəlində məhsul istehsalı 70-ci ilin orta göstəricilərini 2,5 dəfə ötmüşdü. İstehsal həcmi taxılçılıqda 1,7, tərəvəzçilikdə 2,4, pambıqçılıqda 2,2, tütünçülükdə 2,7, çayçılıqda 3,2, meyvəçilikdə 3,8, üzümçülükdə 8 dəfə artmışdı.

1981-ci ildə rekord nəticələr əldə olundu. 1,15 milyon ton taxıl, 831 min ton pambıq, 1,7 milyon ton üzüm, 850 min ton tərəvəz, 96 min ton bostan bitkiləri, 26 min ton yaşıl çay yarpağı, 147 min ton mal-qara və quş əti, 836 min ton süd, 772 milyon ədəd yumurta və 11 min ton yun tədarük edilmişdi.

Qeyd etmək lazımdır ki, respublikanın bəzi rayonları istehsal göstəricilərinə görə SSRİ-nin ən iri və qabaqcıl rayonları sırasına daxil olmuşdu. Məsələn 1982-ci ildə Bərdə rayonu 125 min ton pambıq, Cəlilabad rayonu 250 min ton üzüm istehsalına görə İttifaqda 1-ci yerə çıxmışdı.

Tərəqqidən tənəzzülə, tənəzzüldən tərəqqiyə gedən yol

Sovet İtifaqının və sosialist iqtisadi sisteminin dağılmasından sonra, müstəqilliyin ilk illərində respublika iqtisadiyyatı, o cümlədən aqrar sektor demək olar ki, tamamilə sıradan çıxdı.

Respublikada iqtisadi bazanın olmasına baxmayaraq, naşı rəhbərlərin apardığı yanlış siyasət nəticəsində bütün sahələrdə olduğu kimi aqrar bölmədə də tənəzzül sürətlə gedirdi. Nəticədə, 90-cı illərin əvvəllərində respublikada kənd təsərrüfatı məhsullarının istehsalı aşağı düşdü- hətta bir çox əsas ərzaq məhsulları üzrə 2-3 dəfə.

Heydər Əliyevin 2-ci dəfə respublikaya rəhbərliyə başlamasından sonra isə ictimai-siyasi sabitlik əldə olundu və iqtisadiyyatın dirçəldilməsi üçün təcili tədbirlər görüldü. Tezliklə iqtisadi inkişafın strategiyası hazırlandı. 1994-cü ildən başlayaraq dövlət aqrar sektorun fundamental inkişafı üçün stimullaşdırıcı tədbirlər görməyə başladı. Özəlləşdirilmə prosesi həyata keçirildi, torpaqların kəndlilərə paylanmasına başlandı, azad sahibkarlığın inkişafına döstək verildi və s.

İqtisadiyyat, xüsusilə də aqrar sektor “kollaps”dan qısa müddətdə və məharətlə çıxarıldı. Buna baxmayaraq, 2000-ci ilədək ölkə iqtsadiyyatında, xüsusən də, aqrar sektorda çoxsaylı həll edilməmiş problemlər qalırdı.

XXI əsrdə isə sanki bir inkişaf sunamisi baş verdi. Aqrar sahənin inkişafı ilə bağlı respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1 milyon 373 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min mal-qara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar bölündü.

Ərzaq təhlükəsizliyi necə təmin edildi?

Prezident Heydər Əliyevin 22 mart 1999-cu il tarixli fərmanı ilə Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının satılması barədə qərar qəbul etdi. Milli Məclis isə, həmin fərmana əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olunmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.

Heydər Əliyevin 10 il ərazində həyata keçirdiyi aqrar islahatlar öz nəticəsini verdi. 90-ci illərdə əsas kənd təsərrüfatı məhsullarını xaricdən idxal edən Azərbaycan növbəti onillikdə artıq xaricə məhsul ixrac edirdi.

Beləliklə, 1993-2003-cü illərdə aparılan aqrar islahatlar nəticəsində böyük işlər görüldü və hazırki dinamik inkişafın əsası qoyuldu. Bu siyasətin nəticələri sonralar özünü daha aşkar şəkildə büruzə verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu iqtisadi siyasət davam etdirildi. Genişmiqyaslı investisiya proqramları, regionların və aqrar sektorun inkişafı ilə bağlı dövlət proqramları bu inkişafın sürətini xeyli artırdı. Hər il aqrar sektora böyük həcmdə investisiya yatırılır, bu sahədə çalışan fermerlərə və təsərrüfatlara yüz milyonlarla manat məbləğində dotasiyalar, həmçinin güzəştli, uzunmüddətli kreditləri verilir. Məhsul istehsalçılarına müxtəlif güzəştlər verilib, onlar bütün vergilərdən azad edilib.

Nəticələr isə ortadadır. Azərbaycan hazırda daxili istehsal hesabına özünü tərəvəzlə, ət və ət məhsulları, quş əti və yumurta üzrə 90-100%, meyvə və giləmeyvə ilə 80%, bitki yağları, kərə yağı, süd və süd məhsulları və taxılla 60-70% təmin edir.

Respublikamız 85 ölkəyə 30-dan çox adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edir. Bu məhsullar xarici bazarda keyfiyyət və qiymətinə görə çox böyük rəqabət qabiliyyətinə malikdir.

Əldə olunmuş bütün nailiyyətlərə baxmayaraq, ölkəmiz bir sıra ərzaq məhsullarını xaricdən idxal edir. Bu, əlbəttə, ərzaq təhlükəsizliyi cəhətdən ciddi problemdir.

Aqrar sektorda daha hansı işlər görülməlidir?

Aydındlır ki, idxal olunan məhsullar sahəsində ölkə daxilində ərzaq istehsalını genişləndirmək lazımdır, xüsusilə də texniki bitkilərdən daha çox ərzaq məhsulları əkinlərini. Lakin bu sahədə yeganə problem bu deyil.

Məlum olduğu kimi, bəzi qlobal qüvvələr transmilli şirkətlərin əli ilə GMO məhsulların, toxumların geniş miqyasda yayılmasına çalışırlar. Bu prosesdə yerli təbii toxumlar sıradan çıxır, yerinə reproduksiya verməyən toxumlar keçir. Bu halda əkinçilər əkdikləri məhsuldan toxum əldə edə bilmir, həmin toxum satıcılarından asıl olurlar. GMO məhsullar əhalinin sağlamlığı cəhətdən xeyli ciddi təhlükə olsa da, digər təhlükə ölkələrin ərzaq təhlükəsizliyinə son dərəcə ciddi təhdid yaratmasıdır. Yəni, ərzaq istehsalı hansısa qlobal qüvvənin əlində olur və istədikləri ölkəni çökdürmək üçün rıçaqlar əldə edirlər. Bu problemə diqqəti artırmaq lazımdır.

İlk növbədə, prezidentin sərəncamları ilə yaradılmış toxumçuluq təsərrüfatları genişləndirilməli, bütün yerli toxumlar çoxaldılmalı və təsərrüfatlara güzəştlə verilməli, GMO toxumlara qarşı mübarizə güclənməlidir. Düzdür, Azərbaycanda GMO məhsulların əkilməsi, istehsalı və idxalı çoxsaylı qanunlarla qadağan edilib, lakin bu qanunların icrasına nəzarəti son dərəcə gücləndirmək lazımdır. Dövlət ərzaq istehsalını planlaşdırmalı, tənzimləməlidir.

Azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə qoşulması böyük aqrar potensialı olan bu bölgədən böyük həcmdə ərzaq istehsalına imkan yaradacaq. Qarabağ bölgəsində həm heyvandarlıq, həm taxılçılıq, həm meyvə-tərəvəzçilik üçün çox böyük imkanlar var.

Ölkədə idxalı yüksək olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün stimullaşdırıcı addımlar çoxalmalıdır. Ərzaq buğdası əkinləri artırılmalıdır. Xüsusilə də, kiçik təsərrüfatlara güzəştlər artırılmalıdır.

Burada vacib məqamlardan biri də odur ki, kəndlilərə öz məhsullarını ölkə bazarlarına rahat çıxarması üçün şərait yaradılmalıdır. Öz məhsullarını gətirib şəhərlərdə səyyar satanlara maneələr götürülməlidir, təbii ki, küçələrdə meydanlarda yox, həyətlərdə. Hər şəhərdə bir və ya bir neçə daimi yarmarkalar təşkil olunmalı, orada öz məhsulunu gətirənlərdən heç bir haqq alınmamalıdır. Bununla həm ölkədə ucuzluq yaranacaq, həm də məhsulunu yaxşı sata bilmiş təsərrüfatçı istehsalı artırmağa çalışacaq. Nəticədə, ölkədə ÜDM artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, işsizlik azalacaq. Ən əsası, ərzaq təhlükəsizliyi və qida təhlükəsizliyi tam təmin olunacaq. Biz xarici GMO məhsullart əvəzinə əhalimizi öz təbii məhsullarımızla təmin edə biləcəyik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər