Dmitri Solonnikov: NATO-nu öz ərazisində yerləşdirən kimi Ermənistan KTMT-ni tərk edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında iştirakdan imtina etməsi fonunda Qərbin aparıcı məkanlarına səfərdə fəallığını artırmaqda davam edir. Belə ki, oktyabrın əvvəlində İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində Avropa Parlamentinin rəhbəri Roberta Metsola Ermənistan hökumətinin başçısını Avropa İttifaqının qanunverici orqanında çıxış etməyə dəvət edib. Dünən isə Paşinyan orada danışıb. Və bildirib ki, müttəfiqlər (Rusiyanı nəzərdə tutur) ölkədə hakimiyyət çevrilişi etməyə çalışıb, Azərbaycan Ermənistana “hücum” edəndə, Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” aparanda müttəfiqlərin heç bir köməyi olmayıb. Amma Paşinyanın qeyd etdiyi kimi, Ermənistan demokratik ölkədir və bu gün Aİ ilə təhlükəsizlik əlaqələrini gücləndirir və İrəvanın Qarabağ ermənilərinə ayırdığı böyük yardıma baxmayaraq, Avropa İttifaqından daha çox yardım gözləyir. Ümumiyyətlə, Ermənistan Avropa İttifaqı ilə inteqrasiyaya maksimum hazırdır.
Rusiyalı politoloq, Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına vəziyyəti təhlil edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Dmitri Vladimiroviç, İrəvanın anti-Rusiya hücumları artır... Dövlət çevrilişi təşkil etmək cəhdlərində ittihamlar - bu, artıq Amerikanın taktikasına bənzəyir...
- Burada yeni heç nə yoxdur. Ermənistanın siyasəti hara getməyi məqsəd qoyubsa, oraya da gedir. Hər kəs nə baş verdiyini mükəmməl başa düşür. Dövlət çevrilişlərinə gəlincə, Paşinyan onların necə təşkil olunduğunu çox gözəl bilir. O, ABŞ-ın təşkil etdiyi dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. Ona görə də o, bu məsələdə mütəxəssisdir. İndi hər dəfə ətrafına baxanda ona elə gəlir ki, əgər o, dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlibsə, o da hardansa xaricdən təşkil olunmuş oxşar aksiyalar nəticəsində devrilməlidir. Hər kəs özü ilə ölçür. Əgər o özü çevrilişin himayədarıdırsa, o zaman hamı haqqında eyni fikirdə olacaq.
Paşinyanın Ermənistanı qərbyönlü etmək və onu Avrasiya münasibətlər vektorundan çıxarıb Qərbin xarici siyasət dövrəsinə keçirmək üçün hakimiyyətə gətirilməsi heç kimə sirr deyil. Və bu gün Paşinyanın Avropa Parlamentində Aİ ilə maksimum inteqrasiyaya hazır olması ilə bağlı bəyanatları və Rusiyaya ünvanlanan getdikcə daha qəribə bəyanatlar bunun təsdiqidir.
Azərbaycana zərbələr də İrəvanın siyasətində ardıcıldır. Elə bu günlərdə Avropa Parlamenti Qarabağdakı “vəziyyət”ə görə növbəti dəfə dəfə anti-Azərbaycan qətnaməsi qəbul edərək Bakıya qarşı sanksiyaların tətbiqini tələb etdi. Qərb təbii ki, Cənubi Qafqaz trasında oynayır. Və əgər İrəvanın istifadə edildiyi anti-Rusiya gündəmini buraxsaq, burada da anti-Azərbaycan gündəmi görünür.
Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra açıq-aşkar qərbyönlü vektoru qəbul edə bilmədi, çünki Ermənistanda güclü rusiyapərəst əhval-ruhiyyə hökm sürürdü. Və ona bu beş il lazım idi ki, əhalinin fikrini anti-Rusiya mövqeyə çevirsin- sərt informasiya kampaniyası, xaricdə uydurulmuş dezinformasiya vasitəsilə. Qərbin hakimiyyətə gətirdiyi Ermənistanın baş naziri belə etdi- o, əvvəl Azərbaycanın mövqeyi, Rusiyanın mövqeyi ilə bağlı dezinformasiya yayırdı və sonra ona dedilər ki, məqam yetişib, o, hakimiyyətə gəlməlidir. Gətirildi, çünki Ermənistanı şərq konturlarından çıxarıb qərb konturlarına inteqrasiyasına başlamaq lazım idi.
Ermənistanda bütün bu qərbyönlü meyllər 2018-ci ildən etibarən tədricən artıb. Əgər Paşinyan dərhal desəydi ki, Rusiya onun üçün düşməndir, o, dərhal “gedərdi”.
Vaxt yetişəndə Paşinyan öz ritorikasını gücləndirdi. Sifariş tamamlanmalı idi...
Düşünməyin ki, Ermənistanın baş naziri sadəcə olaraq Rusiyadan situasiya olaraq “incidi” və qisas almaq və Qərblə mazaqlaşmaq qərarına gəldi- yox, belə bir şərh real deyil.
Dediyim kimi, Paşinyan Soros Fondunun, USAİD-in pulları ilə təşkil edilmiş çevriliş nəticəsində hakimiyyətə gəlib, yeri gəlmişkən, onun rəhbəri Samanta Pauer bu yaxınlarda dövlət katibinin köməkçisi ilə birlikdə respublikaya gəlib və Paşinyana Baydendən məktub gətirib. Baş nazirin komandası bu strukturların keçmiş fəallarıdır, çoxlu “Soros uşaqları” yetişdirmişlər, son nəticədə onlar respublikanın Rusiyadan ayrılması istiqamətində aktiv fəaliyyətlərə, postsovet məkanında dağıdıcı fəaliyyətlərə görə “döyüş qanadı” kimi regiona göndərilmişlər. Qərb onları öyrətdi, hazırladı. Soros Fondunun və ya USAİD-in ölkələrdə sabitliyi pozmaqdan və ölkələri Qərbə tabe etməkdən başqa bir iş gördüyünə kiminsə inamı varmı? Bunu süşünmək gülməli olardı.
- Ermənistanın baş naziri Aİ ilə maksimum inteqrasiyaya hazır olmasından danışır. Aİ hazırdırmı? Yoxsa Ukrayna, Moldova, Gürcüstandakı kimi olacaq- sizi qanadları altına alacaqlar, amma içəri buraxmayacaqlar?
- Təxminən. Ermənistanın bir ayağı hələ də rusiyayönlü strukturlardadır. Əgər o, onları- KTMT-ni, Aİİ-ni tərk edərsə və eyni zamanda Qərb strukturlarında ona hansısa şəkildə kömək edəcək bir status almazsa, bu, onun üçün tam çöküş olacaq.
Ermənistan Rusiya və digər müştərək strukturların dövlətləri ilə inteqrasiya əlaqələri saxlayır, ucuz elektrik enerjisi və ucuz qaz alır, Aİİ daxilində böyük satış bazarına malikdir və böyük investisiyalar alır.
Son vaxtlar inteqrasiyadan kimin daha çox faydalandığını təhlil etsək- təbii ki, bu Ermənistandır.
Əgər Paşinyan Qərbə gedərək bu münasibətləri pozarsa, Ukraynada olduğu kimi, onun da iqtisadi deqradasiyası başlayacaq, bir müddətdən sonra məlum olacaq ki, belə bir iqtisadiyyata xüsusi ehtiyac yoxdur.
Qərb artıq Ermənistanın “təhlükəsizliyini təmin etməyə” hazırdır. Hətta kiçik bir ölkənin bazarına silah tədarükü cəlbedicidir, Ermənistanın Rusiya silahlarından imtina etməsi və NATO formatına keçməsi, ordunun NATO qaydasında tamamilə yenidən silahlanması Qərb üçün də lazımdır.
Ermənistan artıq rəsmi şəkildə bəyan edib ki, Rusiya və KTMT-nin əvəzinə təhlükəsizlik üçün yeni tərəfdaşlar axtarır. Və o, bunun üçün Fransa və Aİ-ni “tapdı”. Paris respublikanı silahla təmin etmək niyyətindədir. Paşinyanın bugünkü bəyanatlarına görə, Aİ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq artıq davam edir- bu, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində “mülki” monitorinq missiyasıdır.
Əgər Ermənistan ətrafında gedən proseslərin uzunmüddətli perspektivindən danışsaq, aydındır ki, sabah respublika heç bir Qərb inteqrasiya birliyinə daxil ola bilməyəcək. Hələ 15-20 ildən sonra dünyanın necə olacağını görməliyik.
- Amma Paşinyan bu yaxınlarda bəyan etdi ki, Ermənistan KTMT-dən çıxmaq fikrində deyil və Rusiya bazası ilə bağlı hər şey əvvəlki razılaşmalar çərçivəsində qalır...
- Çünki birdən-birə özünü heç nəsiz qoymaq onun üçün qorxuludur. O, NATO ilə alyansın Ermənistan ərazisində olması ilə bağlı razılaşma əldə etdikdən iki saat sonra KTMT-ni tərk edəcək. Ermənistan, üzərində “müdafiə çətiri” olmadan mövcud ola bilməz.
- Eyni zamanda, Paşinyan bir daha bəyan edir ki, İrəvan ilin sonuna qədər Azərbaycanla sülh imzalaya bilər, delimitasiyaya hazırdır...
- Onun vəzifəsi Avropa İttifaqının, Fransanın və ABŞ-ın himayəsi altında Rusiyasız danışıqlar aparmaqdır. Onun vəzifəsi onları Cənubi Qafqazdakı məsələlərin həlli üçün əsas moderator etmək, mümkün qədər uzun müddətlik bura gətirmək, Rusiyanı buradan sıxışdıraraq regionda Qərbin daimi mövcudluğunu təmin etməkdir. O, Azərbaycanla, Rusiyasız, Qərb vasitəsilə sülh müqaviləsi imzalamağa hazırdır. Digər sual isə budur: Azərbaycan buna razı olacaqmı?
- Bişkekdə keçirilən MDB sammitində Əliyevlə Putinin görüşü, Paşinyanın iştirak etməməsi və ondan sonra Azərbaycan prezidentinin Xankəndindəki çıxışı bir çoxlarına 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya və Azərbaycan arasında baş verən prosesləri xatırlatdı. Liderlər efirdə tarixi üçtərəfli bəyanat imzaladılar. Onda Paşinyan da yox idi...
- Paşinyan özü şüurlu və bilərəkdən MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçiriləcək iclasına getməkdən imtina etdi. Baxmayaraq ki, əslində onun gəlməsinə heç nə mane olmurdu. Bir növ “çətin vəziyyət”, Qarabağ erməniləri ətrafında vəziyyətə istinadlar bəhanədir. Qarabağ erməniləri ətrafındakı “vəziyyət” onun Qərb paytaxtlarına davamlı səyahətinə mane olmur. Bu onun seçimidir.
O, postsovet məkanında kommunikasiya, Avrasiya inteqrasiyası ilə maraqlanmır, Qərb dünyasına inteqrasiyada maraqlıdır.
İnanıram ki, Əliyev nəzakət baxımından Xankəndidə Putinlə görüşmək niyyətini ifadə edib. Baxmayaraq ki, Azərbaycan müstəqil ölkədir və öz ərazisində tədbirlərin keçirilməsinə razılıq verməyə borclu deyil. Amma Putinlə Əliyevin əla münasibətləri var, biz müttəfiqik, ona görə də düşünürəm ki, Azərbaycan lideri öz planlarını açıqlayıb. Və bəli, 2020-ci ildə vəziyyət təkrarlanır deyəsən...
Obyektiv olaraq, bütün Cənubi Qafqazda sağlam təmaslar, sağlam inteqrasiya, Ermənistanla konstruktiv qarşılıqlı fəaliyyət, Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycan üçün yaxşı olardı. Moskva və Bakı bu gün Moskva və İrəvandan daha konstruktiv qarşılıqlı faydalı tərəfdaşlardır. Eyni zamanda, Rusiya Ermənistanın ayrılmasının qarşısını almağa çalışır.
Mənə elə gəlir ki, bu mühüm məqamdır: Qərb həmişə müxtəlif beynəlxalq münaqişələri dalana dirəməyə çalışır. Problem qapanmalıdır, amma Qərb problemi sonsuz olaraq davam etdirməyə çalışır. Mark Zaxarovun Şvartsın əsəri əsasında çəkdiyi “Adi möcüzə” adlı gözəl filmi var, orada baş qəhrəman bu ifadəni deyir: “Hər bir hekayənin sonu olmalıdır- axmaqcasına, faciəli və qəhrəmancasına”. Söhbət bundan gedir: istənilən ziddiyyət sona çatmalıdır, əbədi qalmamalıdır, ona bir formada son qoyulmalıdır. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, münaqişədə son nöqtənin qoyulması çox vacibdir, İlham Əliyev Xankəndində bunun necə ola biləcəyini göstərdi. Bu vacibdir. Bu, müasir dünya tarixində unikal hadisədir. Rusiya isə Azərbaycanı dəstəklədi.
Qərb bu gün özünü Ermənistan-Azərbaycan probleminin bir tərəfində- Ermənistanla yanaşı yerləşdirməyə çalışır, digər tərəfdə isə Azərbaycan və Rusiya qalır. Qərb öz sevimli taktikasından istifadə etməkdə davam edir- kim bizimlə deyilsə, bizə qarşıdır. Putin MDB sammitində yenə bəyan etdi ki, Qərb Rusiyanı dostlarına, müttəfiqlərinə və tərəfdaşlarına qarşı qoymağa çalışır. Bizim gördüyümüz budur.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb