Bu gün, oktyabrın 23-də Tehranda regional “3+3” formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində xarici işlər orqanları rəhbərlərinin görüşü keçirilir. Lakin bir gün əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi ölkə nümayəndələrinin İran paytaxtına gəlməyəcəyi ilə bağlı bəyanat yayıb. Xatırladaq ki, “3+3” formatında ötən il Moskvada təşkil olunan ilk görüş də Gürcüstanın iştirakı olmadan baş tutub.
“3+3” formatında əməkdaşlıq bir çox sahələrdə sıx əlaqələrə əsaslanan regional sistemin yaradılmasını nəzərdə tutur. Lakin bu ideya hələ də təbliğ olunmayıb. Baxmayaraq ki, çoxları optimizm üçün səbəbin olduğuna inanır.
Maraqlıdır, belə bir əməkdaşlıq platforması bütün iştirakçılar arasında dinc münasibətlərin yaradılması və regionun inkişafı üçün nə dərəcədə real perspektivlidir? Region dövlətlərinin tanınmış ekspertləri bu məsələlərlə bağlı fikirlərini Caliber.Az-la bölüşüblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.
Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravandi-Fədai hesab edir ki, hazırda “3+3” formatında əməkdaşlıqda nikbinlik və regional dirçəliş üçün əsas var.

“Bildiyiniz kimi, sentyabr ayında Azərbaycan beynəlxalq hüquq çərçivəsində ölkənin bütün ərazisi üzərində öz suverenliyini bərpa etdi, buna görə də Qafqazda ən mühüm mübahisəli ərazi məsələlərindən biri həll olundu. Bundan əlavə, son illər Rusiya-Türkiyə və Türkiyə-İran münasibətləri xeyli yaxşılaşıb və son həftələr İran-Azərbaycan münasibətlərində də gərginliyin azalması müşahidə olunur. Ağır məğlubiyyətə uğrayan Ermənistan daha barışdırıcı mövqe tutdu və qonşuları ilə əməkdaşlığa hazır oldu”, - deyə Rəvandi-Fədai qeyd edib.
Gürcüstanın mövqeyinə gəlincə, birincisi, hakim “Gürcü Arzusu” partiyasının Rusiyaya münasibəti qərbyönlü prezident Salome Zurabişvilidən daha yaxşıdır. O, bu yaxınlarda Konstitusiya Məhkəməsi tərəfindən hökumətin icazəsi ilə Qərbə səfərləri ilə bağlı qanun pozuntularında ittiham olunur.
Şərqşünas bildirib ki, ölkədə prezidentin mövqeyi zəifləyir. “Ona görə də nəzəri cəhətdən Gürcüstanın bu formatla bağlı mövqeyini yumşaltmaq olar. İkincisi, 2021-ci il dekabrın 10-da Moskvada keçirilən “3+3” formatının ilk görüşü də Gürcüstan nümayəndəsinin iştirakı olmadan baş tutub. Ona görə də Gürcüstanın boykot edəcəyi halda belə, qalan iştirakçılar razılaşarsa, bu formatda növbəti görüşlər yenə də uğurla keçiriləcək, məncə, indiki şəraitdə buna tam ümid etmək olar.
Qeyd edək ki, Cənubi Qafqaz dövlətləri arasında formatın həyata keçirilməsində ən çox Azərbaycan maraqlıdır. O, sonradan Avropaya çıxış yollarından biri kimi Türkiyəyə avtomobil və dəmir yolunun çəkilməsində, eləcə də digər infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır.
Bu layihələr həm də region ölkələri arasında infrastruktur, ticarət və iqtisadi baxımdan qarşılıqlı əlaqələrin sürətlə artmasına töhfə verəcək. Bu marşrutların bir çoxu Ermənistan ərazisindən keçəcəyi üçün bu ölkə həm də mal və xidmətlərin tranzitindən böyük iqtisadi səmərə alacaq”,- alim əmindir.
Öz növbəsində, politoloq, Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Aphaidze “3+3” formatını Gürcüstan və regionun digər ölkələri üçün vacib hesab edir.

“Çünki bu, çoxlu iqtisadi imkanlar verə bilər. Gürcüstan belə formatdan çox böyük maliyyə dividentləri ala bilər, çünki burada bir çox aspektlər enerji resursları ilə bağlı olacaq. Gürcüstanın özünün neft və qaz məhsulları olmadığı üçün bu cür əməkdaşlıq yolu ilə onları yaxşı qiymətə əldə edə biləcək.
Üstəlik, Gürcüstan tranzit ölkədir və “3+3” layihələri çərçivəsində yeni dəmir yolu daşımaları, quru və hava yolları inkişaf etdirilə bilər.
Digər iqtisadi faydalar Gürcüstanın İran, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistanla ticarət-iqtisadi layihələrdə iştirak etməsi ilə ortaya çıxacaq. Yəni, bu, region üçün çox vacib formatdır”, - deyə mərkəzin direktoru əmindir.
Düzdür, o, qondarma Cənubi Osetiya və Abxaziya ilə bağlı problemlərin siyasi aspektdən bir qədər mane olduğunu xatırladıb.
“Şəxsən mənim mövqeyim (bir çox ağıllı ekspertlərin mövqeyi kimi) ondan ibarətdir ki, infrastrukturun açılması, yeni marşrutlar, o cümlədən Cənubi Osetiya və Abxaziya ərazilərindən keçməklə bizə yaxınlaşma, münasibətlərin bərpası, münaqişələrin həlli baxımından kömək edəcək. Yəni, biz mane olmamalıyıq, əksinə, bu cür təşəbbüsləri yarı yolda qarşılamalıyıq, çünki onların iqtisadi, mədəni və humanitar komponentləri sayəsində ərazilərimizi reinteqrasiya etmək mümkündür”,- Aphaidze deyir.
Ermənistana gəlincə, həmsöhbətimiz hesab edir ki, prinsipcə, Qarabağla bağlı 30 il davam edən qarşıdurmanın kəskin mərhələsi başa çatdıqdan sonra, xüsusən də evlərinə bu sakitliklə geri qayıtmaq istəyən Qarabağ ermənilərindən sonra tədricən format işinə qoşulacaq. İrəvan və Bakı isə sərhədlərin qarşılıqlı toxunulmazlığına zəmanət verən sülh müqaviləsi imzalayacaqlar.
“Onda Zəngəzur dəhlizinin Ermənistan ərazisindən açılması məsələsi artıq həll oluna bilər. Hesab edirəm ki, bu, sırf iqtisadi, logistika və infrastruktur layihəsidir.
Yəni “3+3” iqtisadi layihələrin həyata keçirilməsinə mane olan siyasi aspektləri və məhdudiyyətləri aradan qaldıra biləcək formatdır. Rusiya, İran və Türkiyə kimi böyük dövlətlər isə artıq üç Cənubi Qafqaz dövləti ilə daha fəal əməkdaşlıq edəcəklər. Bu yaxşıdır”, - deyə politoloq yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb