MİA

  • 3 470

Həyata bir addım geridən başlayanlar - ARAŞDIRMA

image

Sağlam həyatın təməli sağlam hamiləlikdən, sonra vaxtında və sağlam doğuşla başlayır. Halbuki dünyada və ölkəmizdə bir çox körpələr vaxtından əvvəl, hamiləlik prosesi başa çatmamış, gözlənilən vaxtdan əvvəl doğulur. Normal hamiləliyin müddəti 40 həftədir. Körpə 37 həftədən əvvəl doğulubsa, bu, vaxtından əvvəl doğulmuş körpə sayılır. Doğuş nə qədər tez olarsa, sağlamlıq riskləri bir o qədər çox olar. Ən yüksək risk 28 həftədən əvvəl doğulmuş körpələrdə, orta risk isə 28-31 həftə arasında doğulmuş doğulmuş körpələrdə baş verir. Ən aşağı risk 32-36 həftə arasında doğulmuş doğulmuş körpələrdədir.

Ümumilikdə, hamiləliyin otuz yeddinci həftəsini tamamlamadan doğulan körpələrə vaxtından əvvəl doğulmuş körpələr deyilir. Dünyada təxminən hər on körpədən biri vaxtından əvvəl doğulur. Bu körpələr ana bətnində böyümə və inkişafını tamamlamadan dünyaya gəldiyi üçün tənəffüs sistemi, ürək-damar sistemi, bağırsaq və sinir sistemi ilə bağlı problemlərlə üzləşirlər. Erkən doğulan körpələrin immun sistemi tam inkişaf etmədiyi üçün mikroblara qarşı müqaviməti aşağı olur. Buna görə də onların baxımı böyük məsuliyyət tələb edir.

Daha az təmas, daha çox diqqət

Xüsusilə 32 həftədən əvvəl doğulmuş və çəkisi 1500 qramdan az olan körpələrin baxımında daha yaxşı təchiz olunmuş neonatal reanimasiya şöbələrinə, neonatal mütəxəssis həkimlərə və təcrübəli tibb bacılarına və səhiyyə işçilərinə ehtiyac var. Məqsəd təkcə bu körpələrin sağ qalması deyil, həm də gələcəkdə sağlam, yüksək həyat keyfiyyətinə malik fərdlərə çevrilməsidir. Bu isə erkən doğulan körpələrə göstərilən tibbi xidmətin keyfiyyəti ilə sıx bağlıdır.

Vaxtından əvvəl körpəyə qulluq prosesində ən keyfiyyətli qayğı, körpəyə daha az toxunmaq və daha çox müşahidə etməkdir. Neonatal reanimasiya prosesində vaxtından əvvəl doğulan körpəyə qulluqda ailələrin fəal iştirakının təmin edilməsi mühüm keyfiyyət meyarı hesab edilir. Körpə ana bətnində olduğu kimi erkən doğuşla dünyaya gəldikdən sonra ana və atasının təmasını, enerjisini hiss etməlidir.

Vaxtından əvvəl doğulan körpələrlə bağlı problemlərə diqqət çəkmək və maarifləndirməni davam etdirmək məqsədilə hər il noyabrın 17-si “Ümumdünya vaxtından əvvəl doğulan uşaqlar günü” kimi qeyd olunur. Bənövşəyi rəng ilə simvolizə edilən bu günə dair insanları maarifləndirmək üçün müxtəlif tədbirlər təşkil edilir və sosial maarifləndirmə işləri aparılır.

​Körpələr niyə erkən doğulur?

Erkən doğulmanın səbəbləri araşdırıldığında bunların əhəmiyyətli bir hissəsinin yüksək riskli hamiləliklərdən qaynaqlandığı müşahidə edilir. Bundan əlavə, zəif və ya düzgün olmayan qidalanma, erkən yaşda hamiləlik, aramsız doğuşlar, hamiləliyə lazımi qayğı və diqqət göstərilməməsi, ekoloji faktorlar, stress və narahat həyat tərzi kimi səbəblərdən də vaxtından əvvəl körpə dünyaya gətirmə riski artır.

Prenatal baxımın keyfiyyəti və kəmiyyəti böyük əhəmiyyət kəsb edir. Riskli hamiləliklərin düzgün təqibi, fövqəladə hallarda lazımi müdaxilələr, yeni doğulmuş dövrdən başlayaraq körpələrin inkişafının yaxından izlənilməsi bir çox ana və körpənin həyatını xilas edir. Vaxtından əvvəl doğulanlara peşəkar qulluğu yaxşılaşdırmaq üçün təlim keçmiş tibbi personalı artırmaq və neonatal reanimasiya şöbələrini gücləndirmək şərtdir.

Vaxtından əvvəl doğuş ara verilməyən hamiləliklərdə də baş verir. Körpələrin sayı artdıqca hamiləlik müddəti qısalır. Əkiz döllərdə hamiləlik müddəti 35 həftə olanda doğum normadan 2 dəfə, 33 həftəlikdə 3 dəfə, 29 həftəlikdə isə normaldan 4 dəfə çox olur. Vaxtından əvvəl doğuşun bir səbəbi də doğum kanalının genişlənməsidir.

Hər il 15 milyon!

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, ölkələrdə vaxtından əvvəl doğuş nisbətləri 5-18% arasında dəyişir. ÜST məlumatlarına görə, dünyada hər il 15 milyon körpə vaxtından əvvəl doğulur və bu doğuşlardan 1 milyondan çox körpə bir yaşına çatmadan ölür. Prenatal doğulan körpələr, orqan və toxumaları yetərincə inkişaf etməmiş doğulduğu üçün normal vaxtında doğulan körpələrə nisbətən öyrənmə və davranış pozğunluqları, serebral iflic, qavrama qüsurları, infeksiyalar və xroniki xəstəliklər baxımından daha yüksək risklərə məruz qalırlar.

Hamiləliyi planlaşdırdığınız zaman və bütün hamiləliyiniz boyu ailə həkiminiz və ya mama-ginekoloqunuzda mütəmadi olaraq müayinədən keçin. Həkiminizə sağlamlıq tarixçəniz haqqında dəqiq və tam məlumat verin. Hamiləliyi planlaşdırarkən və ya hamilə olduğunuzu anladıqdan sonra sağlam qidalanmağa çalışın, stress və həyacandan uzaq olun. Sizin üçün təyin olunmamış heç bir dərmandan istifadə etməyin. Sizin və körpənizin sağlamlığını qorumaq üçün qəbul etdiyiniz bütün dərmanlar barədə həkiminizlə danışın.

Zorakı doğmayın, doğuzdurmayın!

Hamiləliyiniz boyu lazımi miqdarda kökəlin, qidalanma zamanı kökəlməmək üçün pəhriz etməyin, sağlam hamiləlikdə normal çəki artımı vacibdir. Amma bu, o demək deyil ki, piylənmə səviyyəsində kökəlin. Adekvat və balanslı qidalanmaya diqqət yetirin. Ağır işlərdən və ağır yüklərdən çəkinin. Uzun müddət oturmayın və yaxud uzun müddət ayaqüstə qalmayın. Həyatınızdakı stressi mümkün qədər azaldın. Fiziki aktivlik, adekvat və balanslı qidalanma, nəfəs alma texnikası kimi üsullar stresslə mübarizənizdə faydalı olacaq.

Vaxtından əvvəl doğuş riskiniz varsa, əvvəllər belə hamiləlik yaşamısınızsa və yenidən hamilə qalmağı planlaşdırırsınızsa, mütləq həkimlə məsləhətləşdikdən sonra hamilə qalın. Gələcək anada bəzi xroniki xəstəliklər düzgün müalicə edilmədikdə vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlikdən əvvəl və hamiləlik dövründə bu xəstəliklər üçün mütəmadi olaraq müayinədən keçin və müalicələrinizi doğru edin.

Hər hansı bir səbəbdən doğuşunuzu tezləşdirməyin. Bəzən “zerkalni” doğum tarixi sevdası valideynləri vaxtından əvvəl doğuşa meylləndirir, keysəriyyə yolu ilə körpəni erkən doğulmağa məcbur edirlər. Təəssüf ki, buna alət olan həkimlər də az deyil, klinikalar isə prenatal körpələrin baxımı üçün külli miqdarda qazanc əldə etdiyi üçün həkimlərə belə bir imkan yaradır.

Vaxtından əvvəl doğulmuş körpələr normal inkişaf prosesi keçərsə məhsuldar və sağlam həyat sürmək qabiliyyətinə malikdirlər, lakin öz başlarına bu qabiliyyəti aktivləşdirmək imkanları yoxdur. Bu prosesdə ailələrin, səhiyyə işçilərinin üzərinə böyük məsuliyyət düşür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər