5 dekabr Ümumdünya Torpaq Günü, insan həyatı üçün çox qiymətli və əvəzolunmaz olan torpağın günüdür. Torpağın insan sağlamlığı və təbii həyatın davamı üçün əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə 2002-ci ildə Beynəlxalq Torpaq Elmləri İttifaqı tərəfindən və 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının 68-ci Baş Assambleyasında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tələbi ilə dekabrın 5-i rəsmi olaraq Ümumdünya Torpaq Günü kimi qəbul edildi.
70 il əvvəl torpaq daha bərəkətli idi
Təxminən üçdəbiri su, üçdəbiri minerallar və digər üzvi maddələrdən ibarət olan torpaq qida istehsalının əvəzedilməz təminatçılarından biridir. Buna görə də, davamlı qida təhlükəsizliyi və qidalanma problemləri olmasın deyə, həmçinin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün sağlam torpaqlara ehtiyac var. Amma qeyri-düzgün istifadəsi torpaqda qida zəncirini pozur. Bu zəncir yaxşı idarə olunmazsa, məhsuldarlıq tədricən yox olur və ya qida dəyəri aşağı olan məhsullar istehsal olunur. Torpağın qida maddələrini itirməsi, qidalanmanı təhlükə altına salan ciddi torpaq deqradasiyası prosesidir. Bu vəziyyət bütün dünyada ərzaq təhlükəsizliyi və davamlılığı üçün ən kritik təhlükələrdən biri hesab olunur. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, son 70 ildə qidada vitamin və qida maddələrinin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Torpaqdan qeyri-sabit istifadə, qeyri-adekvat kənd təsərrüfatı fəaliyyətləri və torpağın üzvi maddələrinə zərər vuran nataraz məhsul yığımı və taxıl küləşinin yandırılması kimi bəzi düşüncəsiz hərəkətlər torpaqda biomüxtəlifliyin itirilməsi deməkdir və bu böyük təhlükə yaradır. Gündən-günə eroziya, səhralaşma, torpağın çirklənməsi, şoranlaşması, torpaqda üzvi maddələrin və mikroorqanizmlərin azalması kimi səbəblər torpaqların keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bundan əlavə, həddindən artıq və şüursuz suvarma, lazımi miqdarda istifadə olunmayan pestisidlər, ağır və davamlı şumlama və həddindən artıq heyvan otarmaq kimi əkinçilik üsulları da torpaqlarımıza zərər verir. Bu səbəblə, torpaq ekosisteminə uyğun təcrübələri təşviq etmək, torpağın quruluşuna zərər verəcək və məhsuldarlığını azaldacaq hər hansı müdaxilələrin, məqsədsiz istifadələrin qarşısını almaq mütləqdir.
Qida, torpaqdan başlayır
Torpaqların deqradasiyası ilə yanaşı, kənd təsərrüfatına yararlı torpaqlarımız da getdikcə azalır. Bunun da səbəbləri aydındır. Səbəblər arasında əhalinin artımı, kənd yerlərindən şəhərlərə miqrasiya, kənd təsərrüfatı torpaqlarından keçən və torpaqları bölən magistral və dəmir yolları, onların ətrafında yaradılmış sənaye, turizm, faydalı qazıntılar axtarışı və çıxarılması kimi səbəblər kənd təsərrüfatı sahələrini yararsız hala salır. Doğrudur, ölkənin sənayesi, mədən sənayesi də inkişaf etməlidir, alkin bir sahədə inkişaf iqtisadiyyatın başqa sahəsinə zərər verməməlidir.
Pandemiya, qlobal böhranlar, su qıtlığı kənd təsərrüfatına yararlı torpaqlarımızdan daha yaxşı istifadə etməyin vacibliyini bir daha ortaya qoydu ki, bu da qida ehtiyaclarımızı ödəməyə imkan verir. 2022-ci il Ümumdünya Torpaq Günü şüarında, qidanın torpaqdan başladığının vurğulanması da insanları qida təhlükəsi barədə xəbərdar edir. Əgər hazırkı sürətlə kənd təsərrüfatına yararlı torpaqları itirməyə davam etsək, istehsalda kifayət qədər nailiyyət əldə edə bilməsək, ərzaq böhranı qaçılmaz olacaq. Bundan əlavə, kənd təsərrüfatı torpaqlarımız kiçik, pərakəndə, dağınıq olduğundan və suvarma qurğuları hələ də lazımi səviyyədə olmadığından səmərəli istifadəni təmin etmək də mümkün deyil.
Kəndləri betonlaşdırmamalı!
Magistral yolların layihələndirilməsi və şəhərlərin inkişafı, böyüdülməsi zamanı məhsuldar kənd təsərrüfatı torpaqlarını betonlaşdırmaq yerinə daha az münbit və kənd təsərrüfatına yararsız olan ərazilərdən istifadə edilməsinə diqqət yetirilməlidir. Suvarma üçün yararlı olan birinci dərəcəli kənd təsərrüfatı torpaqlarının inkişaf etməsi üçün, bu torpaqlarda sənaye obyektləri, şəhərlər salmamalıyıq. Bərəkətli kənd təsərrüfatı torpaqlarını turizm obyektləri və nəqliyyat üçün istifadə etməməliyik.
Əgər biz münbit torpaqlarımızı itirməyə davam etsək, ərzaq istehsalına və təhlükəsizliyinə ciddi ziyan dəyəcək, ərzaq qiymətləri artacaq və milyonlarla insan potensial olaraq aclıq və yoxsulluğa sürüklənəcək. Əkinçilik sahələrinin yararsız hala düşməsinin və getdikcə həcminin azalmasının qarşısının alınması, torpaq və təbiət sevgisi ilə böyümüş nəsillərin sayəsində mümkün ola bilər. Necə deyərlər, zər qədrini zərgər bilər. Əgər torpqaların belə yararsız hala salınması prosesi davam etsə gələcək nəsillər üçün torpağın bir əhəmiyyəti, müqəddəsliyi qalmayacaq. İbtidai siniflərdə torpağa məhəbbət, təbiəti qoruma anlayışı təhsil proqramına daxil edilməli, övladlarımıza aşılanmalıdır ki, torpağı sevmək, həyatı, ətrafı, bütün canlıları qorumaq deməkdir.
Nə etməli?
Kənd təsərrüfatında qabaqcıl texnologiyalardan istifadə edilməklə iş yükünün azaldılması, fermerlərin əkinçilik ərazilərini tərk etməməsi, yüksək məhsuldarlığa malik ölkələrlə rəqabətə girə bilmək üçün hər cür səy göstərilməlidir. Fermerlərə kənd təsərrüfatını dirçəltmək üçün maksimum imkan yaradılmalı, problemləri həll edilməli, dövlət dəstəyi göstərilməlidir. Kənd təsərrüfatı siyasəti, kənd təsərrüfatı torpaqlarını qorumaq, kəndliləri öz torpaqlarında və kəndlərində saxlamaq, fermerə ailəsini dolandıracaq, həmçinin ölkə iqtisadiyyatına xeyir verəcək qədər gəlir təmin etmək üzərində qurulmalıdır.
Torpaq tarixən insanlar üçün dəyərli, qiymətli olub. Qiymətli olduğunu, onu anamız adlandırmaqla da ifadə edirik. Lakin biz anamız olan torpaqdan sui-istifadə edir, əcdadlarımızın bizə əmanət etdiyi sərvətin dəyərini bilmir, övladlarımıza miras qoyacağımız torpağı vəhşicəsinə istismar edirik. Əhalinin artması, sənayeləşmə, nəqliyyat və urbanizasiya ilə əlaqədar olaraq torpaq və su ehtiyatları hər il azalır. Torpağın deqradasiyası, qeyri-düzgün istifadəsi və ya hər hansı başqa səbəbdən itiriləcək bir qarış belə torpağımız yoxdur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb