PDF Oxu

MİA

  • 6 818

2024-cü ilin dövlət büdcəsi nə vəd edir? - ANALİZ

image

Gələn ilin büdcəsində bir sıra istiqamətlər üzrə xərclər kəskin artırılıb

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milli Məclisdə Azərbaycan Respublikasının 2024-cü il üçün dövlət büdcəsi təsdiq olunub.

2024-cü ilin dövlət büdcəsinin gəliri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, müvafiq olaraq icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat məbləğində qəbul edilib.

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır və bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur. İşsizlikdən Sığorta Fondunun 2024-cü ildə gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur və bu da cari ildəkindən 20,3 milyon manat yaxud 9,3 faiz çoxdur.

2024-cü il üçün yaşayış minimumunu ölkə üzrə 246 manatdan 270 manatadək artırılılıb.

Əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25% idisə, 2024-cü ildə 31%-ə yüksəlib və xərclərin həcmi 2 dəfədən çox artıb.

2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat çoxdur.

2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75%-i keçib. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artıb.

Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-də payı 2,2 faiz proqnozlaşdırılır.

Bütövlükdə isə 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, icmal büdcənin xərcləri 42 milyard 376 milyon manat proqnozlaşdırılır.

İqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9%, həmçinin qeyri-neft sektoru üzrə 4,8% nəzərdə tutulub.

2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4% olub.

2024-cü ilin dövlət büdcəsi xərclərinin 43%-i, büdcənin cari xərclərinin isə 70 faizi sosialyönlü xərclərdir (15,8 mlrd. manat). 2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artıb. Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.

Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir.

Qarabağ iqtisadi rayonunun əraziləri- Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.

Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur.

Növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur.

2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.

Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı da tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir.

Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaqdır.

Gələn ilin dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 890,4 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına isə 249 milyon manat vəsait nəzərdə tutulub.

Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir.

2024-cü ilin makroiqtisadi çərçivəsi də ölkə iqtisadiyyatının real artımı, məqbul inflyasiya səviyyəsi və profisitli tədiyə balansı ilə proqnozlaşdırılır. Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.

Gələn ilin dövlət büdcəsini nəzərdən keçirdikdə aydın görünür ki, dövlətimiz üçün prioritet xərc ixtiqamətləri hansılardır və gələn il hansı sahələrdə ciddi dəyişiklik olacaqdır. Qeyd etmək lazımdır ki, büdcədə sosial xərclərin, müdafiə və təhlükəsizlik xərclərinin, həmçinin Qarabağın yenidənqurulması üzrə xərclərin ciddi məbləğdə artırılması təbiidir. Bununla yanaşı bir sıra digər sahələrdə də xərclər artırılıb.

İqtisadi investisiyalar və infraskturtur yenilənmələri strateji inkişaf proqramına uyğun şəkildə formalaşdırılır. Həmçinin, qlobal iqtisadi və ticari layihələrin həyata keçirilməsi də çox vacibdir. Bunun üçün də ölkədə yeni dəmiryolu və avtomobil yolları çəkilir.

Regionların inkişafıni gücləndirəcək xərcləmələr müxtəlif sahələr üzrə artırılıb. Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da dövlət büdcəsinin gəlirlərindəki payı kəskin artracaq.

Ümumiyyətlə, dünyada iqtisadi böhranların səngimədiyi, müxtəlif ölkələrdə çox ciddi iqtisadi, sosial problemlərin, hiperinflyasiyanın yarandığı bir şəraitdə Azərbaycanın iqtisadin inkişafı, ümumdaxili məhsulu və dövlət büdcəsi müsbət yöndə artan tepm nümayiş etdirir. Bu özünü artıq parlament tərəfindən qəbul edilmiş 2024-cü ilin dövlət büdcəsi layihəsində də göstərir. Şübhə yoxdur ki, gələn il büdcədə gəlirlər nəzərdə tutulandan xeyli çox olacaq, paralel olaraq əlavə gəlirlərin sosial sahələrə yönəldilməsi mümkün olacaq.

İndiyədək həyata keçirilmiş iqtisadi proqramlar artıq neftdən asılılığı xeyli azaldıb və qeyri-neft sektorunun iqtisadiyyatımızdakı çəkisini ciddi şəkildə yüksəldib. Bu nəticə özünü dövlət büdcəsinin gəlirlərində də aydın göstərir. İndiyədək iqtisadiyyatımıza qoyulmuş investisiyalar artıq bəhrə verməyə başlayıb və bu da özünü ümumdaxili məhsulun tərkibində və büdcədə ifadə edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də kəskin artaraq 55 milyard dollardan 68 milyard dollara çatıb ki, bu da ölkəmizin maliyyə yastığı olduğuna dair aydın faktdır.

Yekun olaraq qeyd etmək istəyirik ki, Azərbaycanın makroiqtisadi göstəricilərinin sürətlə artması beynəlxalq maliyyət təşkilatları tərəfindən də etiraf olunur və ölkəmizin iqtisadi reytinqi də hər il artır. Bütün bunlar isə həm dövlətimizin beynəlxalq nüfuzunu gücləndirir, həm də ölkəmizdə sosial-iqtisadi inkişafın sürətlənməsinə zəmin yaradır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər