PDF Oxu

MİA

  • 6 566

Sosial siyasət: ümumi rifah naminə

image

Azərbaycanda sosial təminat sistemi, səmərəli əmək bazarının inkişafına təkan verməklə əhalinin iqtisadi problemlərinin azaldılmasına yönəlmiş proqramlardan ibarətdir. Sosial sığorta sisteminə pensiyalar, işsizlik müavinətləri, tibbi sığorta və digər sosial müavinətlər daxildir.

Orta pensiya artır

2023-cü il yanvarın 1-dən minimum əmək pensiyası 280 manat müəyyən edilib. Minimum aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdır. Azərbaycanda pensiyalar yaşa, əlilliyə, ailə başçısını itirməyə görə təyin edilir. Yaşa görə pensiya, maliyyələşdirilən və sığortalanan hissədən ibarətdir. Yaşlılıq pensiyasının təyin edilməsi şərtləri də cinsə görə dəyişir, kişilər 65 yaşına çatdıqda, qadınlar isə 62,5 yaşa çatdıqda yaşa görə pensiyaya çıxa bilirlər.

Eyni zamanda, fərdi hesabda əmək stajından asılı olmayaraq, yaşayış üçün kifayət qədər minimum əmək pensiyasından az olmayan məbləğ olduqda yaşa görə pensiya təyin edilir. Yaşayış üçün məbləğ kifayət deyilsə, pensiyanın sığorta hissəsinə töhfənin minimum müddəti 25 il olmalıdır. Həmçinin, pensiyaya çıxdıqdan sonra işləməyə davam etdikdə, hər 6 ildən bir pensiyanın məbləğinə sosial sığorta haqlarının 72-yə bölünməsinin nəticəsinə bərabər məbləğ əlavə edilir.

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşları ilə bərabər əsasda pensiya almaq hüququ var. Azərbaycan vətəndaşları xaricdə işləyərsə, Azərbaycanla müvafiq dövlətlər arasında müqavilə olduqda, pensiya təyin edilərkən bu iş stajı nəzərə alınır. Bu halda pensiya Azərbaycandan təyin edilir və ödənilir. Başqa dövlətlərin vətəndaşları Azərbaycan ərazisində əmək fəaliyyətini həyata keçirdikdə, ikitərəfli müqavilələrdə bu iş stajı vətəndaşı olduqları dövlətdə pensiya təyin edilərkən onlara hesablanır.

2007-ci ildə respublika əhalisinin 15%-ni (1 milyon 248 min nəfər) pensiyaçılar təşkil edirdi. 2012-ci ildə 1 milyon 277 596 nəfər əmək pensiyası alıb. 2012-ci ilə olan məlumata görə, pensiyaçıların 39 faizi kişi, 61 faizi qadın olub. Onların əksəriyyəti yaşa görə, qalanları isə əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alırdılar. 2013-cü ildə respublika üzrə orta pensiya 163 manat olub. 2014-cü ilə qədər bu məbləğ 20 faiz (183 manat) artırılıb. 2017-ci ilin yayına ölkədə pensiya alan 1 milyon 325 min nəfər olub ki, onlardan 329 min 275 nəfəri ahıllardır. 2006-2017-ci illər ərzində respublika üzrə orta pensiya 6,4 dəfə artıb. Pensiya xərcləri 5,9 dəfə artıb. 2023-cü ilin iyun ayına yaşa görə pensiyanın orta məbləği 465 manatdır.

ÜYS: kimlər alır?

Ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardım, orta aylıq gəliri ailənin hər bir üzvü üçün tələb olunan vəsaitdən aşağı olan aztəminatlı ailələrə ödənilir. 2023-cü il üçün ehtiyac meyarı 246 manat müəyyən edilib. 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat olacaq. 2023-cü il üçün ünvanlı sosial yardımın məbləği bir ailəyə 535 manat müəyyən edilib.

Bu yardım, ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması hallarında təyin edilən dövlət dəstəyidir.

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Növbəti il üçün təkrar mütraciət edilməli, ailə yenidən baxışdan keçirildikdən sonra yardım təyin edilməlidir. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir.

Əlillərin sosial müdafiəsi

Əlilliyin və sağlamlıq vəziyyətinin müəyyən edilməsi meyarları haqqında Əsasnamə Azərbaycan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilib. Azərbaycan Prezidenti 2013-cü il yanvarın 9-da “Sağlamlıq imkanları məhdud uşaqlara və təhlükəli sosial vəziyyətdə olan yetkinlik yaşına çatmamış şəxslərə sosial xidmət göstərilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da imzalayıb. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 17 prioritet layihə təsdiq edilib. 2013-cü ildə layihələrin icrası zamanı 18 yaşadək 800 uşağa sosial, psixoloji, hüquqi və reinteqrasiya xidmətləri göstərilib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli “Əlillik sahəsində məhdudiyyətlərin və imkanların qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi sosial ekspertiza və reabilitasiya alt sistemi (TSERAS) yaradılıb.

Azərbaycanın Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - yaradıcılıq və inklüziv inkişaf mərkəzi fəaliyyət göstərir. Mərkəz sağlamlıq imkanları məhdud şəxslərin, onların övladlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrdən olan istedadlı insanların bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi ilə 5 oktyabr 2021-ci il tarixində yaradılıb.

Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsi də daim dövlətin nəzarəti altındadır. 8 dekabr 2020-ci il tarixində müharibə iştirakçılarına və onların ailələrinə dəstək məqsədilə “YAŞAT” dövlət fondu yaradılıb. Fond yaşayış şəraitini yaxşılaşdırır, təhsilə, peşə hazırlığına, yaradıcı potensialın inkişafına köməklik göstərir, müalicə xərclərinə kömək edir. 2023-cü ilin dekabr ayına fonddan 79 milyon 484 min manat vəsait xərclənib. 14785 nəfərə yardım göstərilib. Şəhid ailələrinə, itkin düşmüş şəxslərə və əlillərə yardım göstərilir.

İcbari tibbi sığortanın sosial müdafiədə rolu

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar, təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya yardımı, ambulator xidmət, stasionar xidmət, funksional-diaqnostik və laborator müayinələr, fizioterapevtik xidmətlər, cərrahi əməliyyatlar, o cümlədən həyati vacib, dəyəri yüksək əməliyyatlardan yararlana bilir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 3315-dir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər