Azərbaycan Ermənistanla sülh bağlamaqda qərarlıdır. Bunu bazar ertəsi Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Baş Nazir Əli Əsədov deyib. “Mən Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğunu bildirmək istərdim. Son zamanlar müsbət siqnalları nəzərə alaraq, biz bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə vacib hesab edirik”.
O. Əsədov qeyd edib ki, mövcud tarixi fürsət regionda çoxdan gözlənilən sülhün bağlanmasına imkan verəcək. Onun sözlərinə görə, bu, Cənubi Qafqazın bütün xalqlarına sülh və təhlükəsiz birgə yaşayışa ümid verəcək.
Maraqlıdır ki, bu yaxınlarda bəzi şərhçilər Azərbaycanın sülh sazişi bağlamağa razılıq verməyəcəyini və Ermənistanla az qala növbəti müharibəyə hazırlaşdığını, guya ona qarşı hansısa ərazi iddialarının olduğunu proqnozlaşdırırdılar. İndi isə ölkənin yüksək vəzifəli şəxsləri sülhə imza atmaq niyyətlərini ictimai müstəvidə israrla təkrarlamağa başlayanda bu səslər nəzərəçarpacaq dərəcədə sönüb. İndi sual olunur ki, Ermənistan rəhbərliyi buna nə dərəcədə hazırdır?
Bir tərəfdən, görünən odur ki, baş nazir Nikol Paşinyan özü də Azərbaycanla müqavilə bağlamaq niyyətində olduğunu göstərir, lakin onun komandasının bəzi üzvləri (o cümlədən xarici işlər naziri Ararat Mirzoyan) buna o qədər də diqqət ayırmır və görünür ki, hər fürsətdə Azərbaycanı təcavüzdə, “soyqırımda”, “etnik təmizləmədə” və s. Ittiham edir. Hansı ki, bu, tərəflər arasında çoxdan gözlənilən sülhün bərqərar olmasına heç bir şəkildə kömək etmir. Ermənistanın hakim dairələrinin mövqeyində bu ikililiyin səbəbi nə ola bilər? Bu, məhsuldar görünən ikitərəfli dialoqun pozulmasına gətirib çıxarmayacaqmı?
Bununla bağlı xarici müşahidəçilər “Caliber” analitik mərkəzinə fikirlərini bölüşüblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.
“Ukrayna Prizması” Xarici Siyasət Şurasının eksperti Oleksandr Krayevin fikrincə, sülh müqaviləsi məsələsinə bu cür fərqli münasibət Paşinyanın, çoxlarının xatırladığı kimi, vaxtilə kifayət qədər qeyri-populyar olması ilə izah edilə bilər.

“Yəni, Ermənistan cəmiyyətində qütbləşmə ona görə baş verib ki, Paşinyanın həm müharibə tərəfdarı, həm də müharibə əleyhinə hərəkətləri Ermənistan əhalisinin yarısı (və müvafiq olaraq siyasi düşərgənin yarısı) tərəfindən kəskin mənfi qarşılanıb. O, ərazilər uğrunda sona qədər döyüşməyə hazır olub-olmadığına, yoxsa təslim olmağa və danışıqlara hazır olub-olmadığına qərar verə bilmədi və buna görə də, əslində, həm müharibə ideyasını dəstəkləyənləri, həm də sülh istəyən müharibəni dəstəkləməyənləri qəzəbləndirə bildi. İndi isə özünə dayaq tapa bilmir”,- politoloq deyir.
Müvafiq olaraq, Paşinyan məqsədini müəyyən sazişlər bağlamağa və danışıqlar aparmağa qoyanda onun çevrəsində hələ də bu ehtimala müqavimət göstərmək istəyən kifayət qədər əleyhdarları var,- ekspert qeyd edir.
“Bu, onu deməyə əsas verir ki, əgər onlar hərbçilər arasında və ya prinsipcə, Nazirlər Kabineti daxilində kifayət qədər böyük dəstək qazana bilsələr, o zaman Paşinyanın konstruktiv dialoqa girməsi üçün istənilən fürsət sadəcə olaraq uğursuzluğa düçar ola bilər.
Bunun Ermənistan üçün sərfəli olub-olmadığını söyləmək çətindir. Lakin hələlik onlar ərazi uğrunda yenidən döyüşməyə, münaqişənin potensial yeni raundunun baş verəcəyi təqdirdə ərazilərini müdafiə etməyə hazır olmadığı aydındır. Ona görə də Paşinyan indi nəyin bahasına olursa-olsun, öz ətrafında danışıqlara hazır olan insanları birləşdirməli və onlarla birlikdə bu gündəliyi həyata keçirməyə çalışmalıdır”,- Kraev hesab edir.
Rusiyalı politoloq, iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko öz növbəsində bildirib ki, Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsi bağlamaq məsələsində vahid yanaşması olmadığına görə, İrəvanın siyasətinə və danışıqlar strategiyasına vahid qiymət vermək asan deyil.

“Bir tərəfdən, istənilən sülh müqaviləsi uzunmüddətli silahlı münaqişənin üstündən xətt çəkəcək və Ermənistan vətəndaşlarına hakimiyyətə sual vermək imkanı verəcək: işğalın əsas elementinə çevrilən Qarabağ necə oldu? İrəvanın müdafiəsini ən yüksək prioritet elan etdiyi ərazini Ermənistan hələ Azərbaycan Silahlı Qüvvələri oraya daxil olmamışdan əvvəl diplomatik baxımdan itirdi? Bunun günahkarı kimdir, məsuliyyəti kim daşımalıdır- əvvəl siyasi, sonra cinayət məsuiliyyəti? Bu sualların veriləcəyi anı mümkün qədər ləngitmək indiki İrəvan rəhbərliyinin maraqlarına uyğundur.
Digər tərəfdən, zəmanəmizin iki ən böyük hərbi münaqişəsi (Yaxın Şərq və Ukrayna) arasında məkanda qalan Cənubi Qafqaz regionu bu gün öz tranzit potensialından tam istifadə etmək, bütün dünya qarşısında stabillik zonası kimi görünmək üçün unikal imkana malikdir. Qonşu dövlətlərdən və planetin digər regionlarından (Çin, Hindistan, Aİ) tərəfdaşlar üçün cəlbedicidir. Danışıqlar prosesini ləngitmək və Ermənistanla Azərbaycan arasında sərhədləri müəyyən edəcək və Azərbaycan və Türkiyə ilə diplomatik münasibətləri bərpa edəcək sazişin bağlanmasından imtina etmək üçün istənilən addım məsuliyyətsiz və Ermənistanın milli maraqlarına zidd görünür. Üstəlik, 3 ən böyük qonşu dövlət (Rusiya, Türkiyə və İran) arasında konsensus formalaşıb ki, nəhayət ki, Cənubi Qafqazda diplomatiya vaxtı çatıb”,- professor bildirib.
Onun fikrincə, indi aydın olur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, əsasən, Fransa və Atlantik birliyi ölkələrinə diqqət yetirərək, yuxarıda qeyd olunan qruplardan birincisi ilə bağlı daha çox narahatdır və Brüssel və Parisin bu işə qarışacağına stavka edir. Bu danışıqlar prosesinin qeyri-müəyyən müddətə gecikdirilməsinə imkan verəcək. İqtisadi artımın və xarici ticarət dövriyyəsinin hazırkı yaxşı göstəricilərini saxlamaqda maraqlı olan Ermənistan işgüzar dairələrinin, eləcə də parlamentarilərin əsas hissəsi yuxarıdakı sualların ikinci qrupuna cavab axtarır.
“Sabit siyasi vəziyyətdə Ermənistanın baş naziri Paşinyan yəqin ki, iki əsas qüvvə arasında manevr etməyə üstünlük verəcək və son nəticədə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına öz dövləti üçün ən faydalı yol kimi razılaşacaq. Ancaq sülh müqaviləsinin qeyri-müəyyənliyi xarici siyasətdəki səhv hesablamalara görə məsuliyyətlə bağlı suallara cavabları “sonraya” təxirə salmaq imkanı verən Paşinyanın siyasətindəki hazırkı “məhdud rasionallıq” dövrünü Leon Trotskinin məşhur düsturu ən yaxşı şəkildə təsvir edir: “ Nə sülh, nə müharibə, sülh imzalamırıq, biz müharibəni dayandırırıq və ordunu tərxis edirik”.
Sovet Rusiyası üçün bu siyasətin necə başa çatdığı hamıya məlumdur. İndi biz İrəvanda rasional siyasi və iqtisadi hesablamaların nə qədər tez qalib gələcəyini və nəhayət Azərbaycanla sülh müqaviləsinin imzalanacağını izləyəcəyik”, - deyə Tkaçenko yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb