“Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri üçün ötən il, necə deyərlər, ifşa ili oldu - kimin hansı dəyərdə olması, hər şeyin açıq görünməsi ili oldu”
Tanınmış politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti Aleksey Naumov regionda yaranmış reallıq və Ermənistanın həyata keçirməyə çalışdığı uğursuz siyasət haqda “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı məqamlara toxunub. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.
- Qiymətləndirmənizə görə Ermənistan ötən il Rusiyaya qarşı hansı siyasəti yeritdi və nəyə nail oldu?
- Rusiya ilə formal əlaqəni kəsmək heç vaxt Ermənistan rəhbərliyinin düşünülmüş siyasəti olmayıb. Daha doğrusu, qarşısına iki məqsəd qoyub: Rusiyadan narazılığını nümayiş etdirmək və Qərblə əməkdaşlıqdan müəyyən fayda əldə etmək. Ona görə də Ermənistanın Rusiya ilə münasibətlərə son qoymağa can atmadığı açıq-aydın görünürdü. Bu da başa düşüləndir, çünki İrəvan bunu edə bilmir və müvafiq olaraq, Moskvaya qarşı yerli demarşlarla məhdudlaşır, eyni vaxtda iki stulda oturmağa çalışır. Prinsipcə, Nikol Paşinyanın MDB dövlət başçılarının Yeni il qabağı qeyri-rəsmi görüşündə iştirak etməsi bütün bunları açıq şəkildə təsdiqlədi.
- Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərlə bağlı müzakirələr davam edir. Bu, Rusiyanın Ermənistana silah tədarükünün bu il bərpa oluna biləcəyi anlamına gəlirmi?
- Məncə, bu, mümkündür. Rusiya silahları Ermənistana kommersiya əsasında verilə bilər. Lakin istənilən halda bu, regionda qüvvələr balansını dəyişməyəcək. Erməni revanşizmi iflasa uğradı, onun dirilmək şansı yoxdur, İrəvanın buna nə gücü, nə də imkanları var.

Ümumiyyətlə, Moskva Ermənistana qapılarını bağlamır və həm İrəvanla, həm də Bakı ilə bu və ya digər formada münasibətləri saxlamaqda maraqlıdır. Amma dəfələrlə qeyd etdiyim kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın Rusiyanın daha vacib və daha imtiyazlı müttəfiqi olduğu hesab olunurdusa, indi hər şey dəyişib. Məhz Azərbaycan Rusiyanın mühüm, daha proqnozlaşdırıla bilən və faydalı tərəfdaşıdır. Bunu ticarət-iqtisadi sahədə ikitərəfli qarşılıqlı fəaliyyət də göstərir ki, bunu Ermənistan haqqında demək olmaz.
- Yəni, sizcə, Ermənistana Hindistan və Fransa silahlarının verilməsinin arxasında İrəvanın revanşist planları dayanmır?
- Hindistan və Fransa silahlarının tədarükü Ermənistan üçün bir növ ağrıkəsicidir. Ölkə hakimiyyəti bununla hamıya göstərmək istəyir ki, baxın, bizim silahlarımız var, silah alırıq. Eyni zamanda, biz başa düşürük ki, heç bir silah- nə fransız, nə Hindistan, nə də başqa bir silah,- artıq dediyim kimi, regionda qüvvələr balansını dəyişə bilməz. Regionda lider Ermənistan deyil, Azərbaycandır. Üstəlik, həm hərbi planlaşdırmada, həm texnologiyada, həm diplomatik mövqeləşdirmədə, həm də bir çox başqa sahələrdə. Deməli, silah alınması Paşinyan üçün status simvoludur ki, bu da Ermənistanın beynəlxalq siyasətdə bir növ oyunçu olaraq qaldığını göstərmək üçündür.
- Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ehtimalı nə dərəcədə yüksəkdir?
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istənilən halda qaçılmazdır. Nikol Paşinyan indi zamanla oynayır, çünki bu sənədin olmaması həm də ona hərbi-siyasi mənada bütün sahələrdə məğlubiyyətə uğramaq bahasına olsa belə, bəzi erməni mövqelərini müdafiə etdiyini nümayiş etdirməyə imkan verir. Düşünürəm ki, biz tezliklə sazişin imzalanacağını görəcəyik. Ermənistan tarixin axarına qarşı oynaya bilməyəcək.
- 2024-cü ildə Cənubi Qafqazda hansı proseslər cərəyan edir?
- Məncə, Cənubi Qafqaz üçün yeganə variant regionda vəziyyətin normallaşmasıdır. Çox uzun müddətdir ki, region ziddiyyətlər, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə parçalanıb. Bu vəziyyət 1994-cü ildən 2020-ci ilədək qeyri-müəyyən qalmışdı. Amma indi Cənubi Qafqaz Rusiya ilə Qərb arasındakı ixtilaf və Azərbaycanın ərazilərini geri qaytarması fonunda sabitlik adası olacaq. Bölgə ilə birbaşa əlaqəli olan bütün oyunçuların sülh və sabitlikdə maraqlı olması da çox vacibdir. Azərbaycan, Gürcüstan, Türkiyə, İran və Rusiya bu əsas və nəqliyyat regionunda iqtisadi əməkdaşlığın və qarşılıqlı fəaliyyətin artırılmasında maraqlıdırlar.

Mənə bütövlükdə Cənubi Qafqazın gələcəyi sabit görünür. Bilmək çox xoşdur ki, bizim uğurlu inkişafını izləyə biləcəyimiz bir bölgə var.
- 2023-cü il Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri baxımından necə oldu?
- Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri üçün ötən il, necə deyərlər, ifşa ili oldu - kimin hansı dəyərdə olması, hər şeyin açıq görünməsi ili oldu. Ötən il göstərdi ki, ermənilərin çoxəsrlik dostluq vədləri Rusiyanı öz ədalətsiz münaqişəsində Ermənistanın əvəzinə döyüşməyə məcbur etmək cəhdinı görə olub. O da məlum oldu ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər sadəcə olaraq hansısa ümumi tarixi yaddaşa əsaslanan münasibətlər deyil, iqtisadi və siyasi məna ilə dolu əməkdaşlıqdır. Biz ekspert əməkdaşlığının necə möhkəmləndiyini gördük, Rusiya-Azərbaycan ekspert şurasının iclasları keçirilib və mən əminəm ki, Şimal-Cənub dəhlizi beynəlxalq ticarətdə mühüm həlqə olacaq və Rusiya ilə Azərbaycanı daha da sıx birləşdirəcək.
Bütövlükdə, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və Cənubi Qafqazın sakitləşməsi nəzərə alınmaqla uğurlu, eyni zamanda müasir Paşinyan Ermənistanının əsl simasını nümayiş etdirdiyi il oldu. Azərbaycanlı dostlarımızı suverenliyin və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik etmək istəyirəm, ümid edirəm ki, xalqlarımızın və dövlətlərimizin dostluq münasibətləri gələcəkdə də məqsədyönlü şəkildə möhkəmlənəcəkdir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb