PDF Oxu

MİA

  • 7 829

2024-cü il Cənubi Qafqaz üçün geosiyasi sıçrayış ili olacaqmı? - ŞƏRH

image

2024-cü ildə ölkəmiz və regionumuz üçün real proqnoz nədir? Bu il Ermənistan və Azərbaycanın uzunmüddətli münaqişəyə nəhayət rəsmən son qoyacaqları kimi kimi tarixə düşə bilərmi?

Ötən il Azərbaycan faktiki olaraq özünün ən aktual məsələsini- suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasını həll etdi. İldırım sürəti ilə həyata keçirilən antiterror tədbirləri sayəsində sentyabr ayında Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdi. Hər iki tərəf, Azərbaycan və Ermənistan indi qalan fundamental məsələlərin əksəriyyəti üzrə razılığa gəldiklərini deyirlər və diplomatik danışıqların fasilədən sonra bərpa olunacağı görünür.

Münaqişənin həlli regionu dəyişə bilər. Ermənistanla Azərbaycan sülhə qovuşsa, tezliklə Ermənistanla Türkiyə arasında yaxınlaşma baş verə bilər. Nəticədə üç ölkə arasında sərhədlər yenidən açılacaq, Ermənistanın uzunmüddətli coğrafi təcridinə son qoyulacaq və Cənubi Qafqaz Avropa və Asiya arasında yüklərin daşınmasına yönəlmiş yeni nəqliyyat layihələrindən tam istifadə etməyə hazır olacaq.

Beləliklə, Bakı və İrəvanın tam sülh bağlaya bilməsi, heç nəyin və heç kimin buna bir daha müdaxilə etməyəcəyi şansları nə qədərdir? Bunun arqumentləri nədir?

Tanınmış xarici müşahidəçilər Caliber.Az-ın sorğusu əsasında bu vəziyyəti şərh etmək qərarına gəliblər.

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) hesab edir ki, bu il Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq.

“Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək və bu təbii olaraq Cənubi Qafqazda bütün geosiyasi uyğunluğu dəyişəcək və şübhəsiz ki, regional təhlükəsizlik göstəricilərini dəyişəcək. Düşünmürəm ki, Rusiya faktoru hansısa şəkildə azalacaq. Əksinə, artıq burada “3+2” formatı kontekstində maraqlı konfiqurasiya yaradılır. Hətta etiraf edirəm ki, “3+3”ə gedəcək. İndi hər şey bura doğru gedir. Gürcüstanda bu il keçiriləcək seçkilər ölkəni Avro-Atlantik deyil, Avrasiya istiqamətinə çevirə bilər. ABŞ regionda çəkisini itirir- bu, artıq baş verib”, - politoloq hesab edir.

Maisaya hesab edir ki, Ermənistan Fransa, Avropa Birliyi, Rusiya və Türkiyə dövlətləri arasında tarazlıq yaradır.

“Görünür, Rusiya faktoru güclənməkdə davam edəcək. Türkiyənin də mövqeyi güclənəcək. Məhz üçlük - Rusiya, Türkiyə və İran regional hegemonlar kimi Qərb dövlətlərinin oksigenini kəsə bilər. Düşünürəm ki, Ukrayna müharibəsi və hazırda ABŞ-da və Avropanın böyük dövlətlərində hazırlanan seçkilər kontekstində onlar öz geosiyasi təsirlərinin formalaşması proseslərindən bir az geri çəkiləcək və diqqətlərini öz səslərinə yönəldəcəklər. Bu, onlar üçün daha vacibdir. Bu isə həmin dövlətlərin regionumuzdakı təsirini daha da azaldacaq. Çox güman ki, Cənubi Qafqazda üçlük faktoru üstünlük təşkil edəcək və məhz bu üçbucaq kontekstində sülh müqaviləsi imzalanacaq.

Və hətta güman edə bilərəm ki, Gürcüstanda rusiyayönlü mövqelər güclənəcək. Baxmayaraq ki, Gürcüstan bu yaxınlarda Aİ-yə namizəd statusu almışdır. Amma görünən odur ki, Avrasiya siyasi qüvvələri bu fonda öz təsirlərini artırırlar. Bu, mən deyərdim ki, Gürcüstanda yaranan daxili təhlükəsizlik dilemmasıdır. Bunun nəyə gətirib çıxaracağı hələ də bəlli deyil. Amma mən sizə əminliklə deyə bilərəm ki, bu il Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və bu, bu ilin əsas geosiyasi sıçrayışı olacaq”, - Maisaya əmindir.

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin (Moskva) analitik layihələr üzrə direktoru Mixail Neyjmakov bildirib ki, 2023-cü ilin sonunda həm Bakı, həm də İrəvan, məlum olduğu kimi, sülh sazişinin bağlanması perspektivləri ilə bağlı əsasən müsbət siqnallar verir.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2023-cü il dekabrın sonunda Bakının dialoq perspektivlərinə “real və nikbin” baxması barədə açıqlamasını xatırlaya bilərsiniz. Və ya bir qədər əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “bir ay ərzində sülh müqaviləsini yekunlaşdırmaq və imzalamaq olar” bəyanatını.

Bununla belə, xatırlamaq yerinə düşər ki, danışıqlar prosesinin son mərhələsində ən böyük fikir ayrılığına səbəb olan məsələlər tez-tez müzakirə olunur. Məsələn, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində fikir ayrılıqları açıq şəkildə qalır. Bakının İrəvanın təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsini tənqid etməsi, məsələn, Hikmət Hacıyevin “Berliner Zeytung” qəzetinə verdiyi son müsahibədə Azərbaycanın bu məsələdə irəliləyişi “davamlı gözləmək fikrində olmadığı” ifadəsi hər iki dövlətin ziddiyyətləri tam həll etməkdən çox uzaq olduğunu bir daha xatırladır. Təbii ki, bu mövzu, sərhədin delimitasiyası problemi kimi, sülh sazişinin “mötərizələrindən kənarda” da götürülə bilər. Ancaq nəzərə almağa dəyər ki, bu halda belə bir razılaşmanın bağlanmasından sonra gərginliyin yeni eskalasiyası riskləri daha yüksək olacaq”,- deyə moskvalı analitik qeyd edir.

Onun sözlərinə görə, ola bilsin ki, 2024-cü ilin yanvarında- fevralın əvvəlində Bakı və İrəvan arasında dialoq çərçivəsində konkret irəliləyişlə bağlı bəyanatlar ictimai olmayan məsləhətləşmələrin yüksək tempini saxlamaqla o qədər də intensiv olmayacaq.

“Onu da nəzərə almaq lazımdır ki, məsələn, Nikol Paşinyan üçün Ermənistan daxilində etiraz fəallığının azaldığı bir vaxtda sülh sazişi bağlamaq obyektiv baxımdan daha sərfəli ola bilər, çünki 2024-cü ilin aprel-may aylarında küçə müxalifəti aksiyalarının intensivliyi müşahidə oluna bilər.. Bundan əlavə, 2024-cü ilin yayında ABŞ-da prezidentlik kampaniyasının həlledici mərhələsi başlayacaq (Demokratlar və Respublikaçılar partiyalarının konqresləri tərəfindən rəsmi namizədlər irəli sürüldükdən sonra), bunun fonunda Vaşinqtonun Cənuba Qafqaza diqqəti çox güman ki, azalacaq - bu, indiki şəraitdə İrəvandansa, Bakıya daha çox manevr imkanı verə bilər. Yəni, Ermənistan hökumətinin sülh sazişinin bağlanmasını optimal hesab etmək üçün bir sıra səbəbləri var- aprelə qədər, yaxud son çarə kimi 2024-cü ilin iyununa qədər.

Öz növbəsində, Azərbaycan üçün əlverişli olan bir sıra amillərin- Türkiyədə vəziyyətin kifayət qədər sabit olması və İranın diqqətinin Yaxın Şərq böhranına yönəldilməsi kimi faktorların mövcud olduğu bir vaxtda sülh müqaviləsinin imzalanmasını gecikdirməmək Bakı üçün də obyektiv faydalıdır. Bununla belə, Azərbaycan tərəfinin yaxın aylarda sazişin imzalanmasını sürətləndirməyə heç bir aşkar ehtiyacı yoxdur. Hələlik rəsmi Bakının 2024-cü ilin yay-payız aylarında danışıqlar mövqelərinin (o cümlədən ABŞ-ın regiona diqqətinin mümkün müvəqqəti azalması ilə bağlı) güclənəcəyini gözləməyə əsasları var. Məsələn, İlham Əliyevin 2023-cü il noyabrın 23-də “Euronews” telekanalına müsahibəsində “burada vaxt o qədər də önəmli deyil, hər iki ölkə üçün gündəm önəmlidir” deməsi bunu göstərir. Bununla belə, danışıqların sürətinin azalması ssenarisi reallaşarsa ən azı 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasına nail olmaq Azərbaycan üçün də faydalı olardı”, - Neyjmakov hesab edir.

Gələcək sülh sazişinin Rusiyanın regiondakı mövqeyinə təsirinə gəlincə, bir daha qeyd etmək yerinə düşər ki, belə bir razılaşma, çox güman ki, Bakı ilə İrəvan arasında bütün ziddiyyətləri həll etməyəcək, xüsusən də sərhədlərin delimitasiyası məsələsinə ayrıca baxılacaqsa,- o deyir.

“Həqiqətən də, İrəvan son aylarda bir neçə dəfə KTMT-yə şübhə ilə yanaşdığını bildirib. 2023-cü il dekabrın sonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu təşkilata üzvlüklə bağlı “əsassız gözləntiləri” yenidən xatırladıb və qeyd edib ki, Qərb oyunçuları isə özlərinin təhlükəsizlik sektorunda Nikol Paşinyan hökuməti ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndələrinin bu yaxınlarda Ermənistana səfərini qeyd edək. Bununla belə, mühakimə edə bildiyimiz qədər, Qərb oyunçularından Ermənistanın təhlükəsizliyinə kifayət qədər təminat verilməsindən söhbət getmir. Bu, Rusiya korporasiyalarının Ermənistan iqtisadiyyatındakı rolu ilə yanaşı, Bakı ilə sülh sazişi imzalansa belə, İrəvanın Moskva ilə köklü qırılmaması üçün əlavə stimul ola bilər”, - deyə rusiyalı ekspert yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər