MİA

  • 6 089

Ədalət topaldır, yavaş yeriyir, amma...

image

... gedəcəyi yerə gec-tez çatır

Azərbaycan öz müstəqillik tarixinə 2 ağır müharibə sığışdırdı. Zorakı, məcbur qalaraq. Müharibə bizim dövlətimiz üçün ən sonuncu yol idi, 30 illik səbr kasası dolanda isə müharibə qaçılmaz oldu. I Qarabağ Müharibəsində ölkəmizə təcavüz edildikdən 30 il sonra II Qarabağ Müharibəsi ilə ədaləti bərqərar etdi Azərbaycan.

Faciələrə susan dünya ədalətə etiraz edir

Azərbaycan çoxdan gözlədiyi ədaləti öz gücü ilə, öz əlləri, dəmir yumruğu ilə bərpa etdi. Yüz illər boyu Azərbaycan torpağı olan Qarabağ Birinci Dünya Müharibəsindən sonra imperialist Qərb dövlətlərinin ortaq siyasətləri ilə etnik dəyişikliyə məruz qalanda, erməni himayədarı dövlətlərin siyasi təzyiqlərinə məruz qalanda dünyanın ədaləti qeybə çəkildi. Qarabağda, Xocalıda insanlar dəhşətli işgəncələrlə öldürüləndə o ədalət harada idi?

Hamilə qadının qarnını bıçaqla yararaq körpəni çıxarıb itlərə yedirən, güllələdikləri anasının döşünü kəsib ağlayan körpəsinin ağzına qoyan ermənilər tarixin qanlı səhifələrindən öz əməllərini necə siləcəklər? Onların bu əməlinə susan dünya birliyi ədalət sözünün mənasını bilmirdi? Atasını ağaca bağlayıb gözünün önündə balasına təcavüz edənlər, yeniyetmə qızları buz kimi soyuq fevral gecəsində çılpaq soyundurub qarın üstündə zorlayanlar, ağladı deyə anasının qucağından alıb avtomat süngüsünə keçirdikləri uşaqları tikə-tikə doğrayanlar, günahsız uşaqları dəmir boruya doldurdurub ağzını qaynaq edənlərin əməllərinə göz yuman qlobal güclər ədalətdən danışa bilərmi?

Ermənilərin başımıza gətirdikləri saysız faciələri görməz olan dünya öz torpağımız uğrunda haqq savaşımızı ədalətsiz hesab edərkən 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq, hər iki tərəfini qaynaq edənləri, borunu hündür uçurumdan dərəyə ataraq, körpələri amansızlıqla qətlə yetirənləri unutmuşdu dünya. 1988-ci ildə Qarakilsə-Pəmbək mahalında 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini qaynaqla bağlayanları necə, görmürdü? Azərbaycan “ədalət!”, - deyə hayqıranda səsi eşidilmirdi?

Uşaqların başını diri-diri kəsən, körpələrin başına mismar çalan, yerə uzadıb üstlərindən tankla keçdikləri azyaşlıların işgəncəsindən zövq alan yırtıcaları niyə tanımadı dünya? Böyük meydanlarda, qızıldan saraylarda, bahalı kreslolarda, dəyirmi masalarda “hüquq”, “azadlıq”, “insan haqları” deyə bar-bar bağıranlar bunları görmürdü? Xocalının ərşə yayılan naləsi niyə eşidilmədi 30 il?

“Ədalət özü gəlmir”

Prezident İlham Əliyev: “Biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir”.

“Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik. Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”, – deyə Prezident şərh edir.

Ədalətini maddə-maddə yazan Azərbaycan

Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada vətəndaşların hüquqlarından, qanunun aliliyindən asılıdır. Demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizmlə bərabər, insan azadlığı şəraitində hər bir vətəndaşın söz, vicdan, din, sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək kimi hüququnu təminetmə fonunda baş verir.

İnsan hüquqları bir dövlətin əsasını təşkil edən, o dövləti daim güclü edən demokratik proseslərin təməl daşıdır. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik-hüquqi dövlət quruculuğu, bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatının bünövrəsi üstündə mümkündür. Bir ölkədə vətəndaşın hüquqi azadlığı yoxdursa, o ölkənin idarəetməsində, siyasətində çatlar yaranacağı mütləqdir.

Azərbaycanda insan hüquq və azadlıqları, humanizm, ədalət prinsipləri həmişə üstün səviyyədə qorunub. İstənilən sahədə insanların hüquqlarının qorunması, azadlıqlarının məhdudlaşdırılmaması, hüquq islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman və sərəncamların imzalanması da məhz bu prinsiplərə xidmət edir.

Qarabağ problemindən qidalanan böyük dövlətlərlə yanaşı, Ermənistan da Qarabağ yaramızı daim qaşımaqla problemi şaxələndirməyə çalışırdı, dünyanın diqqətini yalançı, qondarma soyqırıma cəlb etməyə çalışırdı. Qərb dövlətləri, xüsusən də, Fransanın gizli və açıq himayədarlığı ilə başından böyük işlərə can atan Ermənistana “dayan!” deyən olacaqdı əlbət. 30 ildir öz tarixi torpağına həsrət qalan dövlətin səbrinin bir sonu olacaqdı, o dəmir yumruq bir gün mütləq günahkarları əzəcəkdi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər