PDF Oxu

MİA

  • 8 251

20 illik strateji inkişaf konsepsiyası: haradan hara gəldik? - ANALİZ

image

Ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəldi. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxardı. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirdi.

Artıq ilk prezidentlik müddətində ölkə iqtisadiyyatında sürətli və davamlı inkişaf dövrü yaşandı. Sonrakı dövrdə sosial-iqtisadi islahatlar genişləndirildi və ölkədə mövcud vəziyyət tamam dəyişdi.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm roy oynamaqla yanaşı, həm də ölkəmizin enerji müstəqilliyini təmin etdi, iqtisadi səviyyəsini dəyişdirdi.

2013-cü ildə ilk peykinin buraxılması ilə Azərbaycan kosmik klubun üzvü oldu, sonrakı dövrdə kosmik peyklərinin sayını 3-ə çatdırdı.

Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirdi. Ölkəmiz Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrildi. Qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindəndir.

Ümumiyyətlə, keçən 20 il Azərbaycanın simasını kökündən dəyişib. Yeni iqtisadi sistem tətbiq olunub, əhalinin sosial müdafiəsiin gücləndirilməsi üçün xüsusi proqramlar həyata keçirilib. Ölkə böyük bir tikinti quruculuq məkanına çevrilib.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağı düşmən işğalından azad etməsindən sonra isə dünyanın bir sıra ölkələrindən böyük olan bu ərazidə çox nəhəng quruculuq işlərinə başlanıb. Şəhərlər kəndlər sıfırdan bərpa olunur, yeni iqtisadi sahələr yaradılır. Göründüyü kimi, həm ölkə üzrə planlaşdırılan layihələr davam edir, həm də Qarabağın yenidən qurulması işləri. Əlbəttə ki, bu işlər çox nəhəng maliyyə vəsaitləri tələb edir və bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışında iqtisadi və sosial sahədə vəziyyətə toxunub. Dövlət başçısı qeyd edib ki, bu ilin yanvar ayının nəticələri ümidvericidir. Belə ki, ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Ölkə başçısı makroiqtisadi göstəriləri müqayisə edib: “Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəzən də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır”.

Digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, Prezident vurğulayıb ki, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, əsasən günəş, külək və hidro elektrik stansiyaları. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat.

Ənənəvi yanacaq növləri- neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.

Təbii qaz istehsalında və ixracında da böyük irəliləyişlər var. Artıq 8 ölkəyə təbii qaz ixrac edilir. Lakin tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa məkanından. Bu yaxınlarda “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur.

Dövlət başçısının sözlərinə görə, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var.

Nəqliyyat infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Ölkə rəhbəri vurğulayıb ki, bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib.

Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir. Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq”.

Əlbəttə ki, güclü iqtisadi inkişaf və böyük gəlirlərin əldə edilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına təsir göstərməyə bilməz. Dövlət başçısı bu sahədəki vəziyyəti də müqayisə edib: “2003-cü ildə bizim minimum əməkhaqqı,- bəlkə də çoxlarının yadında deyil,- 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və bu davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var.

Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq”.

Göründüyü kimi həm makroiqtisadi göstəricilər, həm də əhalinin sosial rifahı 20 il əvvəlki vaxtla müqayisədə çox böyük artım nümayiş etdirib. Aparılmış iqtisadi islahatlar, həyata keçirilmiş xüsusi proqramlar, tətbiq olunmuş sosial müdafiə paketləri ölkədə sosial-iqtisadi vəziyyəti kökündən dəyişib.

Ölkə iqtisadiyyatının qlobal böhranlara davam gətirəcək gücə çatdırılması dövlətimizin iqtisadi və siyasi müstəqilliyini də təmin edib. Qeyri-neft sektorunda əldə olunan inkişaf tempi neft gəlirlərinin strateji məqsədlərlə sərf olunduğunu göstərir və post-neft dövrü üçün ölkəmizin hazır olduğunu nümayiş etdirir.

Əlbəttə ki, son 20 ildə bu islahatları effektiv şəkildə həyata keçirmiş və ölkəmizi qlobal təlatümlərdən uğurla çıxara bilmiş Prezident İlham Əliyev növbəti 7 illik rəhbərliyi dövründə bütün strateji hədəfləri təmin edəcək. Dövlət başçısı özünün də də dediyi kimi xalqımıza verdiyi bütün vədləri yerinə yetirmişdir və artıq yeni eranın başlandığını elan etmişdir. Şübhə yoxdur ki, yeni dövrdə yeni Azərbaycan qurulacaq və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaqdır.

Elçin Bayramlı

Digər xəbərlər