PDF Oxu

MİA

  • 8 418

Aleksey Fenenko: Qərbin və Ermənistanın Azərbaycan və Rusiyaya qarşı siyasəti heç bir nəticə verməyəcək – MÜSAHİBƏ

image

“Əgər Paşinyan inanırsa ki, Qərb həqiqətən də ona təhlükəsizlik zəmanəti verəcək, yaxşı, burada nə deyə bilərik: buyurun döyüş bayrağını əlinizə alın”

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinin qarşısına hansı şərt qoyulduğu barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamları şərh edib. Müsahibəni oxucularımızın nəzərinə çatdırırıq.

- Aleksey Valerieviç, Ermənistanın baş naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Britaniya kəşfiyyatının- Mİ6-nın rəhbəri, NATO-nun keçmiş baş katibi Rasmussen və Ermənistanın Qərbdəki maraqlarının lobbiçiləri ilə görüşlər keçirib. Sonra da elə həmin Münhendə anti-Rusiya və Azərbaycan əleyhinə bəyanatlar verib...

- Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı ərəfəsində Ermənistanın Ukrayna məsələsində Rusiyanın tərəfdaşı olmadığı barədə təəccüblü bəyanat verdi. Münhendə diasporla görüşündə Paşinyan bu tezisi təkrarlayıb.

Hər şey yaxşı olardı, amma nədənsə Rusiyanın digər qonşuları və hətta Gürcüstan bu məsələ ilə bağlı açıqlama verməməyə üstünlük verir. Və dünən Dmitri Peskov da fikir ayrılıqlarının mövcud olduğunu təsdiqlədi. Yəni, Paşinyan Ermənistanla Rusiya arasında daha bir ziddiyyət yaratdı. Və o, daha bir siqnal verdi ki, İrəvan bu gün Rusiya ilə düşmənçilik edən ölkələr və strukturlarla sıx ünsiyyətə üstünlük verir. O zaman yenə sual yaranır: KTMT-də Rusiya ilə Ermənistanın tərəfdaşlığının nə mənası var? Bu gün biz hansı müttəfiqlərik?

Erməni tərəfi tez-tez belə fikirlər yayımlayır: “Rusiya bizi dəstəkləmir, o cümlədən Qarabağda müdafiə etmədi”. Amma heç kim Qarabağa KTMT mandatını uzatmayıb, çünki beynəlxalq hüquqa görə bura Azərbaycan ərazisidir.

Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2016-cı ildə İrəvanda keçirilən sammitində açıq-aydın bildirilmişdi ki, KTMT-nin təminatları Qarabağa aid deyil.

Əgər bugünkü İrəvan Rusiya qarşısında heç bir öhdəliyi olmasını istəmirsə, onda Rusiyanın öhdəlikləri niyə birtərəfli olmalıdır?

Nikol Paşinyanın Münhendə ermənilərin Qarabağı guya Rusiyaya görə tərk etməsi ilə bağlı açıqlamalarına mən belə cavab verə bilərəm: Rusiya sülhməramlılarının Qarabağı müdafiə etmək üçün heç bir hüquqi öhdəliyi yox idi. Qarabağ qanuni olaraq KTMT-nin məsuliyyət zonasından kənarda idi.

Bundan əlavə, Ermənistanın özü Qarabağı heç vaxt hüquqi cəhətdən tanımayıb. Ermənistan həmişə Qarabağın statusu ilə bağlı danışıqlar aparıb.

Tamamilə mümkündür ki, Qərbdə təhlükəsizlik üzrə Münhen konfransından sonra Nikol Paşinyana sözdən əmələ keçmək və Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün konkret addımlar atmaq şərti qoyulub.

Paşinyan “nəyin bahasına olursa-olsun, Qərbə doğru istiqamət götürməliyik” deyən irrasional siyasət aparır. İstisna etmirəm ki, o, çoxdan dediyimiz kimi, KTMT-dən çıxana qədər bunu edə bilər və ya etməli olacaq. Amma praktiki sual ondan ibarətdir ki, o zaman Ermənistanın müttəfiqi kimdir. NATO? Müqayisə aparsaq, Ermənistan mahiyyətcə sırf Qərb mühitində olan Ukraynadan fərqli olaraq, coğrafi mövqeyə nəzər salsanız, Qərbin hegemonluğuna qarşı sözdə deyil, əməldə mübarizə aparan suveren dövlətlərin əhatəsindədir. Bunlar Rusiya, Azərbaycan, Türkiyə, İrandır. Hətta vaxtilə Qərbin sırf təsiri altında olan, bu gün də Aİ-yə namizəd statusuna malik olan Gürcüstan belə, Rusiya və Ukrayna ilə bağlı mövqeyini nəzərə alsaq, o qədər də aydın və “sadə” deyil. Və Paşinyanın bütün bu son arqumentləri, Gürcüstanın Aİ-yə namizəd statusu regiona təsir edir- bütün bunlar daha çox təbliğatdır və onun Qərbə yönəlməsidir. Gürcüstandakı “Gürcü arzusu” hökuməti qərbyönlü mövqeyini açıq şəkildə nümayiş etdirmir. Orada hər şey daha mürəkkəbdir.

Türkiyə NATO üzvü kimi Qərb platformasında Azərbaycanla hərbi münaqişəyə dəstək vermək cəhdinin qarşısını alacaq. Qərb Paşinyan uğrunda döyüşmək fikrində deyil. Nəhayət, Paşinyandan KTMT-ni sarsıtmaq üçün Rusiyaya qarşı istifadə etmək bir şeydir,amma Ermənistanuğrunda mübarizə aparmaq başqa şeydir. Bunu heç kim etməyəcək.

Paşinyan çox güman ki, Mİ6-nın rəhbəri ilə Ermənistanın KTMT-dən çıxmalı olub-olmaması və Qərb ölkələrinin Rusiyanın əvəzinə hər hansı təhlükəsizlik zəmanəti verib-verməyəcəyi barədə danışıb. Yəqin ki, Ermənistan lideri ilə Qərbin aparıcı nümayəndələri arasında aparılan danışıqlarda belə məzmun çoxdan açıq sirr olub.

Təsadüfi deyil ki, Münhen Konfransına qədər Azərbaycan və Ermənistan sərhədində eskalasiya baş verdi. Eyni zamanda, Ermənistan XİN rəhbəri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüb və Aİ ilə əlaqələrin dərinləşdirilməsini müzakirə edib. Və bütün bunlar bir-birinə bağlıdır. Erməni tərəfi gərginləşməklə Qərbə nümayiş etdirmək istəyirdi ki, Rusiyanın himayə etmədiyi, Rusiyanın guya tərk etdiyi yazıq bədbəxt Ermənistanın yeni müttəfiqlərin köməyinə ehtiyacı var, onlar buna uyğunlaşmalı, Azərbaycana təzyiq göstərməlidirlər... Əslində, artıq başa düşməyin vaxtı idi ki, sənin naminə heç kim heç nə etməyəcək, müharibəyə qarışmayacaq. Amma erməni tərəfi təbii ki, belə bir informasiya fonu yaratmaq istəyirdi.

- Prezident seçkilərindən sonra Qərbin Azərbaycana təzyiq etmək cəhdlərini yenidən gördük...

- Bayden İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyibsə, bu o demək deyil ki, ABŞ-ın hazırkı prezidenti namizədliyini irəli sürməyə və Qarabağı Ermənistana “qaytarmağa” hazırdır. Açıqcasına deyək: Paşinyanla Bayden arasında məsafə hər mənada çox böyükdür. Əgər Paşinyan inanırsa ki, Qərb həqiqətən də ona təhlükəsizlik zəmanəti verəcək, yaxşı, burada nə deyə bilərik: buyurun döyüş bayrağını əlinizə alın.

- Münhendə Əliyevlə Paşinyan arasında görüş oldu, lakin Azərbaycan prezidenti Qərb tərəfdaşlarına Bakını yalnız ikitərəfli Bakı-İrəvan danışıqlarından qane etdiyini açıq şəkildə bildirdi...

- Əliyev Münhendə Qərbə açıq siqnal verdi ki, o, Paşinyanla birbaşa danışıqlar aparacaq və heç kim müdaxilə etməyəcək. Gördüyümüz kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra İlham Əliyev Qərbin təsirindən intensiv şəkildə xilas olur.

Münhendə isə Paşinyanın qərb tərəfdaşları Əliyev prizmasından keçərək aydın təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini nümayiş etdirdilər. Başqa bir anti-Rusiya mövqeyi formasında onlara hansı “hədiyyə”lər versə də, heç kim Ermənistanı müdafiə etmək üçün öhdəliklər haqqında müqavilə imzalamağa hazırlaşmır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər