MİA

  • 3 665

Dmitri Solonnikov: İlham Əliyevin Moskva səfəri Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir - MÜSAHİBƏ

image

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya və Azərbaycan liderlərinin səsləndirdiyi bəyanatları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Vladimir Putin və İlham Əliyev Azərbaycan liderinin Moskvaya işgüzar səfəri zamanı danışıqların giriş hissəsində regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriblər...

- Həqiqətən də, Cənubi Qafqazda təhlükəsizlik məsələləri bu gün də əvvəlki kimi Rusiya-Azərbaycan münasibətlərində son dərəcə aktual olaraq qalır. Qarabağ münaqişəsi həll olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, lakin gördüyümüz kimi, Qərb Ermənistandan istifadə etməklə Zaqafqaziyada vəziyyəti sarsıtmağa çalışır. Və belə olan halda, Rusiya və Azərbaycan regionda Qərbin planlarının həyata keçirilməsinin qarşısını almaq üçün siyasətləri koordinasiya etməlidir. İlham Əliyev xüsusilə vurğuladı ki, Azərbaycan və Rusiyanın digər sahələrdə olduğu kimi, regionda təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyətindən çox şey asılıdır. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Bakı bu gün regionda təhlükəsizlik məsələlərinin həll olunmasından məmnundur. Bu, şübhəsiz ki, Moskva ilə Bakının eyni gəmidə olduğunu nümayiş etdirən çox mühüm vurğudur.

Vladimir Putin də öz növbəsində qeyd edib ki, Rusiya-Azərbaycan danışıqlarının gündəliyinə təhlükəsizliklə bağlı bir çox məsələlər daxildir və bunlar həssas məsələlərdir.

Liderlər Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsini açıq müzakirə etməyiblər. Lakin mən şübhə etmirəm ki, bağlı qapılar arxasında bu məsələ qaldırılmaya bilməzdi. İlham Əliyev isə Rusiya sülhməramlılarının Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə verdiyi töhfəyə görə Rusiya dövlət başçısına minnətdarlığını bildirib. Və bu gün regionda təhlükəsizlik məsələsinin Putinlə Əliyev arasında təmasların mərkəzində olmasını nəzərə alsaq, görünür, liderlər ölkələrinin təhlükəsizlik məsələsində qarşılıqlı fəaliyyətini necə davam etdirəcəkləri ilə bağlı razılığa gələcəklər.

İlham Əliyevin Moskvaya səfəri mühümdür və xüsusi əhəmiyyət kəsb edir, çünki bu, onun yenidən Azərbaycan prezidenti seçildikdən sonra Rusiyaya ilk səfəri, eləcə də Rusiya liderinin yenidən dövlət başçısı seçilməsindən sonra ilk görüş idi. Yeni prezidentlik dövrləri həmişə simvolik xarakter daşıyır. Və simvolikdir ki, hər iki lider yenidən seçildikdən sonra həqiqətən yaxşı qonşular, eyni istiqamətə baxan ölkələr, strateji tərəfdaşlar və müttəfiqlər kimi qeydləri müqayisə etmək qərarına gəliblər. Və onlar hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən konkret strateji layihələrin həyata keçirilməsi üçün yeni dövr müəyyən ediblər, məsələn, Əliyevin Putinlə görüşündə qeyd etdiyi kimi, bir çox ölkələr arasında ticarət əlaqələrini stimullaşdırmaq üçün, yükdaşımaların təhlükəsizliyi üçün qlobal əhəmiyyət kəsb edən “Şimal-Cənub” dəhlizi məsələsi. Rusiya lideri mütəmadi olaraq Şimal-Cənub layihəsinin həyata keçirilməsinin vacibliyindən danışır.

Bu gün Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, Azərbaycan Rusiya üçün böyük dost, müttəfiq, strateji tərəfdaşdır və onunla çoxlu müştərək layihələr həyata keçirilir. Azərbaycan Rusiya Federasiyası üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir. Rusiya ilə Qərb arasındakı münaqişə fonunda, Qərbin Rusiyanın qonşularından ona qarşı necə istifadə etməyə çalışdığı və heç də hamının Rusiya Federasiyasının müttəfiqi olaraq qalmağa nail olmadığı fonunda Azərbaycan, şübhəsiz ki, mühüm ölkədir. Və bizim münasibətlərimiz zamanın və ciddi sınaqların sınağından çıxıb. İlham Əliyev isə xüsusilə vurğuladı ki, iki il ərzində iki ölkə əməkdaşlıqda Müttəfiq Əməkdaşlıq Bəyannaməsinə sadiq qalıb və qalacaq.

Putin və Əliyevin bu gün vaxtilə Heydər Əliyevin rəhbərlik etdiyi layihə olan Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşməsinə də diqqət yetirmək vacibdir. Belə bir görüş nə qədər yaxşı, insani məqamdır. Və Putinin Əliyevi belə bir tədbirə dəvət etməsi, məncə, həm Moskvanın, həm də Bakının bizim güclü tarixi əlaqələrimizə nə qədər diqqət yetirdiyini bir daha nümayiş etdirir ki, bu da son dərəcə vacibdir. Və Moskva Heydər Əliyevə və onun Sovet dövlətinin inkişafındakı xidmətlərinə necə hörmət edir.

Xatırladığımız kimi, bu yaxınlarda Mixail Mişustin Bakıya gəlmişdi. Bu, həm də şübhəsiz ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətinin və ölkələrimiz arasında layihələrin həyata keçirilməsinin dayanmadan davam etməsinin çox ciddi göstəricisidir.

O da maraqlıdır ki, Əliyevin Moskvaya səfərindən bir neçə gün sonra böyük ehtimalla (ən azı Dmitri Peskov belə təmasların mümkünlüyünü bu gün elan edib) Ermənistanın baş naziri Nikol Paşinyan gələcək. Bu gün Rusiya ilə Ermənistanın münasibətləri çətinləşib. Liderlər həm də onlarda bəzi həssas məsələləri, eləcə də regiondakı vəziyyətə baxışlarını müzakirə etmək imkanı əldə edəcəklər. Beləliklə, Vladimir Putinin həm Azərbaycan, həm də Ermənistan liderlərinin mövqeləri ilə tanış olmaq və müvafiq nəticələr çıxarmaq imkanı var.

- Bu yaxınlarda Bakı və İrəvan sərhədlərin delimitasiyası prosesinə başlamaq, eləcə də Ermənistanın işğal etdiyi 4 kəndi Azərbaycana qaytarmaq barədə razılığa gəliblər...

- Bu, onun göstəricisidir ki, Bakı və İrəvan birbaşa, vasitəçi olmadan kifayət qədər uğurla danışıqlar apara bilərlər. Delimitasiyanın başlanması prosesi isə neçə ildir ki, bu mövzunun praktikada tətbiq oluna bilməməsi fonunda Ermənistan-Azərbaycan sülh yolu ilə gedən prosesdə çox mühüm irəliləyişdir. Şübhəsiz ki, Azərbaycan burada yenidən güclü mövqedən çıxış edir. Lakin İrəvanın sülh prosesində irəliləməyə hazır olması Ermənistana yalnız uzunmüddətli perspektivdə fayda gətirməlidir. Ola bilsin ki, nəhayət sülh müqaviləsi imzalansın. Siyasət mümkün olanın sənətidir. Biz görürük ki, sülh prosesi necə böyük çətinliklər və Ermənistan hakimiyyətinin bəzən ziddiyyətli bəyanatları, Qərbin Ermənistanın tərəfini tutmaq cəhdləri ilə müşayiət olunur. Lakin sülh prosesi yolunda müsbət irəliləyişin sübuta yetirilməsi faktı hələ də müəyyən ümidlər verir ki, konstruktivlik baş verə bilər.

Kəndlərin Azərbaycana qaytarılması ilə bağlı gördüyümüz etirazlara gəlincə, biz bunu ilk dəfə deyil ki, Ermənistan-Azərbaycan nizamlanmasının gedişində görürük. Ona görə də biz ilk növbədə bu kəndlərin kimə məxsus olmasına arxalanmalıyıq. Və təxribatlara əhəmiyyət verməməliyik.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər