MİA

  • 5 691

“Buratino” doğma dildə milli səhnədə - TƏƏSSÜRAT

image

Dünyada sülhün iki simvolu var, biri ağ göyərçinlər, digəri gülümsəyən uşaqlar. Hər ikisi saflığın, təmizliyin, dincliyin simvoludur. Dünyada sabitliyi, dincliyi, sülhü ən çox arzulayan da övladı olan insanlardır. Dünyanın yaşanacaq yer olması üçün, uşaqlarımızın sülh içində böyüməsi üçün bu sabitliyi qorumaq məcburiyyətindəyik.

Bəşəriyyətin xoşbəxtliyi uşaqların qorunmasından, onların yaxşı tərbiyə olunmasından asılıdır. Axı bu günün uşaqları sabahın böyükləri, dolayısı ilə idarəçisidirlər. Sülhü təmin etmək üçün bütün dünya uşaqları arasında dostluq əlaqələrini qurmaq, bütün xalqlarının vəhdətini yaratmaq, uşaqlara sülhün nə demək olduğunu anlatmaq lazımdır. 1 İyun tarixi uşaqların müdafiəsi istiqamətində təsis edilmiş, bu məqsədlə qeyd edilən tarixdir. Amma ilin 1 günü yox, bütün günləri onlarındır – təhlükəsiz, sabit, sülh ilə təmin olunmuş bir dünya borcluyuq onlara.

Əslində, valideyiniksə, bütün söhbətlərin sonu dönüb-dolaşıb uşaqlara gəlir. Ən vacib qərarlarımız onlar haqqındadır, ən ciddi planlarımız uşaqlarımızın barəsindədir, ən böyük arzularımız onların gələcəyi ilə bağlıdır. Bütün həyatımız özümüzdən nələri isə uşaqlarımıza ayırmaqla keçir- diqqətimizi, qayğımızı, sevgimizi, sağlamlığımızı onlara sərf edirik. Uşaqların mədəni-mənəvi zövqünün formalaşmasında valideyn olaraq bizim rolumuz böyükdür. Mədəni zövqü olan, incəsənətlə əhatələnmiş mühitdə böyüyən uşaqlar sülh təminatı olan gələcəyin sərmayəsidir. Buna görə də onları tez-tez muzey, teatr kimi incə zövqü formalaşdıran məkanlara aparmaq lazımdır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Buratino" nağıl-tamaşası nümayiş etdirildi. Doğrudur, hamımız "Buratino"nu görmüşük, əksəriyyətimiz dəfələrlə izləyib, lakin biz bu nağıl-tamaşanı həmişə rus dilində izləmişik. Teatr tariximizdə ilk dəfə 2019-cu ildə Akademik Musiqili Teatr balacaların bu sevimli tamaşa personajlarını azərbaycanca danışdırıb. Görkəmli rus yazıçısı Aleksey Tolstoyun "Qızıl açar və yaxud Buratinonun macəraları" povesti əsasında hazırlanan bu tamaşanın quruluşçu rejissoru Elməddin Dadaşovdur.

Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti Sevinc Məmmədovadır. 2019-cu ildən Musiqili Teatrın səhnəsində oynanılan bu tamaşanın 35-ci nümayişinə teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanovanın dəvəti ilə Uşaqların Beynəlxalq Müdafiəsi ünündə mən dəövladlarımla birlikdə iştirak etdim.

Hələ pərdələrin qalxmasına bir az vardı, foyedə tamaşanın rejissoru Elməddin Dadaşovla söhbətləşdik. Bildirdi ki, tamaşa 2019-cu ildə ilk dəfə 9-10 mart tarixində Milli Teatr Gününə bir töhfə olaraq təqdim olunub: "Nə xoş ki, həmin il biz "Akademik" statusu aldıq və bu tamaşamız tarixə Akademik Musiqili Teatrın ad aldıqdan sonra ilk uşaq tamaşası kimi düşdü. Hər birimiz postsovet dönəmində bu filmi "Belarusfilm"in təqdimatında izləmişik. Hörmətli teatr rəhbəri Əliqismət müəllimlə yaradıcılıq nöqteyi-nəzərindən müzakirəmiz zamanı ondan tamaşanın bədii rəhbəri olmasını xahiş etdim, çünki bir böyük kimi, bir ziyalı kimi fikirləri əhəmiyyətlidir. Bizim həmişə o fikirlərə ehtiyacımız var.

Biz fikirləşdik ki, niyə də bu tamaşa doğma dilimizdə olmasın? Çünki sovet dönəmində və ondan sonrakı nəsil onu rus dilində anladıqları üçün izləyirdilər. Amma dövrümüzdə də uşaqlar öz sevimli personajını azərbaycanca izləmək imkanı qazana bilərlər deyə düşündük. Düzdür, filmin orijinalı iki saatdır, amma biz 1 saat 15 dəqiqə çərçivəsində bir tamaşa hazırlamışıq. Tamaşanın əsas qayəsi və ana xətti ondan ibarətdir ki, dostluğa sadiq olun, oxuyun, öyrənin, böyükləri unutmayın. Hansısa ağır və gözlənilməz situasiyalara düşdükdə mütləq şəkildə hər zaman böyüklərin dediyi öyüdləri, nəsihətləri qulağınıza sırğa edin ki, sonra problemlərlə üzləşməyəsiz."

Rejissor bütün uşaqları müdafiə günü münasibəti ilə təbrik etdiyini, bundan sonra bütün günlərin uşaqlara sülh gətirməsini dilədi: "Bu özəl və gözəl gün münasibətilə canımız Azərbaycanda yaşayan, doğulan müqəddəs vətənimizin övladlarının canı-könüldən bayramlarını təbrik edirəm. Hər zaman xoşbəxt böyüsünlər, mətin addımlarla addımlasınlar, arzuları hər zaman çin olsun. Vətənimizə, yurdumuza layiqli övladlardan olsunlar. Hər zaman mədəniyyətimizdə öz nişanələri olan övladlardan olsunlar."

Sonra tamaşa başladı. Zalda xeyli məktəbli, azyaşlı tamaşaçı vardı. Müəllimlərin və valideynlərin uşaqlarda teatra həvəs yaratması, özəl günlərində onları bu mədəniyyət ocağına gətirməsi də təqdirəlayiq haldır. Rusdilli nağılın qəhrəmanlarını Azərbaycan dilində eşitmək zaldakı uşaqların marağına səbəb olmuşdu. Onu da qeyd edim ki, tamaşanın nəfis səhnə tərtibatı, dekorasiyası vardı, səhnənin idarəsi olduqca peşəkar idi. Hər səhnəciyə özəl tərtib edilmiş dekorasiya hərəkət edən döşəmə sayəsində yer dəyişdirir, aktyorların işini ləngitmir, balacaları gözlətmirdi. Aktyorların kostyumu, rəqslər və musiqilər də peşəkar hazırlanmışdı.

Tamaşaya teatrın aktyorları Zaur Əliyev, Telli Hüseynova, Ofeliya Məmmədova, Gülnarə Əzizova, Hüseyn Əlili, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Nərmin Əliyeva, Rauf Babayev, Ruslan Mürsəlov Mehriban Rəcəbova, Cəbrayıl Cəbrayılov, Murad Əliyev, Nərmin Əliyeva və balet artistlərinin təqdimatında baxdıq.

Teatrdan xoş təəssüratlarla ayrıldıq. Tamaşa boyunca mədəni-mənəvi zövqümüzü oxşayan aktyorlara, klasssik və ibrətamiz nağılı səhnələşdirib uşaqlarda incə zövq aşılayan rejissora və teatr rəhbərliyinə işlərində uğurlar, bol tamaşaçı və sürəkli alqış diləyi ilə...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər