MİA

  • 5 841

Cənnəti cəhənnəmə çevirməyək - ARAŞDIRMA

image

5 iyun Ümumdünya Ətraf Mühit Günüdür

1971-ci il. Yer planeti. Sənayenin sürətli inkişafı dünyanın ekoloji sistemində problemlərin başlamasına səbəb olub və artıq ilk ciddi simptomlar ortadadır. Atmosfer çirklənib, su mənbələri çirklənib, torpaqlar fasiləsiz əkin dövriyyəsi və dərmanlama sayəsində gücünü itirir, meşələr kütləvi qırılır...Proqnozlar getdikcə ekoloji vəziyyətin kritikləşəcəyini göstərir. Nəsə etmək lazımdır. Lakin dövlətlər və şirkətlər bunda maraqlı deyil, çünki iqtisadi artım əsas güc mənbəyi kimi qəbul olunub. Ümid bəşəriyyətin müdrik şəxsiyyətlərinə, alimlərə, mədəniyyət xadimlərinə qalır...

11 may 1971-ci il. Dünyanın 23 ölkəsinin 2200 nüfuzlu elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət daxil olur. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtaracaq” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq edirlər.

16 dekabr 1972-ci il. BMT Baş Assambleyasının 27-ci sessiyasında 5 iyunda “Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması elan edilir və BMT sistemində yeni təşkilat- Ətraf Mühit Proqramı (UNEP) yaradılır. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.

Hər il UNEP Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. Xatırladaq ki, 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Bakı şəhəri də mərkəz şəhər seçilmişdi.

BMT baş katibinin 5 İyun- Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı Müraciətində bildirilir ki, “...dünya əhalisinin sayı 2050-ci ilədək 9 milyardı ötə bilər. Bu isə əhali sıxlığından əziyyət çəkən şəhərlərə, o cümlədən qida, su və enerjiyə tələbatın artması səbəbindən təbii ehtiyatlara daha çox təzyiqin olacağı deməkdir. Bütün dünyada hazırda 1,5 milyard insan işsizlikdən, yaxud layiqli iş yerinin olmamasından əziyyət çəkir. Hesablamalara görə, növbəti 10 il ərzində daha yarım milyard insan əmək bazarına qoşulacaqdır. Ağıllı siyasət və düzgün investisiya qoyuluşu vasitəsilə ölkələr ətraf mühiti mühafizə edə, iqtisadiyyatlarını inkişaf etdirə, layiqli iş yerləri aça və sosial inkişafı sürətləndirə bilərlər.

Müraciətdə qeyd olunur ki, artımın və pulun yalnız ümumdaxili məhsul vasitəsilə ölçülməsi adekvat deyildir. Davamlılığın əsası olan enerji, su, qida, iş yerləri kimi məsələlərdə də inkişafa nail olmalıyıq.

Azərbaycan təbiətinin spesifikası və biomüxtəlifliyi

Ən zəngin təbii sərvətlərə malik ölkələrdən olan Azərbaycan ərazisində 9 iqlim tipi üzrə 4500 növədək ali bitkilər qeydə alınıb ki, bu da Qafqazın növ tərkibinin 64%-ni təşkil edir. Bu bitkilərin 7%-i yəni 240 növü endemik və relikt olub 108 cinsə və 36 ailəyə daxildir.

Ölkə ərazisində 48 ailə və 135 cinsə mənsub 107 ağac və 328 kol bitir. Bu da bitki növlərinin 11%-ni təşkil edir. Dendrofloranın tərkibində 70-dən artıq endemik növlər mövcuddur ki, onlar da ağac və kolların ümumi sayının 16%-ni təşkil edir. Azərbaycanın “Qırmızı Kitabı”na 150-ə yaxın bitki növü daxil edilib.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. “Qırmızı Kitabı”a məməlilərin 14, quşların 36, balıqların 5, amfibiya və reptiliyaların 13, həşaratların 40 növ və yarımnövləri daxil edilib.

Ölkə ərazisində 10 milli park, 13 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı və 15 min hektar endemik və qiymətli meşə növü sahələri var. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 600 min hektara yaxındır və bu da ümumi ərazinin 10%-dən çoxunu təşkil edir.

Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş “Təbiət abidələri siyahısı”na 30 xüsusi əhəmiyyətli meşə əraziləri, yaşı 100 ildən artıq olan 2083 ağac, 73 geoloji və paleontoloji obyektlər daxil edilib.

Su hövzələrinin transsərhəd çirklənməsinin ekoloji vəziyyətə təsiri

Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatı yoxdur. Su ehtiyatlarının 70 faizi ölkə sərhədlərindən kənarda formalaşır. Təbii ki, suyun çatışmamasında mövcud ehtiyatlardan səmərəli istifadə edilməməsinin də rolu var.

Azərbaycanın su hövzələrinin çirklənmə dərəcəsi yüksəkdir. Əsas təbii su hövzəsi olan Xəzər dənizinə ildə təxminən 12 mlrd. kubmetr çirklənmiş su axıdılır ki, bunun da 80 faizindən çoxu Rusiyanın payına düşür. Azərbaycan ərazisindən isə, dənizə hər il 250 mln. kubmetrdən artıq çirkli su axıdılır. Bunun nəticəsində hazırda Bakı buxtasında 60 mln. kubmetrdən çox çirkləndirici maddələr toplanıb.

Azərbaycanın su hövzələri arasında maksimal antropogen gərginlik əsas su arteriyası olan Kür çayı hövzəsinə düşür. Kür suyunun 75 %-i Türkiyə, Gürcüstan və Ermənistan ərazilərində formalaşır.

Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə ildə orta hesabla Ermənistan 300 mln. kubmetr, Gürcüstan 265 mln. kubmetr, Azərbaycan isə 25 mln. kubmetr çirklənmiş su axıdır və bunun nəticəsində çay suyu mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənir. Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə Kür çayına ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Çay suyunda nitratlar normadan 4 dəfə , neft məhsulları 2-6, mis və fenollar isə 20 dəfə artıqdır. Kürün çirklənməsi ölkəmizin ərazisində də davam edir. Burada karbohidrogenin miqdarı normadan 36, fenolların miqdarı isə 10 dəfə artıqdır.

Ən güclü çirklənməyə məruz qalan Kürün sağ qolu olan Araz çayıdır. Ermənistanın Qacaran dağ-mədən və Qafan mis-molibden kombinatlarının, Metsamor AES-in tullantıları Arazın ekoloji vəziyyətini son dərəcə kəskinləşdirib. Çay sularında misin miqdarı yol verilən həddən1000 dəfə, molibdenin miqdarı isə 2-3 min dəfə artıqdır.

Atmosferin çirklənmə səbəbləri və bunun canlı aləmə təsiri

Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neftkimya və energetika müəssisələri və avtonəqliyyatdır. Beş ən iri şəhərin (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan) payına bu tullantıların 96%-i düşür.

Atmosfer havasının mühafizəsinə yönəlmiş bir çox tədbirlər həyata keçirilib. Belə ki, neftayırma zavodlarında köhnə neftayırma qurğularının yeniləri ilə əvəz olunması, bir çox qeyri-mütəşəkkil tullantı mənbələrinin ləğv edilməsi, tərkibində kükürd birləşmələrinin miqdarı çox olan neftin emalının dayandırılmasını, “Qaradağ” sement zavodunda elektrik süzgəclərinin əsaslı təmir olunması və digər toztutucu qurguların yeniləri ilə əvəz olunması və s. göstərmək olar.

Statistik hesabatlara görə, sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına ildə 1 milyon tondan artıq zərərli maddələr atılır. Bakı şəhərində isə atmosferə il ərzində yarım milyon tondan artıq zərərli maddələr atılır.

Qeyd edək ki, karbon oksidinin havada konsentrasiyası 0,02-0,75% olduqda oteresklerozun yaranmasına, mərkəzi əsəb sisteminin pozulmasına, miokard infarktının və ağ ciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

Tərkibində 0,2-0,25 % karbon oksidi olan hava ilə 30 dəqiqə nəfəs aldıqda özündən getmə halları ola bilər. İnsan orqanizminə təsirinə görə azot oksidi karbon oksidindən 10 dəfə zərərlidir, kükürd oksidi nəfəs yolu ilə insan orqanizminə düşdükdə maddələr mübadiləsinin pozulmasına səbəb olur, aldehidlər insanın mərkəzi əsəb sistemi üçün təhlükəlidir. Benz(a)piren və qurğuşun oksidinin insan orqanizminə zərərli təsiri isə dəfələrlə artıqdır.

Torpaq ehtiyatlarının çirklənməsində antropogen amillərin rolu

Ölkəmizin torpaq-bitki örtüyü olduqca müxtəlifdir. 8,6 milyon hektar ümumi torpaq fondunun təxminən yarısı- 4,2 milyon hektarı- kənd təsərrüfatına yararlıdır. Bu torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma və kimyəvi çirklənmə nəticəsində deqradasiya geniş vüsət alır.

Bu prosesdə xüsusilə intensiv rol oynayan faktorlardan biri də eroziya prosesləridir. Ölkəmizdə 3,7 mln. ha və ya 43% torpaq sahəsi bu prosesin təsirinə məruz qalıb ki, bunun 0,7 mln hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı əkinçiliyin aşağı səviyyədə olması, sistemsiz olaraq mal-qaranın otarılması, meşə və yaşıllıqların məhv edilməsi və s. antropogen amillərdir.

Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində on min hektarlarla torpaq korlanıb sıradan çıxır. Ölkəmizin 1,2 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı- 600 min ha-dan artığı suvarılan sahələrdir. Təxminən 300 kv km ərazi sel suların təsirinə məruz qalır. Xüsusilə təhlükəli zona Böyük Qafqazın dağ silsiləsini əhatə edir və hər 2 ildən bir təsadüf edən sel suları təxminən 1 mln. kubmetrədək torpağı yuyaraq təbiətə külli miqdarda ziyan vurur.

Planetin ağciyərləri olan meşələrin əhəmiyyəti və qorunması

Azərbaycan torpaqları zəngin və rəngarəng floraya malik olsa da meşəlik baxımından kasad region sayılır. Rəsmi statistikaya görə ərazimizin 11 %-ni meşələr təşkil edir ki, bu da qəbul edilmiş beynəlxalq normalardan 2 dəfə azdır. Ölkəmizin ərazisində 450-yə yaxın ağac və kol növlərinə rast gəlinir ki, bunlardan da bir çoxu nadir və endemik bitkilərə aiddir.

İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində 1993-2020-ci illər arasında meşələrimizə sağalmaz yara vurulub. Ermənistanın təcavüzü nəticəsində 10 233 ha meşə sahəsi isə təsərrüfat dövriyyəsindən çıxıb, qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.

Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub, dağ və dağətəyi meşələr qırılıb sıradan çıxır. Azərbaycanın “Qırmızı Kitabı”na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan növlər daxil edilib. 400 növdən artıq bitkinin xüsusi mühafizə olunmasına ehtiyac var.

Qeyd etmək lazımdır ki, son vaxtlar əhali və müvafiq emal müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin artması müşahidə olunur. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin görülən işlər yetərli deyil.

Çirklənməni azaltmaqda tullantıların idarə olunması və təkrar istehsalın rolu

Mövcud ekoloji problemlərdən biri də təhlükəli tullantıların idarə olunması, yəni ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. Adı çəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.

Texnoloji inkişaf sürətləndikcə, ekoloji problemlər kəskinləşir. Bu kontekstdə dünya elminin qarşısında duran əsas vəzifələrdən biri də alternativ enerji mənbələindən istifadə, planetin təbii ehtiyatlarının qorunması kimi problemlərin həll edilməsidir.

Dünya miqyasında enerjiyə ehtiyacın daha da artdığı indiki dövrdə alternativ enerji mənbəyindən istifadə beynəlxalq əhəmiyyətli bir problem kimi bütün dövlətləri düşündürür. Ekoloji vəziyyətin ağırlaşması və planetin təbii resurslarının sürətlə tükənməsi iri dövlətləri alternativ enerji mənbələrinə diqqəti artırmağa vadar edib.

Ənənəvi enerji ehtiyatları çox olsa da, onlar tükənən mənbələrdir və ekologiyaya zərər vurur. Alternativ və bərpa olunan enerji isə üstün cəhətləri tükənməzlik və bərpaolunma xüsusiyyəti, həmçinin ekoloji baxımdan təmizliyidir. Lakin burada da həll olunmalı problemlər var ki, onlar haqda növbəti yazımızda danışacağıq.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər