MİA

  • 2 691

Yaşıl enerji potensialımız nə vəd edir? - ARAŞDIRMA

image

Dünyada enerjiyə tələbat artdıqca vəziyyət gərginləşir. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək dünyada enerjiyə olan tələbat 53% artacaq.

Sürətli istismar nəticəsində dünyada neft, qaz, kömür və s bu kimi ənənəvi enerji ehtiyatları tükənmək üzrədir. Bunun əsrin 2-ci yarısında baş verəcəyi haqda ciddi elmi proqnozlar var. Mütəxəssisin qənaətincə, bu kimi proqnozlar yaxın gələcəkdə ənənəvi enerji mənbələrinə təzyiqin necə artacağını və resursların kifayət etməyəcəyini göstərməklə yanaşı, həm də alternativ enerjinin vacibliyini və perspektivini göstərir. Üstəlik, ənənəvi enerji xammalları ekologiyaya da böyük zərər vurur. Dünya energetikasının hələ də böyük hissəsini kömür təşkil edir, sonrakı yerləri neft, qaz, atom enerjisi tutur ki, bunların hamısı təbiətə ciddi zərər vurur. Həm də çox baha başa gəlir.

Məhz bu səbəbdən inkişaf etmiş dövlətlər alternativ enerji mənbələrindən istifadəni artırmaqla ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa çalışırlar. Bu sahə digərləri kimi tükənən xammala əsaslanmır, daimi, tükənməz ehtiyatlardan istifadəni ehtiva edir. Üstəlik, bu ekologiyaya zərər vurmayan, təbiəti qoruyan, əlavə istehsal vasitələri, hər il yeni xərclər tələb etməyən sahədir.

Dünya üzrə bu sektora ildə 500 milyard avrodan çox investisiya qoyulur. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 18 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.

Elmi araşdırmalar göstərir ki, Azərbaycanda günəş, külək, termal sular, biokütlə və s. təbii enerji resurları yüksəkdir. Son tədqiqatlar ölkəmizdə 28 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür.

Külək enerji resurslarına görə, dünyada ön sıralardayıq. Hətta, bu sahədə liderlik edən Almaniyada belə küləyin gücü ölkəmizdə olan qədər deyil. Günəş enerjisi sarıdan da şanslı ölkəyik. Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar ki, bu regionda külək və günəş energetikasının inkişafı çox perspektivlidir. Hökumət bu potensialdan yararlanmaq üçün bir sıra vacib işlər həyata keçirib. Müxtəlif ərazilərdə külək və günəş enerjisi qurğuları quraşdırılıb. Bundan başqa, bir sıra binaların, turist mərkəzlərinin və sair obyektlərin günəş və ya külək enerjisi ilə təminatı həyata keçirilib. Kiçik SES-lərin tikintisi davam edir. Bu kimi digər işlər də həyata keçirilib.

Qeyd etməliyik ki, Azərbaycanın yaşıl enerji potensialı təkcə hidroelektrik, günəş və külək enerjisi deyil, başqa imkanlar da var. Ölkəmizdə biokütlə və geotermal enerjisi üçün də böyük mənbələr var. Bəzi dağ kəndlərində pilot layihə çərçivəsində bioqaz qurğuları da quraşdırılıb. Balaxanıdakı məişət tullantılarını emal edən zavod da bura aid edilə bilər.

Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında alternativ enerjinin payı 17 faizi keçib. 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 30%-nin bərpa olunan enerjidən əldə edilməsi hədəf qoyulub.

Lakin potensial hazırki istehsal həcmindən min dəfələrlə böyükdür. Bu səbəbdən də, Azərbaycan hökuməti təkcə neft-qaz energetikasına ümidli olmur, paralel olaraq da alternativ enerji mənbələrinin inkişafına çalışır.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda yaşıl enerji siyasəti haqda danışarkən bildirib ki, son illərdə Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. “Biz ən böyük Günəş Elektrik Stansiyasını- 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik... Bununla yanaşı, ötən ay Bakıda biz 3 Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm 1 qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”.

Dövlət başçısı Azərbaycan enerjisinin ixrac potensialına da toxunub: “Mən bilirəm ki, Avropa şirkətləri bərpaolunan enerjiyə nə qədər yatırım edirlər. Mən bunu təqdir edirəm. Ancaq beynəlxalq ekspertlərin hesabatına görə, nə qədər etsələr də, bu, dünyanın və Avropanın ehtiyacını tam ödəyə bilməyəcək və ona görə də biz həmin kabel üzərində işləyirik”.

Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Burada potensial 4 qiqavatdır. Lakin prezident qeyd edib ki, layihə təkcə bu deyil: “Biz Özbəkistan və Qazaxıstanla bir neçə ay bundan əvvəl Xəzər dənizinin dibi ilə gedəcək elektrik kabeli haqqında saziş imzalamışıq və bunun texniki əsaslandırılması olacaq. Onların da bu sahədə təcrübəsi var. Bizim planlarımız istədiyimiz kimi həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni, bu layihə Cənub Qaz Dəhlizindən də daha böyük layihə olacaq”.

Enerji sektorunun diversifikasiyası ilə bağlı hökumətin elan etdiyi əsas məqsədlərdən biri Azərbaycanda enerji tələbatının ümumi həcmində alternativ enerjinin səviyyəsini sürətlə yüksəltməkdir. Böyük resurslarımız var, amma bu sahənin sürətli inkişafı üçün yeni texnologiyalara, mütəxəssislərə, böyük investisiyalara ehtiyac var.

Ona görə də, bu istiqamətdə görülən işlər daha da sürətləndirilməli, bu sahə iqtisadiyyatın diversifikasıyası kontekstindən nəzərdən keçirilməli, neft sektoruna alternativ sahələrdən biri kimi inkişlaf etdirilməlidir.

Bunun üçün bu sahədə özəl şirkətlərin fəaliyyəti stimullaşdırılmalı, onlara müəyyən müddətə vergi güzəştləri edilməlidir. Bundan başqa, xarici fondlarda 1 faizlə gəlirliliklə saxlanan maliyyə ehtiyatlarımızdan müəyyən bir hissəni bu sahəyə investisiya və kredit şəkilində yönəltməklə qısa müddətdə ciddi nəticələr əldə etmək olar.

Enerjinin daimi bazarı var, hətta biz elektrik enerjisi şəklində sata bilməsək belə, ölkədə daxili neft-qaz istehlakını azalda bilər, enerjiyə olan tələbatın böyük bir hissəsini öz alternativ enerjimizlə ödəyərək, qalan nefti və qazı da xaricə baha qiymətə sata bilərik.

Göründüyü kimi, bu, olduqca strateji və əvəzedilməz, daimi işləyəcək və xeyir verəcək bir sahədir. Düzdür, ilk vaxtlarda müəyyən çətinliklər yaranır və yaranacaq, lakin biz strateji qitisadi inkişaf sistemi yaratmağa məcburuq. Unutmaq lazım deyil ki, tükənən resurslara dayanan iqtisadiyyat gələcək üçün böyük təhlükə yaradacaq. Nə qədər ki gec deyil, bu barədə daha ciddi düşünməliyik.

Bu sahədə özəl şirkətlərin və vətəndaşların da fəal iştirakı daha effektli olardı. Hər şeyi dövlətdən gözləmək olmaz. Dövlət sadəcə, bunun üçün lazımi şərait yarada bilər və bu məsələnin daha bir tərəfini təmin edə bilər. Belə ki, alternativ enerji istehsal şəxslərin öz ehtiyaclarından artıq istehsal etdikləri enerjinin artıq qalan hissəsinin sata bilməsi imkanı təmin olunmalıdır. Bu addım bu sahənin inkişafına ciddi təkan verə bilər. Dövlətin enerji təminatı öhdəliyi azalar və artıq qalan enerji resurslarını ixrac edib xeyli valyuta qazana bilər. Hər bir halda bərpaolunan enerji gələcəyin qarantıdır. Bu istiqamətdə işləri sürətləndirmək lazımdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər