PDF Oxu

MİA

  • 6 426

Ana dilinin düşmənləri

image

Lalə Mehralı

Peşəkar jurnalistika mətbuatın yaralı yeridir. O yaranın yaranmasına səbəb isə bir çox mətbu orqanda işə cəlb olunma yollarının peşəkar olmamasıdır. Belə ki, bəzi kütləvi informasiya vasitələrində əsasən qohumluq, tanışlıq və ya oxşar səbəblərdən yuxarı post tutmaq, qeyri-peşəkar kimi peşəkarlara iş buyurmaq mümkündür.

İşə götürülərkən peşəkarlığın yox, başqa kriteriyaların əsas götürülməsi isə təbii olaraq işimizə maneə törədərək ümumi media bazarına zərər vurur. Media orqanları peşəkar kollektiv yaratmaq yerinə təcrübəsiz gənclərlə işləməyi daha məqbul hesab edir, o gənclərin əksəriyyəti də ana dilində bilmir. Hansı yollarla efirə ayaq açdığı bilinməyən televiziya aparıcılarının nitqi, tələffüzü efirdən çox tamaşaçını uzaqlaşdırıb.

Bu günlərdə bir televiziyadan jurnalist “votsap”a yazdı, çəkiliş üçün görüşməyimizi və müsahibə verməyimi xahiş etdi. Münasib olmadığım üçün üzrxahlıq etdim, çəkilişə ehtiyac olanda ən az bir neçə saat əvvəldən bildirməsini xahiş etdim. Cavab olaraq mənə belə bir şey yazdı: “ok, tmm, anlık gelişti”. Başa düşmədim yazdığını, həmin vaxt başım qəzetin nəşrinə yetişdirməyə çalışdığım məqaləyə qarışıq olduğu üçün üzərində çox da baş sındırmadım ki, görəsən nə demək istəyib. Sonra, işdən vaxt olanda təkrar baxdım mesaja və nə demək istədiyini o zaman anladım. Jurnalist demək istəyib ki, mənimlə müsahibə qəfildən yaranmış ehtiyac olub, yoxsa əvvəldən xəbərdar edərmiş.

Bunu yazan bir televiziya reportyoru idi, o xanım hər gün çəkilişlərdə, reportajlarda olur, müsahibələr alır, sonra montaja girir, səsləndirmə edir. Ana dilini ən mükəmməl şəkildə bilməsi də işinin bir hissəsidir, öhdəliyidir. Amma ana dili yerinə iki dilin qarışığından natamam yazılmış cümlə bunun əksini deyir.

Elə jurnalistlər, elə televiziya aparıcıları var ki, yazılarını oxuyanda, reportajlarına qulaq asanda, müsahibələrini dinləyəndə, verilişlərini izləyəndə qulaqlarım işgəncə çəkir, gözlərim “qanayır”. Xüsusilə, internet jurnalistikası bərbad vəziyyətdədir, tərcümələr hesabına günü başa vuran gənc jurnalistlərin yazdığı yazıları oxuduqca yazının mahiyyəti bir tərəfdə qalır, səhvlərə konsentrasiya olursan. O qədər çox uyğunsuzluq, səhv var ki, heç cür diqqətini cəmləyib məqaləyə köklənə bilmirsən.

Efirdəki aparıcılar bərbad danışırlar. Danışa bilmirlər, desəm, daah doğru ifadə etmiş olaram. Söz bazaları, ifadə bacarıqları yoxdur, hər cümlənin əvvəlində, hər cümlənin sonunda “belə deyim də” ifadəsi işlətməyən aparıcı yoxdur. Nə efir üslubu var, nə danışıq mədəniyyəti. Aparıcıların hansı bölgədən olması elə ilk cümlələrindən bəlli olur. Efirdə müzakirə gedəndə doqqaz önündə toplaşan qonşu arvadların qovğası düşür yadıma. “Ayə”, “ağız”, “ədə” xitabları efirdən birbaşa evimizə soxulur.

Ən sadə bir misal. Böyükdən kiçiyə, savadlıdan savadsıza, alimdən cahilə hamının, elə ən çox jurnalistlərin dilinə düşən “aşağıladı” sözü var. “Təhqir etdi”, “həqarət etdi”, “alçaltdı”, “hörmətsizlik etdi”, “heysiyyətinə, mənliyinə toxundu” - görün dilimizdə nə qədər sinonimi var bir sözün. “Aşağıladı” nədir? Dilin evini niyə yıxırsınız?! Yazanda, danışanda niyə öz dilimizdəki sözlərdən istifadə etmirsiniz? Dili dilim-dilim edənlər, sizdən sonrakı nəsil necə birləşdirəcək o dilimləri?

Digər xəbərlər