MİA

  • 3 207

İlk yardımı bilirsinizmi?

image

İlkin tibbi yardım qəza nəticəsində xəsarət almış insana, qəfil xəstəlik əlamətlərinə görə köməksiz qalan adamlara göstərilən ilk tibbi köməkdir. İlk yardım insan həyatını təminat altına alır, lakin ilk yardımla bağlı məlumatsızlıq olduğu müddətdə vaxtsız ölüm halları da səngiməyəcək.

İlk yardımın göstərilməsində əsas məqsəd təcili tibbi yardım maşını və ya peşəkar müdaxilə əlçatan olanadək yaralının və ya xəstənin həyatını xilas etmək, onun vəziyyətini nəzarətdə saxlamaqdır. Amma ilk tibbi yardım heç də hər kəsin bacarmadığı və kifayət qədər operativlik, psixoloji hazırlıq, soyuqqanlıq tələb edən işdir. Xüsusilə doğmaların ilk yardım göstəriləcək vəziyyətdədirsə insan öz soyuqqanlılığını qorumaqda çətinlik çəkir. İlk yardım zamanı yol verəcəyiniz səhv həmin insanın ölümünə, ya da ömürlük şikəst qalmasına səbəb ola bilər.

Sürücülərin ilk yardımı bilməsi şərtdir

İlk yardım haqqında danışanda ən birinci ağla gələn yol qəzaları zamanı zərərçəkənlərə göstərilən kömək olur. Hər bir sürücü ilk tibbi yardım qaydalarını az da olsa bilməli və həmin qaydalara maksimum əməl etməyə çalışmalıdır. Sürücülük vəsiqəsi üçün olan imtahanda da ən az 1 sual ilk yardım barədə düşür. Unutmayın, peşəkar sürücü yaxşı idarəetməni bacardığı kimi ilk yardım barədə də məlumatlı olmalıdır. Avtomobildə ilk tibbi yardım çantası saxlamaq isə mütləqdir, bu sizin həm sürücü kimi qanun qarşısında vəzifəniz, həm də insani borcunuzdur. İlk yardım çantası qəza zamanı istifadə etmək üçün əlçatan yerdə olmalıdır.

Yollarda qaydaları bilən sürücülər qədər bilməyənlər də var, ona görə qəza çox vaxt qaçılmaz olur. Əgər qəza baş verdisə sürücü və sərnişinlər soyuqqanlılığını qorumalı, zərər çəkən varsa diqqəti ona yönəltməlidir. Qəzada xəsarət almış şəxs müəyyən zamandan sonra qanaxmadan həyatını itirə, bərpası mümkün olmayan zədə ala bilər. Qəza oldusa zədələnən şəxslə danışaraq huşunu itirməsinə mane olun, zədəsini yoxlayın və ilk yardım qaydalarını xatırlayın. Zədə alan şəxsdən əllərini və ayaqlarını hərəkət etdirməyi xahiş edin, ayın tarixini, adını soruşun. Əgər əl və ayaqlar normal hərəkət edirsə deməli onurğa zədələnməyib. Amma şəxs əzalarını tərpədə bilmirsə demək onurğa zədə alıb və bu, sizin daha diqqətli olmağınız vacibdir deməkdir. Onurğası zədələnən insanı yerindən tərpətmək olmaz.

Adını və ayın tarixini deyə bilirsə, deməli, yaddaş və huşitirmə ilə bağlı təhlükə yoxdur, yaralını yoxlayın, qanayan bölgəsi varmı, onu təyin edin. Əgər qanaxmadan əziyyət çəkirsə avtomobilinizin dərman qutusunda olan rezin juqutla qanayan bölgədən 1 qarış yuxarıdan bağlayın, əgər dərman qutusuna əlçatanlıq yoxdursa təmiz bir geyiminizi çıxarıb yaraya basın, qanın axışını zəiflədin, əks halda yaralı qanaxmadan həyatını itirə bilər.

Bunu etdikdən dərhal sonra xəbərdarlıq nişanı quraşdırmağı və qəza dayanma işıqlarını yandırmağı da unutmayın və mütləq Təcili Tibbi Yardıma (103) zəng edin. Zəngdən sonra yaralıya yardımı davam etdirin. Əgər hər hansı sınığın olmasından şübhələnirsinizsə həmin hissəyə çox əl vurmayın. Amma bu hissənin sabit qalması önəmlidir, ətrafa baxın, ola bilər avtomobilinzdə də olsun, iki düz ağac-çubuq parçası tapın və qırılan nahiyənin həm altına, həm də üstünə qoyub sarıyın, belə edəndə sınmış sümüklərin ucu yara bölgəsinə dəyib yaralını incitməyəcək, ağrı qismən də olsa azalacaq.

Unutmayın, hər bir sürücü ilk tibbi yardımı az da olsa bacarmalıdır. Bunun üçün tibbi ədəbiyyat oxuyun, sürücülük imtahanına hazırlaşmaq üçün çap olunmuş vəsaitlərdə bu haqda məlumat var, ehtiyac varsa tibbi təlim alın. Əgər sizi qan tutursa, yaralını gördükdə nə edəcəyinizi bilmirsinizsə yolda hərəkətdə olan digər sürücüləri saxlayın və yaralıya kömək etməsini xahiş edin.

Dəm qazı udan insana necə yardım etməli?

İlk yardımın həyat qurtardığı vəziyyətlərdən biri də dəm qazı zəhərlənməsi zamanı olan müdaxilədir. Bu zəhərlənmə hər il yüzlərlə insanın ölümünə səbəb olur. Dəm qazı (və ya karbon monoksid – CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Dəm qazı çox güclü zəhərdir, orqanizmdə sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur və buna görə də təhlükəsi daha çoxdur.

Dəm qazından zəhərlənmə evin havalandırma sistemi pis işlədikdə və ya heç olmadıqda, qaz sobası, hamam isidicisi düzgün quraşdırılmadıqda baş verir. Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün hamamın qaz isidicisi evin xaricində quraşdırılmalı, havalandırma sistemi işlək olmalı, əgər isidici hamam otağındadırsa qapının aşağı hissəsində dəliklər açılmalıdır.

Dəm qazından zəhərlənmənin simptomları başgicəllənmə, baş ağrısı, gicgahlarda nəbzvari döyüntü, sinədə ağrılar, quru öskürək, təngənəfəslik, ürəkbulanma, qusmadır. Daha ağır hallarda qıcolmalar, özündəngetmə baş verir. Nəzərə almaq lazımdır ki, dəm qazından zəhərlənmiş insana vaxtında lazım olan yardım göstərilməzsə, o tez bir zamanda həyatını itirə bilər.

Dəm qazından zəhərlənmə zamanı ilk yardım kimi zərərçəkəni dərhal açıq havaya çıxarmaq şərtdir. Dəm qazından zəhərlənmənin ilk simptomlarını gördünüzsə dərhal təcili yardım çağırın, yardım gələnədək isə əgər qıcolma yoxdursa və çənəsi kilidlənməyibsə mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək lazımdır. Əynindəki paltarın yaxasını, kəmərini və s. açmalı, onu yarıoturaq vəziyyətə gətirmək, alnına, sinəsinə soyuq kompres qoymaq, qəhvə, tünd çay vermək lazımdır. Hətta yüngül zəhərlənmədən sonra insan mütləq həkimin müayinəsindən keçməlidir.

İnfarkt keçirənə necə kömək edək?

İnfarkt ürəyi qidalandıran damarlardan birinin tıxanması səbəbindən baş verir. Bu zaman tıxanma baş verən nahiyyədə ürək əzələsi hüceyrələri oksigensiz qalıb ölməyə başlayırlar. Əgər erkən müdaxilə olunmasa oksigensiz qalan urək əzələsinin həmin hissəsi bir daha işləmir. İnfark keçirən xəstəyə nə qədər tez müdaxilə olunarsa o qədər çox şansı olar. Bəs infarktı necə anlamalı?

Ürək infarktının ən çox rastlaşdığımız əlaməti sol qola doğru yayılan sinə ağrısıdır. Ağrı şiddətli olur və bəzən mədə bulantısı, tərləmə, baş gicəllənmə kimi hallarda yaranır. Bəzən mədə xəstələri infarktı mədə ağrısı ilə qarışdırırlar. Bəzi xəstələrdə infarkt nəfəs darlığınada da səbəb olur. Elə xəstələr də var ki, infarktı əlamətsiz keçirir. Statistik məlumatalara görə hər 5 ürək infarktından 1-i əlamətsiz və ya zəif əlamətlərlə keçir ki, bu da daha təhlükəli sayılır.

İnfark keçirəni rahat bir yerdə arxası ustə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzadın. Əgər şərait imkan verirsə ayaqları bədənin bərabərindən nisbətən yuxarıya qaldırmaq lazımdır. Çalışın xəstəni tez-tez öskürdün, öskürərkən burnunu tutun. Əgər əlçatandırsa 1 tablet aspirin qəbul edilsə daha yaxşı olar, bu qanı durultmağa kömək edir. Mümkün qədər hərəkətsiz olmaq lazımdır ki, digər orqanlara qan az getsin və ürək gücə düşməsin. Dərhal təcili yardım çağırın. Əgər daha tez xəstəxanaya çatdıracağınızdan əminsinizsə xəstəni özünüz ən yaxın xəstəxanaya aparın.

Suda boğulan var?

Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilir və biz bu yay da bunun bir neçə kədərli örnəyini gördük. Çimərliklərdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq suda boğulma hallarının artması ilə nəticələnir. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar. Statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər. Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Yanan adama müdaxilə

Əgər insan hələ də yanırsa, onun panikaya düşməsinin qarşısını alın və qaçmasına mane olun. Yaralananı yaş yorğana bükərək və ya yerdə yuvarlamaqla yanmağı dayandırmağa çalışın. Zərərçəkənin tənəffüs yollarının açıqlığını və tənəffüsünü yoxlayın. Yanıq çox geniş yayılmırsa, yanmış ərazini ən azı 20 dəqiqə təzyiqi zəif bol soyuq su altında saxlayın. Yanıq yerini təmiz və nəm bir parça ilə örtün, yanığa heç bir maddə vurmayın. Xəsarət alan şəxsi yorğanla örtün və təcili yardıma xəbər verin. Yardım gələnədək saat, üzük, bilərzik və s. varsa tez çıxarın, çünki bədəndə şişkinlik yarana bilər. Yanmış nahiyələrdən paltarı çıxarın, əgər paltar yanmış yerə yapışıbsa, ətrafını kəsərək çıxarmaq lazımdır.

Elektrik yanıqları üçün də ilk yardım vacibdir. Birini cərəyan vurdusa mümkün qədər soyuqqanlı və sakit olun. Xəstəyə və ya yaralanan şəxsə toxunmazdan əvvəl elektrik cərəyanını şəbəkədən ayırın. Cərəyanı kəsmək mümkün deyilsə, insanın izolyasiya materialı (ağac, plastik) ilə elektriklə təmasda olmasına mane olun. Yəni əlinizi ona vurmadan onu naqildən ayırmağa çalışın. Yaralanan şəxsin tənəffüs yollarının açıqlığını və tənəffüsünü yoxlayın, amma zərərçəkmişi yerindən tərpətməyin və təcili yardım çağırın. Unutmayın, təcili tibbi yardım bacarığı həyat qurtarır. Şüurlu şəkildə yardım göstərə bilmək bacarığı fəlakət anında ən vacib üstünlüyümüzdür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər