MİA

  • 1 185

Gürcüstanda seçkilər: Ölkənin taleyi təhlükə altındadır - Gürcü ekspertlərin şərhi

image

Gürcüstanda qarşıdan gələn parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının siyahısına ilk dəfə olaraq partiyanın təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili başçılıq edəcək. 2012-ci ildə “Arzu” siyahısına Kaxa Kaladze (indiki Tbilisi meri), 2016-cı ildə keçmiş baş nazir Giorgi Kvirikaşvili, 2020-ci ildə keçmiş baş nazir Giorgi Qaxariya başçılıq edirdi.

“Gürcü arzusu”nun seçki siyahısında ilk iyirmiliyi ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb. Onun tərkibinə hazırkı deputatlar, Olimpiya çempionları, “Xalqın Gücü” partiyasının formal olaraq “Arzu”dan ayrılan üzvləri, eləcə də partiyanın yeni simaları daxil idi.

Bidzina İvanişvili – milyarder, partiyanın yaradıcısı;

İrakli Kobaxidze – Gürcüstanın baş naziri;

İrakli Qaribaşvili – “Gürcü Arzusu”nun sədri;

Şalva Papuaşvili – parlamentin spikeri;

Mamuka Mdinaradze – parlamentdəki “Arzu” fraksiyasının rəhbəri;

Thea Tsulukiani – Mədəniyyət və İdman Naziri;

Laşa Talaxadze – ağır atlet, üçqat Olimpiya çempionu;

Vaxtanq Turnava hakim partiyanın yeni simasıdır;

Maka Boçorişvili – parlament üzvü;

Geno Petriaşvili – güləşçi, Olimpiya çempionu;

Sozar Subari – “Xalqın Gücü”nün lideri;

Mariam Kvrivişvili – parlament üzvü;

Anri Oxanaşvili – parlament üzvü;

Nikoloz Samxaradze – parlament üzvü;

Eka Çiçinadze hakim partiyanın yeni simasıdır;

Şota Berekaşvili – iş adamı;

Levan Maxaşvili hakim partiyanın yeni simasıdır;

Mixail Kavelaşvili – keçmiş futbolçu, “Xalqın Gücü”nün üzvü;

Georgi Qabunia hakim partiyanın yeni simasıdır;

Lika Shartava psixoloqdur, hakim partiyanın yeni simasıdır.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri ilk dəfə olaraq tam proporsional sistemlə, yəni partiya siyahıları üzrə keçiriləcək.

Hamı başa düşür ki, bu, Gürcüstan üçün həlledici seçkilər olacaq, çünki Tbilisinin xarici siyasətinin taleyi həqiqətən həll olunur. Maraqlıdır, niyə İvanişvili deputat mandatı uğrunda mübarizədə şəxsən iştirak etmək qərarına gəlib? Bu o demək ola bilərmi ki, “Arzu” qalib gəlsə, o, yenidən Gürcüstanın baş naziri postunu tutmaq niyyətindədir?

Bu barədə gürcü ekspertlər öz fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Politoloq, Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Şota Aphaidze deyir ki, bu seçkilər həqiqətən də ölkənin gələcək taleyi, eləcə də xarici siyasəti üçün həlledici vektordur, çünki ölkənin taleyi bu seçkinin nəticələrindən asılıdır.

“Əgər bu parlament seçkilərində “Gürcü arzusu” qalib gəlməsə, Saakaşvilinin partiyası yenidən canlanacaq. Ölkədə xaos başlayacaq, qisaslar, bir sözlə dəhşətlər baş verəcək.

Bidzina İvanişvilinin özü faktiki olaraq partiyasından deputatlığa namizədlər siyahısına imza atıb, lakin mən düşünmürəm ki, bu, yalnız belə statusun deputat toxunulmazlığına malik olmağı nəzərdə tutması ilə bağlıdır. Çünki nəsə olarsa, İvanişvilinin artıq kifayət qədər böyük immuniteti var- bu, onun biznesidir, əlaqələridir və sadəcə olaraq, heç kim ona zərər verə bilməz. Deputat statusunun onun üçün heç bir həlledici mənası yoxdur. Əgər hansısa qüvvələr onu təqib etmək istəyirsə, deməli, o, artıq beynəlxalq sanksiyalar altındadır, yəni yalnız bu halda onu həbs etmək imkanları ola bilərdi”,- deyə tədqiqatçı xatırladıb.

O hesab edir ki, bu addım daha çox ona görə atılıb ki, İvanişvili şəxsən Gürcüstan siyasətinə qayıtsın, çünki o, əslində müəyyən avtoritet, sima, trenddir.

“O, siyasətdən gedəndə düşünürdü ki, onun gördüyü işləri başqa adamlar, himayədarları həyata keçirə biləcəklər. İndi siyasi vəziyyət bir qədər fərqlidir və “Gürcü arzusu”nun reytinqi artıq 2012-ci ildəki kimi deyil, çünki hakim partiya verdiyi vədlərin bir qismini yerinə yetirməyib. Ölkədə doğrudan da sosial-iqtisadi problemlər var, kifayət qədər narazı insanlar var və “Arzu”nun populyarlığı azalıb. Və partiyanın reytinqini gücləndirmək üçün İvanişvili siyasətə qayıtmaq və bu seçkilərdə qalib gəlməyə çalışmaq qərarına gəlib. Onların səs çoxluğunu alacaqlarına şübhəm yoxdur, amma bunu təmin etmək üçün şəxsən geri qayıtdı.

Və təbii ki, bu seçkilərdən sonra İvanişvilinin yenidən Gürcüstanın baş naziri olması mümkündür”, - Aphaidze bildirib.

Politoloq, SIKHA Foundation tədqiqat mərkəzinin təsisçisi Arçil Sixarulidze qeyd edib ki, onun fikrincə, Gürcüstanın xarici siyasət oriyentasiyasının taleyi bu seçkilərdə həll olunmur və bu, böyük şişirtmədir.

“Ölkədə nəsə təklif edə biləcək yeni qüvvənin meydana çıxıb-çıxmayacağına qərar verilir. “Gürcü arzusu”nun yeni parlamentdə yerlərin əksəriyyətini qazanacağına heç kim şübhə etmir. Bidzina İvanişvilini partiya siyahısına deputat toxunulmazlığına görə yox (onsuz da heç kim ona toxunmazdı), qərbli həmkarlarımız yerli müxalifətlə birgə onu günah keçisinə, hər şeydə günahkar olan şəxsə çevirdiklərinə görə salıblar. Ona görə ki, o, artıq hər şeydə ittiham olunur- siyahıda birinci olmaq ağlabatan görünürdü. Çünki indiki iqtidar uduzsa da (bu, baş verməyəcək və heç kimin gözləmədiyi haldır), onsuz da heç kim ona toxunmayacaq, onu heç bir baxımdan həbs etmək olmaz, çünki onu ittiham edəcək bir şey yoxdur.

İvanişvili həm də öz siyasətinin nəticələrini ümumiləşdirmək qərarına gəldi, çünki Qərbdə Gürcüstana nəzarət edənlər və yerli müxalifət onu “əsas şər”ə çevirdilər və o, müxalifəti darmadağın etmək üçün belə nümayişkaranə addım atdı. Hər kəsin həqiqətən gözlədiyi şey budur. Bütün statistika bunu göstərir. Mandatlı və ya mandatsız onsuz da heç kim ona toxunmayacaq”,- deyə mərkəz rəhbəri bildirib.

Bu seçkilərin taleyüklü olduğunu söyləmək mübaliğədir,- ekspert bu fikirdədir.

“Çünki söhbət Bidzina İvanişvili və ya hökumətdən getmir. Bu, çox səthi təhlildir ki, bizim qərbli həmkarlarımız, yəni müxalifət hakimiyyətə gələrsə, bugünkü cəmiyyətdə mövcud olan hər şeyi ələ keçirəcək və dəyişəcək. Bu baş verməyəcək. “Gürcü arzusu” sosial proseslərə, səs çoxluğuna əsaslanır. Və bu insanlar dünyanı Qərb, Şərq və Rusiyadan daha mürəkkəb şəkildə qavrayırlar. “Arzu” bunu yaxşı başa düşür və çox fəal şəkildə istifadə edir”,- deyə Sixarulidze yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər