PDF Oxu

MİA

  • 5 183

Sülh və müharibə: İşıq qaranlığa qalib gələcəkmi?

image

Müharibə və sülh bəşəriyyət yaranandan bəri var, onlar cəmiyyətin əsasını təşkil edən və bir-birinə tərs olan vəziyyətlərdir. Tarixçilər deyir ki, təxminən 6000 ildir insanlar bir-biri ilə mütəşəkkil şəkildə döyüşürlər. Sadəcə, əvvəlcə bunu kortəbii edirdilər, qəbilələr, tayfalar, sülalələr münaqişə edirdi, müasir dövrdə isə millətlər, dövlətlər bir-biri ilə daha planlı mübarizə aparırlar. Tədqiqatlar, tarixi araşdırmalar göstərir ki, dünyada indiyədək aparılan real müharibələrin sayı təxminən 14 mindən çoxdur. Qısası, bəşəriyyət mövcud olduğu gündən üzü bəri müharibəsiz bir günü olmayıb. İnsanlar sülh içində yaşamaq yerinə müharibələrdə ölürsə, qurban verirsə, evini, vətənini itirirsə onu buna nə məcbur edir?

Müharibə insanların sağlamlığına və rifahına dağıdıcı təsir göstərir. Münaqişələrdə ölən insanların sayı xəstəlikdən ölənlərin sayından qat-qat çox olur, müharibələr əlilliyə səbəb olur. Müharibə ailələri məhv edir, uşaqları valideynsiz qoyur. Əslində müharibə gedən dövrdə qeydə alınan ölümlər sadəcə aysberqin görünən hissəsidir, müharibədən sonra həmin ərazilərdə yaşanan yoxsulluq, zəif qidalanma, əlillik, iqtisadi və sosial tənəzzül daha təhlükəlidir. Müharibəyə məruz qalan cəmiyyətlərdə psixoloji xəstəliklər də çox olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, silahlı münaqişələr yaşanan ölkələrdə insanların 10 faizində ciddi psixi sağlamlıq problemləri yaranır, depressiya, narahatlıq, yuxusuzluq, bel və mədə ağrıları kimi problemlər ən çox rast gəlinən hallardır. Bu narahatlıqlara qadınlar kişilərdən daha çox məruz qalır, xüsusən də uşaqlar və qocalar daha həssas olur.

Müharibələrin yaratdığı faciələrdən biri də köçlərdir. Düşünün, hər il neçə min insane müharibədən qaça bilmək üçün doğma torpağını, evini tərk edir dünyada? Başqa ölkəyə, başqa mədəniyyətə uyğunlaşmaq, üstəlik orada stiqmaya, ayrı-seçkiliyə məruz qalmaq, narahat həyat tərzi, işsizlik, yoxsulluq müharibədən daha çox zərər verir onlara. Psixologiyaları pozulur, davranışları dəyişir, mənəvi-ruhi problemləri yaranır. Unudulmamalıdır ki, müharibə, münaqişə və soyqırımların psixoloji nəticələri həmin cəmiyyət üçün nəsillər boyu davam edəcək. Tez-tez mətbuata çıxan uşaq və gənclərin bir-birinə qarşı zorakılıq törətmələrində, ailədaxili münaqişələrdə, problemli sosial əlaqələrdə də müharibənin təsirləri var. Müharibə gedən ölkələrdə insanlar reabilitasiya görməlidirlər, daha sağlam gələcək üçün bu şərtdir.

Yeri gəlmişkən, 21 sentyabr Beynəlxalq Sülh Günüdür. Bu gün BMT-nin 30 noyabr 1981-ci il qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Ümumdünya Sülh Günü müharibə və zorakılığın dağıdıcı təsirlərini anlamaq və bütün anlaşmazlıqların müharibə yerinə sülh yolu ilə həll yollarını tapmağa təşviq edir. Həmin günün gündəmində olan 7 istiqamət var ki, onlar sülhün təmin olunması üçün vacibdir. Bu istiqamətlərdən birincisi sülhün əhəmiyyətinin qeyd edilməsidir, ikinci istiqamət zorakılığa son qoymaq məsələsidir, üçüncü, diplomatiya və danışıqlardır, dördüncü istiqamət, insan hüquqları və ədalətdir, beşinci istiqamət, beynəlxalq əməkdaşlıqdır, altıncı, ən ağrılı məsələ müharibənin dağıdıcı təsirləridir, yeddinci sülhün sosial və iqtisadi faydaları barədə məlumatlılıqdır.

Sülh bütün cəmiyyətlər üçün əmin-amanlıq və təhlükəsizlik deməkdir. Əgər dövlətlər, millətlər arasında qarşılıqlı əmin-amanlıq, etimad varsa ictimai həyat da qaydasında olacaq, mənəvi-ruhi rahatlıq da təmin ediləcək. Sülh insanların bir-biri ilə və ətraf mühitlə harmoniyasıdır, əmin-amanlığın, təhlükəsizliyin və firavanlığın əsas şərti sülhdür. Sülh təminatdır, bolluqdur, aydın səmadır, təhlükəsiz həyatdır, gülən uşaqlardır, qorxusuz-ürküsüz dünyadır.

Amma müharibə... Müharibə sözü həmişə ölüm sözü ilə assossasiya olunur, çünkü müharibələr insan tələfatına səbəb olur, milyonlarla insanı yurdundan didərgin salır və ölkələrin iqtisadiyyatlarını məhv edir. Xatırlayın, I və II Qarabağ Müharibələri bizə nə qədər dağıntıya, təlafata, şəhidə, qaçqın və məcburu köçkünlüyə başa gəldi. Müharibə istəməyən bir ölkə olmasına rəğmən Azərbaycan müharibədə maddi-mənəvi çox qurban verdi.

Dövlətlərin siyasətdə hər addımını “kəsib-biçən”, bir qəlibə sığışdıran hüquq elmi deyir ki, mübahisələr, döyüşə əl atılmadan həll edilməlidir. Mahiyyət etibarı ilə, qanun, bütün münaqişələrin sülh yolu ilə, ədalət çərçivəsində həllini doğru hesab edir. Amma insanlar və dövlətlər anlaşa bilməyəndə, mübahisələr böyüyüb münaqişə olanda, millətlər və liderlərin fikri bir-biri ilə ziddiyyət təşkil edəndə qanun kölgədə qalır və müharibə fenomeni ortaya çıxır. Bombalar atılanda, ölkələr dağıdılanda, insanlar öldürüləndə o qanunlar, o hüquqlar qeyb olur, ərazisinə təcavüz edilən dövlətlərin, əhalisi öldürülən ölkələrin haqqını-hüququnu müdafiə edən tapılmır.

Bütün hallarda, bütün millətlər mübahisələrin həllinin müharibə ilə nəticələnməsindən qorxur, siyasi danışıqların effektiv olmasını arzulayır. Çünki bütün müharibələrdə ən çox xalq zərər görür. Amma bir fakt da var ki, müharibə ilə siyasət arasında sıx əlaqə var. Müharibə də siyasət kimi cilddən cildə girə bilir, istiqamət dəyişdirə bilir. Həm siyasətdə, həm də müharibədə uzaqgörən və məntiqli olmaq bir addım öndə olmaq deməkdir. Siyasət ona görə var ki, müharibəyə ehtiyac qalmadan danışıqlarla mübahisələr həll edilsin. Siyasət söz davasıdır, ilk baxışda zərərsizdir. Müharibə silahların davasıdır, yüksək texnologiya, güc kimdədirsə qalib odur. Amma müharibəyə rəvac verən də siyasi ambisiyalardır. Qorxunc silahlarla silahlanan tərəflər, nüvə, kimyəvi, bioloji silahlar və minlərlə kilometr məsafə qət edə bilən ballistik raketlərlə həm dünyaya, həm də insanlara zərər verərək istədiyini əldə edə bilir.

Müharibə heç bir halda dünya üçün faydalı deyil. Müharibə sosial, maddi, ekoloji problemlər deməkdir çünki. Amma o da doğrudur ki, bəzən ədaləti bərqərar etmək üçün qaçınılmaz olan müaharibələr var – eynilə Azərbaycanın haqq mübarizəsinin yekunu olan Vətən Müharibəsi kimi. 30 il sülh yolu ilə, danışıqlar və diyasət ilə bu böyük yaranın sağalmasına çalışan Azərbaycan dövləti müharibə etmək istəmirdi, çünki yuxarıda da qeyd etdiyim kimi, əgər sülh şəraitində ölüm sıralıdırsa, oğullar təbii olaraq atalarını dəfn edirsə, müharibə şəraitində bu nizam pozulur, atalar şəhid oğullarını dəfn etməli olur. Bizim dövlətimiz 30 il bu mənzərə olmasın deyə silahlarını susdurdu, siyasət ilə danışdı. Lakin sülh dövründə də susmayan düşmən silahı bizdən çox günahsız canı aldı. Düşmən dayanmadı, durmadı, silahını yerə qoymadı. Hadisələrin inkişafı II Qarabağ Müharibəsi ilə nəticələndi.

Təmənnamız, diləyimiz, bütün dünya millətlərinin insanpərvər, mehriban, qardaşcasına yaşamağı bacarmasıdır. Amma müşahidələr və tarix göstərir ki, insan övladının başqasının torpağına, azadlığına, haqqına göz dikdiyi müddətcə bu mümkün olmayacaq. Dünyada sülh və bərabərlik bütün dünya insanlarının idealıdır. Bu idealı əlçatan etməli, müharibəli dayandırmalı, sülhü suvarıb böyütməliyik.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər