MİA

  • 2 363

Pavel Klaçkov: Azərbaycana yarımçıq yox, tam sülh sazişi lazımdır və bunun arxasında duracaq – MÜSAHİBƏ

image

“Yarımçıq sülh sazişi təklifi keçməyəcək, Azərbaycanda hakimiyyətdə ağıllı adamlar var və ABŞ-ın addımlarının arxasında gizlənən hər şeyi görürlər”

Politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru Pavel Klaçkov “Moskva-Baku” portalına müsahibəsində Rusiya, Türkiyə və İranın Azərbaycan və Ermənistana regional “3+3” platforması çərçivəsində sülh sazişinin imzalanması üçün qalan məsələlərin həlli ilə bağlı təklifini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə İstanbulda “3+3” formatında keçirilən görüşün yekunlarına əsasən, Rusiya, Türkiyə və İranın Azərbaycan və Ermənistana təklif verdiklərini bildirib. Təklif edilib ki, tərəflər bu regional format çərçivəsində sülh sazişi üzrə bütün qalan məsələləri, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələlərini həll etsin. Belə bir təklifi necə şərh edə bilərsiniz?

- Regional məsələlərin “3+3” formatı çərçivəsində həlli ideyası uzun müddətdir ki, havadadır. Ona görə də Rusiya, Türkiyə və İranın Azərbaycan və Ermənistana sülh sazişi ilə bağlı bütün məsələlərin bu format çərçivəsində həlli təklifi balanslaşdırılmışdır, Cənubi Qafqazda və ətraf regionlarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Ağlabatan səslənir. Bu, həm də Qərbin Qafqazda möhkəmlənmək cəhdlərinə qarşı durmaq və Qərbin öz siyasətini regiona sırımağa cəhd etmək, müdaxilə etmək və öz maraqları çərçivəsində Ermənistan-Azərbaycan nizamlanmasına hansısa yolla təsir göstərməyə çalışmaq planına qarşı durmaq məqsədi daşıyır.

Azərbaycan və Ermənistanın belə birləşdirilmiş təklifi dəstəkləməsi məntiqli olardı. İnanıram ki, Bakı buna qarşı deyildi. Azərbaycan Respublikasının Türkiyə ilə sıx əlaqələri var və onlar Bakının razılığı olmadan İstanbulda belə bir format təklif edə bilməzdilər. Bu mümkün deyil. Bundan başqa, “3+3” formatının yaradılması təşəbbüsü Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb.

Lakin Sergey Lavrovun bəyanatlarından nəticə çıxara bildiyimizə görə, görünür, Ermənistan bu təkliflə kifayətlənməyib. O, sadəcə olaraq bunu əlverişsiz hesab edib. Axı İrəvan davamlı və nümayişkaranə şəkildə Qərbə doğru irəliləyir. İndi Amerika Birləşmiş Ştatları hakimiyyətində növbə dəyişikliyi yaxınlaşır. Prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq hələ də çətindir. Bu isə Ermənistanın gələcək siyasi addımlarını dayandırır. İrəvan gözləyir ki, Vaşinqtondan gələn böyük bosslar nə deyəcəklər. Burda nə deyim- onlar özlərinə problem yaratmağı bilirlər.

Bu fonda Rusiya və Azərbaycanın mövqeyi sakit, sabit və gözləniləndir.

Erməni faktoru ilə yanaşı, “3+3” formatının tam işləməsinə mane olan daha bir tıxac var. Çünki Gürcüstan hələ də bu formata qoşulmayıb. Baxmayaraq ki, biz bilirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstan əraziləri mövzusunda danışıqlar aparıblar. Əminəm ki, gələcəkdə “3+3” formatı həqiqətən də tam işləyəcək. Amma bunun üçün 5 deyil, 6 dövlətin hamısı bu formatda maraqlı olmalı və əsas istiqamətlərdə vahid mövqeyə malik olmalıdır. Və 6 dövlətdən heç biri seçilməməli, bir yerə baxmalı və "həyat haqqında fərqli təsəvvürlərə sahib olmamalıdır". O zaman bütün məsələlər “3+3” çərçivəsində həll oluna bilər. Hələlik bunun həyata keçirilməsi olduqca çətin prosesdir. Son görüşdə tərəflər “3+3” formatı üzrə əməkdaşlığın əsas istiqamətlərini müəyyən ediblər. Bunlar siyasət, təhlükəsizlik, terrorizm təhdidləri ilə mübarizə, iqtisadiyyat, xüsusilə enerji və nəqliyyat-logistika əlaqələridir. Görək bu prioritetlər praktikada necə həyata keçiriləcək.

Gürcüstan, gördüyümüz kimi, bu gün Qərbin ona təzyiq göstərmək və onu idarə etmək cəhdlərindən çox fəal şəkildə çıxır. Və bu, dövlətlərin öz suverenliyini və başqalarının suverenliyini, münasibətləri bərabər şərtlərlə qiymətləndirdiyi çoxqütblü dünyanın inkişafının məntiqinə uyğundur.

Çoxqütblü dünya qurmaq zamanın çağırışıdır, obyektiv reallıqdır. Siyasi qərarlarında bu reallığı nəzərə alan ölkələr isə gələcəkdə qazanacaqlar. Rusiyanın sədrliyi ilə Kazanda başlayan BRİCS-in zirvə toplantısı ətrafındakı həyəcana baxın. Yeri gəlmişkən, sammit Azərbaycan prezidentinin iştirakı ilə keçir. Azərbaycan Respublikası, bildiyiniz kimi, bu beynəlxalq birliyə üzvlük üçün müraciət etmişdir.

Son vaxtlara qədər çoxlarına elə gəlirdi ki, hər şey Vaşinqtondan asılıdır və başqa heç nə yoxdur. İndi dünya ölkələrinin əksəriyyəti sözün əsl mənasında ayılıb, siyasi cəhətdən aktuallaşıb, öz səsini tapıb və bu prosesləri görməmək sadəcə olaraq mümkün deyil.

Gördüyümüz kimi, Ermənistan Azərbaycandan fərqli olaraq yaxın gələcəkdə BRİCS-ə qoşulmağı planlaşdırmadığını bir daha təsdiqlədi. Yəqin ki, Ermənistanın qərbyönlü siyasətini nəzərə alsaq, bu, təəccüblü deyil. Bununla belə, BRİCS bundan əziyyət çəkməyəcək, çünki assosiasiyaya qoşulmaq istəyənlərin sayı çoxdur.

- Bu gün (dünən- red.) məlum oldu ki, Co Bayden və onun nümayəndəsi Vaşinqtonun bu il Ermənistanla sülh sazişi imzalamağa necə cəhd edə biləcəkləri ilə bağlı İlham Əliyevə təkliflərini çatdırıb. Bayden bunu (məktub əsasında) onunla əlaqələndirib ki, COP29-a görə dünyanın gözləri Bakıya dikilib və Azərbaycan sülhə sadiqliyini dünya ictimaiyyətinə nümayiş etdirə bilər. ABŞ həqiqətən nəyə nail olmaq istəyir?

- Bu, Ermənistan və görünür, həm də Qərb üçün sərfəli şərtlərlə İrəvanla sülh sazişinin imzalanması məsələsində Bakıya təzyiq cəhdi kimi görünür. Qısaldılmış sülh müqaviləsi. Dediyiniz kimi, Baydenin məktubu noyabrda Azərbaycanda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı Bakının sülhsevər addımlar nümayiş etdirmək imkanından bəhs edir. Sual olunur ki, bunları yalnız Bakı nümayiş etdirməlidir? Birtərəfli mövqe kimi görünür. Azərbaycan prezidentinin ABŞ-ı mütəmadi və güclü tənqidi fonunda Baydenin sülh sazişinin tezliklə imzalanması ilə bağlı təklifləri şübhə doğura bilməz. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Qapını onlara göstərəndə belə pəncərədən dırmaşan, israrla öz “xidmətlərini” təklif edən ABŞ-ın belə addımları Vaşinqtonun Qafqazda problemlərini bu cür həll etməyə çalışmasından xəbər verir.

Vaşinqton hələ də başqaları ilə didaktik şəkildə ünsiyyət qurmağa çalışır. Lakin ABŞ dünyanın dəyişdiyini hələ də başa düşməyib. Ona görə də, Vaşinqtonun davranış modeli eyni olaraq qalır.

Amma Azərbaycanda hakimiyyətdə ağıllı adamlar var. Bakıda ABŞ-ın addımlarının arxasında gizlənən hər şeyi görürlər.

- Azərbaycan Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün Ermənistanın öz Konstitusiyasını dəyişməsi şərtini təkid edir. Qalan məsələlərin sonradan həlli ilə ilkin sülh sazişinin imzalanmasının variantları varmı?

- Bu haqda düşünməyə belə dəyməz. Ermənistanın indi Konstitusiyaya dəyişiklik etmək istəməməsi, hesab edirəm ki, ölkədə cəmiyyət daxilində revanşist əhval-ruhiyyə ilə bağlıdır. Axı respublika daxilində konsensus olmalıdır. Bu baxımdan, görünür, 2027-ci ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təyin edilib ki, cəmiyyətdə bunun zəruri olduğuna inanmaq mümkün olsun.

Əminəm ki, Azərbaycanın qısaldılmış sazişi imzalamamaq üçün öz üzrlü səbəbləri var. Yarımçıqlıqlar dövrü bitib. Əgər Bakının belə qəti mövqeyi varsa, deməli, bunun səbəbləri var, o cümlədən Ermənistanla münasibətlərin tarixi təcrübəsi. Bakı bugünkü situasiyada özünü yarımçıqlıqla məhdudlaşdırmağı yolverilməz hesab edir. Doğrudan da, Ermənistanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəzi bəndlərini yerinə yetirmədiyi və indi də yerinə yetirmədiyi o qədər presedentlər olub ki.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər