PDF Oxu

MİA

  • 2 913

Boşanmalar artır, evlilik və doğum azalır - SƏBƏBLƏR və ÇIXIŞ YOLU

image

Son illər Azərbaycanda evliliklərin sayı azalır, boşanmalar isə artır. Son 10 il ərzində nikahların sayı 22% azalıb, boşanmaların sayı isə 45% artıb. Buna paralel olaraq uşaq doğumu da 60 faiz azalıb. 1980-ci illərdə ölkədə 7 milyon əhaliyə görə ildə 150 min uşaq doğulurdusa, indi bu rəqəm 10 milyon əhaliyə görə 100 min doğuma düşüb. Bu da 2 dəfə azalma deməkdir. 80-ci illərdə boşanma səviyyəsi 5 faiz ətrafında olurdusa, hazırda 50 faizdir ki, bu da 10 dəfə artım deməkdir.

Bu tendensiya əsas milli dəyərlərimizdən olan ailə institutunun dağılmasına və milli genefondumuzun zədələnməsinə, həmçinin əhalimizin qocalmasına və azalmasına səbəb ola bilər. Bəs bunun əsas səbəbləri nədir və problemi necə həll etmək olar?

Fikrimizcə, boşanmaların artması, evliliklərin və uşaq doğumunun azalmasının 2 əsas səbəbi var;

1. Mənəvi deqradasiya,

2. Sosial-maddi problemlər.

Birincidən başlayaq

Mənəvi-psixoloji deqradasiya,milli dəyərlərimizdən uzaqlaşma, gənclərlə bağlı aparılan təbliğatlar burada çox ciddi zərər vurur. Gənclərə təbliğ olunur ki, qətiyyən evlənməyin, karyera qurun və gələcəkdə evlənmə məsələsinə baxarsınız. Bu da çox zərərli təbliğatdır və nəticələrini də görürük. Gənclərə daim əyləncə təbliğ olunur və onlarda da belə bir fikir formalaşır ki, evlənib ailəyə diqqət, qayğı göstərib pul xərcləməkdənsə, bunu özümə xərcləyərəm. Yəni, gənclər eqoist bir əhval-ruhiyyədə formalaşırlar.

Son 20-30 ildir bəzi mərkəzlər tərəfindən aparılan davamlı təbliğatın nəticəsi dəyərləri, düşüncələri çox mənfi istiqamətdə dəyişdirib. Bu, əsasən sosial cəhətdən imkanlı, maddi təminatı orta və yuxarı həddə olanlara aiddir. Onların sosial və maddi cəhətdən heç bir problemi yoxdur, lakin narsist həyat tərzi və eqoist psixologiya onlara evlənməyə və dünyaya uşaq gətirməyə mane olur. Belələləri yalınız öz əyləncələri üçün yaşayır və həyatlarını da buna sərf edirlər. Bu isə, nəinki türk və müsəlman əxlaqına ziddir, ümumiyyətlə bütün insani dəyərlərə ziddir.

İkinci səbəb

Bu səbəb əlbəttə sosial-maddi problemlər ucbatından yaranır. Bu isə əhalinin aztəminatlı hissəsinə aiddir. Ölkədə iş yerlərinin az olması, mövcud iş yerlərində də maaşların aşağı olması gəncləri evlənməkdən çəkindirir. Üstəlik, Azərbaycanda gənclərin çoxunun ev almaq imkanları yoxdur. Ev ala bilməyəndə də maaşla yalnız kirayə pulunu ödəmək mümkündür. Ona görə də evi olmayan, tək özünü güclə dolandıra biləcək gəncdən evlənməyi gözləmək olmaz. Evlənəndə belə, 1 uçaqla kifayətlənirlər, 2-3 uşağı böyüdüb başa çatdıra bilməyəcəklərini düşünürlər. Nəticədə həm evliliklərin sayı azalır, həm də ailələrdə uşaq sayı minimuma düşür.

Bütün bunlar milli genefondumuza və ailə institutuna ciddi zərbə vurur. Bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Bu məqsədlə 2 istiqamətdə iş aparılmalıdır;

1. Milli-ənəvi dəyərlərimizin qorunması, ailə dəyərlərinin təbliği

2. Sosial-maddi cəhətdən dəstək paketlərinin həyata keçirilməsi

Birincidən başlayaq- İlk vəzifə

Azərbaycan xalqı şərq dəyərlərinə məxsus xalqlardan formalaşmış cəmiyyətdir və 95 faizi müsəlmanlardan ibarətdir. Bizim həm milli, həm də dini dəyərlərimiz çox yüksək bir cəmiyyət forması yaratmağa qadirdir. Bunu bütün tariximizdən bilirik. Son onillərədək Azərbaycanda evliliklər vaxtında və qaydasında olub, boşanmalar isə dünyada ən minimum həddə olub. Ailələrdə uşaq sayı da orta hesabla 3-5 arasında olub. Lakin son dövrlərdə yeni həyat tərzinin qəbul edilməsi, müasirlik adı altında milli və dini dəyərlərimizə qarşı aparılan təbliğatlar, həmçinin sosial-maddi çətinliklər bu sahədə ciddi problemlərə səbəb olub.

Qərbdə hazırlanmış doktrinalar şərq xalqlarında mənəvi dəyərlərin dağıdılması, ailə institutunun məhv edilməsi, gənclərin eqoist əhvalda formalaşması üçün şərq ölkələrində saysız hesabsız layihələr və təbliğatlar həyata keçirir. Bu istiqamətdə təbliğatlara milyardlarla dollar vəsait ayrılır. Televiziyalar, internet resursları, kino və seriallar, müasir ədəbiyyat və mədəniyyət, hətta reklamlar belə bu təbliğatları gənclərin beyninə yeridir. Nəticələr də ortadadır.

Bunun qarşısını almaq üçün kütləvi informasiya vasitələrinə, həmçinin mədəniyyət və ədəbiyyat sahələrinə ciddi ictimai və dövlət nəzarəti təmin olunmalıdır. Milli-mənəvi dəyərlərimiz əleyhinə aparılan təbliğatların qarşısı alınmalı, bunu edənlər cəzalandırılmalıdır. Paralel olaraq əks-təbliğat işləri aparılmalıdır. Gənc nəslə öz milli-mənəvi dəyərlərimiz əsasında yaşamaq öyrədilməli, ailənin ən yüksək dəyərlərdən olduğu aşılanmalı, vaxtında evlənmək təşviq olunmalı, millətimizin gələcəyi üçün dünyaya uşaqlar gətirilməsinin vacib olduğu təbliğ olunmalıdır.

İlk olaraq, gənclərə təbliğ olunan gec evlənmə məsələsinə toxunaq. Məlum olduğu kimi, insan bioloji olaraq proqramlaşdırılmış varlıqdır. Onun yetişkənlik dövrü də buna uyğun formalaşır. Yəni, Yaradanın, təbiətin verdiyi yetkinlik yaşı var- min illərdir ki, dünyanın hər yerində insanlar bu yaşlarda evlənib, uşaq sahibi olublar. Bu yaş dövrü 15-20 arasında dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı da ən uyğun evlənmə yaşını 18-22 arası müəyyənləşdirib. Bir çox ölkələrdə, o cümlədən Amerika və bir çox Avropa ölkələrində də nikah yaşı 15, 16, 17 və 18 müəyyən edilib. Lakin son dövrlərdə bizdə müəyyən qüvvələr tərəfindən erkən nikahlara qarşı mübarizə adı altında gec evlilik təbliğ olunur və gənclərə aşılanır ki, 30-25 yaşadək evlənməsinlər, ancaq öz karyeraları üçün çalışsınlar. 17-18 yaşda, yəni tam bioloji yetkinlik yaşında evlənən 5-10 nəfərə qarşı hay-həşir qoparanlar 35-40 yaşda evlənən milyonlarla gəncdən narahat olmurlar. Tibb elmi də deyir ki, 30-35 yaşdan sonra uşaq doğumunda problemlər olur və sağlam uşaq dünyaya gətirmək ehtimalı azalır. Ona görə də, bu təbliğatlara son qoyulmalı və gənclərə maksimum 20 yaş civarında evlənmək aşılanmalıdır.

Sonuncu məqama- təşviq məsələsinə təkcə maarifləndirmə tərəfdən yox, həm də sosial-iqtisadi tərəfdən yanaşılmalıdır. Ona görə də keçək 2-ci vəzifəmizə.

2-ci vəzifə- sosial dəstək

Nikahları azalması, boşanmaların artması tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur və bu, yeni dövrün reallığıdır. Bu tendensiyanın qarşısını almaq üçün genişmiqyaslı dövlət proqramı hazırlanmalıdır. Bu proqram ailə dəyərlərinin qorunmasına, gənclərin ailə qurmasına və çoxuşaqlılığa marağın artırılmasına xidmət etməlidir.

Əsas problemlərdən biri də 1 və ya 2 uşaqlı ailə modelinə keçməmizdir. Bir millətin davamlılığı üçün normal ailə modelində ən azı 3 uşaq olmalıdır. Bir və ya iki uşaqlı ailə modelinə keçid əhalinin azalmasına, qocalmasına və demoqrafik problemlərə səbəb olur.

Bir çox ölkələr bu problemin qarşısını almaq üçün müxtəlif sosial dəstək proqramları həyata keçirir. Həmin proqramlara evliliklərin təşviqi, bu istiqamətdə sosial-iqtisadi dəstək paketləri daxildir. Yeni ailə quranlara xüsusi dövlət yardımları, birdəfləlik və aylıq uşaq pulu, çoxuşaqlılığa görə əlavə ödənişlər, həmçinin müxtəlif güzəştlər, işlə təminatda üstünlüklər və mənzil alınmasına dəstək kimi mexanizmlər aiddir.

Yeni ailə quran gənclərə güzəştli şərtlərlə mənzil almaq və ev tikmək imkanı yaradılması əsas addımlardan biri olmalıdır. Belə ki, onlara uzunmüddətli və minimum faizlərlə kreditlərin verilməsi vacibdir. Bununla yanaşı, işlə təminat, sosial güzəştlər və uşaq pulu kimi dövlət dəstəyi mexanizmlərinin tətbiqi də mühüm əhəmiyyət daşıyır.

Bu cür proqramlar bir sıra ölkələrdə uğurla tətbiq olunur və real nəticələr verir. Hətta bəzi ölkələrdə uzunmüddətli- məsələn, 20 il evli qalan ailələrə dövlət tərəfindən xüsusi pul mükafatları təqdim olunur ki, bu da ailələrin qorunmasına və boşanmaların azalmasına xidmət edir.

Nə etməli?

Azərbaycanda bu proqramların həyata keçirilməsi üçün yetərli maliyyə imkanları möcuddur. Bu səbəbdən, təklifləri ümumiləşdirərək belə bir sistem təklif etmək olar. İlk mərhələdə, doğulan hər uşağa görə 3 min manat birdəfəlik yardım ödənilməli, ən azı 100 manat məbləğində aylıq uşaq pulu verilməlidir. 3 və daha çox uşağı olan ailələrə əlavə yardımlar edilməlidir (ayda 100 manat və ya ildə əlavə 1000 manat).

Çoxuşaqlılığın təbıiği üçün, kənd rayonlarında çox uşaqlı ailələrə təsərrüfat yaradılması üçün torpaq sahələrinin verilməsi, şəhərlərdə yaşayanlara isə özünüməşğulluq proqramı çərçivəsində hər hansı bir iş qurmaları üçün müvafiq avadanlıqların verilməsi məqsədəuyğun olardı. 5 və daha çox uşağı olanlara dövlət tərəfindən pulsuz mənzil təminatı həyata keçirilməlidir. Yeri gəlmişkən, hazırda Azərbaycanda çoxuşaqlılıq meyarı 6 uşaqdan başlayır. İndiki dövrdə 6 uşaqlı ailələrə çox nadir rast gəlinir. Ona görə də, bu meyar dəyişməli və 3 uşaqlı ailə çoxuşaqlı hesab edilməlidir. Onsuz da hazırda 3 uşaqlı ailələr cəmiyyətdə elə çoxuşaqlı kimi qəbul olunur. Çünki əksər ailələr 1 və 2 uşaqlıdır.

Bütün bu tədbirlər milli genefondumuzun sağlamlığı, əhalimizin davamlı yenilənməsi, sağlam gələcək yetişdirməmiz üçün son dərəcə vacibdir. Güclü dövlətin dayağı sağlam cəmiyyətdir. Sağlam cəmiyyət isə sağlam ailələrdən formalaşır. Bu səbəbdən də, bu işə milli dövlətçilik, milli təhlükəsizlik, strateji milli inkişaf prizmasından baxmalıyıq. Ümidvaram ki, bununla bağlı dövlət tərəfindən müvafiq addımlar atılacaq və sağlam Azərbaycan xalqı, güclü Azərbaycan dövləti naminə mümkün olan hər şey ediləcəkdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər