Azərbaycançılıq və dövlətçiliyimizin ideoloji bazasını, xalqın varlığını təcəssüm etdirən baza olmaqla yanaşı, özündə həm də dövlətçiliyin əsas atributlarını da əks etdirir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının proqramında göstərilmişdir: "Partiyamız Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrinin, milli-əxlaqi mentalitetini, dilinin, dinin qorunmasına hamı üçün ümumi Vətən hesab olunan və xalqımızın dövlətçilik hissini, dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti ilə bağlıdır. Azərbaycan dövləti bizim milli varlığımızın, birliyimizin, dinc və firəvan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən azərbaycançılıq və vətənçilikdir."
Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində azərbacançılığın milli ideologiya üçün baza təşkil etməsi barədə fikrini qısa, aydın, tutarlı, məntiqli və lokanik şəkildə belə ifadə edir: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir". M.Yusifovun qeyd etdiyi kimi, azərbaycançılıq və bu anlayışa daxil olan bütün elementlər, öz xarakterinə görə tarixi bir kateqoriyadır. Yəni azərbaycançılıqla bağlı milli-mənəvi və psixoloji keyfiyyətlər Azərbaycan cəmiyyətində həmişə aparıcı olmuşdur. Lakin bu kateqoriya müəyyən məişət problemləri səviyyəsində dərk olunmuşdur. Onun ümummilli xarakteri isə millətin özünün bütövlüyü, suverenliyi, sərbəstliyi, azadlığı şəraitində meydana çıxır. Milli azadlıq milli mənafelərin reallaşmasının münbit zəminidir. Bu mənada, Azərbaycanda müstəqil dövlət yaradıldıqdan sonra azərbaycançılıq ideyalarının ümummilli xarakteri meydana çıxmış və bu ümummilli azərbaycançılıq ideyaları özünün hərəkətverici qüvvəsi olan milli ideologiyanı formalaşdırmışdır. Azərbaycançılıq ideyaları ümummilli xarakter almadan, azadlığın yaratdığı münbit şəraitdən qidalanmadan milli ideologiya kimi formalaşmaq imkanına malik deyildir. Təbliğatçı üçün yaddaqalan başlıca arqument bu olmalıdır ki, milli ideoloji azərbaycançılıq ideyalarının hərəkətverici qüvvəsidir. Azərbaycançılığın əsas atributu olan milli bayrağımız haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edildi. Parlamentin ilk iclasında çıxış edən Fətəli Xan Xoyski demişdir: "Möhtərəm Azərbaycan parlamenti əzası! Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm... Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: millətin hüququ, istiqlalı, hürriyyəti!.."
Azərbaycanın müasir tarixi XX əvvəllərindən başlayaraq "yoxdan yaradılmış və millətimizin ürəyinə endirilmiş müqəddəs azadlıq rəmzinin" - üçrəngli milli bayrağımızın əbədi olaraq müqəddəsliyə yüksəldiyi aydın oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist rejiminin hər cür təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini "milli sərvatimiz, tarximizin parlaq səhifəsi" kimi dəyərləndirən Ulu Öndər HEYDƏR ƏLİYEVİN böyük müdrikliklə dediyi kimi, "Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi".
Lakin Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə endirilmiş müqəddəs istiqlal rəmzi -üçrəngli milli, dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də Qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Ulu Öndər HEYDƏR ƏLİYEVİN təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikası qanunu qəbul olundu.
Azərbaycanın Dövlət Bayrağı "Trikolor" ("üç rəngli bayraq") bayraqlar sırasına daxildir. Dünyada ilk trikolor XVI əsrdə Holandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqdan ibarət olmuşdur. Müasir dövrdə bir çox dövlətlərin də bayraqları trikolordur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan trikolorlardan rəng düzümü ilə bərabər, üzərində digər simvolların olmasına görə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiya daşıya bilər.
Dövlət bayrağımızda üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini bildirən "türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Onun fikrincə, TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, AVROPALAŞMAQ isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib, onun nəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə şair Əhməd Cavab "Azərbaycan bayrağı", Cəfər Cabbarlı isə dövlət bayrağımıza həsr etdiyi "Sevgilim" şeirini yazmışlar.
Azərbaycan Respublikasının Dövlət Bayrağı mövcud qanunvericilik aktlarına görə aşağıdakı yerlərdə qaldırılır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, rayon (şəhər) icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların üzərində - daim.
2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə və İqtisad Məhkəməsi sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan muxtar respublikasının baş nazirinin, respublika nazirlərinin, komitə sədrlərinin, məhkəmə və prokurorluq orqanları rəhbərlərinin, rayon (şəhər) icra hakimiyyəti başçılarının və bu qəbildən olan idarəetmə və seçkili orqanların rəhbərlərinin xidməti iş otağında - daim:
3. Yerli seçkili orqanlarının yerləşdiyi binaların üzərində - sessiyalar dövründə.
4. Rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, Azərbaycan Respublikası baş nazirinin və ya digər rəsmi (vəkil edilmiş) şəxslərin mindikləri hava gəmilərində (Dövlət Bayrağının gəmidə təsvirləri), dəniz gəmilərində, daxili su yollarında, üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində göstərilən şəxslərin razılığı ilə.
5. Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, o cümlədən, bütün tədris-tərbiyə müəssisələrinin, idarələrin və təşkilatların keçirdikləri mərasim zamanı, digər təntənəli və bayram tədbirləri zamanı da qaldırıla bilər.
6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin Azərbaycanın təmsil olunduğu beynəlxalq təşkilatların yerləşdiyi binalar üzərində Dövlət Bayrağı qaldırılır.
7. Azərbaycan Respublikasının dövlət sərhədlərində Dövlət Bayrağı qaldırılır - daim.
8. Azərbaycan Respublikasının beynəlxalq sularda üzən gəmilərin üzərində - daim.
Dövlət bayrağına hörmət hissi, əslində, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik hissinin tərkib hissəsidir. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" əsərində azərbaycançılığı dövlət siyasətinin tərkib hissəsi kimi təqdim edir: "Azərbaycançılıq təlimi Azərbaycan dövlətçiliyi ilə sıx surətdə bağlıdır. Müstəqil Azərbaycan dövləti olmadan, azərbaycançılıq da açıq, dinamik bir proses kimi yaşaya bilməz. İmperiyanın tərkibində olduqda, azərbaycançılığın ancaq bəzi elementləri, həm də kiçik ictimai miqyaslarda, dillərdə, ayrı-ayrı insanların mənəvi aləmində yaşaya bilər. Müstəqil milli dövlətin sayəsində isə bu ayrı-ayrı elementlər bütün cəmiyyət miqyasında, ictimai-siyasi proseslərlə vəhdətdə, dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi ortaya çıxır". Professor Misir Mərdanov və Əsgər Quliyev "Azərbaycan Respublikasının dövlət rəmzləri" əsərində göstərirlər ki, müstəqil Azərbaycanımızın simvolu, müqəddəs rəmzi olan üçrəngli milli bayrağımıza hörmət bəsləmək, onu daim əziz tutmaq, onun uğrunda hər şeyə hazır olmaq hər bir azərbaycanlının vəzifəsi olmalıdır. Azərbaycanın üçrəngli bayrağına vətəndaşlarımızda məhəbbət hisslərinin formalaşmasına, təəssüf ki, nail ola bilməmişik. Əslində, bu gün Azərbaycan milli təhsil və tərbiyəsinin qarşısında duran başlıca vəzifə gəncliyimizdə vətənpərvərlik hisslərinin canlandırılmasına, müstəqilliyimizin əbədiliyini təmin edəcək vətənpərvər Azərbaycan gəncliyini yetişdirməkdən ibarətdir.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən, tarixi ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər olmaz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Ona görə də gənclərə mən nə demək istəyirəm? Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dinimizi sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir". Ulu Öndər dövlət rəmzlərinə, hökumət hissinə böyük dəyər verir və onu azərbaycançılıq və dövlətçiliklə vəhdətdə götürürdü: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir".
Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycançılıq ideyasını inkişaf etdirərək, "Bayraq meydanı" yaradılması haqqında Sərəncam vermişdir. Dövlətçiliyimizin azərbaycançılığın atributu olan üçrəngli milli bayrağımız indi Bayraq meydanında əzəmətlə dalğalanmaqdadır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru