PDF Oxu

MİA

  • 15 504

Dövlətin sosial-siyasi və fəlsəfi mahiyyəti

image

Siyasi elmdə dövlətin aşağıdakı əsas əlamətləri göstərilir:

1. Məcburetmə. Heç kim özünün dövlətdən kənar olması və dövlət hakimiyyətinə tabe olmaması haqqında özbaşına qərar qəbul edə bilməz, çünki dövlət mənsubiyyəti ictimai zərurətdir, o, məcburidir və dövlət huququ, habelə, beynəlxalq huquqla tənzim olunur. Dövlətsizlik (apadridizm) qeyri-normal hal hesab olunur. Bu, 1930-cu il Beynəlxalq Haaqa müqaviləsi və 1948-ci ildə qəbul olunmuş "İnsan huquqları haqqında ümumi bəyənnamə" tərəfindən etiraf olunur.

2. Zor tətbiq etmək huququ. Dövlətin xüsusi zor orqanları vardır və qanunun nəzərdə tutduğu hallarda dövlət onlara əl atır.

3. Suverenlik. Öz daxili subyektlərinə münasibətdə dövlət ali və qeyri-məhdud hakimiyyətə malikdir, xarici dövlətlər isə bu prinsipə hörmət etməyə borcludurlar. Hazırda dünya birliyinə daxil olan dövlətlərin suverenliyini beynəlxalq iqtisadi, siyasi və hərbi asılılıq məhdudlaşdırır.

4. Ümumilik. Dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün adamlara aiddir.

5. Hüquq. Dövlət onun müəyyən etdiyi hüquq qaydaları və normaları çərçivəsində fəaliyyət göstərir.

Hər bir dövlətin müəyyən ərazisi, həmin ərazidə yaşayan əhalisi, onun fəaliyyətini təmin etmək üçün dövlət aparatı olur.

XIX əsrin axırlarında meydana gəlmiş dövlətin ümumi nəzəriyyəsi belə hesab edirdi ki, dövləti üç əsas əlamətə görə müəyyən etmək olar: xalq (əhali); ərazi və dövlət hakimiyyəti.

F.Engel "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində dövlətin aşağıdakı əlamətlərini göstərirdi: "Köhnə qəbilə təşkilatına nisbətən dövlət, əvvələn, dövlət təbəələrinin ərazi bölgüləri üzrə parçalanması ilə fərqlənir. Qan əlaqələri üzündən meydana gəlib davam edən köhnə qəbilə birləşmələri, gördüyümüz kimi, ən çox ona görə daha kifayət olmadı ki, bunların ilkin şərti, qəbilə üzvlərinin müəyyən ərazi ilə əlaqəsi çoxdan aradan qalxmışdı. Ərazi qalmışdı, lakin adamlar mütəhərrik olmuşdular. Buna görə də başlanğıc nöqtəsi olaraq ərazi bölgüsü qəbul edildi və vətəndaşlara qəbilə və tayfadan asılı olmadan məskunlaşdıqları yerlərdə öz ictimai hüquq və vəzifələrini həyata keçirmək imkanı verildi. Vətəndaşların yaşadıqları yerə görə bu cür təşkili bütün dövlətlərdə ümumən qəbul edilmişdir. Buna görə də, o, bizə təbii görünür, lakin biz bu cür təşkilin Afina və Romada qəbilələr üzrə olan köhnə təşkilatın yerində bərqərar ola bildiyi vaxta qədər nə kimi bir inadlı və uzun mübarizə lazım gəldiyini gördük.

İkinci fərqləndirici cəhət - özünü silahlı qüvvə kimi təşkil edən əhaliyə artıq bilavasitə uyğun gəlməyən ictimai hakimiyyətin təsis edilməsidir. Bu xüsusi ictimai hakimiyyət ona görə lazımdır ki, cəmiyyət siniflərə parçalandığı zamandan bəri əhalinin öz-özünə fəaliyyət göstərən silahlı təşkilatı mümkün olmadı. Qullar da əhalinii tərkibinə daxildirlər: 365 000 qula nisbətən 90 000 Afina vətəndaşı yalnız imtiyazlı sinif təşkil edir. Afina demokratiyasının xalq qoşunu qullara qarşı aristokratik ictimai hakimiyyət idi və onları itaətdə saxlayırdı, lakin vətəndaşları da itaətdə saxlamaq üçün, yuxarıda söylənildiyi kimi, jandarmeriya zəruri oldu. Bu ictimai hakimiyyət hər bir dövlətdə vardır. O, təkcə silahlı adamlardan deyil, habelə, maddi əlavələrdən, həbsxanalardan və hər cür məcburetmə idarələrindən ibarətdir, həm də onlar cəmiyyətin qəbilə quruluşu zamanı yox idi. O, hələ inkişaf etməmiş sinfi əkslikləri olan cəmiyyətlərdə və bəzən Amerika Birləşmiş Ştatlarının bəzi yerlərində müşahidə olunduğu kimi, uzaq vilayətlərdə çox cüzi, demək olar, nəzərə çarpmayan bir dərəcədə ola bilər. Dövlət daxilində sinfi ziddiyyətlər kəskinləşdikcə və qonşu dövlətlər daha böyük, onların əhalisi daha çox olduqca, ictimai hakimiyyət güclənir. Heç olmazsa indiki Avropaya bir nəzər salın: burada sinfi mübarizə və işğallar rəqabəti ictimai hakimiyyəti elə bir yüksəkliyə qaldırmışdır ki, o, bütün cəmiyyəti və hətta dövləti də udmaq təhlükəsi doğurur.

Bu ictimai hakimiyyəti saxlamaq üçün vətəndaşların tədiyəsi - vergilər lazımdır. Qəbilə cəmiyyətində vergi qətiyyən yox idi. Lakin indi biz buna çox yaxşı bələdik. Sivilizasiya inkişaf etdikcə, hətta vergilər də kifayət etmir, dövlət gələcək üçün veksellər verir, borc, dövlət borcları alır. Qoca Avropa bu barədə çox şey söyləyə bilər.

İctimai hakimiyyətə malik olan və vergi almaq hüququ olan məmurlar, cəmiyyətin orqanları olmaq etibarı ilə, cəmiyyətdən yüksəkdə dururlar. Qəbilə cəmiyyəti orqanlarına olan azad, könüllü hörmət onlara, hətta belə bir hörmət qazana bilsələr də, daha kifayət deyildir; cəmiyyətdən ayrılmaqda olan hakimiyyətin bu nümayəndələri müstəsna qanunlar vasitəsi ilə özlərinə hörmət qazanmalıdırlar; bu qanunlar sayəsində onlar xüsusi bir müqəddəslik və toxunulmazlıq əldə edirlər. Sivilizasiyalı dövlətin ən miskin bir polis xidmətçisi qəbilə cəmiyyətinin birlikdə götürülən bütün orqanlarından daha çox "nüfuza" malikdir; lakin sivilizasiya dövrünün ən qüdrətli bir monarxı və ən böyük bir dövlət xadimi, yaxud sərkərdəsi ən kiçik bir qəbilə ağsaqqalının kötəksiz qazandığı şübhəsiz bir hörmətə həsəd apara bilərdi. Bu ağsaqqal cəmiyyət daxilində durur, halbuki əvvəlkilər cəmiyyətdən kənarda və onun üzərində durmağa cəhd etmək məcburiyyətindədirlər.

Dövlət siniflərin əksliyini cilovda saxlamaq tələbatından meydana gəldiyinə görə, o, eyni zamanda, həmin siniflərin toqquşmalarında meydana gəldiyinə görə, ümumi bir qayda olaraq, ən qüdrətli, iqtisadi cəhətdən hökmran sinfin dövləti olur; bu sinif isə dövlətin köməyi ilə, həmçinin, siyasi cəhətdən hökmran sinif olur və beləliklə, məzlum sinfi əzmək və istismar etmək üçün yeni vasitələr əldə edir.

H.Şirəliyev və F.Abbasovun fikrincə, dövlət siyasi cəmiyyət təsisatı olub, kütləvi hakimiyyət mexanizmi vasitəsi ilə fərdlərin və cəmiyyətin mövcudluğunun əsaslarını və xalqın suverenliyini təmin edən ərazi birliyidir.

Mövcud ədəbiyyatda adətən "dövlət" termini üç mənada işlədilir: birincisi, böyük ictimai qrupun təşkilatı kimi. Bu halda ölkə, xalq, cəmiyyət, yurd və i. a. anlayışlar adi danışıqda "dövlət" termininin sinonimi kimi işlədilir. İkincisi, siyasi hakimiyyət münasibətləri - vətəndaşlar və dövlət orqanları, bu orqanların özləri (məs. hökumət və parlament), hökumət orqanları və siyasi partiyalar və i. a. arasındakı əlaqələrin məcmusu kimi. Adi danışıq dilində dövlətin hakimiyyətlə, ədalət mühakiməsi ilə, inzibati idarə ilə, nəzarətlə və s. eyniləşdirilməsi buna uyğun gəlir. Üçüncüsü, dar mənada, dövlət ancaq onun inzibati (icraedici-sərəncamverici) orqanları və onların fəaliyyətini müəyyən edən huquq normaları sistemi ilə, eyni mənada, işlədilir.

Dövlətin spesifikliyi və tarixi zəruriliyi onun funksiyalarında üzə çıxır. Politologiyada dövlətin daxili və xarici funksiyaları qeyd olunur.

1. Dövlətin daxili funksiyaları:

- vətəndaşların və cəmiyyətin təhlükəsizliyinin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi, habelə, qanunvericilik funksiyası;

- cəmiyyətin iqtisadi əsaslarının, bütün rəngarəng mülkiyyət formalarının müdafiəsi;

- sosial konfliktlərin və sinfi ziddiyyətlərin tənzim edilməsi, fərdlərin və sosial qrupların mənafeyinin və tələbatının əlaqələndirilməsinin təmin edilməsi;

- maarif və tərbiyənin, mədəniyyət sferasının tənzim edilməsi;

- etnik qrupların münasibətlərinin tənzim edilməsi və milli birlik;

- demoqrafik və ekoloji funksiya, adamların mühafizə edilməsinin və təbii ehtiyatlardan səmərəli istifadə olunmasının təmin edilməsi və s.

2. Dövlətin xarici funksiyaları:

- beynəlxalq münasibətlərin bütün sferalarında dövlətin mənafeyinin və suverenliyinin müdafiəsi;

- diplomatik münasibətlər və xidmətlər, habelə, təşkilatların, ittifaqların, birliklərin (BMT, AİB, NATO və s.) işində iştirak etmək yolu ilə dövlətlərarası və beynəlxalq mənafelərin aydınlaşdırılması və reallaşdırılması.

Müasir dövlət nəzəriyyəsinin ən maraqlı problemlərindən biri dövlət formalarını müəyyən etmək və onların təsnifatını verməklə bağlıdır.

Dövlət formaları dedikdə, üç başlıca ünsür: dövlətin ərazi quruluşu, idarə formaları, siyasi rejimlər başa düşülür.

Ərazi quruluşuna görə dövlətlər unitar və federativ olurlar.

Unitar dövlətin strukturunda müstəqil qurumlar deyil, yalnız inzibati-ərazi bölgüsü olur. Bu mənada, o, mərkəzləşdirilmiş dövlətdir. Bəzən qeyd olunur ki, unitar dövlət, bir qayda olaraq, vahid bir millətdən ibarət olmalıdır. Bununla belə, tarixi təcrübə göstərir ki, dövlətin unitar olması üçün bu şərt heç də vacib deyildir. Belə ki, məsələn, keçmiş SSRİ kəmiyyətcə çoxmillətli, formaca federativ olsa da, əslində, o, klassik unitar dövlət olmuşdur.

Daha sonra, bir sıra müəlliflər göstərirlər ki, unitar dövlətdə, hətta bir neçə millətin nümayəndələri yaşamış olsalar belə, həmin milli azlıqların burada muxtar dövlət qurumları olmur. Təəssüf ki, SSRİ-nin təcrübəsi bu fikri də təkzib edir. Adətən, çoxmillətli ölkə şəraitində federasiya daha mütərəqqi dövlət forması hesab edilir. Federasiya üçün ikiqat vətəndaşlıq səciyyəvidir. Burada istər federasiya, istərsə də onun subyektləri qanunvericilik hakimiyyətinə malik olurlar, belə ki, onların öz hakimiyyət strukturları fəaliyyət göstərir.

Federasiya mürəkkəb dövlət birliyidir. O, üç növ subyekti: a) milli dövlət birliklərini-suveren respublikaları, b) muxtar dövlət qurumlarını, v) ərazi qurumlarını birləşdirə bilir. Bu mənada, federasiyanın hazırkı anlamı federalizmin real tarixini əks etdirir. Belə ki, məsələn, 13 keçmiş ingilis müstəmləkəsi istiqlaliyyət əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları yarandı. Öz növbəsində, Almaniya keçmişdə müstəqil olmuş dövlətlər (Bavariya krallığı, Vyurtemberq krallığı və s.) tərəfindən yaradılmışdır. Müasir federasiyaların bəzi üzvləri keçmişdə heç də müstəqil dövlət olmamışlar (məsələn, ABŞ ştatlarının bir qismi, Avstraliya ittifaqının bir sıra ştatları və i. a.).

Federasiya keçmiş unitar dövlətin federativ dövlətə çevrilməsi yolu ilə də yarana bilir (hazırda Belçikada belə bir proses gedir). XX əsrin II yarısı paralel proseslə - milli ərazi vahidlərinin muxtariyyəti və məlum federativ meyillərin artması (İspaniya, İtaliya, Belçika, Kanada və s), digər tərəfdən isə respublikaların bayağı suverenliyinə əsaslanan federasiyaların (SSRİ, Yuqoslaviya, Çexoslovakiya və s.) süqutu ilə müşayiət olunur.

Deyilənlərdən əlavə, çox zaman konfederasiya ayrıca bir dövlət forması kimi qeyd olunur. Bununla belə, konfederasiya ayrıca bir dövlət forması hesab edilə bilməz. Belə ki, konfederasiya müstəqil suveren dövlətlər tərəfindən öz ümumi vəzifələrini əlaqələndirilmiş formada həll etmək məqsədilə yaradılan birlik formasıdır. Buraya daxil olan dövlətlər öz daxili, bəzən, hətta xarici müstəqilliyini də tamamilə saxlayır və müstəqil hərəkət edirlər. Onun yaranması isə, bir qayda olaraq, xarici təsir altında baş verir. Konfederasiyanın mərkəzi hakimiyyət orqanları, vahid konstitusiyası, vətəndaşlığı, vahid valyutası və i. a. olmur. Onun orqanları ittifaqın bütün üzvləri üçün imperativ (məcburi) hakimiyyətə malik olmur. İttifaqa daxil olan üzvlərin hər birinin ali hakimiyyət orqanı mərkəzi orqanın müvafiq qərarını təsdiq etdikdən sonra o, icra üçün məcburi xarakter alır. Konfederasiya sözünün hərfi mənası - latın dilində "müqavilə ilə əlaqələndirmək" - dediklərimizi bir daha təsdiq edir.

Tarixdən konfederasiyanın bir sıra nümunələri - 1815-1866-cı illərdə mövcud olmuş 38 alman dövlətinin Alman ittifaqı, 1848-ci il Konstitusiyasına qədər mövcud olmuş İsveçrə ittifaqı, 1776-1787-ci illərdə fəaliyyət göstərmiş Amerika Birləşmiş Ştatları və s. məlumdur. Son dövrdə Qambiya və Seneqalın birləşməsi nəticəsində yaradılmış Seneqambiya adlı dövlət konfederasiyaya nümunə olmuşdur. Onların hamısının təcrübəsi sübut edir ki, konfederasiya, adətən, müvəqqəti xarakter daşıyır, onun sonu ya federasiya, ya da müstəqil dövlətlərin yaranması ilə nəticələnir.

Dövlətin ərazi quruluşundan danışarkən dövlətlər birliyi haqqında məlumat verməmək düzgün olmazdı. Belə ki, bir sıra politoloqlar onu dövlətin ayrıca bir forması kimi qeyd edirlər. Onun ilk nümunəsi Böyük Britaniya Millətlər Birliyidir. O, 50 dövləti əhatə edir. Onların əksəriyyəti İngiltərənin keçmiş müstəmləkələri və dominionlarıdır (Kanada, Avstraliya və s). Onları əlaqələndirən yeganə orqan Məsləhətlər Sistemidir.

Keçmiş SSRİ ərazisində onun bəzi respublikalarının iştirakı ilə təşkil edilən bədnam Müstəqil Dövlətlər Birliyi də, görünür, həmin ideya əsasında yaradılmışdır.

Dövlət birliyi formalarının daha üçünü bunlara əlavə etmək olar: ikitərəfli və çoxtərəfli dövlət ittifaqları; universal, yaxud ixtisaslaşdırılmış beynəlxalq təşkilatlar (onlarda dövlətlər və ya onların orqanları - parlamentlərarası ittifaqlar - birləşir); dövlətlərin fövqündə duran təsisatlar (Baltikyanı parlament assambleyası). Tarixdən dövlətin iki əsas idarə forması - monarxiya (despotik, mütləq, konstitusiyalı, parlamentli) və respublika (aristokratik, demokratik, parlamentli, prezident, sovet və s.) bəllidir.

Azərbaycan müstəqil, demokratik prezidentli, unitar respublikadır. Ulu Öndər Heydər Əliyevin siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: "Mən 2003-cü ildə xalqın dəstəyi ilə prezident vəzifəsinə seçilmişəm. O vaxt bəyan etmişdim ki, mən öz həyatımı doğma xalqıma həsr edəcəyəm. O vaxtdan bu günə qədər öz əməyimlə, öz işimlə çalışmışam və çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanı möhkəmləndirək, Azərbaycanı gücləndirək, Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz edək. Azərbaycanın milli maraqlarını daha da möhkəmləndirək. Bütün bu istiqamətlərdə uğurlar var.

Mən qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan, sözün əsil mənasında, müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına cavab verir. Bu siyasət Azərbaycanı regionda lider dövlətə çevirir. Bu siyasət gənc, müstəqil ölkə kimi Azərbaycanı dünyada tanıdır. Ümid edirəm ki, görülən bütün işlər və görüləcək işlər bizim gücümüzü daha da artıracaqdır. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək, Azərbaycan regionda daha da möhkəm yerini tutacaq və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları daha da yaxşı, rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, firavanlıq şəraitində yaşayacaqlar. Mənim məqsədim budur. Mənim başqa amalım yoxdur. Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam, heç kim və heç nə məni bu yoldan döndərə bilməz".


Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər