PDF Oxu

MİA

  • 635 853

Albaniya dövlətinin yaranması və süqutu

image

Azərbaycanın şimalında Albaniya dövləti yaranmışdır. Azərbaycanın şimalı, gələcək Albaniya ərazisi barədə erkən yazılı qaynaqlarda məlumat yoxdur. Düşünmək olar ki, e. ə. II minilliyin sonu-I minilliyin əvvəlində burada erkən tayfa birləşmələri yaranırdı. Gələcək Albaniyanın qərb və cənub-qərb vilayətlərinin siyasi vəziyyəti barədə Urartu mixi qaynaqları az da olsa təsəvvür yaradırlar. Urartu hökmdarlarının (e. ə. VIII əsr) hərbi yürüşləri Göyçə gölü hövzəsinə çatırdı. Yürüşlərin birində Göyçə gölünün şərqində, qismən müasir Azərbaycanın ərazisində yerləşən bir neçə "ölkə" işğal edilmişdi. Ola bilsin ki, bu vilayətlərdə xırda vilayət başçıları hakim imişlər.

E. ə. VII əsrin əvvəlində kimmer, skit və sakların Azərbaycanda məskunlaşması onların gələcək Albaniya ərazisində xırda dövlət təşkilatlarının formalaşmasına təkan verdi, Əhəmənilərin hakimiyyəti illərində (e. ə. VI-IV əsrlər) Albaniyadakı etnoslar bu hakimiyyəti nominal (sözdə) da olsa tanıyırdılar, mərkəzə xərac verirdilər, müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdilər. Qavqamela (Cancal) döyüşündə albanlar, sakasinlər, kaspilər Əhəməni şahı III Daranın tərəfində döyüşürdülər. Güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və dövlətin vahid mərkəzdə birləşdirilməsinə başlanmışdı. Bəzi mülahizələrə görə, (V.V. Bartold), guya albanlar Qavqamela döyüşündə müstəqil yox, muzdlu sifətilə Midiya ordusunun tərkibində çıxış edirdilər. Lakin qaynaqlar göstərir ki, albanlar midiyalılarla birlikdə deyil, şah III Daranın dövrəsində mövqe tutmuşdular. Deməli, albanların döyüşkən keyfiyyətləri və cəsurluğu əhəmənilərə məlum imiş.

Z.Bünyadov və Y.Yusifovun fikrincə, yada salaq ki, "alban" adı ilk dəfə e. ə. I eranın I əsrindən etibarən qaynaqlarda (Strabondan başlayaraq) işlədilməyə başlanmışdır. II əsr antik yazıçısı Arrian isə bu adı qədimləşdirmiş və Qavqamela döyüşü ilə bağlamışdır. Bu döyüş İsgəndərin qələbəsilə başa çatır. Antik müəlliflərdən Plini və Yuli Solin İsgəndərin işğal etdiyi ölkələr arasında Albaniyanı da yad etmişlər. İsgəndərin vəfatından sonra onun varisləri diadoxlar arasında hakimiyyət uğrunda mübarizə kedən zaman Albaniyada müstəqil dövlət fəaliyyət kestərirdi. Yəqin ki, Albaniyada xırda vilayət hökmdarlarının vahid mərkəzdə birləşdirilməsinin gedişi artıq əhəmənilərin hakimiyyəti dövründə başlamış və İsgəndərin imperiyası dağılan zaman başa çatmışdı. Strabon e. ə. I əsr siyasi hadisələrilə əlaqədar yazırdı ki, alban "hökmdarları da qiymətlidirlər. İndi bir hökmdar onları idarə edir, lakin əvvəllər hər bir dilin (yəni tayfanın) özünəməxsus hökmdarı vardı". Qaynaq vahid və bir mərkəzə baxan alban dövlətinin nə vaxt meydana gəldiyini göstərmir. Lakin yuxarıdakı mülahizələri nəzərə alaraq e. ə. IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar. Eyni zamanda, Albaniya dövlətinin sərhədləri bu birləşmə gedişində möhkəmlənmiş və Albaniya ölkəsi siyasi anlayışı yaranmışdı. Hələ qədimdə Azərbaycan torpaqlarının qonşular tərəfindən işğalı o dövrün qaynaqlarında bu və ya digər şəkildə əks olunurdu. Qədim Azərbaycan dövlətləri (istər Albaniya, nstərsə Adərbayqan) sərhədləri müəyyən etnik və dil çərçivəsində formalaşmışdı. Bu dövlət çərçivəsində az saylı qeyri-türk etnik birləşmələri də təmsil olunmuşdu. Eyni zamanda, türk etnosları qonşu ərazilərdə (şimalda Dərbəndə kimi, Şərqi Gürcüstanda, Göyçə mahalı və Ağrıdağ vadisi) məskunlaşmışdılar. Sonrakı ərəb qaynaqları bu qonşu əraziləri də bir inzibati bölgüyə daxil ednb, onu Azərbaycan adlandırırdılar. Albaniya ərazisi Arran adı altında bu inzibati bölgüdə təmsil olunmuşdu. Beləliklə, Azərbaycan qədim və orta əsrlərdə daha geniş torpaqları əhatə edirdi. Parfiya-Roma, Sasani-Bizans müharibələri, hun və xəzərlərin müdaxiləsi zamanı bu torpaqlar Azərbaycanın (müvafiq surətdə Albaniyanın və Adərbayqa-nın) ayrılmaz hissəsi kimi, əhalisinin əsasən (az saylı etnosları nəzərə almaqla) oxşar etnik və dil tərkibinə görə, müdafiə olunurdu, işğal olunduqda isə geri qaytarılırdı.

Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı. Tit Livi yazırdı: "Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə qələbə çaldı". Plutarx isə xəbər verir ki, "albanlar əvvəlcə Pompeyin onların ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."

Bu zaman alban hökmdarı Oroys idi. Ondan əvvəlki alban hökmdarlarının adları məlum deyildir. Düşünmək olar ki, Oroys Qafqaz xalqları ilə həmrəylik naminə romalıların VI Mitridata qarşı hərəkətinə maneçilik törətmək istəmişdi, həm də Albaniyanı romalıların işğal etməsi təhlükəsi yarana bilərdi. Oroysun bayram günü Roma ordusuna hücumu təsadüfi deyildi. O, romalıların tətbiq etdiyi gözlənilməz və qəfil hücum taktikasını onlara qarşı işlədirdi. Lakin Oroysun közlənilməz həmləsi pis təşkil olunmuşdu. Əslində, albanların gözlənilməz hücumu baş tutmadı, çünki Pompey onların Kür çayını keçməsi barədə məlumat almış və ordunu üç hissəyə bölərək, hazır vəziyyətdə dayanmışdı. Roma dəstələrinə müvafiq surətdə Metel, Keler, Luki Flak və Pompey rəhbərlik etməli idilər. Albanlar əvvəl Kelerin və Flakın dəstələrini təkləmək, sonra isə Pompeyə hücum etməyi qərarlaşdırdılar. Lakin Dion Kassinin məlumatına görə, Pompey albanların həmin sərkərdələrə hücum etməsi xəbərinin eşidən kimi, onların qarşısına çıxdı və gördü ki, albanlar artıq Kür çayını keçirlər.

Döyüş başlandı. Oroys Metel və Kelerin dəstəsinə hücumu öz üzərinə götürmüşdü. Lakin Pompey Kelerin köməyinə gəldi. Oroys döyüş təşəbbüsünü əldən verdi və Kelerin zərbələrinə məruz qaldı. Digər alban dəstələri də uğursuzluğa düçar oldular. Döyüşü uduzacağını başa düşən Oroys Kür çayını keçdi və döyüş meydanından uzaqlaşdı. Beləliklə, e. ə. 66-cı ilin dekabr ayında romalılar ilə döyüş albanların uğursuzluğu ilə başa çatdı, Pompeylə müqavilə bağlandı.

Pompey VI Mitridatı təqib edərkən iberlərlə döyüşməli oldu, onların məğlubiyyətə uğratdı və hökmdar Artokun iki oğlunu girov kötürdü. E. ə. 65-ci ilin əvvəlində, o, albanların üsyan qaldırması xəbərini aldı. Plutarx yazır ki, "Pompeyə albanların yeni qiyamı barədə məlumat çatdı. Pompey hirs və qəzəb içində geriyə, onlara qarşı döndü. O, yenə Kür çayını çətinliklə keçdi və ordunu təhlükə qarşısında qoydu, çünki barbarlar çayın sahilinə uzun çəpər çəkmişdilər. Susuz çöllə uzun və əziyyətli məsafə (yol) keçəcəyini nəzərə alaraq, o, on min tuluğun su ilə doldurulmasını əmr etdi. Düşmənə qarşı gedən Pompey onları Abanta (ind. Alazan) çayı yaxınlığında, artıq döyüş qaydasında düzülmüş gördü. Barbarların ordusu 60 min piyada və 12 min süvaridən ibarət idi. Dion Kassinin məlumatına görə, Pompey albanları qəfil yaxalamaq üçün Armeniyanın ərazisi ilə hərəkət etdi. Ehtimala görə, o, indiki Ağstafa tərəfdən Kürün sahilinə çatdı. Buradan Alazan çayına doğru hərəkət etdi. Alazan çayının sahilində Pompeyi albanlar gözləyirdilər. Plutarxın məlumatına görə, alban ordusunun başında hökmdarın qardaşı Kosis dayanmışdı. Yəqin ki, ilk döyüş əməliyyatını keçirmək Kosisə həvalə edilmişdi.

Döyüş meşədə başladı. Dəstənin bir hissəsinə hökmdarın qardaşı Kosis başçılıq edirdi. Dion Kassi Pompeyin hərbi taktikası barədə yazırdı ki, o, öncə süvariləri yerləşdirdi, piyadaları isə onların arxasında qalxanla dizi üstə oturdaraq, səssiz-səmirsiz gözləməyi əmr etdi. Pompeyin məqsədi Oroysu tələyə salmaq idi. Pompeyin hiyləsini başa düşməyən albanlar süvarilərə hücum etdilər. Süvarilər qəsdən geriyə çəkilib, yan tərəflərə dağılışdılar. Bu məqamda Pompeyin piyada dəstələri döyüşə atılaraq alban süvari dəstələrini mühasirəyə aldılar. Qanlı döyüş başlandı. Döyüşün gedişində Kosis Pomleyin dayandığı yerə çatdı və nizəsini ona atdı. Lakin nizə onun zirehli geyiminə dəyib yerə düşdü. Pompeyin atdığı nizə isə Kosisi ölümcül yaraladı. E. ə. 65-ci ildə baş vermiş bu döyüş romalıların qələbəsilə sona yetdi. Alban qoşununun qalan hissəsi qaçıb meşədə gizləndi. Pompey meşəni mühasirəyə aldı. Onun əmrilə meşə yandırıldı və orada gizlənən alban döyüşçüləri həlak oldular. Appian yazır ki, əsirlərin arasında xeyli yaralı qadınlar vardı. Antik müəlliflər onları amazonkalar adlandırırdılar.

Alban süvari dəstələri və Kosis Pompeyin qurduğu tələyə düşərək, məhv oldular. Oroys döyüşə girməyib dağlara çəkildi. Güman ki, o, yenidən müqavimət göstərmək niyyətində imiş. Lakin Pompey sülh yolu ilə albanları razı saldı. Antik müəllif Flor (II əsr) yazır ki, Pompey "albanlara mərhəmət göstərdi. O, Qafqaz altında düşərgə salaraq, Oroysa düzənliyə enməyi əmr etdi". Oroys Pompeyin yanına getmədi, lakin ona məktub və hədiyyələr göndərdi. Oroysun barışıq təklifini Pompey qəbul etdi. Bəzi qədim qaynaqlarda deyilir ki, "Pompey... albanların və indi alan adlandırdığımız massaketlərin ölkəsini keçdi, bu tayfanı da məğlub etdi və Xəzər dənizini gördü". Plutarx isə yazır ki, "döyüşdən sonra Pompey Hirkan, yaxud Kaspi (Xəzər) dənizinə doğru hərəkətə başladı, lakin sürünən zəhərli ilanlar üzündən bu niyyətdən əl çəkdi". Əslində isə, albanların yenidən üsyana qalxması və yolun çətinliyi onu Xəzər dənizinin sahilinə çıxmaq niyyətindən daşındırmışdı. Pompey albanlarla sülh sazişinə gəldikdən sonra, ona müraciət edən digər tayfalarla da müqavilə bağladı. Ola bilsin ki, Pompey kaspilərlə də ittifaqa girmişdi.

Bospor padşahlığında tezliklə VI Mitridata qarşı üsyan qalxır. Üsyanın başında onun oğlu Farnak dayanırdı. E.ə. 63-cü ildə Mitridat həlak oldu. Bospor padşahlığı Roma hakimiyyəti altına keçdi.

Eramızın I əsri ərzində Albaniyada hakimiyyət artıq yerli hökmdarların əlində cəmləşmişdi. Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı. Oktavian Avqust yazırdı ki, "bizim (yəni Romanın) dostluğumuzu... alban, iber və med (yəni ki, Atropaten) hökmdarları istəyirdilər". Albanlar e. Ə. I əsrdə romalıların yürütdüyü: siyasətə meyil edirdilər. Parfiya taxt-tacı uğrunda (III) Artaban və Vonon arasında gedən mübarizədə, çox güman ki, Vononun tərəfini saxlayırdılar, çünki Vonon 19-cu ildə uğursuzluğa düçar olan zaman albanların ölkəsinə qaçmaq istəyirdi. Albaniya e. ə. 35-ci ildə iberlərin Armeniya və Larfiya ilə mübarizəsinə qoşuldu. İberiya hökmdarı Farasman qələbə çaldı. Çox keçmədi iberlərlə albanların münasibəti kəskinləşdi. İberlərin albanlar ilə münasibətlərinin müharibə şəkli almasına Romanın xalqları bir-birinə qarşı qoymaq siyasəti səbəb olmuşdu. Albaniyanın müstəqilliyi Romanı, Parfiya və başqa qonşu dövlətləri narahat edirdi. Buna görə də, 68-ci ildə Roma imperatoru Nerok albanlara qarşı böyük yürüş hazırlamağa başladı. O, Dərbənd keçidinə hərbi dəstələr göndərdi. Yəqin ki, bu keçid albanların əlində idi. Lakin Neronun bu yürüşü baş tutmadı, Roma əhalisinin üsyanı zamanı o həlak oldu. Bir müddət sonra Roma hərbi dəstələri indiki Abşeron yarımadasına gəlib çatmışdılar. Böyükdaş (Qobustan) dağının ətəyində Qafqazda, ilk dəfə olaraq, latın dilində yazı aşkar edilmişdir. Yazılı daş üzərində qeyd olunmuşdur: "İmperator Domisian Sezar Avqust Kermanik. L(yusi) Yuli Maksim, Fulminatın XII legionunun senturionu".

F.Məmmədova yazır: "Alban Arşakiləri və həmin dövr (I-IV əsrlər) Albaniya dövləti probleminin tədqiq olunması yalnız Azərbaycan tarixi üçun yox, həm də ümumiyyətlə, Arşakilərə aid mühüm problemin həlli sahəsində xüsusi əhmiyyət kəsb edir."

M.M.Dyakonovun fikrincə, İran (Parfiya) Arşakiləri hakimiyətlərində olan Zaqafqaziya ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Arşakilər İranının mərkəzi hökumətindən asılılığı ayrı-ayrı vaxtlarda müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.

Eramızdan əvvəl II-I yüzilliklərdə, İranın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə İran Arşakiləri üçun mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi kücləndikcə Arşakilər İranının mərkəzi hökuməti yeni siyasətə vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb, onların əvəzinə öz adamlarını-Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persidada, Elimaidada, Atropatendə, Hirkanda, Hindistanda, Gürcüstanda, Maxeloniyada Arşakilərin məlumatların əsas mənbələri Musa Kalankatlı, Favslos Buzan, Yelişe, Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Ayrivanetsinin əsərləri, habelə, "Müqəddəslərin həyatı" (aqioqrafik əsərdir) və "Carıntir"dir. Alban Arşakiləri barədə elmdə belə bir mülahizə mövcddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsası Kalankatlının yazdığı kimi, Cəsur Vaçaqan tərəfindən yox, Sanatruk tərəfindən qoyulmuşdur. M.Brosse belə hesab edir kn, Sanatruku Albaniyanın şahı kimi qəbul etmək və onun adını alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan qabaq yazmaq lazımdır. S.T.Yeremyana görə, Albaniyada massaket Arşakiləri şahlıq etmişlər. O, belə hesab edir ki, həmin sülalə Albaniyada hakimiyyət başına 388-ci ildə gəlmişdir. Yəni S.T.Yeremyan İran Arşakilərinin alban budağı olduğunu inkar edir.

E.A.Krımski belə hesab edir ki, alban Arşakiləri "eran şah", yaxud "eran şahin" titulunu daşıyırdılar və "eran şah" ifadəsi "aran şah" sözünün təhrifi ola bilər. Bu isə "Aran hökmdarı", "alban hökmdarı" deməkdir, başqa sözlə, Aranşahilər elə Arşakilərdir.

Alban Arşakiləri nəsli başçısının Sanesan (Sanat-ruk) olmadığını və onun meydana gəlmə tarixini dəqiqləşdirdik, indi isə alban Arşakiləri məsələsinə qayıdaq. Biz belə hesab edirik ki, Albaniyada hökmdarlıq etmiş ilk Arşakinin I Cəsur Vaçaqan olduğunu göstərən "Alban tarixinə (M.Kalankatlı) inanmaq lazımdır. İlk alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatendə, Ermənistanda, maskutlar ölkəsində və digər yerlərdə taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişdir. Kiçik Arşakilər İran (Parfiya) şahı Vanonun oğlu I Valarş (Volokez) tərəfindən taxta çıxarılmışdır. Anonimin erməni Arşakiləri siyahısından istifadə edən Movses Xorenli həmin siyahıda yaradıcı dəyişikliklər etmişdir.

Albaniya Roma imperatorlarının siyasi təsiri altına düşmədi. İmporator Trayan (96-117-ci il) da Ön Asiyaya yürüş etdi. 114-cü ildə Armeniya torpaqları uğrunda Roma ilə Parfiya arasında müharibə yenə qızışdı. Trayan Armeninyanı zəbt etdi, burada parf hökmdarlarının hakimiyyəti ləğv edildi. 115-ci ildə bu ölkə Romanın əyaləti elan edildi. Qaynaqlar qeyd edilər ki, Trayan "parflardan Armeniyanı aldı, onu tacdan məhrum etdi. Böyük Armeniya padşahlığını mənimsədi. Albanlara hökmdar verdi. "Albanların ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə albanlar öz torpaqlarının tam sahiblərn idilər. Armeniya hökmdarlarının işğallarına son qoyuldu. Roma imperatoru Adrian (117-138-ci illər) albanlar ilə dostluq münasibətləri saxlayırdı. Azərbaycan dövlətləri Makedoniyalı İsgəndərin yürüşündən sonra Ön Asiyada gedən müharibələr zamanı öz müstəqilliklərini saxlaya bilmişdilər. Adərbayqan vaxtaşırı gah Sələvkilərə, gah da parflara tabe olmuş, lakin çox vaxt müstəqil idarə üsulunu saxlamışdı. Albaniya Armeniya hadisələri ilə əlaqədar bu ölkəyə köməyə gəlmiş, iberlərlə birgə çıxış etmiş, son məqamda romalılarla dostluq münasibətləri yaratmışdı. .

226-cı ildə İranda parfların (Arşaki sülaləsinin) hakimiyyətinə son qoyuldu. Hakimiyyətə Sasanilər sülaləsi gəldi və Azərbaycan yeni siyasi mərhələyə qədəm qoydu.

Sasanilərin tabeliklərində olan Zaqafqaziya xristian ölkələrinə-Albaniyaya və İberiyaya qarşı yürütdükləri siyasət sabit deyildi və məlum olduğu kimi, tez-tez dəyişirdi. Roma imperiyasında xristanlar təqibə məruz qaldıqları vaxt İran şahları onlara havadar çıxır, onların simasında romalıların arxasında özlərinə müttəfiq tapacaqlarını güman edirlər. Xristianlığın qələbəsi, Şərqi Roma imperiyasında, Albaniyada və İberiyada onun dövlət dininə çevrilməsi ilə əlaqədar olaraq, İranın xristianlara münasibəti də dəyişdi. Sasani şahları mömin xristianları təqib etməyə, İranda və onların öz ölkələrində rəsmi kilsəyə qarşı mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar. Roma imperiyası ilə eyni dinə etiqad edən, İrana siyasi və dini düşmənçilik münasibəti bəsləyən ölkələr şimalda və qərbdə möhkəmləndirilmiş təbii sərhədləri olmayan İran üçün daim təhlükə ola bilərdi.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər