PDF Oxu

MİA

  • 66 708

Azərbaycan XIX əsrin birinci yarısında: rus işğal rejimi

image

Rusiya Azərbaycanın şimalını işğal etməklə ciddi müstəmləkə və amansız işğal rejimi yaradaraq onu özünün əyalətlərindən birinə çevirməyə çalışırdı. "Azərbaycan tarixi" kitabında rus inzibati-idarə sistemi haqqında məlumata təsadüf etmək olar. Burada göstərilir ki, Şimali Azərbaycan xanlıqları çar qoşunları tərəfindən tutularkən ruslara müqavimət göstərmədikləri üçün Qarabağ, Şəki və Şamaxı xanlıqlarında idarə sistemi olduğu kimi saxlanılmışdı. Gəncə, Bakı, Quba xanlıqları isə müqavimət göstərdiklərinə görə, ərazilərində xan üsuli-idarəsi ləğv edilmişdi. Lakin hakimiyyətdə qalan xanların da ömrü uzun sürmədi. 1819-1826-cı illər arasında Şəki, Şamaxı, Qarabağ və Lənkəran xanlıqlarında da xan üsuli-idarəsi ləğv edildi. Azərbaycanda mərkəzi şəhəri Şuşa olan "Müsəlman əyalətləri rəisliyi" yaradıldı. Bu idarənin başında rus zabiti dururdu. Keçmiş xanlıqlar və sultanlıqlar əyalətlərə və dairələrə çevrilmiş, 6 əyalət - Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış, 2 dairə - Yelizavetpol və Car-Balakən, 2 distansiya - Qazax və Şəmşəddil təşkil edilmişdi.

Əyalət və dairələrin də başında çar zabiti dururdu. Bu, komendant idarə-üsulu adlanırdı. Qafqazın baş komendantı tərəfindən təyin olunan həmin komendantların bəylərə torpaq bağışlamaq, yaxud geri almaq, həmçinin, digər siyasi-inzibati hüquqları var idi. Ümumiyyətlə, yerlərdəki komendantlar mütləq hakim hesab olunurdular. Onların təkcə ölüm hökmü vermək hüquqları yox idi.

Əyalətlər xanlıqlar dövründə olduğu kimi, mahallara bölünürdü. Mahalların başında komendantların yerli bəylərdən təyin etdiyi mahal naibləri dururdular. Mahal naibləri vergiləri kəndlər arasında bölüşdürür, camaatı vergiləri vaxtında ödəməyə məcbur edir, kəndlilər arasında baş verən mübahisə və dava-dalaş doğuran məsələləri həll edirdilər. Kəndləri isə kətxudalar idarə edirdilər. Onların hər birinin yanında bir neçə onbaşı və yasovul olurdu. Mahal naibləri və kətxudalar dövlət xəzinəsindən maaş almırdılar. Onlar vergilərin bir qismini özlərinə götürür, yaxud da komendant onlara boş torpaq və həmin torpaqları becərmək üçün rəncbərlər bağışlayırdı.

Şimali Azərbaycanın bəzi əyalətlərində və şəhərlərində məhkəmələr yaradılmışdı. Bu məhkəmələrə komendantlar sədrlik edirdilər, iclasçılar isə bəylərdən seçilirdi. Xanlıq zamanında olan gözçıxarma, qulaq, burun kəsmək kimi ağır cismani cəza tədbirləri ləğv edilmişdi. Mülki məhkəmələrlə yanaşı, şəriət məhkəmələri də fəaliyyət göstərirdi. Hər əyalətdə ruhani başçıları qazilar idilər. Onlar, eyni zamanda, şəriət məhkəmələrinə başçılıq edir, nikah, boşanma, vərəsəlik və s. kimi işlərə baxırdılar.

Komendant üsuli-idarəsi camaatı ağır istismara, zülmə və özbaşınalığa məruz qoyurdu. Həm komendantlar, həm də onların təyin etdikləri mahal naibləri vergi toplayarkən zorakılığa yol verir, camaatı soyurdular. Komendantlar onun bir sözünü iki edənlərlə, itaət göstərməyənlərlə amansız rəftar edirdilər. Lənkəran komendantının bu əyalətin bir neçə sakinini suda boğdurması faktı məlumdur. Hətta çar məmurlarının özləri də komendantların zorakılığını etiraf etməyə məcbur olmuşdular: "Dairə rəisləri, komendantlar və başqa başçılar mənfəətpərəstlik və qızğın özbaşınalıq əsasında hərəkət etmişlər".

Rusiya azərbaycanlılar arasında sünni-şiə təfrişəsini qızışdırır, "parçala-hökm sür" siyasəti yeridirdi. ABŞ tədqiqatçısı T.Svyatoçovksinin araşdırmalarına görə, 1848-ci ilin statistik məlumatlarına görə, şiələrlə sünnilərin say nisbəti hələ ki eyni olub, təqribən, 50:50 nisbətində idi. Bundan fərqli olaraq, 1860-cı illərdəki məlumatda sünnilərin sayının xeyli azaldığı göstərilirdi. Əhalinin say nisbəti sonradan elə bir səviyyədə sabitləşdi ki, bu zaman Arazın şimalındakı azərbaycanlı əhali arasında Cəfəri məzhəbindən olan şiələr açıq-aşkar ikinin birə nisbətində üstünlük təşkil etdilər.

Sünni cərəyanının əvvəlki qüdrətinin zəifləməsi onların Türkiyəyə mühacirəti ilə izah olunurdu. Qafqaz dağlılarının silahlı üsyanı axırıncı dəfə Rusiya tərəfindən amansızlıqla yatırıldıqdan sonra sünnilərin Türkiyəyə damcı-damcı axın şəklində başlayan mühacirəti güclü sel axınına çevrildi.

Şiə-sünni təfriqəsi 19-cu əsr müharibələrinə münasibətdə azərbaycanlılar arasında yaranmış fikir ayrılığında öz əksini tapdı. Çar Duması şiə könüllülərindən Türkiyə əleyhinə nəinki təkcə 1828-1829, hətta 1853-1855-ci illərdə də, hələ bir Dağıstanda Şeyx Şamilin başçılıq etdiyi ruslara qarşı qazavat (xaç müharibəsi) əleyhinə də istifadə edə bildi. Digər tərəfdən, sünnilər Rusiya-Türkiyə münaqişələri zamanı öz narazılıqlarını büruzə verir və yeri gələndə silaha sarılaraq Şamili müdafiə etməyə can atırdılar. Onlardan çoxu Rusiyadan gələn müsəlman mühacirlərin axınına qoşulmaqla öz mövqelərini açıq bildirirdilər.

Zaqafqaziyanın işğalı əhalinin nəinki təriqətçi etiqadını, hətta etnik tərkibini də dəyişdi. Bu rus işğal üsulu bir gün Fransa tərəfindən Livanın işğalında istifadə olunacaqdı. Yaxın Şərqdə xeyli miqdarda xristianların olması müstəmləkə üsuli-idarəsinin strateji dayaq nöqtəsi idi. Sünnilərin xaricə mühacirəti İrandan və Türkiyədən rusların, almanların və ermənilərin əks axını hesabına (axırıncıların axını daha böyük idi) tarazlaşmışdı. Çar rejimi, əslində, bu əhali mübadiləsini həvəsləndirdi. 1834-cü ildə imperator tərəfindən verilən bir fərmana görə, əvvəlki İrəvan və Naxçıvan xanlıqları ərazisinin daxil olduğu erməni oblastı (əyaləti) yarandı ki, bu da bəziləri tərəfindən Şərqi Ermənistanın qədim torpaqlarının ermənilərə qaytarılması aktı kimi qiymətləndirildi. Corc Bornutian tərəfindən aparılmış son tədqiqat təsdiq edir ki, Rusiya işğalından qabaq ermənilər Şərqi Ermənistanın bütün əhalisinin, təxminən, 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiyaya birləşdirildikdən sonra İrandan və Osmanlı imperiyasından 57000 enməni mühaciri axışıb gəldi və 35000 müsəlman isə Şərqi Ermənistanı tərk etdi. Bununla əlaqədar 1832-ci ildə ermənilər əhalinin yarısını təşkil edirdilər.

Erməni mühacirləri, əsasən, xəzinəyə tabe olan torpaqlarda məskunlaşırdılar, lakin bəzi hallarda müsəlmanların torpaqlarını əllərindən almaqla onları öz yerlərindən didərgin salırdılar ki, bu da özündə etnik gərginlik potensialı daşıyırdı. Diqqətəlayiq cəhətlərdən biri o idi ki, uzun müddət ərzində hər iki qrup arasındakı münasibətlər geniş zorakılıq hallarından azad idi. Bu xristian mühacirlər Avropa köçkünləri deyildilər, onlar sadəcə olaraq, tanış Yaxın Şərq mühitindən olan gəlmələr idilər.

Erməni əhalisinin cəmləşdiyi və əsrlərlə formalaşaraq əhalinin xeyli hissəsini təşkil etdiyi digər ərazi Qarabağ idi. 1830-cu illərdəki Rusiya məlumatlarına görə, burada 35000 müsəlmana qarşı 12000 erməni yaşayırmış. Ermənilər keçmiş Qarabağ xanlığının dağlıq hissəsində məskunlaşmışdılar. 1845-ci ildə Qarabağdakı vəziyyət haqqında məlumat verərkən, bir ordu zabiti rus məmurlarının ermənilər haqqındakı rəyini belə yekunlaşdırırdı: "Ermənilər Rusiya hökumətinə sadiqdirlər və sözsüz, bizə heç vaxt xəyanət etməzlər. Onlar dinc həyat sürürlər, ara-sıra təsadüf olunan mənfi halları nəzərə almasaq, quldurluqla işləri yoxdur: bütün ermənilərə xas olan naqis cəhətlərə, aldatmağa, tamaha və hər cür şübhəli işlərə qurşanmağa güclü meyil Qarabağ erməniləri üçün də səciyyəvidir".

T.Svyatoçovskinin fikrincə, Zaqafqaziyanın işğalı ilə Rusiya Orta Şərqin bir hissəsi üzərində öz hökmranlığını genişləndirən ilk Avropa dövləti oldu. Orta Şərqin ucqar nöqtəsində yerləşən və Rusiyadan dağlar silsiləsi ilə ayrılan bu hissəyə coğrafi cəhətdən rus dövləti ilə sıx birləşdirilməli olan bölgədən daha çox, növbəti işğal üçün əməliyyat meydanı kimi baxılırdı. Əslində, Zaqafqaziyaya münasibətdə koloniya (müstəmləkə) termini Əlcəzairdəki fransız hakimiyyətini özləri üçün model seçmiş çar məmurları arasında qəbul edilmişdi.

Maliyyə naziri T.K.Kankrin "müstəmləkə" termininin mənasını dəqiqləşdirmiş və onun mümkün olan təsirlərini I Nikolaya təklif etdiyi siyasətdə təfsilatı ilə göstərmişdi: "Zaqafqaziya müstəmləkə kimi qələmə verilərkən nəzərdə tutulur ki, Rusiya hökuməti bu bölgəni dövlətə qatılması prosesini dərhal dayandıracaqdır. Zaqafqaziyanın özünəməxsus həyat tərzinin, durumunun nəzərə alındığı təqdirdə, bu bölgənin Rusiyanın bir hissəsinə və ya rus millətinin bir hissəsinə çevriləcəyi gözlənilmir. Əksinə, bu torpaqlar onların Asiya əyalətləri vəziyyətində saxlanılmalı, lakin çox güman ki, keçmişdə olduğundan daha səmərəli idarə olunmalıdır.

Kankrinin arzusu Zaqafqaziyanı "Rusiyanın Şərqi Hindistanı"na çevirmək idi. Baş vermiş üzvi birləşmə kankrinsayağı müstəmləkəçilikdən uzaqlaşma kimi başa düşülsə də, "parçala və hökm sür" siyasətinin məntiqi özünü daha çox yeni quberniyaların sərhədlərinin müəyyənləşdirilməsində göstərirdi. "Tatarlar"ın böyük bir hissəsi Şərqi Zaqafqaziyadan kənarda qaldı və Şərqi Zaqafqaziyanın iki əyalətinə azlıqları təşkil edən xeyli qrup da daxil edildi. 1871-ci ilə aid məlumatlara əsasən, Yelizavetpol quberniyasında "tatarların" ermənilərlə say nisbəti uyğun olaraq belə idi: 878000 və 292000. Bakı quberniyasında 465000 tatar vardı: buraya 77000 rus, 63000 Qafqaz dağlısı, 52000 erməni, 8000 yəhudi və 137000 digər əhali qrupları daxil idi. T.Svyatoçovski yazır ki, "Tatar" istilahı ruslar tərəfindən imperiyanın türkdilli xalqlarına xitabən işlədilirdi. Azərilər sözündən ayırmaq üçün bu istilahı dırnaq arasında vermişik.

Azərbaycanlılar Şərqi Zaqafqaziyadan kənarda qalan əyalətlərə də daxil edilmişdilər. İrəvan quberniyasının beş uyezdindən dördündə azərbaycanlılar əhalinin 32 faizindən 57 faizinə qədərini təşkil edirdilər. 1883-cü ildə quberniyanın müsəlman əhalisi 286000 nəfər, erməniyə qarşı 211000 nəfər təşkil edirdi. Tiflis quberniyasında azərbaycanlıların say nisbəti daha az idi: 558000 nəfər əhalidən 63000 nəfəri azərbaycanlı idi.

Rusiya inzibati islahatları daxilində qurulmuş bütün torlara baxmayaraq, bu da aydın idi ki, bu islahatlar, ən azı, iki cəhətdən Azərbaycanın daxilən möhkəmlənməsini artırmış oldu. Xanlıqların ləğv olunması dərin kök salmış yerliçilik xüsusiyyətlərini zəiflətdi və Şərqi Zaqafqaziyada iki quberniyasının yaradılması əlahiddə ərazi ilə nəticələndi ki, bu yerləri şirvanlılar və ya arranlılar öz vətənlərinin özəyi hesab edirdilər. Hətta Azərbaycan termini Arazın şimal ərazisinə istinadən gec-gec işlənsə də, Avropa alimləri və ya jurnalistlərinin əsərlərində Azərbaycanın adı çəkilməyə başladı. Öz növbəsində, inzibati inteqrasiya, aşağı sürətlə də olsa, istilanın yayıldığı ilk dövrlərdə baş verən iqtisadi və sosial dəyişikliklər hesabına gücləndi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər