Yunus Oğuz "Nadir Şah" tarixi romanında Nadir Şah haqqında indiyədək yazılmış olan bütün əsərlərin sintezini yaratmışdır. Tarixi həqiqətə və tarixi faktlara bir qədər də bədiilik, pafos və romantizm gətirən Yunus Oğuz bundan əvvəl çap etdirdiyi "Atilla" kitabçasında olduğu kimı, burada da oxucunu daim intizarda və bir növ öz nəzarətində saxlamağı bacarır, tarixi şəxsiyyətləri olduğu kimi,dövrünə və şəraitinə uyğun şəkildə qələmə alır. Arnold Toynbinin belə bir kəlamı var: "Tarix həmişə bu günün tarixidir". Bunu o mənada başa düşmək olar ki, tarixçi tarixə bu günün prizmasından yanaşır, yəni tarixçəyə necə sərf edirsə, o tarixi eləcə də şərh edir. Sovet dövründə Nadir şah daim pislənilir, qaniçən, işğalçı, zalım və s. damğalarla yad edilirdi Əgər Nadir və eləcə də onun sələfləri Attila, Çingizxan, Əmir Teymur və Şah Abbas təriflənsə idilər, onda bəs rus hökmdarları olan İvan Qroznı, Birinci Pyotr, Stalin kölgədə qala bilərdi. Professor Tağıyev Əlikram göstərir ki, bu böyük insanların adlarını yaxşılığa çəkmək yasaq edilirdi. Əvəzinə isə onlara qarşı çıxmış hansısa bir üsyançı xalq qəhrəmanı adı ilə təriflənər və onların hərəkətləri despotizmə qarşı azadlıq mübarizəsinə qalxmış xalqın həqiqi oğlu kimi təqdim edilərdi. Biz burada nə üçün Nadiri məhz Bonapartla müqayisə etmişik, başqaları ilə yox. Ən əvvəl ona görə ki, hər ikisi eyni sinfin nümayəndələri idilər, yəni xalq içərisindən çıxmışdılar, ikincisi, biri Şərqi, digəri isə Qərbi təmsil edirdi. Şərq-Qərb dialoqunda burada deməyə nəsə var. Nəhayət, üçüncü ona görə ki, hər ikisi köhnə cəmiyyəti və köhnə dünyanı sarsıtmış, yerində yeni bir dünya, yeni bir sivilizasiya yaratmışdılar. Onlar feodal dünyasını başa saldılar ki, artıq onların dövrləri sona çatmışdır, dünyada qüvvələrin yenı balansı yaranmaqdadır. Onların yaratdıqları böyük ordular (hərəsinin qoşununun sayı təxminən yarım milyona çatırdı) Avropanın və Asiyanın xəritəsini yenidən biçdilər. Avropada və Asiyada yeni passionar qüvvələri həm hərəkətə gətirdilər, həm də cəmiyyəti taqətdən salıb yordular. Onlar bir təlatüm kimi tarixə daxil olub onu irəli apardılar. Onların sonu yeni bir tarixi dövrün başlanğıcının əsasını qoydu.
Ə.Tağıyev onları müqayisə edərək yazır: "Nadir Şah da, Napoleon da tarixi şəxsiyyətlərdir. Onlar öz fəaliyyətlərilə tarixi irəli apardılar. Nadirdən əvvəl də İranda yaşayan İran xalqı idi. Lakin onlar əzilmiş, parçalanmış və hər an hüquqları tapdaq altında qalan, söyüş və təhqirlərə məruz qalan bir kütlə idi. Nadir isə onlarda yaşayan passionarlığı təlatümə gətirdi, bu xalqı döyüşkən və müsəlləh bir orduya çevirdi. Tarixdə şəxsiyyətın rolu məsələsinə alimlər müxtəlif şəkildə yanaşmışlar. Marksızm tarixin yaradıcısı kimi xalqı əsas götürür və göstərir ki, şəxsiyyətlər lazım olan anda tarix onları yetişdirir.
Bir sıra nəzəriyyələrə görə isə xalq sadəcə bir kütlədən başqa bir şey deyıl və onu elita, yəni seçilmiş adamlar idarə edirlər. L.Qumılyev isə tarixin ayrı-ayrı passionar qəhrəmanlar tərəfindən yaradıldığını və irəli apardığını qeyd edir. Məsələn, Napoleon inqilabı ruhla silahlanmış xalqı bir orduya çevirib bütün Avropanı və üstəlik də Misiri işğal etdi. Misiri özünə dayaq nöqtəsi etməklə o, Hindistana getmək və İngiltərəni öz müstəmləkələrindən məhrum etmək istəyirdi. Lakin admiral Nelson onun donanmasını məhv etdi və dənizdə hökmranlıq İngiltərənin əlində qaldı. Nadirin və Napoleonun süqutu ilə İran və Fransa passionarlığı da zəiflədi".
Ə.Tağıyev göstərir ki, İslam Şərqini Nadir, Avropanı isə sonuncu dəfə Napoleon birləşdirdi. Hər ikisi xarizmatik idilər və hakimiyyəti öz qılıncları, öz istedadları və qabiliyyətləri ilə fəth etmişdilər. Onlar digər monarxlar kimi hakimiyyət başında dünyaya gəlməmişdilər, sarayda yaşamamışdılar, saray adət-ənənəsinə bələd deyildilər. Onlar hakimiyyətdə öz qayda-qanunlarını, idarəetmə üsullarını yaratmışlar. Onların yaratdıqları bu üsul idarə bonapartizm idi və qurduqları böyük imperiyaları daim hücum müharibələri sayəsində genişlənir və yaşayırdı. Bu müharibələr səngiyən kimi ölkələr çalxalanır, mövcud ziddliyyətlər kəskinləşir, üsyançılar baş qaldırırdı. Öz tarixi dövrləri üçün Avropada Napoleondan, Asiyada isə Nadir şahdan böyük sərkərdə olmamışdır. Mənin onları digər fatehlərlə müqayisə etməyim düzgün olmazdı. Çünki onların hər birinin öz tarixi dövrü, hakimiyyətə gəlmə üsulları, sosial bazaları mövcud olmuşdur. Böyük Karlın Avropada oynadığı rolu Şərdə əvvəlcə Çingizxan, sonra isə Əmir Teymur oynamışdı. Eyni vəzifəni yaxın və Orta Şərqdə əvvəlcə Şah İsmayıl, sonra isə Şah Abbas və Nadir şah yerinə yetirmişlər. Şübhə yoxdur ki, istər Qərbdə, istərsə də Şərqdə çox böyük hökmdarlar olmuşlar. Makedoniyalı İskəndər, Qay Yuli Sezar, Birinci Pyotr, Sultan Mahmud Qəznəvi, Alp-Arslan, Sultan Məhəmməd Fateh, Sultan Səlim, Sultan Süleyman, Babur və onlarla başqaları tam bir tarixi dövrü yazmış şəxsiyyətlərdir. Nadir şahdan sonra İranın və Azərbaycanın ən böyük hökmdarı və sərkərdəsi Ağa Məhəmməd şah Qacar olmuşdur. Lakin Nadir şahı öldürtdüyünüz kimi onu da özümüz öldürdük və Qafqaz yadelli rusların hücumu qarşısında əliyalın qaldı. Abbas Mirzə böyük sərkərdə olsa da İranın sosial-iqtisadi və hərbi geriliyi onu məhvə apardı. Nadir şah öz futuhatlarıyla ancaq Napoleonla müqayisə edilə bilər. Onların hər ikisi hərb tarixində özlərindən əvvəlki sərkərdələrin döyüş təcrübəsindən istifadə etmişlər. Məsələn, Nadir şah Hindistanı tutanda İskəndərin təcrübəsindən, Napoleon isə Austerlitsdə Əmir Teymurdan taktikasını tətbiq etməklə qalib gəlmişlər. Mən hələ Malazgird döyüşündə Alp Arslanın tətbiq etdiyi taktıkanı demirəm. Bunu ilk dəfə Çingiz xan, sonra isə onun ardıcılları sınaqdan keçirmiş və Avrasiyanın sahibi olmuşlar. Dünyanı birləşdirmək uğrunda mübarizəyə başlayan İskəndər, Çingiz xan, Əmir Teymur, Sultan Süleyman Qanuni və İranın İsdamdakı əvvəlki böyük hökmdarları Kir, Dara və b. Nadirə yaxşı tanış idilər. Nadir onların hərbi iş sahəsindəki uğurlarını diqqətlə öyrənmişdi. Eləcə də Napoleon haqqında tədqiqlər içərisində Tarlenin əsərləri, Nadir şah haqqında olan əsərlər içərisində isə Mirzə Mehdi Məhəmmədin, L.Lokkartın tədqiqləri çox seçilir. L.Lokkart Nadir şahı İskəndər və Teymurlənglə bərabər tutur. Avropa öz tarixində Napoleonadək Böyük Karlı, Asya isə Çingizxanı və Əmir Teymuru görmüşdü. Atilla isə həm Asiyanın, həm də Avropanın bütün tarix boyu ən böyük hökmdarı olaraq qalacaqdır. Şərqşünas Vamberi Nadiri "Asiyanın son fatehi" adlandırmışdır. Nadir şah İranı alçaldılmış və təhqir edilmiş, o zamanlar hər addımda "zorlanmağa adət etmiş" bir qadın səviyyəsindən Asiyanın ən qüdrətli dövlətinə çevirmişdir. Ölkə əfqanlar, türklər, ruslar tərəfindən bölüşdürülmüşdü. Qalan ərazilərdə isə dərəbəylər, üsyançılar, özündən razı olan hər cür aferistlər, böyük adam olmaq iddiasında olan xəyalpərvər fırıldaqçılar və b. meydan sulayırdılar. Bele bir mürəkkəb tarixi şəraitdə ölkənin bütövlüyünü və müstəqilliyini bərpa etmək kimi çətin bir işə girişən Nadir söz yox ki, bu kimi hallara qarşı amansızcasına mübarizə aparırdı, daha doğrusu, mövcud vəhşiliyə qarşı vəhşicəsinə vuruşurdu. Bütün bunlar onun xarakterində dərin izlər buraxmış və bunun da nəticəsində o qəddar və amansız olmuşdu, hətta onun yaxınları da bu qəddarlığın qurbanı olurdu və nəhayət Nadirin qətlinə səbəb olan da elə bu qəddarlıq oldu. Teymurləng kimi o da çox böyük istedad sahibi idi və hətta qoşunun sayı qarşıdakı düşmən qoşunundan az olanda da qələbə onun tərəfində olurdu. Napoleonda da belə idi. Bəzən isə rəqibləri onların şöhrəti qorxudurdu. Məsələn, Napoleon Rusiyadan geri çəkiləndə Kutuzovun onu əsir almaq imkanı vardı. Amma o, bu imkandan istifadə etmədi. Görünür, Napoleonun şöhrəti ona yaxınlaşmağa mane oldu. Bəzi müəlliflər isə yazırlar ki, Kutuzov bunu qəsdən etməmişdi: istəmirdi ki, bunun nəticəsindən I Aleksandr bəhrələnsin. I Aleksandr da bunu unutmadı, bir qədər keçəndən sonra o, bunu Kumzova irad tutdu və onu istefaya göndərdi. Nadirin həyatında da buna oxşar hadisələr olmuşdu, amma hər dəfə taleyi üzünə gülmüş və sağ-salamat qalmışdı. Nadirin mənşəyindən söhbət açanlar orun "qılıncdan yarandığını" yazırlar. Napoleon da elə qılıncdan yaranmışdı. Çünki hər ikisi sadə bir kəndli ailəsində dünyaya göz açmış, öz qabiliyyətləri sayəsində yüksəlmişlər. Nadir fars deyildi, amma tale ona bir sıra xalqlar kimi farslara da rəhbərlik etmək kimi ağır bir vəzifəni tapşırdı, eləcə də Napoleon. Fransız olmasa da, özünü "fransızların imperatoru" kimi tanıtdı, ölüncə də "Fransa" sözü dilindən düşmədi. Nadiri hakimiyyətə gətirən şərait Napoleondan bambaşqa idi. İranda yaşayan müxtəlif milli etnik birləşmələr həmişə hakimiyyət bölgüsündə biri-birilə mübarizə aparımış, gah bu tayfa, gah da digər tayfa üslünlük əldə etmişdir. Nadiri də hakimiyyətə gətirən özünün Əfşar qəbiləsi idi. Əgər Nadir əvvəlcə bu döyüşkən tayfaya rəhbərlik etməsəydi, heç şübhəsiz ki, hakimiyyətə də gəlib çatmazdı, eləcə də ondan sonra hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar. Qacar tayasının gücü, səyi olmasaydı, o da İranı öz ətrafında birləşdirə bilməzdi. Napoleonda isə şərait başqa idi. Onu hakimiyyətə gətirənlər heç də tayfalar deyildi, Fransa inqilabı idi. İran, Avropa və rus tarixçilərinin əksəriyyəti Nadiri "fars" qoşununu "fars qoşunu" və s. adlandırırlar. Halbuki Nadir farsca danışsa da, saray işlərini fars dilində apartdırsa da, özünü türk sayırdı və Çingizxanla Teymurun soyundan olduğu ilə fəxr edirdi. "Mən qılınc övladıyam, qılıncdan yaranmışam" - deyərdi Nadir.
Tarixi mənbələrə istinad edən Ə.Tağıyev göstərir ki, Əhəmənilərdən və Sasanilərdən sonra Kərim xan Zəndi və Rza şah Pəhləviləri (ata və oğul) çıxmaq şərtilə bütün İran şahları türk olmuşlar. Türk tayfaları İranı xaricdən gələn təhlükələrdən qoruyan əsas qüvvə olmuşdur. Farslar isə tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayaraq öz vaxtlarını gözləmişlər. Rusiyada ruslar kimi İranda da farslar özlərinin vaxtlarının çatdığı bir anda türk tatarların hakimiyyətini devirmiş və özləri hakimiyyətə gəlmişlər. Bundan bir az əvvəl Çində və Hindistanda da türk-tatar hakimiyyətini yerlilər ələ keçirmişlər. Böyük bir tarixi dövrdə Avrasiyanın xəritəsini türklər biçmiş və ona istiqamət vermişlar. Lakin sonra öz aralarında dil tapa bilməmiş, nəticədə hakimiyyəti əldən verməli olmuşlar.
Böyük hökmdarların əksəriyyəti, eləcə də Nadir və Bonapart dinlə elə də möhkəm bağlı olmamışlar. Napoleon papanı boşboğaz və heyvərə adlandınrdı. Hətta papa imperator tacını onun başına qoymaq istəyəndə o, tələsik tacı onun əlindən almış və özü öz başına qoymuşdu. Yəni məni "heç kim yox, məhz özüm" imperator etmişəm. 8 mart 1736-cı ildə Cavadda (Suqovuşanda) Nadir özünü şah elan edəndə, mollabaşı Mirzə Əbdül Həsən Səfəvilərin tərəfini tutduğundan gecə yatağında boğulub öldürülmüşdü. Nadir şiələrin bayrağı altında hökmranlıq etmək istəmirdi. Qorxurdu ki, Səfəvilərdən kimsə gec, ya tez onu əvəz edə bilər, çünki şiəlik Səfəvilərin təcəssümü idi. Ona görə də İmam Cəfər Sadiqin adı ilə bağlı olan Cəfəriliyi qəbul etməyi təklif və tələb etdi. Həm də bununla Nadir Türkiyədəki soydaşların hörmətini və rəğbətini qazanmaq istəyirdi və düşünürdü ki, türklər və türkmənlərin soyu eyni kökdəndir. Yəni Sultanın və özünün kökü eyni qövmdəndir, ona görə də onlarla sülh bağlamağa çalışırdı, əks-təqdirdə isə, onları İstanbuladək gedəcəyilə hədələyirdi. Bununla Nadir bəlkə də gələcəkdə islam dünyasını birləşdirib onun başında durmağı planlaşdırırdı. Ömrü vəfa etsəydi, o, buna nail olmağa çalışacaqdı.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru