Təhlillər göstərir ki, ötən müddət ərzində BMT-nin İnsan Hüquqları Komissiyası böyük təcrübə toplamışdır. Bu baxımdan misal olaraq Komissiya tərəfindən 1967-ci ildə yaratdığı xüsusi işçi qrupunun Cənubi Afrika Respublikasında həbsdə olan, tutulan və polis nəzarəti altında olan şəxslərə işgəncələr verilməsi və onlarla pis rəftar olunması hallarının təhqiq edilməsini göstərmək olar. Bundan başqa Komissiya Çilidə, İranda, Salvadorda, Haitidə və bir sıra digər ölkələrdə anoloji nəzarət formasından istifadə edərək işlər aparmışdır. V.A.Kartaşkin yazır ki, daha geniş yayılmış nəzarət forması kimi Komissiya tematik mexanizmlərin yaradılmasından istifadə edir. Belə ki, Komissiya 1980-ci ildə ilk dəfə olaraq belə mexanizm zorakı yaxud könülsüz itmələr üzrə işçi qrupunun yaradılması olmuşdur. Komissiya tərəfindən 1982-ci ildə özbaşına, yaxud məhkəmə təhqiqatı aparılmadan edamlar barədə məsələlər üzrə, 1985-ci ildə isə işgəncə məsələləri üzrə xüsusi məruzəçilər təyin olunmuşlar. Komissiya həmçinin insan hüquqlarının pozulması qurbanlarının xüsusi kateqoriyalarının müdafiəsi üçün xüsusi məruzəçilər təyin edir: 1986-cı ildə din və baxışlar əsasında dözülməzlik və diskriminasiyanın bütün formalarının ləğv edilməsi barədə Bəyannamənin həyata keçirilməsi üzrə, 1990-cı ildə uşaqların satılması və uşaq pamoqrafiyası məsələsi üzrə xüsusi məruzəçilər təyin edilmişdir. Hazırda Komissiya 10-dan artıq tematik prosedurlar təsis etmiş və onların sayı getdikcə artır.
BMT-nin bu sahədəki təcrübəsinin təhlili göstərir ki, onun nəzarət orqanlarının işinin düşünülmüş şəkildə təşkili və əlaqələndirilməsi dövlətlərin insan hüquqları sferasında qarşılıqlı münasibətləri sistemində mühüm əhəmiyyət kəsb edir. Lakin mütəxəssislər hesab edir ki, bu orqanların sayı həddindən artıq çox olduğu üçün BMT-nin bu sahədə apardığı işdə bəzi məsələlərın baxılmasında təkrarlanma müşahidə olunur, fəaliyyətləri sessiya xarakterli olduğu üçün böhranlar şəraitində onlar təcili, fövqəladə tədbirlər görə bilmirlər. Bütün bunlar da insan hüquqları sahəsində BMT orqanları sisteminin "yeni yanaşma" əsasında yenidən qurulması zərurətini ortaya çıxarırdı. BMT- nin insan hüquqları üzrə Ali Komissar vəzifəsinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edirdi.
Şəxsiyyətin hüquq və azadlıqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün BMT Nizamnaməsinə uyğun olaraq bu sahədə yaradılmış orqanların fəaliyyəti ilə yanaşı onun yaranmasından sonra insan hüquqları üzrə bir sıra beynəlxalq konvensiyalar və müqavilələr əsasında təsis edilmiş nəzarət orqanlarının fəaliyyəti də getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu baxımdan bu sahədə beynəlxalq konvensiyalar əsasında yaradılmış ilk nəzarət orqanlarından biri İnsan Hüquqları Komitəsi olmuşdur. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən yaradılmış həmin Komitənin funksiya və səlahiyyətləri bizim tərəfimizdən yuxarıda təhlil edilmişdir.
H.Babaoğlu göstərir ki, hazırda İnsan Hüquqları Komitəsi ilə yanaşı bu sahədə beynəlxalq müqavidələrin yerinə yetirilməsinə nəzarət funksiyası bir sıra müvafiq orqanlar tərəfindən də həyata keçirilir. Onlardan xüsusi olaraq aşağıdakıları göstərmək olar:
- irqi diskriminasiyanın bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq konvensiya əsasında 1970-ci ildə yaradılmış irqi diskriminasiya üzrə Komitə;
- qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğv edilməsi haqqında Konvensiya əsasında 1982-ci ildə yaradılmış qadınlara qarşı diskriminasiyanın ləğv edilməsi üzrə Komitə;
- işgəncələrə və digər amansız yaxud ləyaqəti alçaldan davranma və cəzalandırma növlərinə qarşı Konvensiya əsasında 1988-ci ildə yaradılmış işgəncələrə qarşı Komitə;
- uşaq hüquqları haqqında Konvensiya əsasında 1990-cı ildə yaradılmış uşaq hüquqları üzrə Komitə.
İnsan hüquqları üzrə qeyd olunan və digər konvension nəzarət orqanlarının funksiyaları onları təsis edən Beynəlxalq konvensiyalarda, yaxud müqavilələrdə müəyyən olunmuşdur. Belə ki, onların əsas funksiyaları hər bir dövlət-iştirakçı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq konvensiyaların müddəalarının həyata keçirilməsinə dair görülmüş qanunverici, məhkəmə, inzibati yaxud digər tədbirlər haqqında təqdim etdiyi məruzələrin baxılmasından, hər ildə bir dəfə Baş katib vasitəsilə BMT Bas Məclisinə özlərinin fəaliyyəti barədə məruzənin təqdim edilməsindən və iştirakçı dövlətlərdən alınmış məruzə və informasiya əsasında təkliflərin və ümumi tövsiyələrin işlənilməsindən ibarətdir. Bundan başqa bu nəzarət orqanlarının funksiyalarına, həmçinin öz səlahiyyətləri çərçivəsində ayrı-ayrı şəxslərdən onların hüquq və azadlıqlarının pozulması barədə daxil olan fərdi şikayətlərin baxılması da daxildir ki, bu da insan hüquqlarının müdafiəsi sisteminin səmərəliliyini artırır. Fərdi şikayətlərin konvension nəzarət orqanlarında İnsan Hüquqları Komitəsində tətbiq olunan proseduralara analoji şəkildə baxılır ki, bu mexanizm də bizim tərəfimizdən yuxarıda analiz edilmişdir.
Nəzarət orqanları fərdi şikayətlərə baxarkən milli qanunların və hüquqi təcrübənin, dövlət orqanlarının hərəkət və ya hərəkətsizliyinin beynəlxalq müqavilələrə uyğunluğu barədə öz rəyini bildirir, müvafiq dövlətlərə tövsiyələr verir. Təcrübə göstərir ki, həmin tövsiyələr əsasında əksər hallarda müvafiq dövlətlər hüququ pozulan şəxsə vurulmuş ziyanı ödəyir, həbsdə olanları azad edir, öz qanunvericiliyində beynəlxalq müqavilələrə uyğun dəyişikliklər edirlər.
H.Babaoğlu göstərir ki, BMT sistemi ilə yanaşı insan hüquqlarının müdafiəsində regional mexanizmlər də əhəmiyyətli rol oynayır. Bu sahədə yaradılmış və fəaliyyət göstərən təşkilatların əsas məqsədi regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsidir. Müasir dünyada bu baxımdan Avropa insan hüquqlarının müdafiəsi sistemi xüsusi əhəmiyyət kəsb edir ki, onun da hüquqi əsasını ilk növbədə Avropa Şurasının bu sahədəki sənədləri təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, bu qocaman regional təşkilat çərçivəsində indiyədək insan hüquqlarının müxtəlif aspektlərinə aid olan 150-dən artıq konvensiya və protokollar qəbul olunmuşdur. Avropa Şurasının 5 may 1949-cu ildə qəbul olunmuş Nizamnaməsinin birinci fəslində onun əsas məqsədlərindən biri kimi üzvü olan ölkələrin birliyinə, iqtisadi və sosial tərəqqisinə insan hüquqları və azadlıqlarının müdafiəsi və inkişafı yolu ilə nail olmaq qarşıya qoyulmuşdur (maddə 1). Üçüncü maddədə isə göstərilir ki, "Avropa Şurasının hər bir üzvü hüququn üstünlüyünü və onun yurisdiksiyasında olan hər bir şəxsin insan hüquqları və əsas azadlıqlardan istifadə etməsini əks etdirən prinsipi qəbul edir. Avropa Şurası çərçivəsində insan hüquqlarına dair qəbul olunan ikinci regional xarakterli vacib sənəd 4 noyabr 1950-ci ildə Romada qəbul olunmuş insan hüquqları və azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası olmuşdur. Konvensiya 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş, qəbul olunduğu vaxtdan 25 il sonra Avropa Şurasının bütün üzvləri olan dövlətlər onun iştirakçıları olmuşlar.
Konvensiyanı imzalayarkən onun iştirakçıları qarşısında "...Ümumi Bəyannamədə ifadə olunmuş hüquqların bəzilərinin kollektiv həyata keçirilməsi yolunda ilk addımlar atmağı qoymuşdular. 1-ci maddədə isə müqavilə bağlayan yüksək tərəflər Konvensiyanın yurisdiksiyasında olan hər bir şəxsin onun birinci hissəsində müəyyən olunmuş hüquq və azadlıqlarının təmin olunmasını öz öhdələrinə götürürlər. Həmin fəsildə hər kəsin hüquqlarının qanunla qorunması, hər kəsin, ölüm hökmünün icrasından başqa, məqsədyönlü yaşamaqdan məhrum edilə bilməməsi; hər kəsin qul kimi yaxud icbari vəziyyətdə saxlanıla, məcburi əməyə cəlb edilə bilməməsi; hər kəsin azadlığa və şəxsi toxunulmazlığa olan hüququ; hər kəsin şəxsi və ailə həyatına, onun mənzili və korrespondensiyasına (poçt ilə göndərilən məktublar, teleqramlar) hörmət hüququ; hər kəsin fikir, vicdan və din, öz fikrini ifadə etmək azadlığına olan hüquqları; hər kəsin dinc toplaşmaq və assosiasiyalar azadlığına olan hüququ və s. təsbit olunmuşdur (2-11-ci maddələr). Göründüyü kimi, Konvensiyada insan hüquqları Ümumi Bəyannaməsində və Paktlarda təsbit olunmuş hüquq və azadlıqların yalnız bir hissəsi öz ifadəsini tapmışdır. Lakin mütəxəssislərin fikrincə, Avropa insan hüquqlarının müdafiəsi sisteminin üstünlüyü ondan ibarətdir ki, o daim inkişaf edir və yeni sənədlərlə zənginləşir. Təhlillər göstərir ki, Konvensiyaya əlavə protokolların qəbul olunması nəticəsində bu regional müdafiə sisteminə praktiki olaraq vətəndaş və siyasi hüquqların bütün siyahısı daxil edilmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru