PDF Oxu

Siyasət

  • 986

YAP Şərur rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTO

image

16 may 2026-cı il tarixdə YAP Şərur rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərlə görüş keçirilib. Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözləri açan YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov bildirib ki, 2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq. Ölkəmizin paytaxtında Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Sonra Adil Əhmədov qeyd etmişdir ki, dünyanın müxtəlif yerlərindən gələn minlərlə dövlət rəsmisi, beynəlxalq təşkilat rəhbərləri və müstəqil ekspertlər Azərbaycanın inkişaf modelini, multikultural mühitini və modern dövlət quruculuğu prinsiplərini yerindəcə müşahidə edəcəklər. Diplomatik müstəvidə WUF13 ölkəmizi fərqli maraqların kəsişdiyi bir platformaya çevirəcək. Digər tərəfdən, forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı nəhəng quruculuq işlərinin, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının dünya miqyasında tanıdılmasına da böyük töhfə verəcək. Siyasi müstəvidə bu, həm də Azərbaycan-Ermənistan münaqişəsinin artıq tarixə qovuşduğunu və regionun gələcəyinin məhz inkişaf və əməkdaşlıq üzərində qurulduğunu bəyan edən növbəti ismarış olacaq. Ümumiyyətlə, Ölkəmizin evsahibliyi etdiyi qlobal forumlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. Hər mötəbər tədbir Azərbaycanın nüfuzunu bir pillə yüksəyə daşıyır. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ilə başlayan bu yol 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ilə davam edərək Azərbaycanın Qərb-Şərq dünyası arasında unikal mədəniyyət və idman körpüsü olduğunu sübut etdi. Bu tədbirlər ölkəmizin müasir simasını, qonaqpərvərliyini və təşkilatçılıq qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra Adil Əhmədov vurğulamışdır ki, Siyasi və diplomatik müstəvidə isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi və bu çərçivədə irəli sürdüyü qlobal təşəbbüslər ölkəmizin nüfuzunu beynəlxalq hüququn və ədalətin müdafiəçisi səviyyəsinə qaldırdı. Xüsusilə pandemiya dövründə Azərbaycanın göstərdiyi liderlik və "peyvənd millətçiliyi"nə qarşı apardığı mübarizə Bakını qlobal həmrəyliyin mərkəzinə çevirdi. Bu, dünya birliyinin Azərbaycanın iqtisadi gücünə, mürəkkəb qlobal problemlərin həllindəki vasitəçilik missiyasına verdiyi yüksək qiymətdir. Mühüm qlobal tədbirlər Azərbaycan üçün həm də strateji təbliğat vasitəsidir. Minlərlə xarici nümayəndənin, dövlət başçılarının və dünya mediasının Bakıya toplaşması ölkəmizin bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsini sürətləndirir, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını genişləndirir. Ümumdünya Şəhərsalma Forumu da Azərbaycan üçün həm qlobal həmrəyliyin gücləndirilməsi, həm də ölkənin beynəlxalq reytinqlərdəki yerinin möhkəmlənməsi baxımından əvəzsizdir. Bakı bəşəriyyətin gələcək taleyinin, dayanıqlı yaşayış mühitinin və qlobal urbanizasiya siyasətinin formalaşdığı mühüm siyasi paytaxtlardan biri olduğunu bütün dünyaya göstərəcək.
Tədbirdə həmçinin səmimi çay süfrəsi ətrafında aparılan söhbət zamanı gənclər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Görüşün sonunda YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov sosial media sahəsində fəallıq göstərən bir neçə gəncə təşəkkürnamə və qiymətli hədiyyələr təqdim etmişdir.

Digər xəbərlər