Demokratik quruluş ən azı bir səbəbdən - hakimiyyətdən sui-istifadə etməyə meylli avtokratlar hakimiyyətinə yol verməməsi səbəbindən mövcud tələblərə hər hansı qeyri-demokratik alternativdən daha çox dərəcədə cavab verir.
Lakin demokratik dövlətlərin vətəndaşları yaşadıqları quruluşun qeyri-demokratik rejimlərlə müqayisədə az qəddar olmasına görə arxayınçılığa qapılmamalıdır. Biz özümüzdə baş vermiş hər hansı bir cinayətə "qonşuluqda" daha ağır cinayətin törədilməsi səbəbinə görə haqq qazandıra bilmərik. Ədalətsizlik və qanunsuzluq hətta (çoxluq tərəfindən idarə olunan) demokratik ölkədə və bütün demokratik prosedurlara əməl etməklə törədildikdə də ədalətsizlik və qanunsuzluq olaraq qalır. Çoxluğun güclü olması hələ onun haqlı olması demək deyil. Bununla belə, demokratiyanın qeyri-demokratik rejimlə müqayisədə daha ədalətli olması və insanın təməl maraqlarına daha böyük hörmətlə yanaşması haqqında fikrin başqa əsasları da var.
Qərb tədqiqatçısı Robert Dahl yazır: "Demokratiya vətəndaşlara qeyri-demokratik quruluşun vermədiyi və heç vaxt verə bilməyəcəyi əsas hüquq va azadlıqları verir. Demokratiya - yalnız dövləti idarə etmək üsulu deyil. O, həm də hüquqlar sistemidir, belə ki, hüquqlar demokratik siyasi institutların ayrılmaz hissəsidir. Hüquq və azadlıqlar elə bir "kərpiclərdir ki, onlardan demokratik idarəetmə prosesi "yapılır". Əvvəlki fəsildə sadalanan demokratiya meyarlarını yada salaq. Gün kimi aydındır ki, bu normaların həyata keçirilməsi üçün siyasi sistem, zərurət yarandıqca, öz vətəndaşlarının müəyyən hüquqlarını təmin etməlidir. Yaxud məsələn, dövlətin idarə olunmasında fəal iştirak meyarını götürək: vətəndaşların həmin bu iştiraketmə hüququnu, habelə siyasi məsələlər üzrə öz baxışlarını bəyan etmək hüququnu, eləcə də, öz həmvətəndaşlarının rəyini dinləmək və onlarla birgə bu məsələləri müzakirə etmək imkanını nəzərdə tutmurmu?
Yaxud, bərabər seçki hüququ meyarı; "vətəndaşlar öz iradəsini sərbəst ifadə etmək və səslərin düzgün hesablanması hüququna malik olmalıdır" ideyasını ehtiva etmirmi? Bu, digər demokratik normalara da aiddir: görünür, vətəndaşların alternativ variantları nəzərdan keçirməklə iştiraketmə hüququ olmalıdır. Yəni onların özləri həll edə bilməlidirlər ki, hansı məsələləri və hansı qaydada müzakirə edəcəklər.
Qeyri-demokratik sistem mahiyyətcə öz vətəndaşlarına (yaxud öz təbəələrinə) bu cür geniş siyasi hüquqlar vermir. Öz vətəndaşlarını bu cür hüquqlarla təmin etməyə qabil olan istənilən siyasi sistem, yenə də mahiyyətcə demokratik sistem.
Lakin bu iki sistem arasındakı fərqi yalnız bayağı definisiyaların köməyilə göstərmək düzgün olmazdı, bu fərqlərin kökü daha dərindədir. Demokratiyanın tələblərinə cavab vermək üçün ona mənsub hüquqlar vətəndaşlar üçün gerçəkdə mümkün olmalıdır. Hüquqları kağız üzərində əks etdirmək, onları qanun qüvvəsinə mindirmək və hətta konstitusiyaya yazmaq kifayət deyil - bu hüquqlar gündəlik həyatda əməli surətdə tətbiq edilməli və vətəndaşlar üçün mümkün olmalıdır, əks halda siyasi sistem, mövcud ölkənin liderlərinin bu barədə nə deməsindən asılı olmayaraq demokratik sayıla bilməz, bu halda demokratik atributlar da mövcud rejimin qeyri-demokratik mahiyyətini gizlədən pərdəyə çevrilir.
Demokratik ideyaların cazibəsi o qədər böyükdür ki, XX yüzillikdə istibdad rejimləri çox vaxt "demokratiya" və "seçkilərin" köməyi ilə pərdələnirlər. Təsəvvür edək ki, bu cür ölkələrin birində demokratiyaya xas olan bütün hüquqlar onun vətəndaşları üçün də mümkün olub. Bu o deməkdir ki, həmin ölkədə əsrimizin ikinci yarısında tez-tez rast gəlinən hadisə - demokratiyaya keçid baş tutub. Lakin mənə etiraz edib deyə bilərsiniz ki, məsələn söz azadlığı yalnız bir səbəbə - "demokratiya" anlayışının tərkib hissəsi olduğuna görə öz-özünə yarana bilməz. Deyə bilərsiniz ki, bu barədə daha köklü səbəb və şərtlər olmalıdır. Əlbəttə, bu mənada haqlısınız. Demokratiyanın inkişafı üçün müvafiq təsisatlar - başlıca demokratik hüquqların və imkanların müdafiəsi naminə yaradılmış institutlar böyük önəm daşıyır, bunlar təkcə nəzəri deyil, həm də real şərt və şərait kimi vacibdir, çünki bunsuz demokratiya var ola bilməz."
Lakin yenə soruşa bilərsiniz: hətta bu halda da bütün bunlar mücərrəd fərziyyələr, nəzəriyyəçi filosofların söz oyunu deyilmi? Deyə bilərsiniz: axı kim inanar ki, yalnız hansısa təsisatların köməyi ilə demokratiya yaratmaq vo onu müdafiə etmək mümkündür? Və yenə siz öz fikrinizdə haqlı olarsınız. Kitabın IV fəslində biz demokratiyanın duruş gətirib möhkəmlənə biləcəyi şərtləri və şəraiti ətraflı nəzərdən keçirməyə çalışacağıq. Bu şərtlərdən biri də sıravi vətəndaşlar və siyasi liderlərin arasında demokratik ideyaların, o cümlədən "hüquqlar və imkanlar olmasa demokratiya da olmaz" əqidəsinin kifayət qədər geniş yayıla bilməsi faktorudur.
R.Dahl daha sonra yazır: "Xoşbəxtlikdən bu hüquq və imkanların zəruriliyini adi vətəndaşlar da, onların liderləri də lazımınca aydın görür və dərk edirlər. XVIII yüzilliyin sonlarında "orta amerikalıya" tamamilə aydın idi ki, demokratik respublika fikir və söz azadlığı olmadan var ola bilməz. Buna görə, 1800-cii ildə ABŞ prezidenti seçilmiş Tomas Ceffersonun həyata keçirdiyi ilk tədbirlərdən biri də bu oldu ki, o, "sələfi" Con Adamsın prezidentliyi dövründə qəbul edilən və söz azadlığını məhdudlaşdıran "Qiyama təhrik etmə haqqında" bədnam qanunu ləğv etdi. Bu qanunu ləğv edərkən, Cefferson təkcə öz şəxsi əqidəsinə uyğun deyil, həm də görünür, həmin dövrdə Amerikanın sıravi vətəndaşlarının çoxunun tərəfdar çıxdığı baxışlara uyğun olaraq hərəkət edirdi.
Vətəndaşlar başa düşmədikdə ki, demokratiya bir sıra əsas hüquqlara riayət olunmasını tələb edir və ya onlar bu hüquqların müdafiəsinə xidmət edən siyasi, inzibati və hüquqi təsisatları dəstəkləmədikdə demokratiya təhlükədə qalmış olur.
Xoşbəxtlikdən bu təhlükə demokratik sistemin üçüncü bir üstünlüyü ilə müəyyən qədər azaldılır.
Demokratiya vətəndaşlara digər har hansı bir siyasi sistemin verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqlar verir.
"Demokratik" adlanmağa iddia edən dövlətdə bütün digər hüquqlar, azadlıqlar və imkanlardan əlavə, vətəndaşlar daha geniş dairədə azadlıqlardan istifadə etməlidirlər. Demokratiyanın lazımlığına olan inam digər əqidələrdən kənarda var ola bilməz. Çoxları üçün bu bütöv bir əqidə toplumunun tərkib hissəsidir və bunların arasında fikir və söz azadlığının ayrılıqda da cəlbedici olmasına inam vardır. Dəyərlər və ləyaqətlər dünyasında demokratiya fəxri yer tutur. Lakin bu müstəsna nemət deyil. Demokratik prosesə xas olan digər hüquqlar kimi, fikir və söz azadlığının ona görə öz müstəqil dəyəri var ki, onun sayəsində mənəvi muxtariyyət, əxlaqi dəyərlərin azadlığı və ləyaqətlə yaşamaq imkanı təmin edilir."
Bundan əlavə, əgər vətəndaşlar bu idealları və onların praktiki təcəssümünü möhkəmləndirən mədəniyyəti yaradıb inkişaf etdirə bilməsəydilər, demokratiya mövcud ola bilməzdi. Demokratik idarəetmə sistemi və onu möhkəmləndirən demokratik mədəniyyət qarşılıqlı mürəkkəb əlaqədədir ki, bunu biz 12-ci fəsildə ətraflı nəzərdən keçirəcəyik. Hələliksə belə bir müddəa ilə kifayətlənək: demokratik mədəniyyət şübhəsiz ki, başlıca yeri şəxsi azadlıq üçün ayırır və bununla da əlavə hüquq və azadlıqlara dəstək vermiş olur.
R.Dahlın fikrincə, "Qədim dövrün dövlət xadimi Periklin e.ə. 431-ci ildə Afina anokratiyası haqqında dediyi sözlər eyni dərəcədə müasir demokratiyaya aid edilə bilər: "Bizim bu siyasi sistemdə istifadə etdiyimiz azadlıqlar gündəlik həyatımızı da əhatə edir".
Yeri gəlmişkən, demokratik dövlətin istənilən qeyri-demokratik quruluşla müqayisədə daha geniş dairədə azadlıqlar verməsi haqqında fikir yəqin o kəslərin etirazına səbəb olacaq ki, onlar dövlətin tamamilə ləğv olunacağı təqdirdə insanın daha böyük azadlıq əldə edəcəyinə (bu, anarxizmin əsas postulatıdır) inanır. Lakin biz elə bir dünyanı təsəvvür etsək ki, orada dövlətlər yoxdur, lakin eyni zamanda hər bir insan digər insanların təməl hüquqlarına hörmətlə yanaşır və orada kollektiv qərarlar tələb edən bütün problemlər tam razılıq şəraitində dinclik və yekdilliklə həll edilir, o zaman görərik ki, bu, qətiyyən mümkün deyildir. Bu halda, şəxsiyyət barədə başqa bir şəxs, qrup, təşkilat tərəfindən, o cümlədən, başqalarını öz əməyinin bəhrəsindən məhrum etməyə, zəifləri kölə asılılığına salmağa, başqalarına öz iradə və hakimiyyətlərini sırımağa çalışan, yəni onların ağalığını möhkəmlətməyə xidmət edə biləcək zorakı dövlət yaratmaq niyyətində olan kəslər tərəfindən həyata keçirilən zorakılığın ehtimalı hədsiz dərəcədə artacaqdır. Əgər dövlət təsisatlarının aradan götürülməsi qaçılmaz hərcmərclik və xaosa, yəni "anarxiya" adlandırdığımız duruma gətirib çıxaracaqsa, onda "yaxşı", yəni düzgün təşkil edilmiş dövlət bir çox cəhətdən anarxiya yolu ilə gedən "pis" dövlətdən heç şübhəsiz üstündür.
Əgər biz anarxiyanı rədd edir və dövlətin gərəkliyini etiraf ediriksə, onda demokratik prinsiplərə əsaslanan dövlət öz vətəndaşlarına istənilən digər dövlətdən daha geniş dairədə hüquq və azadlıqlar verəcəkdir.
R.Dahl göstərir ki, "Demokratiya insanlara öz təməl mənafelərini müdafiə etməyə imkan yaradır.
Bütün insanlar və ya təqribən bütün insanlar oxşar istəklər ifadə edirlər: hər bir insan istəyir ki, yaxşı yaşasın, evi, kifayət qədər qidası, ailəsi, dostları, ürəyinə yatan işi, istirahəti, əyləncələri, sağlamlığı olsun, hamı tərəfindən hörmət görsün və s. Lakin sizin şəxsi tələbatlarınızın "strukturu" digər fərdinkindən fərqli ola bilər. Bir çox insanlar kimi siz də istərdiniz ki, arzularınızın təmin edilməsinin asılı olduğu faktorlara təsir etmək imkanmız olsun; bu cür imkanın olması isə azad seçim əldə etmək, həyatını öz məqsəd və niyyətlərinə, zövqünə və meylinə, rəhbər tutduğun dəyərlərə və ideallara, tapındığın əqidəyə və s. uyğun qura bilmək imkanı deməkdir. Demokratiya bu azad seçim hüququnu indiyədək mövcud olmuş siyasi sistemlərin hər hansı birindən daha yaxşı qoruyur. Bunu hamıdan inandırıcı şəkildə Con Stüart Mill ifadə etmişdir. O yazır: "...Hər şeyi əhatə edən həqiqəti də, insanların qarşılıqlı münasibətlərinə aid amillərin özülündə duran ümumi ilkin şərtləri də özündə birləşdirən prinsip ondan ibarətdir ki, hər bir şəxsin hüquq və mənafelərinə yalnız o halda hörmət edilir ki, bu şəxs adəti üzrə həmin hüquq və mənafeləri müdafiə etməyi bacarsın və buna həvəs göstərsin... İnsan onu hədələyən pislikdən özünü yalnız o dərəcədə təhlükəsizlikdə hiss edə bilər ki, özünü nə dərəcədə müdafiə etməyə qabildir vo bu qabiliyyəti nə dorocədə həyata keçirmək zorundadır".
Mill daha sonra yazır: "Biz öz hüquq vo mənafelərimizi hökumətin və ya hökumətə təsir edən və onun fəaliyyətini istiqamətləndirən kəslərin özbaşınalığından yalnız o halda müdafiə edə bilərik ki, bu hökumətin fəaliyyətini tam idarə etmiş olaq. Mill belə nəticəyə gəlir ki, "... bütün vətəndaşların ali dövlət hakimiyyəti sistemində iştirak etməsinə imkan verilməsindən gözəl heç nə ola bilməz". Məhz bu, demokratik idarəetmə demokdir."
Mill tamamilə haqlıdır. Hətta demokratik dövlət elektoratına daxil olsaydınız da, tam arxayın ola bilməzdiniz ki, mənafeləriniz lazımınca müdafiə ediləcək, lakin əksinə, siz elektorata daxil olmasanız, şübhə etməyə bilərsiniz: sizin mənafenizə məhəl qoyan olmayacaq, onu ciddi surətdə pozacaq, ya da açıq-aşkar tapdalayacaqlar. Belə bir halda, seçmək hüquqi ilə bu hüququn olmaması arasında seçim etmək lazım gəlmir. Demokratiya daha bir aspektdə azadlıqda xüsusi tərzdə əlaqədədir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru