PDF Oxu

MİA

  • 2 806

İnsan hüquq və azadlıqlarının müdafiəsində ATƏT-in və regional təşkilatların rolu

image

ATƏM çərçivəsində qəbul olan sənədlərdən, həmçinin onun iştirakçı-dövlətlərin nümayəndələrinin Yekun Aktın müşavirədən sonra atılan addımlara aid olan müddəalarına əsasən çağırılmış 1980-ci il Madrid görüşünün Yekun Sənədini, ATƏM-in iştirakçı-dövlətlərin, Vyana görüşünün Yekun Sənədini (15 yanvar 1989-cu il), yeni Avropa üçün Paris Xartiyasını (21 noyabr 1990-cı il), yüksək səviyyədə Helsinki görüşü Bəyannaməsini (1992-ci il), ATƏT-in Budapeşt sammitinin qərarlarını (1994-cu il) XXI əsr Avropa üçün ümumi təhlükəsizlik modelinə dair Lissabon Bəyannaməsini (1996), Lissabon sammiti Bəyannaməsini (1996), ATƏT-in fəaliyyətində olan Sədrinin Bəyanatını (Lissabon 3 dekabr 1996-cı il) göstərmək olar.

Qeyd olunan sənədlər arasında bizim üçün xüsusi əhəmiyyət kəsb edən regional xarakterli sənəd-ATƏT-in fəaliyyətdə olan Sədrinin 3 dekabr 1996-cı il tarixli Lissabon sammitindəki bəyanatı olmuşdur. Həmin bəyanatda ATƏT Sədri tərəfindən qeyd edilir ki, "iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir tərəqqi əldə edilməmişdir... Minsk Konfransının Həmsədrlərinin münaqişənin tənzimlənməsi prinsiplərinə dair tərəflərin mövqelərini yaxşılaşdırmaq (barışdırmaq) səyləri müvəffəqiyyət gətirməmişdir. Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsasını təşkil edəcək üç prinsip təklif olunmuşdur. Bu prinsiplər Minsk Qrupunun bütün üzvləri-dövlətlər tərəfindən dəstəklənir. Onlar aşağıdakılardır:

-Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağa Azərbaycanın tərkibində sazişdə ən yüksək özünüidarəetməni təmin edən öz müqəddəratını təyin etmə əsasında müəyyən olunmuş hüquqi status;

- Dağlıq Qarabağ və onun bütün əhalisi üçün bütün tərəflərin tənzimlənmə müddəalarına riayət olunmasına dair qarşılıqlı öhdəlikləri daxil etməklə təminatlı təhlükəsizlik.

Bəyanatda ATƏT sədri yekunda bildirmişdir ki, bu prinsiplərlə yalnız bir nümayəndə heyəti (Ermənistan nəzərdə tutulur) razılaşmamış, onlar bütün digər iştirakçı-dövlətlər tərəfindən dəstəklənmişlər və bu bəyanat Lissabon sammitinin sənədlərinə daxil ediləcəkdir.

Amerika qitəsində insan hüquqlarının müdafiəsi sahəsində nəzarət mexanizminin yaradılmasına yönələn regional sənəd insan hüquqları üzrə Amerikaarası Konvensiya olmuşdur. Bu sənəd 22 noyabr 1969-cu ildə Kosta-Rikada keçirilən Amerikaarası diplomatik konfransda qəbul edilmişdir. Konvensiyanın iştirakçısı olan Latın Amerikası dövlətləri onun preambulasında özlərinin demokratik institutlar çərçivəsində insanın ayrılmaz hüquqlarına hörmətə əsaslanan şəxsiyyət azadlığı və sosial ədalət sistemini birləşdirmək səylərini təsdiq etmişlər.

Üç hissədən ibarət olan Konvensiyanın birinci hissəsində dövlətlərin öhdəlikləri və müdafiə olunan hüquqlar öz ifadəsini tapmışdır. Burada hər kəsin yaşamaq, şəxsi azadlıq hüquqları ədalətli məhkəməyə, şəxsi həyata olan hüquqları, vicdan və din, fikir və onu ifadə etmək azadlıqları, dinc toplaşmaq, birləşmək, idarəetmədə iştirak etmək hüquqları və bir sıra digər siyasi və vətəndaş hüquqları təsbit olunmuşdur.

Lakin bununla yanaşı, sənədin analizi göstərir ki, onda bəyan olunmuş hüquq və azadlıqların siyahısında Vətəndaş və Siyasi Hüquqlar haqqında Paktda təsbit olunmuş bir sıra hüquq və azadlıqlar öz əksini tapmamışlar. Onlardan xalqların öz müqəddəratını təyin etmək hüququ, etnik azlıqların bir sıra hüquqları, o cümlədən, öz dininə etiqad etmək, özünün ana dilindən və mədəniyyətindən istifadə etmək hüquqları və s. göstərmək olar. Üçüncü fəsil iqtisadi, sosial və mədəni hüquqlar adlandırılsa da, bu fəslin ibarət olduğu cəmi bir maddə olan 26-cı maddə yalnız iştirakçı-dövlətlərin bu hüquqların tam reallaşması tədbirlərinin görülməsinə dair öhdəlikləri barədə ümumi müddəanı ifadə edir.

İkinci hissədə insan hüquqları və azadlıqları müdafıəsi tədbirləri müəyyən olunmuşdur. Belə ki, 33-cü maddədə həmin Konvensiyanın iştirakçı-dövlətləri tərəfindən qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək səlahiyyətləri iki orqana-insan hüquqları üzrə Amerikaarası Komissiyaya və Amerikaarası Məhkəməyə verilmişdir. Hər iki orqanın yaradılması qaydaları, səlahiyyətləri və funksiyaları, həmçinin, fəaliyyət mexanizmləri Konvensiyanın VII və VIII fəsillərində müvafiq olaraq müəyyən edilmişdir. Təhlillər əsasında bütövlükdə bu baxımdan Konvensiyanın müddəalarının, bizim fikrimizcə, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına müvafiq olaraq oxşarlığını qeyd etmək olar.

Qərb tədqiqatçılarının fikrincə, Amerika Konvensiyası əsasında yaradılmış insan hüquqlarının regional müdafiə sistemi bu regionun bir sıra dövlətlərində qeyri-stabil rejimlərin mövcudluğu ilə əlaqədar olaraq lazımınca səmərəli işləmir. Digər tərəfdən isə, bu Konvensiyada Latın Amerikası kontinentində yaranmış sosial-iqtisadi şərait və real həyat lazımınca nəzərə alınmayaraq tərtib olunmuşdur. Faktlar göstərir ki, bu regionun bəzi dövlətlərində Konvensiya ratifikasiya edilsə də, insanlar repressiyalara, işgəncələrə məruz qalırlar. Bütün bunlar da insan hüquqlarının müdafiəsi üzrə Avropa regional orqanlarının daha səmərəli və müvəffəqiyyətli fəaliyyətini bir daha təsdiq edir.

İnsan hüquqları üzrə Avropa və Amerika regional orqanlarının fəaliyyətinin müqayisəli analizi göstərir ki, bu sahədə əməkdaşlıq edən iştirakçı-dövlətlərin səmərəli fəaliyyəti onların siyasi sistemlərinin, tarixi təcrübəsinin oxşarlığı, sosial-iqtisadi inkişaf səviyyələrinin yaxınlığı, ümumi siyasi-hüquqi ənənələr əsasında mümkündür. Məhz bu səbəbdən də tədqiqatçıların fikrincə, indiyədək Asiyada insan hüquqları üzrə regional orqanlar təşkil olunmamışdır.

Afrikada insan hüquqları sahəsində ilk regional sənəd 26 iyun 1981-ci il tarixdə Nayrobidə Afrika Birliyi Təşkilatının (ABT) üzvləri-dövlət başçılarının görüşündə qəbul edilmiş insan və xalqların Afrika Xartiyası olmuşdur. Bu sənədi qəbul edərkən iştirakçı-dövlətlər regionun spesifik xüsusiyyətlərini nəzərə alaraq müstəmləkəçiliklə mübarizə, öz müqəddəratını təyin etmək məsələlərini, sosial-iqtisadi və mədəni inkişaf, təbii ehtiyatlar və sərvətlər üzərində suveren hüquqlarının həyata keçirilməsi problemlərini ön plana çəkmişlər. Bizim fıkrimizcə, məhz bu baxımdan Afrika Xartiyası Amerika Konvensiyasından fərqlənir.

Preambula və üç hissədən ibarət olan Afrika Xartiyasının birinci hissəsində insan hüquqları və xalqların hüquqları (maddə 1-24) və vəzifələri (maddə 27- 29) təsbit olunmuş, ikinci hissədə isə bu hüquqlara verilən təminatlar, onların reallaşdırılması mexanizmi və prosedurları müəyyən olunmuşdur (maddə 30-63). Xartiyada ifadə olunan hüquqlar arasında xalqların hər vasitə ilə müstəmləkədən azad olmaq, azad iqtisadi, sosial və mədəni inkişaf etmək, milli sərvətdən və təbii ehtiyatlardan azad istifadə etmək hüquqları, sülh, milli və beynəlxalq təhlükəsizlik, əlverişli ətraf mühitə olan hüquqları (maddə 21-24) xüsusi yer tutur və iştirakçı-dövlətlərin azad inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Xartiyada 30-cu maddəyə əsasən Afrikada insan və xalqların hüquqlarının müdafiəsi və inkişafı üçün ABT çərçivəsində insan və xalqların hüquqları üzrə Afrika komissiyasının yaradılması nəzərdə tutulurdu.

Komissiyanın tərkibi 11 nəfərdən ibarət olmaqla dövlət və hökumət başçıları Assambleyası tərəfindən iştirakçı dövlətlərin təklif etdiyi şəxslərin içərisindən 6 il müddətinə seçilirlər (maddə 31-38). Komissiyanın səlahiyyətləri və funksiyaları 45-ci maddədə müəyyən olunmuşdur və həmin maddədən göründüyü kimi, onun əsas fuksiyası Xartiyada təsbit edilmiş hüquq və azadlıqların qanunvericilik təminatına dair təkliflərin işlənilməsindən ibarətdir. Ümumiyyətlə, bizim fikrimizcə, qeyd etmək olar ki, bu sahədə Xartiyanın müddəalarında bir qədər mücərrədliyə yol verilib.

Afrika Xartiyasında, yuxarıda qeyd etdiyimiz kimi, insan hüquqları ilə yanaşı, vəzifələr də müəyyən olunmuşdur. Belə ki, 27-29-cu maddələrdə öz əksini tapmış bu vəzifələrə hər kəsin öz ailəsi, cəmiyyəti və dövləti, digər qanuni tanınmış cəmiyyətlər və beynəlxalq birlik qarşısında olan vəzifələri, öz ölkəsi vətəndaşlarına hörmətlə yanaşmaq, öz millətinə özünün fiziki və intellektual qabiliyyətini onun sərəncamına verməklə xidmət etmək, öz ölkəsinin milli müstəqilliyini və ərazi bütövlüyünü qorumaq və möhkəmləndirmək, qanuna müvafiq olaraq onun müdafiəsinə kömək etmək və s. aiddir

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər