Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, azad söz, azad fikir bərqərar oldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən, bu sahəyə dövlət xüsusi diqqət verdi. Söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində Ulu Öndər dövlətin informasiya siyasəti haqqında deyirdi: "Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir".
Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü: "Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir".
Məlum olduğu kimi, müasir informasiya, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsası dəyərlər fikir, söz və məlumat azadlığıdır. Cəmiyyət demokratikcəsinə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran, kütləvi informasiya vasitələri dövlət informasiya siyasətində həlledici təsisatlarından olub bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya, media sahəsində gördüyü tənzimləyici tədbirlər dövlət informasiya siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya vasitələri qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri, telekommunikasiya-informasiya sistemləri, habelə, hər növ informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə edilməsi ötürülməsi ilə bağlı istehsalçı münasibətlərinin məcmusu daxildir. Dövlət informasiya siyasətinin əsas vəzifələrindən biri "Kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilatın və texnoloji tədbirlərin müəyyən edilməsidir".
Ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu dövrü belə səciyyə etdirir: "Hazırda Azərbaycan dövlətin və cəmiyyətin keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatının bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq kütləvi informasiya vasitələrindən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda keçirilmiş mühüm tədbirlərdir".
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fond son 3 ildə uğurla fəaliyyət göstərərək mətbuatın inkişafına, o cümlədən, qəzetlərin ayrı-ayrı layihələrinin maliyyələşdirilməsinə dəstək verir. Konsepsiyanın beşinci hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri əksini tapmışdır. Fond vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi; sosial və siyasi fəallığının artırılması, ictimai və dövlət maraqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elmin, mədəniyyətin və azərbaycançılıq ideyasının təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə xidmət edən layihə və proqramları dəstəkləyir. Vətəndaş cəmiyyətində medianın azadlığı o demək deyil ki, mətbuat qərəzli, qeyri-obyektiv məlumatlarla ictimai şura mənfi təsir göstərsin, vətəndaşların şərəf və ləyaqətinə toxunsun. Azərbaycan Konstitusiya və Azərbaycan qanunları, hüquqi dövlət şəxsiyyətin ləyaqətini qoruyur. "Kütləvi informasiya haqqında" qanunda göstərilir ki, mətbuat azadlığından sui-istifadə yolverilməzdir. Vətəndaşların şərəf və ləyaqətini alçaldan jurnalistlər Azərbaycan qanunlarına görə cinayət məsuliyyətinə cəlb edilə bilər.
İstər müxalifət, istərsə də iqtidar kütləvi informasiyaları bir amalda - dövlətçiliyi möhkəmləndirmək, milli ideologiyaya xidmət etmək, milli mənafeyi qorumaq, informasiyanı çatdırmaq məqamında birləşməlidir. Professor Səlahəddin Xəlilov düzgün olaraq bu məsələyə ciddi önəm verir: "Əsl mətbuat kimlərəsə yox, milli mənafeyə xidmət etməlidir". Akademik Ramiz Mehdiyev bu mənada milli mətbuatın əsas vəzifəsini daha aydın, daha konkret müəyyənləşdirir: "Hazırkı çətin və mürəkkəb şəraitdə, müstəqilliyimizə qarşı yönəlmiş təhlükələrin tam aradan qalxmadığı dövrdə mətbuatın ictimai şüuru Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək və daha da inkişaf etdirmək istiqamətində kökləməkdən vacib və gərəkli vəzifəsi ola bilməz. Azərbaycanın azad mətbuatı təkcə informasiya vermək, ölkəyə və dünyaya həqiqətləri çatdırmaq, ictimai rəyi formalaşdırmaq və ictimai şüuru milli istiqamətdə inkişaf etdirməklə kifayətlənməməli, xalqın maariflənməsində, milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dövlət siyasətinin əsas mahiyyətinin xalqa çatdırılmasında, cəmiyyəti düşündürən problemlər haqqında məlumatın verilməsində, milli mənəviyyatın inkişafında da mühüm rol oynamalıdır. Ölkənin iqtisadi qüdrətinin artdığı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu indiki dövrdə mətbuatın üzərinə daha ciddi məsuliyyət düşür. Milli təəssübkeşlik, problemlərə vətəndaş mövqeyindən yanaşma hər bir mətbuat orqanının keyfiyyət göstəricilərinə çevrilməkdədir. Ölkə Prezidenti İlham Əliyevin azad medianın inkişafı sahəsində gördüyü tədbirlər hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına da əsaslı təsirini göstərməkdədir".
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru