PDF Oxu

MİA

  • 16 212

Azad və ədalətli seçki hüququ

image

BMT-nin Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 21-ci maddəsində seçki hüquqi ümumbəşəri sərvət, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas prinsipi kimi səciyyələndirilmişdir:

1. Hər bir insan öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.

2. Hər bir insan öz ölkəsində ictimai xidmətdən bərabər istifadə hüququna malikdir.

3. Xalqın iradəsi iqtidarın bünövrəsi olmalıdır, xalqın iradəsi ümumi və bərabər seçki hüquqi əsasında, gizli səsvermə yolu ilə, ya da azad səsverməni təmin edən digər müvafiq formalarda keçirilməli olan dövri və saxtalaşdırılmayan seçkilərdə öz ifadəsini tapmalıdır. Bu dövri azad seçkilərin siyasi hüdudların dəstəklənməsinin təminatında oynadığı rol da mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta və insan hüquqlarının qorunması haqqında Avropa Konvensiyasına daxil edilib.

1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində "bəşəri meyarlarla" bağlı keçirilmiş konfransda qəbul olunmuş ATƏT qarşısında öhdəliklər də vətəndaşların öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququnun təminatında seçkilərin həlledici rolunu nəzərə alır. Kopenhagen konfransında xarici və yerli müşahidəçilərin iştirakının seçki prosesinin düzgünlüyünü gücləndirən amil kimi qəbul edildi. ATƏT qarşısında öhdəliklər Konstitusiya və qanunvericilik əsasnaməsi də daxil olmaqla qanunlar sistemində əks olunmalıdır. Buraya seçkilər haqqında qanun, seçkilər ərzində siyasi partiyaların davranışı haqqında qanun, kütləvi informasiya vasitələri haqqında qanun, Cinayət Məcəlləsi, seçki prosesinin keçirilməsi qaydaları daxildir.

ATƏT qarşısında öhdəliklər demokratik ənənələr üçün aşağıdakı ifadələrdə öz əksini tapır: ümumilik, bərabərlik, ədalətlilik, gizlilik, azadlıq, aşkarlıq, məsuliyyətlilik.

XX əsrin ortalarında demokratiyaya üç əsas yanaşma işlənib hazırlandı: 1. Hakimiyyət mənbəyi baxımından - demokratiyaya xalq hakimiyyəti kimi yanaşıldı; 2. Hakimiyyətin məqsədləri baxımından - demokratiya insanlar naminə fəaliyyət göstərən hakimiyyət kimi nəzərdə tutuldu; 3. Hökumətin təşkili proseduru (seçki) baxımından yanaşma.

Sonuncu yanaşmada seçkiyə mühüm əhəmiyyət verildi. Çünki demokratiyanın iki əsas əlaməti seçkidə gerçəkləşir.

1. Əvvəla, siyasətçilər daha çox səs toplamaqdan ötrü bir-birilə rəqabət aparırlar;

2. İkincisi, seçkilər zamanı xalq bu və ya digər namizədi dəstəkləmək, yaxud onun başlıca maraqlarına cavab verməyəni rədd etməklə gələcək siyasi istiqamətə təsir edir.

Seçki hüququ xalqın iradəsini azad ifadə edən demokratik təsisatlardan biridir. Seçki sistemi Konstitusiya hüquqi normaları ilə tənzimlənir. Seçki hüququ dövlət hakimiyyəti, yerli özününidarəetmə, bütövlükdə, hüquqi sistemin səmərəliliyini yüksəldən əsas amildir. Seçki hüquqi xalq suverenliyinin ifadəsi və xalq hakimiyyətini həyata keçirmək formasıdır. Seçki hüququnun əsas ünsürləri aşağıdakılardır: 1. Seçmək hüququ-fəal seçki hüququ. 2. Dövlət hakimiyyət və orqanlarına və yerli özünüidarə orqanlarına seçilmək hüququ - passiv seçki hüququ. 3. Seçicilərin etimadını qazanmamış seçilmiş şəxsləri geri çağırmaq (223, 170). AR Konstitusiyasının 56-cı maddəsində vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ təsbit edilmişdir.

Akademik R.Mehdiyev XXI əsrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində demokratik seçkinin mühüm rol oynadığını diqqətə çatdıraraq yazır: "...majoritar seçki sisteminin mahiyyəti ondadır ki, seçicilərin səslərinin müəyyən çoxluğunu toplamış namizəd seçkilərdə qalib gəlmiş hesab edilir. Respublikanın qanunvericiliyi seçki növündən (prezident, parlament seçkiləri və ya yerli seçkilər) asılı olaraq, səslərin məhz hansı çoxluğunu - nisbi və ya mütləq çoxluğunu toplamağın zəruriliyini müəyyənləşdirir. Buna uyğun olaraq, nisbi çoxluğun majoritar sistemini və mütləq çoxluğun majoritar sistemini fərqləndirirlər. Nisbi çoxluğun majoritar sistemində öz rəqiblərinin hamısından çox səs toplamış namizəd seçilmiş hesab edilir. Bu sistem sadədir, çünki hətta minimum üstünlük qazanmış bir namizədin qələbəsini təmin edir". Hazırda ABŞ-da, Böyük Britaniyada, Kanadada, Yeni Zelandiyada seçkilər bu sistem əsasında keçirilir.

Mütləq çoxluğun majoritar seçki sistemində səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunu (50 faiz üstəgəl bir səs) qazanmış namizəd qalib hesab olunur. Bu müsbət cəhətləri əsas götürərək, ölkə Konstitusiyasına düzəliş etmək məqsədəuyğun hesab edildi və xalqın dəstəyi qazanıldı.

Ölkə Prezidenti İlham Əliyev 2009-ci ilin noyabrında seçkiləri beynəlxalq standartlara uyğun keçirmək üçün aşağıdakı addımları nəzərdə tutan Sərəncam vermişdir:

1. Bütün siyasi partiyalara iğtişaşlardan və hədə-qorxu gəlməkdən uzaq olan mitinqlər təşkil etməsinə icazə verilməsi; 2. Yerli və beynəlxalq müşahidəçilərin seçkilərə cəlb olunması; 3. Seçkilərin düzgün işıqlandırılması üçün mətbuata şərait yaradılması; 4. Mərkəzi və regional hakimiyyət orqanlarının "exit-poll" keçirilməsi üçün şərait yaratmaları; 5. Müxalifət partiyaları və iqtidar partiyaları arasında dialoq; 4. Bütün müxalifət partiyalarının azad şəkildə mitinq və nümayişlər keçirməsi və öz namizədlərini irəli sürməsi.

Politoloqlar demokratik cəmiyyət və hüquqi dövlətin prinsiplərindən bəhs edərkən, buraya xalqın suverenliyi, hökumətin razılıq əsasında təşkili, hökumət üzərində konstitusiya nəzarəti, sosial, iqtisadi, siyasi plüralizm, tolerantlıq, praqmatizm və kompromislə yanaşı azad və ədalətli seçkiləri də daxil edirlər.

Politologiyada siyasi iştirak seçki hüququ və daha geniş mənada seçki hakimiyyəti ilə əlaqədə olan bir termindir. Siyasi iştirak dedikdə, demokratik cəmiyyətlərdə hüquqi dövlətin idarə olunmasında ölkənin siyasi həyatında fəal iştirak etmək nəzərdə tutulur.

Siyasət elminin ən mükəmməl Qərb tədqiqatçılarından olan L.S.Sanisteban özünün yazdığı "Siyasət elminin əsasları" kitabında bu məsələyə xüsusi yer ayrılmışdır. O, kitabında qeyd edir: "Siyasətdə iştirak" dedikdə elitanın formalaşdırılmasında, onun legitimliyinin tanınmasında, apardığı siyasətin düzgün ifadə edilməsində və həyata keçirilməsinə nəzarət etməkdə kütlələrin iştirakı nəzərdə tutulur. Bu cür iştiraketmə yolu ilə idarə olunanlar idarəedənləri özlərinin mənafeləri ilə hesablaşmağa vadar edirlər.

Siyasi iştirak sayəsində dövlət çərçivəsində vətəndaşların siyasətə cəlb olunmalarının spesifik formaları qərarlaşır.

Azərbaycan tədqiqatçısı Rahid Hüseynov özünün "Siyasi iştirak və müasir demokratiya nəzəriyyələri" məqaləsində siyasi iştirakı bilavasitə seçki ilə əlaqələndirir.

"Siyasi iştirak əhalinin siyasi proseslərdə, hakimiyyətin təşkilində proseslərdə, hakimiyyətin təşkilində və həyata keçirilməsində cəmiyyətin siyasi proseslərdəki, xüsusən də, bu prosesin əsası olan seçkilərdə və seçkilərarası dövrdəki siyasi fəaliyyətidir". Müasir demokratik cəmiyyətlərdə vətəndaşların siyasi iştirakı məsələsindən danışanda, ilk öncə seçkilər və seçkilərarası proseslər qarşıda durur. Müasir demokratik dövlətlərin qarşısında duran önəmli prinsip seçkilərin ədalətli, azad, şəffaf keçirilməsi, əhalinin bu proseslərdəki iştirakının tam təmin edilməsidir.

Siyasi proseslərin əsası kimi seçkilər hər bir demokratik sistemin özəyidir, onsuz heç bir demokratiya mümkün deyil. Amma seçkilər, sadəcə olaraq, keçirilməli deyil, məhz demokratik normalar əsasında həyata keçirilməlidir. Seçkilərin əsas prinsipləri bunlardır: azad, ədalətli, mütəmadi olması. Beləliklə, əgər biz siyasi hüquq bərabərliyinin zəruriliyini qəbul ediriksə, onda hər bir vətəndaşın bərabər və real səsvermə imkanı olmalıdır, özü də bütün səslər bərabər qüvvəyə malik olmalıdır. Səslərin bərabərliyinə riayət olunması üçün, təbii ki, seçkilər azad və ədalətli keçməlidir. Azad seçki o deməkdir ki, vətəndaş səsverməyə repressiyalardan ehtiyat etmədən gedə bilər; ədalətli seçki isə hər bir səsin bərabər "çəkiyə" malik olması deməkdir.

Qərbin demokratiya üzrə görkəmli tədqiqatçısı Robert Dahl ilkin demokratiyanın verdiyi imkanları izah etməyə çalışır və onun beş meyarını göstərir:

1. Səmərəli iştirak;

2. Səsvermədə bərabərlik;

3. Məlumatlılığa əsaslanan dərketmə;

4. Gündəliyə nəzarətin həyata keçirilməsi;

5. Yetkinlik yaşına çatanların iştirakı.

Robert Dahlın birbaşa demokratiyada siyasi iştirakın mahiyyətini göstərməyə çalışdığı bu meyarlarda bir daha aydın olur ki, cəmiyyətin hər bir üzvü real olaraq birbaşa siyasətdə, dövlətin idarə olunmasında, qanunların hazırlanmasında və qəbulunda iştirak edir.

R.Dahl özünün "Demokratiya haqqında" kitabında plüralist demokratiya məsələsinə geniş yer ayırmışdır. O, müasir nümayəndəli demokratiyanın siyasi institutlarını əhatəli formada tədqiq etmişdir. Bunları aşağıdakı kimi verə bilərik:

1. Vəzifəli şəxslərin seçilməsi.

2. Azad, ədalətli və mütəmadi keçirilən seçkilər.

3. İdarəetmə azadlığı.

4. Alternativ informasiya mənbələri.

5. Assosiasiyaların müstəqilliyi.

6. Ümumi vətəndaşlıq hüququ.

Burada diqqəti çəkən cəhət seçkilər, vəzifəli şəxslərin seçilməsi və əhalinin azad surətdə seçkilərdə iştirakı məsələsidir.

Robert Dahl birbaşa demokratiyanın aşağıdakı problemlərini göstərmişdir:

- vətəndaşların iştirak etmək imkanları onların sayı ilə əks-mütənasibdir;

- yığıncağın fəal iştirakçıları mahiyyət etibarilə qalanlarının bir növ nümayəndələri olurlar;

- ümumi yığıncaq demokratiyası sisteminin köməyi ilə idarə olunan quruluşda da nümayəndəlik sisteminin elementlərinə rast gəlinir;

- lakin heç bir qarantiya yoxdur ki, yığıncağın fəal iştirakçıları qalanlarının mənafelərini təmsil edəcəklər.

Belədirsə, effektiv seçkili nümayəndəlik sisteminin yaradılması üçün vətəndaşlar tam haqlı olaraq azad və ədalətli seçki prosedurunu daha münasib hesab edə bilərlər.

R.Hüseynovun fikrincə, müasir demokratiya nəzəriyyəsinin tədqiqatçıları dövlət idarəetmə sistemində, hakimiyyətin təşkilində və həyata keçirilməsində əhalinin hansı formada iştirakı məsələsi üzərində xüsusi dayanırlar. Tədqiqatçılar buna müxtəlif tərəfdən yanaşırlar, bir qisim əhalinin siyasi proseslərdəki rolunu daha rasional, digər qismi isə hakimiyyətin təşkilində və həyata keçirilməsində xalqın rolunu mümkünsüz və qeyri-səmərəli hesab edirlər. Yalnız xalqın birbaşa iştirakı ilə həyata keçirilən ümumi seçkilərdə bu və ya digər namizədə və ya proqrama üstünlük verilməsi şəklində mümkün ola bilər.

Beləliklə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində insan hüquq və azadlıqları müdafiə olunduğundan, xalq azad formada seçkilərdə birbaşa və ya nümayəndəli şəkildə iştirak edərək dövlətin idarə olunmasında iştirak edir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər