PDF Oxu

MİA

  • 14 573

Konstitusiya və insan hüquqları

image

Azərbaycan Respublikasının Əsas Qanunu ictimai həyatın hər bir sahəsində, o cümlədən, hüquqi dövlət quruculuğunun bərqərar olmasında əhəmiyyətli hüquqi bazadır. Hüquqi dövlətdə konstitusiyanın həlledici rol oynadığını israr edən C.Xəlilov yazır: "İnkişaf etmiş ölkələrdə ictimai proseslərin əsas tənzimləyicisi konstitusiya və digər qanunvericilik aktları, hüquqi normalar olur. Əgər insanların arzu və istəkləri, mənəvi və sosial idealları mövcud ictimai quruluş şəraitində əlçatandırsa, mövcud siyasi rejim, dövlət quruluşu, hüquqi normalar buxova çevrilmirsə, yeni cəmiyyət modeli qurmağa... ehtiyac qalmır".

Robert Dahl "qocaman demokratik" ölkələrin konstitusiya təcrübəsindən bəhs edərkən onlar və demokratiya yolunu sonradan seçmiş ölkələrin konstitusiyaları arasında fərqlərin olduğuna işarə edir, müxtəlif konstitusiya variantları və konstitusiyalara aşağıdakıların daxil edilməsini irəli sürür: 1. Yazılmış və ya yazılmamış konstitusiyalar. 2. Hüquqlar haqqında bill. 3. Sosial və iqtisadi hüquqlar. 4. Federativ və ya unitar dövlət. 5. Birpalatalı və ya ikipalatalı parlament. 6. Qanunverici aktlara məhkəmə qaydası ilə yenidən baxma. 7. Hakimlərin ömürlük və ya müəyyən müddətə təyin edilməsi. 8. Referendum. 9. Prezident və ya parlament idarəetmə sistemi.

ABŞ Konstitusiyasının əsas məramı "federal sistem, xalq üçün daha mükəmməl bir birlik yaratmaq, ədaləti, daxili əmin-amanlığı, ümumi müdafiəni təmin etmək, ümumi rifahı artırmaq, indiki və gələcək nəsillər üçün azadlığı mühafizə etməkdir". "ABŞ Konstitusiyası öz həyati qüvvəsini, keçici, ötəri deyil, məhz əbədi hüquqi abidə olduğunu ona görə sübut etmişdir ki, o, insan varlığının reallığına uyğun olan və Amerika dövlətçiliyinin təşkilati, ideya-siyasi əsaslarının dərk edilməsi üçün böyük əhəmiyyət kəsb edən prinsip və institutları (hakimiyyətin bölünməsi, federalizm, "çəkindirmə və qarşısını alma" sistemi, hökumətin hakimiyyətini məhdudlaşdırma) özündə cəmləşdirir. Bu möhtəşəm hüquqi sənəd iki əsrdən artıq bir müddətdə ABŞ-ın nəhəng dəyişikliklər və uğurlarla xarakterizə olunan yolla təhlükəsiz inkişafını təmin edir, bütün dünyada demokratik dövlətlər üçün örnək rolunu oynayır.

1995-ci il konstitusiyası "Giriş, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalardan ibarətdir. Konstitusiyanın mühüm fəlsəfi özəlliyi Azərbaycanda daha öncə heç bir hüquqi sənəddə belə geniş şəkildə yer almayan vətəndaş hüquq və azadlıqlarına dair ayrıca fəsilin olmasıdır. Konstitusiyanın 158 maddəsindən 60-ı, yəni üçdə birindən çoxu məhz bu sahəni əhatə edir. Lakin bu müddəaların konstitusiyada təsbit olunması ilə məsələ bitmir, bu müddəaları həyata keçirmək zəruriləşdi. 1995-ci ildən sonra Azərbaycan dövləti bu istiqamətdə zəruri hüquqi islahatlar və demokratikləşmə yolu keçmişdir.

Əsas Qanunu mahiyyətcə konstitusiya qanunları da tamamlayır. Onlar eyni hüquqi qüvvəyə malikdirlər. Konstitusiyanın 156-cı maddəsinin 5-ci bəndində göstərilir ki, "Konstitusiya qanunları Azərbaycan Respublikasının Konstitusiyasının ayrılmaz hissəsidir".

Türkiyə tədqiqatçısı İsmayıl Tunalı konstitusiya quruluşunun meyarını aşağıdakı kimi qruplaşdırır: birincisi, hakimiyyətin konstitusiya və qanunlara uyğun olaraq təşkili; ikincisi, bir hakimiyyətin legitim (qanuni) olması üçün mövcud qanunlara uyğun gəlməsi və onları olduğu kimi tətbiq etməsidir.

İ.Tunalı hakimiyyətin qanuniliyini xalqın azad iradəsilə əlaqələndirir və onu "milli hakimiyyət" adlandırır. Parlament sistemini, çoxpartiyalılığı demokratiya üçün əsas amil hesab edən müəllif qanunverici orqanın qəbul etdiyi qanunların konstitusiyaya uyğun olması zəruriliyini qeyd edir: "Konstitusiya, yaradıcı məclisin (deputatlar palatasının) hazırladığı konstitusiya layihəsinin referenduma (xalq səsverməsinə) çıxarılıb qəbul edilməsi ilə ortaya çıxan və dövlətin bütün siyasi-hüquqi quruluşunu müəyyən edən qanundur. Bu səbəbdən, daha sonra qəbul ediləcək bütün qanunların ona uyğun olması zəruridir".

Müstəqil Azərbaycan Respublikası demokratik dəyərlərin mənimsənilməsi, Avropaya inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olmuşdur. Azərbaycan Konstitusiyasında hüquqi dövlətin ayrılmaz prinsipi demokratik xalq hakimiyyəti təsbit edilmişdir. Konstitusiyanın birinci fəsli "xalq hakimiyyəti", hakimiyyətin mənbəyi, xalqın suverenliyi, referendum, xalqı təmsil etmək, xalqın vahidliyi məsələlərinə həsr edilmişdir. Konstitusiyada qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Burada Azərbaycan xalqının suveren hüququ da göstərilir. 2-ci maddədə qeyd edilir: "Sərbəst və müstəqil öz müqəddəratını təyin etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur".

Azərbaycan xalqı öz suveren hüququnu demokratik yolla - ümumxalq səsverməsi - referendum və ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyada hakimiyyətin zorla mənimsənilməsi xalqa qarşı ən ağır cinayət hesab edilir. Burada qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunmuşdur. Kommunizm quruculuğunu özünün ali məqsədi elan etmiş keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının qorunması məsələsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu təsbit etmişdir. Əsas Qanunun 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hüquqi dövlətin əsas prinsiplərindən və əlamətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarıdır. İnsan hüquqları mürəkkəb struktura malikdir: "insan hüququ", "vətəndaş hüququ", insanın "hüquq və azadlıqları" "insanın əsas və başqa hüquqları", "fərdi və kollektiv hüquq"lar bir-birindən fərqlənir. İnsan hüquqları əmələ gəlmə vaxtına və həyati fəaliyyətə görə müxtəlif sahələrə (şəxsi, vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni hüquq və azadlıqlar) bölünür.

İnsanın əsas hüquq və azadlıqları hüquqi dövlətdə əsas yer tutur. Buna konstitusiya hüquqları da deyilir. Azərbaycan Respublikası Konstitusiyanın ikinci bölümünün III fəsli (24-cü maddədən 72-ci maddəyədək) əsas hüquq və azadlıqlara həsr olunub.

Müasir dövrdə insanın əsas hüquqları dedikdə dövlətlərin konstitusiyalarında və insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərdə, xüsusən, insan hüquqları haqqında Beynəlxalq Billdə, İnsan Hüquqlarının Müdafiəsinə dair Avropa Konvensiyasında, Avropa Sosial Xartiyasında və s. sənədlərdə təsbit olunmuş hüquqlar nəzərdə tutulur.

Yuxarıda qeyd edildiyi kimi, insan hüquqları əmələgəlmə vaxtına görə fərqlənir. İlkin qrup insan hüquqları Avropada burjua inqilablarının gerçəkləşməsi prosesində meydana gələn, liberal dəyər kəsb edən hüquqlardır. Bu hüquqlar sonralar praktikada və dövlətlərin qanunvericiliklərində öz əksini tapdı. İkinci qrup hüquqlar XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni liberalizmin yaranması ilə bağlı - cəmiyyətin sosial islahatlaşması zərurətilə əlaqədar meydana çıxdı. Sosial-iqtisadi və mədəni hüquqlar insan hüquqlarına dair Ümumcəmiyyət Bəyannaməsinə və sosial-iqtisadi və mədəni hüquqlar haqqında beynəlxalq pakta uyğunlaşdırıldı. Üçüncü qrup hüquqlar II Dünya müharibəsindən sonra yarandı: bunlar kollektiv hüquqlar idi. Buna "həmrəylik hüquqları" da deyirlər. "Həmrəylik hüquqları" dedikdə - inkişaf, sülh və ətraf mühitin sağlamlığı bəşəriyyətin ümumi irsi hüququ, habelə, yeni beynəlxalq informasiya qaydaları konsepsiyası ilə əlaqədar ünsiyyət hüquqları nəzərdə tutulur.

Ulu Öndər Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" verdiyi Fərmanda demişdir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər