Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. Hakimiyyət - mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə, təbii olaraq, müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur. Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə, xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa düşülür. "Hakimiyyət" anlayışının mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks etdirir.
Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar.
Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı münasibətlərin qaydaya salınması, müxtəlif növ ümumi əhəmiyyətli funksiyaların icrası: qidanın bölünməsi, ailə-nikah münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə bölünməsi və s. zərurətin yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl, ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, rəhbər, qəbilə başçısı və s. ictimai hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma cəmiyyətində insanların yaşamaq uğrunda amansız mübarizəsi şəraitində meydana gələrək bərqərar olmuş qadağa və davranış qaydalarına riayət etməsinin ciddi vacibliyi, hakimiyyətin tələblərinin könüllü icrasına səbəb olmuşdur. Əlbəttə, zəruri hallarda məcburetmə də tətbiq olunurdu (məsələn, qəbilədən qovma, həyatdan məhrumetmə və başqa tədbirlər). Lakin ibtidai icma cəmiyyətində hakimiyyətin həyata keçirilməsinin xüsusiyyəti hakimiyyətin tələblərini yerinə yetirməyi təmin edən xüsusi məcburetmə aparatının olmamasıdır ki, bu da yalnız siyasi təşkilat olan dövlətdə mövcud olur.
İbtidai icma quruluşunun dağılması və dövlətin meydana gəlməsi ibtidai icma cəmiyyətinin ictimai hakimiyyətinin dövlət hakimiyyətinə, yəni siyasi hakimiyyətə çevrilməsinə səbəb olmuşdur. Dövlət hakimiyyəti, hər şeydən əvvəl, dövlətin mecburetmə qüvvəsinə, xüsusi aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və s. ) belə məcburetmə imkanlarına arxalanır, baxmayaraq ki, dövlət hakimiyyəti başqa metod və vasitələrin köməyi ilə də həyata keçirilir.
Hakimiyyətin, onun həyata keçirilməsində vasitə olan xüsusi aparata ehtiyacı vardır. İbtidai icma cəmiyyəti şəraitində belə xüsusi aparat qismində qəbilə yığıncağı, ağsaqqallar şurası və s. icma qurumları çıxış etmişdir.
İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət orqanları vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır.
Bütün hakimiyyətin xalqa məxsus olduğu cəmiyyətlərdə dövlət hakimiyyəti cəmiyyətin bütün üzvlərinin iradəsini ifadə etməyə və onların köklü maraqlarını təmin etməyə qadir olmalıdır. Bu halda, hakimiyyət elə təşkil olunmalıdır ki, o, dövlət və cəmiyyət işlərinin idarə olunmasında xalqın iştirakını (bilavasitə və nümayəndələr vasitəsilə) təmin etsin.
Hakimiyyətin xalqa məxsus olması onun demokratik metodlarla həyata keçirilməsini, dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan müəyyənləşdirir.
Dövlət hakimiyyətinin başlıca vəzifəsi - insanın hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir. Belə ki, demokratik dövlətdə insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir.
Məşhur ingilis yazıçısı Robert Qrinin "Hakimiyyət haqqında 48 qanun" kitabında göstərilir ki, bu qanunlar, hakimiyyət haqqında yazılmış ən mənəviyyatsız, qalmaqallı, təkəbbürlü və ən... doğruçu qanunlardır. Özü də hakimiyyət deyəndə, müəllif prezident hakimiyyətindən tutmuş, gündəlik həyatda, ailədə hakimiyyətə qədər hər birini nəzərdə tutur. Bu qanunlarla tanışlıqdan sonra, siz "kiçik" rəhbərlərin və "böyük" hökmdarların sözlərinin və hərəkətlərinin arxasında hansı motivlərin durduğunu asanlıqla başa düşəcəksiniz. "Hakimiyyət haqqında 48 qanun" hər hansı hakimiyyət arzusunda olanların stolüstü kitabıdır.
Bu qanunların kiçik toplusunun aşağıdakı bir hissəsi təqdim edilir:
1. Heç vaxt özündən yüksəkdə duranları kölgədə qoyma - onları olduqlarından daha dəyərli olduqlarına inandır.
2. Dostlara hədsiz inanma, düşmənlərdən istifadə etməyi bacar.
3. Fikir və planlarını heç vaxt, heç kəsə bildirmə.
4. Həmişə ehtiyac olduğundan daha az danış, danışanda da elə et ki, dediklərinin çoxu anlaşılmaz olsun.
5. Ad-sanından çox şey asılıdır - onu, həyatın bahasına da olsa, qoru.
6. Kütlə içində itib-batma - həmişə diqqət mərkəzində ol.
7. Başqalarını sənə işləməyə məcbur et və başqalarının əməyindən bəhrələn.
8. İnsanları, ilk növbədə, düşmənlərini özünə yaxınlaşdır.
9. Qələbəyə sözdə yox, işdə nail ol.
10. Bəxti gətirməyən adamlardan uzaq dur - onlar infeksiya kimi yoluxdurucu olur.
11. İnsanları səndən asılı vəziyyətə sal.
Hakimiyyət, idarəçilik, ümumi güc terminlərinin müxtəlif izahları bir gerçəkliyə əsaslanır: dövlət özünüidarədə - istər ölkə idarəçiliyində, istərsə rəsmi statusunda, bir mülahizəyə əsasən, hər bir ölkədə dövlət son sözü deyir və heç bir səlahiyyət və qüvvə ondan ali deyildir.
R.P.Anandın kitabında hakimiyyət anlayışı öz tərifini belə tapmışdır: "Hakimiyyət öz ərazisində beynəlxalq qanunların öhdəlikləri çərçivəsində bir dövlətin ali gücündən təşkil olunmuşdur".
Beynəlxalq hüquq ensiklopediyası hakimiyyətin tərifini belə şərh edir: "Bir dövlətin beynəlxalq hüquqi göstəricisi beynəlxalq səhnədə ondan ibarətdir ki, öz ərazisində ona sorun çoxdur və işlərinə heç bir dövlət müdaxilə edə bilməz. Hakimiyyətin səlahiyyətləri beynəlxalq hüquq çərçivəsində məhdudlaşır".
Beynəlxalq hüquq lüğəti hakimiyyəti bu formada şərh edir: "Müasir beynəlxalq hüquqda, hakimiyyət beynəlxalq səhnədə öz hüquqi vəziyyətini bəyan edir və başqa dövlətlər bir dövlətin ərazisində onun işlərinə müdaxilə etmək səlahiyyətinə malik deyillər. Belə bir hakimiyyət üçün yalnız beynəlxalq hüquq standartları tərəfindən məhdudiyyətlər vardır".
Siyasət elmi ədəbiyyatı hakimiyyəti belə izah edir: hakimiyyət ali-suveren qərardan, qanunverici və icraedici orqanları olan hökumətdən ibarətdir. Ölkənin hakimiyyəti onun sərhədləri hüdudunda icradadır. Xarici hakimiyyət digər dövlətlərlə əlaqələr qurma səlahiyyəti və müharibə elan etmək deməkdir.
Əbülfəz Qazi hakimiyyəti belə tərif edir: hakimiyyət ən üstün sərəncamın gücündən ibarətdir. Yaxud da bir iradə amilinin imkanlarının başqa iradələrdən üstün olması deməkdir. Bütün lazımi səlahiyyətlər ondadır, amma bu səlahiyyətlər onun mövcudluğundan asılıdır. İki məfhum: dövlət - ölkə və hakimiyyət bir-birinə sıx bağlıdır. Yəni hakimiyyətsiz dövlət və ölkə mövcud ola bilməz.
Dövlət və ölkə olmadan hakimiyyətin təklifləri yoxdur. Onlar ancaq bir yerdə olarkən biri-birlərini tamamlayırlar. Dini ideologiyaya əsaslanan dövlətlər hakimiyyəti Allahdan bilirlər ki, bu da millətdən qaynaqlanır. Demək, hər iki baxışda hakimiyyət millətə bağlıdır və dövlət onun maraqlarının icraçısıdır, xalqla qarşı-qarşıya dura bilməz və ictimai rəyi ayaqlayıb onun maraqlarını baxımsız qoyub, rədd edə bilməz.
Con Esturet Mil özünün idarəetmə hakimiyyəti barədə deyir: "Xalq hakimiyyəti və özünüidarə kimi istilahlar mövzunun həqiqi vəziyyətini bəyan etmir. O insanlar ki, hakimiyyət idarəçiliyini həyata keçirirlər, daim bu idarəçilik onlardan asılı olmur. Özünüidarəetmə məfhumu hər kəsin öz üzərində hakimiyyəti kimi anlaşılmır, bilavasitə, hər kəsin üzərində başqalarının hakimiyyətidir. Bu zaman xalqın iradəsi dedikdə, əslində, xalqın böyük hissəsinin, ya da fəal hissəsinin iradəsi nəzərdə tutulur. Yəni əksəriyyət qrup kimi özlərini əksəriyyət kimi qəbul etdirir. Tarixi icmalın araşdırmaları ilə hakimiyyət anlayışı və mütəfəkkirlərin nəzəriyyələri, eləcə də, bu istiqamətdə mütəxəssislərin gəldikləri nəticələr, hakimiyyətin xüsusiyyətləri, hüquqi nöqteyi-nəzərdən diqqəti cəlb edir.
1. Gücün əsası: hakimiyyətin gücü alidir, amma hüquqi normalara əsaslanır.
2. Səlahiyyət, əslində, səlahiyyətin bir hissəsidir. Hüququn nizamlanması hakimiyyətin mövcudluğuna əsaslanır və qayda-qanunun mənbəsi və mənşəyi və idarəetmənin tənzimlənməsi siyasi icmanın üzərində qərarlaşır.
3. Hakimiyyət qətidir, qeyd-şərtsizdir və müstəqildir, heç bir xarici normalara bağlı deyil və onlardan asılı deyildir.
4. Güc fövqəl və üstündür: bütün mövcud hüquqi normalar hakimiyyət sayəsində daha çevik həyata keçir, ona əsaslanır və uyğunlaşır.
Hakimiyyətin iqtidarına yiyələnmək yolu budur ki, hətta xalq hakimiyyətinin əsl məzmunu millətin gücünün üzə çıxa bilməsidir və bir güc başqa bir gücü dayandıra bilər". Burada Monteskyunun dediklərindən aydın olur ki, hakimiyyətin iqtidarı olmaq istəyən başqa qüvvələr mövcuddur və onlar hakimiyyətin mütləq hegemonluğunun qarşısını alır. Hər bir hakimiyyət qüvvəsinin nəzarəti, o cümlədən, siyasi strukturlarda başqa qüvvələrin hakimiyyətini Amerika Birləşmiş Ştatlarının idarəçiliyində görmək olar.
Hüquqi-demokratik dövlət quruculuğu yolu ilə gedən müasir Azərbaycan Respublikasında xalq hakimiyyəti mövcuddur. Azərbaycan Respublikasında Prezident institutuna, demokratik parlamentə, ədalətli məhkəməyə əsaslanan hakimiyyət mövcuddur.
Azərbaycan Respublikası Konstitusiyasının I fəsli "Xalq hakimiyyəti" adlanır və 1-ci maddədə göstərilir: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". 6-cı maddədə hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayət hesab edilir. "Dövlətin əsasları" adlanan II fəsildə (7-ci maddə) demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakmiyyətin bölünməsi prosesinin əsasında təşkil edildiyi göstərilmişdir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru